Şərəfli ömür yolu

 

Böyük yunan filosofu Aristotel demişdir ki, yalnız ulu Tanrı tərəfindən seçilənlər, dərin zəkası, tükənməz məhəbbəti, istedad və bacarığı ilə öz xalqını ucaldanlar xalqla birgə ucalır, xalqla birgə yaşayırlar. Sağlığında böyük el məhəbbəti, sevgisi qazanmış, ölümündən sonra da ehtiramla xatırlanan, yad edilən  Yunis Qəhrəman oğlu Rzayev də belələrindəndir.

Y.Rzayevə həmişə  nəinki sadə insanlar, eləcə də respublika rəhbərliyi tərəfindən böyük hörmətlə yanaşılmışdır. O, buna çevik rəhbərlik bacarığı, üzərinə düşən  vəzifəni yerinə yetirmk üçün gərgin səyi, insanpərvərliyi, Azərbaycana sonsuz məhəbbəti ilə nail olmuşdur. Xalqına, Vətəninə dərin sevgi ilə bağlananları isə tarix heç vaxt unutmur.

Onun keçdiyi ömür yoluna nəzər salanda bunun bir daha şahidi olursan. Ağlı, zəkası, uzaqgörənliyi ilə böyük nüfuz qazanan  Y. Rzayev 1924-cü il may ayının 2-də Göyçə mahalında-Basarkeçərin Şişqaya kəndində dünyaya göz açmışdır. Orta təhsil aldıqdan sonra  1943-46-cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxumuşdur. Daha sonra doğma yurda qayıtmış, Ermənistan KP Basarkeçər Rayon Komitəsində təlimatçı kimi işə qəbul edilmişdir. Y. Rzayev 1950-53-cü illərdə Bakı Dövlət Universitetində təhsilini davam etdirmiş, həmçinin Azərbaycan KP MK nəzdində Ali Partiya Məktəbini bitirmişdir.

O, 1950-ci ildən Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1953-cü ildə rayon icraiyyə komitəsinin sədri olmuş, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.

Xalqın etimadını qazanan, iqtisadiyyatın yüksəldilməsinə tükənməz enerji sərf edən Y. Rzayev 1960-62-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində təhsilini davam etdirmiş, 1962-63-cü illərdə Martuni Rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı, 1963-cü ildən 1965-ci ilə qədər isə Basarkeçər Rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi vəzifəsində çalışmışdır.

Y.Rzayev 1965-1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968-70-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifələrində işləmişdir. O,  Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın arxa-dayağı olmuş və onların erməni xəyanətinə tuş gəlməməsi üçün bütün imkanlarından istifadə etmişdir.

Y.Rzayev 1954-59-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildən isə üzvü olmuş, Sov. İKP XXIII-XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.

Y.Rzayev Qərbi Azərbaycanda rəhbər vəzifələrdə çalışarkən ermənilərin azərbaycanlılara qarşı məkrli niyyətlərinin qarşısını qətiyyətlə almışdır. Müxtəlif sahələrdə azərbaycanlı kadrlara üstünlük vermişdir...Yeri gəlmişkən, burada bir məqamı da  xatırlatmaq istərdik. O, 1980-ci il avqust ayının 6-da ( o zaman Azərbaycan Respublikasl Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri işləyirdi) öz səsi ilə audi-kasetə yazdırıb övladlarına yadigar qoyduğu müraciətdə deyirdi: ...1918-ci ilin mart ayında daşnakların azərbaycanlıları necə vəhşiliklə qırması barədə mənim əlyazmam var. Orada xüsusilə Andronik, Sulikov, Tevosov və başqalarının  təkcə Basarkeçərdə  7 min dinc azərbaycanlının qətli ilə nəticələnmiş vəhşi əməlləri əks olunmuşdur. Bütün bunları sizə çatdırmaqda məqsədim odur ki, ermənilərin xalqımızın necə böyük düşməni olduğunu  heç vaxt unutmayasınız...

Y.Rzayev erməni xəyanəti üzündən Qərbi Azərbaycandan Bakıya köçəndən sonra 1970-1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci il yanvarın 24-dən isə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifələrində işləmişdir. Böyük ictimai xadim VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Onun fədakar əməyi, xidmətləri “Lenin”, “Oktyabr inqilabı”, üç “Qırmızı Əmək Bayrağı” ordeni, 9 medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.

SSRİ-yə rəhbərliyi zamanı Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanan Mixail Qorbaçov respublikamızın tərəqqisinə, xüsusilə üzümçülük sahəsində rekord göstəricilərə nail olmasına qısqanclıqla yanaşmışdır. M. Qorbaçovun “Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə tədbirləri haqqında” qərarı bunun bariz ifadəsidir.  Bu qərara əsaslanılaraq böyük zəhmət, min bir əzab-əziyyətlə başa gətirilən on minlərlə hektar üzüm plantasiyalarına kotan salınmış, bununla da respublika büdcəsinin üçdə birini təşkil edən şərabçılıqdan gələn gəlirin qarşısı bilərəkdən alınmışdır. Bəli, bu, Mixail Qorbaçov tərəfindən Azərbaycana, xalqımıza xəyanət idi...

Y.Rzayev ulu öndər Heydər Əliyevə bütün qəlbi ilə bağlı idi. Onun  1982-ci il iyunun 12-də öz dəsti-xəttilə yazdığı xatirədə bununla bağlı məqamlara diqqət yetirək:"...Azərbaycan Respublikasl Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri kimi fəaliyyətimdən doqquz il ötdü. Bu sahə mənim üçün ağlagəlməz və ixtisasıma uyğun gəlməyən bir sahə idi. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin dəvətilə  1973-cü il iyun ayının 12-də saat 11-də bu dahi şəxsiyyətin qəbulunda oldum. O dövrdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi işləyirdim. On dəqiqəlik söhbətdən sonra Heydər Əliyevin Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsini təklif etməsi mənim üçün gözlənilməz oldu, nə etiraz edə, nə də razılıq verə bildim. Bu, məsuliyyətli, bilik və bacarıq tələb edən bir vəzifə idi...Xəyalımdan heç vaxt keçmədiyinə görə edilən bu təklifdən sonra  ilk gündən etimadı doğrultmağı qarşıma əsas vəzifə kimi qoydum. İndi sevinirəm ki, bu vəzifəni daşıdığım onuncu ilə təmiz qəlblə, açıq ürəklə qədəm qoyuram...".

Yunis Rzayevin yüksək rəhbərlik bacarığı, kadrlarla işləmək qabiliyyəti, zəngin həyat təcrübəsi, zəhmətsevərliyi və ən başlıcası isə işdə tələbkarlığı barədə Kənd Təsərrüfatı Nazirliyi icra aparatı rəhbərinin müavini Tofiq Hüseynov dedi: “– Yunis müəllimlə bağlı təəssüratlarım kövrək və unudulmazdır. Öz soykökünə söykənən, keçmişinə hörmətlə yanaşan etiqadlı və mehriban bir insan idi. Adamların qəlbini, dərd-sərini onların gözlərindən oxuyurdu.

...Yunis Rzayev haqqında çox eşitmişdim, lakin onu ilk dəfə Ermənistan SSR Nazirlər Sovetinin kənd təsərrüfatı şöbəsində (1965-1971-ci illər)  işlədiyim zaman görmüşdüm və o vaxtdan ilıq ünsiyyətimiz yaranmışdı. O, mənalı həyat yolu keçmiş, həyat təcrübəsi,  el məhəbbəti qazanmış dövlət xadimi idi. Bu hörməti, sevgini öz yüksək mədəniyyəti, nəcib davranışı, işgüzarlığı, istedadı, prinsipiallığı və xalqa bağlılığı ilə qazanmışdı.”

Tofiq Hüseynov daha sonra bildirdi: “– Respublikada üzümçülük və şərabçılığın təşəkkül tapması və onun intensiv surətdə genişləndirilməsi ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə bu sahəyə məhz Yunis Rzayevin rəhbərlik etməsini xoş bir təsadüflə bağlamaq sadəlövhlük olardı. Əslində, belə bir seçimdə Y. Rzayevin respublika rəhbərliyinin çoxşaxəli kursunu yaradıcılıqla həyata keçirəcəyi amili mühüm rol oynamışdı.

Y.Rzayev üzümçülük və şərabçılıqda qabaqcıl təcrübə və texnologiyanın tətbiqinə mühüm önəm verirdi. Bu, onun fəaliyyətində özünü qabarıq göstərirdi. Yeri gəlmişkən, bir məqamı xatırlatmaq istərdim. Yadımdadır, 1980-cı ilin payız ayı idi. “Üzümün yığılması və daşınmasında avtomatik idarə sistemi”,  “Kənd təsərrüfatı məhsullarının dağ şəraitində daşınmasında monorelsin tətbiqi” mövzularına dair Gürcüstanın Telavi şəhərində Azərbaycan və bu ölkənin rəhbər işçilərinin iştirakı ilə seminar-müşavirə keçirilirdi. Yunis müəllim müşavirədə hər iki problemin həllinin mühüm əhəmiyyətindən  ətraflı çıxış etdi. Gürcüstan KP MK-nın kənd təsərrüfatı üzrə katibi  həmin çıxışdan sonra üzünü Y. Rzayevə tutub dedi: “Siz nəinki üzüm və şərab kralısınız, görünür, mürəkkəb texnoloji proseslərin tətbiqi sahəsində də krallıqdan geri qalmırsınız”.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, əməkdar kənd təsərrüfatı işçisi Sabir Vəliyev: -Azərbaycanda üzümçülüyün inkişafında misilsiz xidmətləri olan Yunis Rzayev ötən əsrin ən parlaq simalarından biri idi. O, Üzümçülük və Şərabçılıq Komitəsinin sədri işləyərkən çox böyük işlər görmüş, respublikanın üç rayonunda calaq əkin materialı istehsal edən calaqçılıq komplekslərinin tikintisinə və fəaliyyətinə birbaşa rəhbərlik etmiş,  bu sahədə uğurlu nəticələrə nail olmuşdur.

Y.Rzayev komitə sədri vəzifəsində çalışdığı dövrdə SSRİ Yeyinti Sənayesi Nazirliyinin Baş Şərabçılıq İdarəsinin rəisi Leonid Şayturo ilə Kanadada olmuş, orada geniş cərgəli, yüksək ştamblı üzümlüklərin becərmə sistemilə maraqlanmış və sonradan bu texnologiya Azərbaycanda tətbiq edilməklə hektarın məhsuldarlığı 1,5 dəfə yüksəlmişdir.

Y.Rzayevin rəhbərliyi sayəsində emal müəssisələrinin nəzdində yardımçı təsərrüfatlar, heyvandarlıq, quşçuluq və s. sahələr yaradılmışdır. Sonralar SSRİ Yeyinti Sənayesi sistemində bu sahənin araşdırılması zamanı Azərbaycanın bu təcrübəsi keçmiş müttəfiq respublikalar üçün nümunəvi iş metodu kimi qəbul olunmuş və yayılmışdır.

Onun Üzümçülük və Şərabçılıq Komitəsinin sədri işlədiyi illərdə üzümçülük və şərabçılıq sahəsi özünün ən yüksək inkişaf mərhələsinə qalxdı. 1973-cü ildən başlayaraq ildə 20-25 min hektardan çox sahədə üzümlüklər salındı. Ümumi üzümlük sahələri 124 min hektardan 285 min hektara, məhsuldarlıq isə hər hektardan 43 sentnerdən 95 sentnerə, bəzi sovxozlarda isə 150-250 sentnerə çatdırıldı, ümumi məhsul isə 2 milyon 100 min tonu keçdi. Bundan başqa, 120-135 milyon dal şərab istehsal olundu, ayda Rusiya və digər regionlara 10-12 milyon dalya 2100-2200 dəmir yolu sisterni şərab göndərildi.

Xatırladaq ki, o zaman respublikada məhsul istehsalının intensiv inkişaf etdirilməsinin əsas səbəblərindən biri də istehsal fondlarının artırılması idi. Belə ki, əgər 1976-cı ildə Üzümçülük və Şərabçılıq Komitəsinin bir təsərrüfatında 3,1 milyon manat əsas fondlar, o cümlədən 2,1 milon manat kənd təsərrüfatı təyinatlı əsas istehsal fondları düşürdüsə, bu göstərici 1982-ci ildə müvafiq olaraq 3,8 və 2,9 milyon manata çatmış və yaxud 22,5 və 38,1 faiz artmışdır.

Üzümlüklərdə seyrəkliyin qarşısının alınması, yeni tinglik təsərrüfatlarının yaradılması, dəmir-beton dirəkləri istehsalı müəssisələrinin tikintisi, ixtisaslı kadrların hazırlanması məsələlərinə də xüsusi diqqətlə yanaşılırdı.

Respublikaya yeni üzüm sortlarının gətirilməsi nəticəsində kişmiş, süfrə üzümü istehsalı xeyli artırıldı, şampan sortlarının sahələrinin artırılması şampan zavodunun xamalla təminatı məsələsini birdəfəlik həll etdi.

Yunis Rzayevin adı çəkilən komitəyə rəhbərliyi illərində əhalinin qış aylarında üzümlə təmin edilməsi məqsədilə tutumu 400-1000 ton olan çoxsaylı soyuducular tikilib quraşdırılmışdır. Dünya standartlarına uyğun gələn müasir konyak, şampan və şərab zavodlarının tikintisi xüsusilə diqqət mərkəzində olmuşdur. Bakıdakı 2 saylı şərab zavodu yenidən qurulmuş, Naxçıvanda şərabsüzmə müəssisəsi tikilmiş, mövcud zavodların istehsal gücü artırılmışdır. Moskva, Leninqrad, Rostov, İrkutsk, Kazan, Kemerovo, Bratsk şəhərlərində Azərbaycan şərabının istehsalı üçün iri müəssisələr yaradılmışdır. İstehsal olunan yüksək keyfiyyətli şərablar beynəlxalq sərgi və dequstasiyalarda öz layiqli yerini tutmuşdur. Azərbaycanda istehsal olunan şərab və konyaklar Bolqarıstanda, Yuqoslaviyada, Almaniyada, Çexoslovakiyada, Macarıstanda gümüş və qızıl medallara layiq görülmüşdür.

Respublikada qısa müddətdə  üzüm istehsalının artırılması  ilə yanaşı, üzüm qəbulu və emalı zavodlarının tikilməsi, keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərindəki şərab müəssisələrinin şərab və konyakla təchiz edilməsi məhz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında Yunis Rzayevin səmərəli fəaliyyətinin nəticəsi idi.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 10.