Azərbaycan Kinosu Günü qeyd edilmişdir

 

Avqustun 2-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan Kinosu Gününə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində “Dərvişin qeydləri” filmindən kadrların əks olunduğu fotosərgiyə baxmışlar.

Tədbir Azərbaycan kinosunun uğurlarını əks etdirən videofilmin nümayişi ilə başlanmışdır.

Sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan kinosunun son 10 ildə əldə etdiyi uğurlardan danışmışdır. Bildirmişdir ki, bu il 115 illiyi qeyd edilən Azərbaycan kinosunun çox parlaq, eyni zamanda, çox problemlər yaşayan dövrləri də olmuşdur. Lakin son 10 il kino sahəsinin addım-addım zənginləşən, yenidən qurulan, dirçəldilən, inkişaf etdirilən və bu gün çağdaş nailiyyətlərlə zəngin olan dövrünə təsadüf edir. Əgər 2003-cü ildə Azərbaycan kinosuna milyon yarım manat vəsait ayrılmışdırsa, hazırda bu məbləğ 7 milyon manat civarındadır. Əgər 2003-cü ildə Azərbaycanın kino sənayesində il ərzində 3-4 filmlə qənaətləndirilirdisə, son on ildə “Azərbaycanfilm” Kinostudiyasında 70-dən çox tam və qısametrajlı film çəkilmişdir. Son 10 ildə Azərbaycan filmləri dünyanın 70-dən artıq ölkəsində 100-ə yaxın beynəlxalq festivallarda nümayiş etdirilmişdir. Azərbaycan kinosu ilk dəfə olaraq xarici dövlətlərlə film çəkmək səviyyəsinədək yüksəlmişdir.

 Diqqətə çatdırılmışdır ki, son 10 ildə Azərbaycan kinosu ilk dəfə olaraq dünya şöhrətli Kann festivalına qatılmaq imkanı əldə etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq olunmuşmüvafiq istiqamətdə bir çox mühüm işlər görülmüşdür. Bunun nəticəsi olaraq 2009-cu ildə nəinki regionda, ümumən MDB məkanında öz film tutumu imkanına görə ən böyük olan Dövlət Film Fondu tikilib istifadəyə verilmişdir. Bu gün bizim saxlanclarda 65 minə yaxın film vardır. Fondun saxlanc yükü 650 min vahidə bərabərdir.

Qeyd edilmişdir ki, 2010-cu ildə Nizami Kino Mərkəzinin əsaslı bərpadan sonra açılış mərasimində dövlət başçısı şəxsən iştirak etmişdir. “Azərbaycanfilm” Kinostudiyasının 90 illik yubileyi ərəfəsində bu studiyanın yenidən qurulması ilə bağlı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bilavasitə iştirakı ilə Fransanın “STM” şirkəti ilə danışıqlar aparılmış və bu gün layihə sənədlərinin hazırlanması istiqamətində müvafiq addımlar atılır.

Yüzlərlə böyük sənətkarlarımız 2003-2013-cü illərdə Prezident təqaüdünə, ordenmedallara layiq görülmüşlər.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Diqqətə çatdırmışdır ki, bir yaşı olan Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı “Azərbaycanfilm”in 90 illiyi ərəfəsində iyirmiyədək veterana pul mükafatı təqdim edəcəkdir.

Məlumat verilmişdir ki, 2013-cü il üçün Milli Kino Mükafatına Xalq Artisti, qocaman kino xadimi Ələddin Abbasov layiq görülmüşdür.

  Xalq artistinin qızı göstərilən bu böyük diqqət və qayğıya görə atasının adından Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təşəkkürünü bildirmişdir.

Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2013-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal edilmiş “Dərvişin qeydləri” bədii filminin təqdimatı olmuşdur.

“Dərvişin qeydləri” filminin yaradıcı heyəti səhnəyə dəvət edilmişdir.

Filmin quruluşçu rejissorussenari müəllifi, xalq artisti Eldar Quliyev tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir. Diqqətə çatdırmışdır ki, hər film həmişə yeni bir imtahandır. Filmdə təsvir olunan hadisələri konkret ünvanda axtarmaq lazım deyildir. Film müasirdir və təsvir olunan hadisələr, çox təəssüf ki, indiolur.

 

Filmin ssenari müəllifi İlqar Fəhmi, quruluşçu operatoru Yuri Varnovski, quruluşçu rəssamları Mais Ağabəyov, Əziz Məmmədov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, icraçı prodüseri Vladimir Dudniçenkodur.

Filmdə xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, Qurban İsmayılov və başqaları çəkilmişlər.

Çəkilişlər Salyanın “Ceyran düzü”ndə, Şəkidə, Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində və Bakıda aparılmışdır.

Tarixi-detektiv janrda çəkilmiş film böyük maraqla izlənmişdir.

 

Xalq qəzeti.- 2013.- 3 avqust.- S. 7.