Həmrəylik günü mənəvi

birliyimizin rəmzidir...

 

Türkiyənin İzmir şəhərində yaşayan soydaşlarımız belə deyirlər

Naxçıvanda 1989-cu il dekabrın axırlarında sərhədlərin dağılmasından bizi uzaq bir tarix ayırsa da o günün həm də tarixi duyğuları bu güntaleyimizin canlı bir səhifəsi kimi yaddaşlarımızda və ürəyimizdədir. Böyük SSRİ imperiyasının son günləri, Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü, dəmir tikanlı məftilləri qırması, özünü buzlu sulara vurub doğma qardaş-bacısına qovuşmaları, təkcə, tariximizin yox, həm də taleyimizin şərəflə yaşanmış səhifələri idi. O taylı-bu taylı millətin günlərlə Araz qırağında gecə-gündüz birləşmək arzuları azərbaycanlıların bir millət olduğunu dünyaya bəyan etdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsi isə bütün azərbaycanlıların ictimai-siyasi həyatında önəmli bir hadisə oldu. Beləliklə, artıq 20 ildən çoxdur ki, bütün dünya azərbaycanlıları 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı kimi qeyd edir. Bu sırada qardaş Türkiyədə, o cümlədən Bakıya qardaş olan İzmir şəhərində, yaşayan həmyerlilərimiz də var. Onlardan ikisi fikirlərini bizimlə bölüşdü.

 

Bu bayram 50 milyon

azərbaycanlını səfərbər edir

 

Petkim baş direktorunun müşaviri, kimya elmləri doktoru, professor Füzuli Nəsirov deyir ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayan tarixi reallıqdır. Böyük sevinc hissləri ilə qeyd edərdim ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Ulu öndərin həyata keçirdiyi bütün işlər xalq qarşısında əvəzsiz xidmət, tarixi borcun yerinə yetirilməsi nümunəsidir. Heydər Əliyev böyük uzaqgörənliklə dünya azərbaycanlılarının birliyini yaratmağı bu tarixi günü təsis etməkdə gördü. Bu bir həqiqətdir ki, azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, təqiblərə məruz qalıb, tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Uzun bir dövr ərzində Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi.

Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. İndi bu tarixi qərarın nə kimi siyasi bir dəyərə layiq olduğu özünü təsdiq edir, 50 milyon azərbaycanlı səfərbər olub, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bayram edir. Dünya miqyasında bu qədər insanı bir bayraq altında toplamağın nə qədər mümkünsüz olduğunu anlamaq çətin deyil. Eyni zamanda bu mümkünsüzlüyü ulu öndər bir tarixi qərarı ilə mümkün etdi və reallaşdırdı. Bu olduqca böyük bir hadisə və tarixi həqiqətdir.

Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirdiyimiz ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarmış, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Fərəhləndirici haldır ki, bu ilin əvvəlində biz Azərspace-1 milli peykini orbitə çıxararaq dünyanın kosmik dövlətləri sırasına qoşulduq. Bu günlərdə isə Bakıda Avropanın aparıcı neft-qaz şirkətləri ilə imzalanmış Şahdəniz - 2 enerji sazişi Azərbaycanın uzunmüddətli və dayanıqlı tərəqqisi yolunda aydın üfüqlər açır. Haqlı olaraq XXI əsrin müqaviləsi adlandırılan bu möhtəşəm layihə 1994-cü ildə imzalanmış Əsrin kontraktı kimi Avropanın enerji təminatı xəritəsində əsaslı dəyişikliklər edəcək və dövlətimizin beynəlxalq rolunu daha da gücləndirəcəkdir.

Türkiyə və Azərbaycan arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr də hər zamankından daha artıq gerçəkləşməkdədir. Azərbaycan dövlətinin Türkiyədə və eyni zamanda, Türkiyə dövlətinin Azərbaycanda yatırdığı sərmayələr hər iki ölkənin nəinki regionda, eyni zamanda, dünyada aparıcı söz sahibi olmalarına imkan yaratmışdır və bu, gündən-günə daha da yüksəlməkdədir. Eyni zamanda SOCAR-ın Türkiyə təmsilçisi olan Socar Türkiyə Enerji A.Ş. şirkətinin 2023-cü ilə-Türkiyə Respublikasının qurulmasının 100-cü illiyi təntənəsinə qədər Türkiyənin birinci şirkəti olmaq imkanı gerçəkləşəcəkdir. Bu böyük bayram münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı səmimi qəlbdən təbrik edirəm.

 

Birliyimiz hər birimizdən

xüsusi səy tələb edir

 

İzmir Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin rəhbəri Cəvahir Əhmədova deyir ki, bu bayram mənəvi birliyimizin rəmzinə çevrilmişdir. Xatırladım ki, Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi dərnəyinin yaradılması doğma Azərbaycanımıza sonsuz sevgi və məhəbbətimizdən doğur. Azərbaycanı tanıtmaq, onun möhtəşəm tarixinə və bu gününə, haqq işinə adamları inandırmaq ümdə vəzifəmizdir. Düzdür, bu işlər indi Azərbaycan dövləti səviyyəsində çox böyük uğurla həyata keçirilməkdədir, amma burada-İzmir şəhərində yaşayan və çalışan azərbaycanlı qadınlar da bu böyük işdə, az da olsa özünəməxsus bir fəaliyyət qurmağa qərar verməklə, Vətən və millət qarşısındakı vətəndaşlıq borclarının az da olsa öhdəsindən gəlməyə çalışdılar.

Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi ... müasir dünyada yaşanan qlobal proseslər müsbət meyillərlə yanaşı, ölkələrin milli inkişafına, xalqların milli-mənəvi dəyərlərinin qorunmasına bir çox problemlər də yaradır. Belə şəraitdə dünya ölkələrində yaşayan həmvətənlərimizin həmrəyliyi güclənməli, diaspor qurumlarının fəaliyyəti daha mütəşəkkil və çevik olmalıdır. Birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik.

Bəli, bu tarixi reallıqdır-hamımızın bildiyi və riayət etməli olduğu reallıq! Dərnəyimizin qurucuları və üzvləri də azərbaycanlılardır. Bu qadınların çoxu İzmir şəhərində olan universitetlərdə işləyən professor, dosent, həkim və müəllimlərdir. Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil etdiyimiz tədbiri Konak Polis Evində keçirdik. Ölkəmizdən gələn hər bir yaxşı xəbər bizim üçün ən böyük hədiyyədir. Sevinirik ki, Azərbaycanın bugünkü inkişafı bütün dünyanın diqqət mərkəzindədir.

İndi dünyanın hər yerində bu inkişaf mətbuatın, konfrans və toplantıların bir nömrəli mövzusu kimi diqqəti cəlb edir. Amma uğurlarımızla bərabər qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə dayanır. Hər kəsə yaxşı bəllidir ki, bütün uğur və inkişafımız ərazisinin 20 faizə qədər hissəsinin işğal edilmiş vəziyyətdə olan bir ölkənin əldə edib qazandığı tarixi bir nailiyyətdir. Hələ demirəm ki, bir milyondan artıq qaçqın, köçkün vardır və dövlət onlara maliyyə yardımı və qayğı göstərir. Amma haqq işimizin qələbəsinə inanaraq dünya birliyində mövqelərimizin möhkəmləndirilməsi üçün hər birimiz xüsusi səy göstərməliyik. Həmrəylik bayramı münasibətilə bütün soydaşlarımızı dərnəyimiz adından təbrik edirəm.

 

* * *

 

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü çoxmilyonluq Azərbaycan diasporunun ən mötəbər bayramlarından biri olaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik rəmzinə çevrilmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşbu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənə gündən- günə daha geniş vüsət alır və Azərbaycançılıq siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynayır.

Bu bayram günü indi bütün azərbaycanlılar üçün, hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələrinin də bayramına çevrilib. İndi bu bayram dünyanın 70-dən çox ölkəsində 50 milyondan çox azərbaycanlı tərəfindən qeyd olunur. Gələcəyimiz olan bir tarixi həqiqəti də ümidlə söyləmək istəyirik: bu bayram yalnız Azərbaycan xalqının deyil, bütövlükdə böyük Türk dünyasının birlik amalına çevriləcəkdir!

 

Namiq ƏHMƏDOV,

Xalq qəzeti

 

Xalq qəzeti.- 2013.- 30 dekabr.- S.4.