Xalqını təhqir edib xalq qəzəbinə düçar olan Əkrəm Əylisliyə məktub

 

Mən sizə “Daş yuxular” romanınızdan başqa çap olunmuş bütün əsərlərinizi  oxumuş oxucu, müharibənin od-alovunun içindən keçib erməni vəhşiliyini gözləri ilə görmüş müharibə veteranı, dünyanın 12 ölkəsində yazıları çap olunmuş, otuzdan  artıq kitab müəllifi olan bir qələm sahibi  kimi müraciət edirəm.

 

Etiraf  edim ki, yarım əsrə yaxın müddət ərzində oxuduğum kitablarınızla mənim xəyalımda  əzəmətli bir “Əkrəm Əylisli abidəsi” ucaltmışdınız. Yaradıcılığınıza tez-tez müraciət edər, televiziyada və  mətbuatdakı çıxışlarımda əsərlərinizdən örnəklər də gətirərdim...

Bilmirəm nə düşündünüz? Bir ömür sərf edib kərpic-kərpic ucaltdığınız o abidəni bir anda  niyə uçurub yerlə yeksan etdiniz? Bu roman sizə hansı  şöhrəti gətirəcəkdi ki, xalqı təhqir edib özünüzü onun qəzəbinə düçar etdiniz?..

Mən hələlik “Daş yuxular”ı tam yox, son günlərdə əsərdən çap olunan parçaları oxumuşam və bu mövzuda olayları  izləyirəm. Məni ən çox dəhşətə gətirən odur ki, siz  bütün bu hadisələri çox laqeyidliklə qarşılayır, həttə bəzi sualları gülə-gülə cavablandırırsınız. Gülə-gülə verdiyiniz cavablardan  biri də belə oldu: “Erməni olsaydım bundan  heç də xəcalət çəkməzdim...”

Siz Xocalı faciəsini törədən, yüzlərlə, minlərlə əsir qadın və qızlarımızın namusuna toxunan, on minlərlə uşağı yetim, ananı-bacını gözüyaşlı qoyan, torpaqlarımızı işğal edən, bütün şəhər, rayon və kəndlərimizə şəhid qəbiristanlıqları “hədiyyə” edən ermənilərin yerinə olsaydınız bundan  xəcalət çəkməzdinizsə, yəqin  ki, bu xalqın qəzəbi, nifrəti də el qınağı da, bir sözlə, heç nə sizə təsir etmir... Əslində, ermənilər törətdikləri fəlakətlərə görə xəcalət çəkməlidirlər, özünü bunların yerinə qoyan da utanmalıdır.

Nə qədər daş qəlbli, nə qədər hissiyatsız olmaq lazımmış ki, bu boyda faciələri görməyib, əksinə,  öz xalqına qara yaxasan, hələ ermənilərə də haqq qazandırasan?..

Müsahibələrinizin birində  “Niyə romanda  Xocalı soyqırımından, Qarabağ faciələrindən bir kəlmə də olsun bəhs etməyibsiniz?” -sualına cavabınız bu oldu: “Bu masanın üstündə  çaşka var,  mən çaşkadan yazmışam, siz deyirsiniz ki, samovardan niyə yazmayıbsan? Mən Əylisdə baş verənləri yazmışam...”

Çox  təəssüflər olsun ki, siz Əylis hadisələrini də düzgün yazmayıb, erməni dəyirmanına su tökmüsünüz. Əgər siz tanınmış türk tarixçisi, professor İbrahim Ethem Atnurun 2001-ci ildə Ankarada Türk Qurumu tərəfindən çap olunmuş 510 səhifəlik “Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan” kitabından  “Əylis məsələsi” bölməsini  oxusaydınız, sizin, haqqında bəhs etdiyiniz dövrdə gərgin  mübarizələrdən sonra Naxçıvandakı  bütün ermənilərin silahı yerə qoyub hakimiyyətə tabe olduğu halda, təkcə Əylis ermənilərinin necə müqavimət göstərmələrindən, Əylis ermənilərinin lideri olan Aşot Məlik  Musayanın və Moves Qulnazaryanın Ermənistan hökumətinə və Zəngəzurdakı  müxtəlif erməni  təşkilatlarına  müraciət edib onları təcili olaraq Əylisə çağırmaqla, Əylisdə ayrıca erməni hakimiyyəti yaratmaq cəhdlərindən, bu məqsədlə daşnak Nejdenin Əylisə  gəlməsindən, bundan az sonra daşnak Xazar Kosparyanın komandanlığı altında  erməni qoşun  hissələrinin Dərələyəz–Zəngəzur yolu ilə Əylisə  gəlib oradakı  azərbaycanlı  əhaliyə  qarşı törətdiyi vəhşiliklərdən xəbərdar olardınız.

Ondan bilərdiniz ki, Əylis  ermənilərinin bir qrupu Tiflisə gedərək  orada müsəlmanlar əleyhinə xüsusi  təşkilat yaratmışlar. Beləliklə,  guya, Əylisdə  türklərin erməniləri  qırması  haqqında  dünya ölkələrinə  yalan, uydurma informasiyalar yaymaq kimi fitnəkar əməllərindən xəbərdar olar və  “Daş yuxular” romanınızda ermənilərin bu əməllərindən də yazardınız.

Çox-çox təəssüflər olsun ki, siz son əsərinizdə yaxanıza orden vuran, sizə fəxri adlar verən, sizi millət vəkili edən xalqın, millətin və dövlətin yox,  zaman-zaman bu xalqa və millətə öz düşmənçiliyini sübut edib faciələrlə üz-üzə qoyan ermənilərin mənafeyini qorumusunuz. Yəqin, məlumatınız olar ki,  (və artıq internet saytlarından da məlumdur ki...) artıq erməni mətbuatı  (“Qolos  Armenii” qəzeti və digərləri) sizin bu  “cəfakeşliyinizi”  “vətəndaş qəhrəmanlığınız”, “Sumqayıtda və  Bakıda yaşananlarla bağlı etirafınız”,  “Yüz ildir  Türkiyənin və iki onillikdir Azərbaycanın  cəsarət etmədiyi addım  atmağınız” kimi  qəbul edib dünyaya  yaymaqdadır. Bu xalqa, təhqir və xəyanət, düşmən dəyirmanına su tökmək deyilmi? Buna satqınlıqdan başqa nə ad vermək olar?

  Məktubumun əvvəlində də yazdığım kimi, mən müharibəni  sizin kimi daş yuxularda yox, canlı görmüşəm. Doğulub  yaşadığım Naxçıvan Muxtar Respublikasının Sədərək kəndi  1990-1993-cü illərdə 14 dəfə erməni hücumuna  məruz qalıb. O torpağın qorunmasında 108 nəfər  şəhid olub, 500-dən artıq insan  yaralanıb, yüzlərlə ev, ictimai bina, sosial obyekt dağılıb, xarabazarlığa çevrilib, ancaq torpaq qeyrətlə qorunub, oraya erməni ayağı dəyməyib. Bunlar  sizin yuxuda gördüyünüz yox,  mənim içindən keçdiyim müharibənin statistik məlumatlarıdır.

Bu gün  sizin  bu əsəriniz və “erməni olsaydım bundan  xəcalət çəkməzdim” fikriniz mənim yadıma  gördüyüm  müharibənin ayrı faciələrini də saldı... Toyuna hazırlıq görülən 20 yaşlı Qədimov Hamlet Əli  oğlunun erməni gülləsinə tuş gəlməsini, həyətdə oynayan iki uşağın-Malik və Elvin qardaşlarının top mərmisindən  həlak olmasını, direktor   işlədiyim  kənd məktəbinin 8-ci sinif şagirdi Səfərzadə Vidadi Vaqif oğlunu erməni snayperinin qətlə yetrməsini, toyundan bir ay sonra son damla qanına qədər vuruşub ələ keçmək məqamında öz əli ilə şəhidlik zirvəsinə ucalmasını, Türkiyədən müalicədən qayıdan Babayev İlqar Kamil oğlunun 5 gün sonra döyüş səngərində  şəhid olmasını, gündüzlər döyüşdə şəhid olanları dəfn etməyin yalnız gecələr mümkün olmasını və s. onlarca bu cür faciələri...

Bunlar  bir kəndə erməni  təcavüzünün  nəticələri və mənim gördüklərimdir... Bəs Xocalı faciəsi, işğal olunmuş rayonlarımızda törədilmiş faciələr, bir milyon qaçqınımızın  taleyi?.. Bütün bunları törədən ermənilər deyilmi?.. Bunları görə-görə ermənilərə haqq qazandıranı  insanlar  bağışlasa da şəhidlərin ruhu bağışlayarmı?.. Qətiyyən yox!..

Məktubumun sonunda  bir məsələni də deyim ki, mətbuatdakı  bəzi yazılarınızdan, qələm dostlarınızın sizə ünvanladığı məktublardan, bir neçə il qabaq çap olunmuş “Əylisdən Əylisəcən” kitabınızdakı bir neçə illik dostlarınıza qarşı təhqir dolu yazılarınızdan sizin dəyişkən təbiətli insan olmağınızı, oturduğunuz ağacı kəsmək xasiyyətinizi hiss etsəm də, inanmağım gəlmirdi buna. Ancaq  bu son əməliniz hər şeyi və sizin kimliyinizi  aydınlatdı...

Belə bir deyim var ki, özü özünə edəni el yığıla edə bilməz...Siz öz xalqınızı təhqir edib, xalq qəzəbinə düçar oldunuz... İnsan üçün də el töhmətindən, xalq nifrətindən ağır cəza varmı?

 

 

Vaqif MƏMMƏDOV,

tarix üzrə fəlsəfə doktoru,

Azərbaycan Yazıçılar Birliyinin və

Avrasiya  Yazarlar Birliyinin  üzvü

 

Xalq qəzeti.- 2013.- 9 fevral.- S. 8.