Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylisliyə açıq məktub

 

Yüzminlərlə azərbaycanlı kimi mən də  Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Ona görə ki, dövlət başçımız vətəndaşların, ictimai qurumların, dövlət strukturlarının müraciətlərini diqqətə alaraq Əkrəm Əylislinin  “Xalq yazıçısı” fəxri adından və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi barədə sərəncamlar imzaladı. Hər bir azərbaycanlının, hər bir vətənpərvər insanın ürəyincə oldu. Çünki Əkrəm Əylislinin yazdığı “Daş yuxular” əsərində  azərbaycanlılardan heç bir personajı belə müsbət xarakterizə etməyib.

 

Əkrəm Əylisli, sən tarixi Azərbaycan torpaqlarından zorla qovulan, öldürülən, əmlakı, var yoxu öldürülən insanlara “yeraz” deyirsən. Onlara “it oğlu it”, “vəhşi heyvan” deyirsən. Əlbəttə, bu sənin düşüncəndir və səviyyəni göstərir. Heç şübhən olmasın ki, sənin səviyyənə enib sənə qarşı küfr və ləyaqətsiz sözlər yazmayacağam. Çünki sən buna belə layiq deyilsən.

 Sən sadəcə, Qərbi Azərbaycandan olanları təhqir etmirsən, Nuvariş obrazında kürdəmirliləri, muğanlıları, əxlaqsız və arvadbaz Şahqacar Armağanov obrazında şuşalıları, qarabağlıları, nardaranlılar obrazında bakılıları, şeyx Allahşükür Paşazadə obrazında lənkəranlıları, talışları, Fərid Farzani obrazında Güney azərbaycanlıları, Mırıq Müzəffərin psixi xəstə, şizofren övladları obrazında əylisliləri, naxçıvanlıları, ümumilikdə isə azərbaycanlıları təhqir etmisən. Sən əylislilərin demək olar ki, hamısını xəstə ruhlu, psixopat, vəhşi, qan içən, qadınlarını heç bir işə yaramayan, iş bacarmayan birisi kimi qələmə vermisən. Sən “yanlışlıqla” əsərdəki Nuvariş obrazını Fərzaninin dilindən Mübariz kimi çağırırsan, həm də səhv olsa belə Nuvarişin “Mübariz” ola bilməyəcəyini də anlayırsan.

 Sən müqəddəs dinimizi, peyğəmbərimizi, dini adət-ənənələrimizi təhqir etmisən. Sənin bu əsərində Salman Rüştünün ruhu hiss olunur. Hansı səbəblərdənsə sənin daxilində  “gizlənmiş  xristianlıq sevgisi” 75 yaşında özünü büruzə verir. Əslində, bu qədər gizlətməyinə nə hacət vardı ki? Onsuz da bu gün özlədiyin Eçmiədzin kilsəsinə inanan və xristian olan qandaşların, qardaşların, bacıların Azərbaycanda rahat yaşayırlar. Onların 30 mindən çox olduğunu sən daha yaxşı bilməlisən.

Əsərdə türk komandan Adif bəyin adını hallandırırsan, əylisli ermənilərini öldürdü deyə. Romanı oxuyanda adama belə gəlir ki, Adif bəy Türkiyədən silahlı süvari dəstəsi ilə gələrək əylisli ermənilərini qanına qəltan eləyib gedib. Həm də əsassız yerə, yəni heç bir səbəb olmadan.  Belə çıxır ki,  Adif bəy birdən-birə əylisli ermənilərini gəbərtmək fikrinə düşüb və  süvarilərini toplayaraq Əylis kəndinə gəlib erməniləri öldürüb. Halbuki, həmin illərdə məhz həmin ermənilər Əylisdə nə qədər azərbaycanlını səbəbsiz yerə qətlə yetirmişdilər. Əgər bizim müdafiə dəstələrimiz olmasaydı və türk ordusu köməyə gəlməsəydi, nəinki Əylis kəndində, Naxçıvanda və Qərbi Azərbaycanda bir dənə də olsun başıpapaqlı azərbaycanlı qalmayacaqdı.

 Əylisdə 12 kilsə olduğunu dəfələrlə qeyd edirsən. Sanki bunu oxucunun beyninə “yeritməyə” çalışırsan. Dağılan, yandırılan məscidlərdən heç söz açmırsan. Əylisdə işgəncəylə öldürülən azərbaycanlıların faciəsini  “ermənilərin  faciəsi” kimi oxucuya təqdim edibsən.  Sən Fransaya Ayqulis adında çiçək aparan adını bilmədiyin erməni qızından ötrü, Əylisdəki kilsələrin rəsmini çəkən Qayane Xaçatryan, Haykanuşdan, əylislilərin öldürdüyü keşiş Mıkırtıç, Əylisdə doğulub İrəvanda yaşayan Joran, Lusik üçün  darıxmısan. Məncə  bu, normaldır.  İnsan qandaşları və dindaşları üçün darıxa bilər. Təbii ki, sən də istisna deyilsən.

 Sən psixiatr Abasəliyevin dilindən “tarixi” əlyazmaları oxudub Əylisin “erməni tarixi”ndən bəhs edirsən. Eynilə Zori Balayan kimi. Yəqin ki, qandaşının yazdığı “Ocaq” kitabını oxumusan. Oxumamısansa məndə var. Ermənilərə və onların məqsədlərinə kin və nifrətimin azalmaması üçün, həqiqətlərə kor baxmamaq üçün arada bir oxuyuram.  Və xatırlayıram ki, mən o kitabın siqnal nüsxəsini hələ orta məktəbin 7-ci sinfindəykən oxumuşdum, dəhşətə gəlmişdim. Qandaşının eyni sərsəmliyini sən 75 yaşında təkrarlamısan.

75 il Azərbaycanın çörəyini yeyib Milli Məclisin deputatı olmusan.  “İstiqlal” ordeni və xalq yazıçısı adını almısan. Çörəyimizin bu qədərmi duzu yoxdur, Əkrəm?  75 yaşındamı bütün kin-küdurətini qusmalıydın? Yazdığın son əsər bütün yaradıcılığının üstündən xətt çəkdi, təbii ki, ağlı başında olan oxucular üçün. İstədiyin qədər kin-küdurət və qan qusa bilərsən. Nə də olsa o dünyaya getmədən qandaşlarının və dindaşlarının “faciələrini” qələmə almalıydın.

 Əlbəttə, sən azərbaycanlılar  Qərbi Azərbaycandan qovulanda orada 200-dən çox soydaşımızın işgəncələrlə öldürüldüyünü “bilmirsən”. Spitakda qadın, qoca uşağın borulara doldurularaq hər iki tərəfindən qaynaq edilərək diri-diri torpağa basdırıldığını da “bilmirsən”. Minlərlə insanın malının, mülkünün ermənilər tərəfindən talan edildiyini, yüzlərlə məscidin ermənilər tərəfindən yandırıldığını, dağıdıldığını, Sumqayıt hadisələrini KQB-nin və ermənilərin vasitəsilə törədildiyini də “bilmirsən”. Xocalıda qocaların, körpələrin qətlə yetirildiyindən, əsir alınan qız-gəlinlərin təcavüzə məruz qaldığından, hamilə qadınların bətni yarıldıqdan sonra çıxarılan  uşaqların vəhşicəsinə öldürülməsindən də  “xəbərin yoxdur”. Sənin varsa oğlun, yoxdursa yaxın qohumun Vətən müdafiəsində iştirak etməyib, şəhid olmayıb.  Sən Şuşa üzərində ermənilər tərəfindən vurulan helikopterdə ölən 40-dan çox azərbaycanlının cəsəd parçalarını da görməmisən. Sən əli qız əlinə dəyməmiş, bığ yeri yenicə tərləmiş Vətən uğrunda qəhrəmancasına şəhid olan əsgərlərimiz haqqında da heç bir şey “bilmirsən”.  Bunları “bilmirsən”, “eşitməmisən” və əlbəttə ki, “görməmisən”. Çünki səni yalnız və yalnız Eçmiədzin kilsəsi, qandaş və dindaşların, onların “problemləri”, “faciələri” narahat edir.

Əkrəm, qandaş və dindaşlarının vəhşiliklərindən çox danışmaq olar.  Amma bu qədər də bəs edər. Sən bu millətin, dövlətin çörəyini 75 il yeyib, suyunu içmisən, ancaq sonda  xəyanət etmisən! Eynilə ermənilər də belə edib. Bizim süfrəmizin başında oturaraq doyunca yeyib-içdikdən sonra fürsət tapan kimi, arxamızdan xəncərləyiblər. Belə çıxır ki, sən də erməni qarışığı, erməni xisləti var. Olmasaydı, ermənilərə deyil, doğulub-böyüdüyün Əylis kəndinin gözəl insanlarına bənzəyərdin. Əgər belə olmasaydı, Azərbaycanın digər tanınmış yazıçıları kimi ömrünün sonunadək ləyaqətlə yaşayardın. 75 yaşında səndən “Xalq yazıçısı” fəxri adı alınırsa, bunun ən böyük günahkarı elə sənin özünsən, Əkrəm Əylisli!

 

 

Hatəm CABBARLI,

siyasi elmlər doktoru

 

Xalq qəzeti.- 2013.- 12 fevral.- S. 5.