Genişzolaqlı rabitə təhsilin yaxşılaşdırılmasında əsas amildir

 

Genişzolaqlı rabitə BMT-yə qarşıya qoyduğu “hamı üçün təhsil” məqsədinə nail olmaqda kömək edə bilər. Bu barədə YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi ilə yaradılan rəqəmli texnologiyaların inkişafı naminə genişzolaqlı rabitə məsələləri üzrə Komissiyanın yeni hesabatında deyilir, Bu məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  rəsmi saytı (mincom.gov.az) yayıb.

 

 Məruzə müəllifləri hesab edirlər ki, genişzolaqlı internetdən istifadə inkişaf etməkdə olan ölkələrdə təhsilə yiyələnmək imkanını köklü şəkildə yaxşılaşdıra bilər. Bununla bağlı potensial üstünlüklər kimi distant təhsilin inkişafı və tədris mərkəzlərinin yaradılması göstərilir. İnternetin köməyi ilə yoxsul ölkələrdə yaşayan məktəblilər dünyanın ən yaxşı universitetlərinin kitabxanalarından yararlanacaq, müəllimlər isə ixtisaslarını daha da təkmilləşdirmək imkanı əldə edəcəklər.

YUNESKO-nun məlumatına görə, 2010-cu ildə 61 milyon kiçik yaşlı və 71 milyon orta yaşlı məktəbli təhsil almaq imkanından məhrum idi. Ümumi ibtidai təhsilə nail olmaq üçün 1 milyon 700 min əlavə müəllimə ehtiyac duyulur.

 Eyni zamanda, 2,5 milyard internet istifadəçisinin yalnız 25 faizini inkişaf etməkdə olan ölkələrin sakinləri təşkil edir. Məsələn, Keniyada 2010-cu ildə məktəblərin yalnız 3 faizində kompyuter olub. Ümumilikdə yoxsul ölkələrdə 150 məktəblinin payına 1 kompyuter düşdüyü halda inkişaf etmiş ölkələrdə bu nisbət 1/8-ə bərabərdir.  Məruzə müəllifləri bu fərqi aradan qaldırmağa çağıraraq hökumətlərə genişzolaqlı rabitəyə çıxışın genişləndirilməsi üzrə strategiyalar hazırlamağı təklif edirlər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 1 mart.- S. 9.