Gənc türk yazarların şeir şöləni

 

Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyətinin 15 ili tamam olur

 

Bu yaxınlarda Bakı müxtəlif türk dövlətləri və toplumlarından gəlmiş gənc şairlərə, yazar və jurnalistlərə ev sahibliyi etdi. Qaqauz elindən tutmuş, Çuvaşiyaya, Başqırdıstandan tutmuş Qazaxıstana, Krıma qədər türk coğrafiyasının müxtəlif bölgələrindən ürəyi poeziya eşqi, türk sevgisi ilə dolu gənc yazarlar Dünya Gənc Türk Yazarlar Birliyinin 15 illiyi ilə bağlı keçirilən toplantıda bir araya qatıldılar. Hər biri ilə söhbət edib tanış olduqca, türk xalqlarının yaratdığı ədəbiyyatın;  laylaların, bayatıların, Yunis Əmrə kimi söz ustadlarının yaradıcılığının əsrlərdir, ruhumuzun mənəvi qidası olduğunun bir daha fərqinə varıram.

1998-ci ilin sentyabrında Qazaxıstanın Türküstan şəhərində Qazax-Türk Universitetində VIII Türk Dünyası Gənclik Günləri və Qurultayı çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyinə (DGTYB) uğurlar diləndi. Sevindrici haldır ki, birliyin mərkəzi idarəetmə orqanı məhz Bakıda yerləşdi. Bu ilk növbədə ölkəmizin türk dünyasına verdiyi töhfələr, bu sahədəki təşəbbüs və fəallıqla bağlıdır.

Birliyin ilkin fəaliyyət dövründə gənc türk yazarlarının şeir, hekayə və publisistik yazılarının toplandığı “Türkün səsi” antologiyasının ilk sayının təqdimi ədəbi mühitdə yenilik olaraq qiymətləndirildi. Antologiya, elecə də digər kitabların silsilə nəşri  türk dünyası ədəbiyyatının tanınmasında mühüm rol oynayıb.

Bir neçə gün davam edən tədbirlər silsiləsi  Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Türk Dünyası Gənc Yazarların Bankı toplantısı” layihəsi çərçivəsində baş tutdu. Qonaqların Bakının görməli yerləri, tarixi abidələri, Ədəbiyyat Muzeyi ilə tanışlığı onlarda yüksək təəssürat yaratdı.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən “Dünya Gənc Türk Yazarlar Birnlıyi-15: Ödül törəni və Türk Dünyası Şeir Axşamı” maraqlı anlarla yadda qaldı.

Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Başqırdıstan, Saxa, Çuvaşiya, Qaqauz Yeri, Krım, habelə, Almaniyadan, Rusiyanın Moskva, Sank-Penterburq şəhərlərindən gəlmiş yazarların iştirakı ilə gerçəkləşən ədəbi-musiqili gecədə əməkdar artist Aybəniz Haşımova, Şəmistan Əlizamanlı və digərləri öz musiqi töhfələri ilə gecəyə rəng qatdılar. Xarici qonaqların öz dillərində  oxuduqları şeirlər isə maraqla qarşılandı. DGTYB-in başqanı, şair Əkbər Qoşalı təşkilatın 15 illik fəaliyyətindən söhbət açarkən bu müddət ərzində görülən işlərdən  danışdı. Bildirdi ki, türk ədənbiyyatının inkişafı naminə qurulan təşkilat öz sadiq üzvləri və onu quran yazıçıların həmrəyliyi nəticəsində bir çox uğurlar qazanmışdır.

Vaxtilə təşkilatın özünün kiçik maddi dəstəkləriylə fəaliyyət göstərdiyini deyən Əkbər Qoşalı artıq dövlətin yürütdüyü gənclər siyasəti nəticəsində gənclər təşkilatlarına dövlətin maddi və mənəvi dəstəyini yüksək qiymətləndirdi və bu mənada cənab Prezident İlham Əliyevin qərarıyla  yaradılan Gənclər Fondunun fəaliyyətinin əhəmiyyətini vurğuladı. Qurum başqanının  birinci müavini, şair Şəmsəddin Kuzəçi DGTYB-in gənc yazıçılar və şairlər arasında ədəbi-mədəni əlaqələrin güclənməsi üçün çalışdıqlarını vurğuladı və bunun üçün türk coğrafiyasından istedadlı gənclərin üzə çıxarılmasının vacibliyini qeyd etdi. “Biz təşkilatın bundan sonrakı fəaliyyətini liderlik qabiliyyəti olan, fəal gənclərə həvalə etmək istəyirik. İnanırıq ki, bizim əziyyətlə bugünə gətirdiyimiz təşkilat bundan sonra daha çox işlərlə yadda qalacaq.”

Millət vəkilləri Nizami Cəfərov və Qənirə Paşayeva çıxışlarında DGTYB-in ədəbiyyat sahəsində gördüyü işləri yüksək qiymətləndirdilər. Qeyd edildi ki, ötən illər ərzində qurum müxtəlif kitabların çapı, ədəbi tədbirlərin təşkili, türk yazarları arasında ədəbi mühitin formalaşmasında mühüm addımlar atıb. Tədbirdə qonaq yazarlara mükafatlar, plaketlər təqdim edildi.

Növbəti gün gənc yazarlar Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının ofisində hesabat xarakterli yığıncaq keçirdilər. Toplantıda qurumu təmsil edən məsul şəxslərin ötən illər ərzində gördüyü işləri əhatə edən məruzəsi dinlənildi. Daha sonnra DGTYB-in gələcək fəaliyyət istiqamətləri  müzakirə edildi, gənc yazarların da fikir və təəssüratları öyrənildi. Azərbaycan Yazıçılar Birliyində AYB-in rəhbəri  Anarla qonaqların görüşü də fəal diskussiya ilə yadda qaldı. Xalq yazıçısı Anar istedadlı gənc yazarlara bundan sonra işlərində uğurlar arzuladı. Qonaqların Azərbaycan Respublikası baş nazirinin müavini, görkəmli yazıçı Elçinlə görüşüyaddaqalan oldu. Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə tanışlıq da qonaqlarda maraq doğurdu.

Tədbirlərdə fürsətdən istifadə edib gənc yazarların ədəbiyyat, türk xalqları arasında ədəbi əlaqələrlə bağlı təəssüratlarını öyrəndik.

Gülnara Halfitdinova,“Başkortostan kızı” dərgisinin əməkdaşı: Başqırdlarla azərbaycanlılarda bir çox oxşar cəhətlər sezdim. Adətlərimizin, bayramlarımızın oxşarlığı, qonaqpərvərliyimiz və s. ortaq cəhətlərimizdəndir. Çalışdığım jurnal qadınlar üçün nəzərdə tutulub. Burada qadınları maraqlandıran müxtəlif mövzularla yanaşı, ədəbiyyat, mədəniyyət mövzuları da işıqlandırılır. DGTYB-ni təbrik edir, bundan sonrakı fəaliyyətində uğurlar arzu edirəm.

Alla Büük (Qaqauz Yeri): Azərbaycanda olmaqdan çox məmnunam. Azərbaycan, Bakı mənə çox doğmadır. Qaqauz və Azərbaycan dilləri o qədər oxşardır ki, burada heç bir çətinlik çəkmirəm. Bu cür beynəlxalq tədbirlər türk xalqları arasında  ədəbi əlaqələri daha da möhkəmləndirir. Çox istərdim ki, Vətənimdə universitetdə ayrıca Azərbaycan kitablarından ibarət guşə yaradım. Dünya Gənc Türk Yazarlar Birliyinin türk dünyası ədəbiyyatı adına gördüyü işləri yüksək dəyərnləndirirəm. İnanıram ki, biz gənc yazarlar bundan sonra daha da fəal olacağıq.

Tanagöz İlyasova (Qazaxıstan): Yazıçılar, şairlər hansı ölkəyə getsələr, istər-istəməz öz ölkəsinin mədəniyyət elçisi kimi qəbul edilir. Bu baxımdan bizim hər birimiz öz ölkəmizin təmsilçiləriyik. Ədəbiyyat xalqlar arasında dostluğun və qardaşlığın əsasını qoyan, möhkəmləndirən ən gözəl vasitələrdən biridir. Bu tədbirlərdə ədəbi proseslərlə daha yaxından tanış olur, qarşılıqlı fikir mübadiləsi aparırıq.

Şəfəq Azər, “Törə” dərgisinin Almaniya üzrə təmsilçisi: Almaniyada yaşasam da, Azərbaycan, türk dünyası ədəbi mühitində baş verən yeniliklərdən xəbərdar olmağa çalışıram. Artıq bir neçə ildir ki, “Törə” dərgisinin Almaniya təmsilçisiyəm. Türk dünyası ədəbiyyatının görkəmli şəxsiyyətləri, onların yaradıcılığını və s. işıqlandırırıq. Düşünürəm ki, DGTYB-nin  istər Azərbaycan, istərsə də türk dünyası ədəbiyyatı üçün gördüyü işlər göz qabağındadır. Toplantıda edilən müzakirə və təkliflər təşkilatın daha da canlanması və türk ədəbi mühitində maraq doğuran layihələrin həyata keçirilməsində mühüm rol oynayacaq.

Seyran Süleyman, “Yeni Dünya” qəzetinin əməkdaşı: Krım tatarları tarixən bir çox acılar, sürgün həyatı yaşasalar da, hər zaman ədəbiyyatın, milli ziyalıların fikirləri sayəsində ayaqda durmağı bacarmış, öz milli kimliklərini, Vətənə sevgilərini qorumuşlar. Krım türk ədəbiyyatından başqa, digər türk xalqlarının ədəbiyyatıyla maraqlanır, maraqlı əsərləri oxuyuram. Bu cür səfər və tədbirlər bir-birimizin mədəni irnsini, ədəbiyyatını tanımağa yardımçı olur.

Afaq Şıxlı, Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin mətbuat katibi, şairə: Mən Moskvada yaşasam da, ürəyim Vətənlə bağlıdır. Həqiqətən Vətəndən kənarda yazıb-yaratmaq, başqa bir mühitə inteqrasiya etməyin özü məsuliyyət və çalışqanlıq, fəallıq tələb edir. Odur ki, Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan başda olmaqla, digər türk toplum və cəmiyyətlərində yaşayan yazarların bir araya toplanması böyük işdir. Qurumun  vətəndən kənarda fəaliyyət göstərən yazar soydaşlarımızın ədəbi mühitə cəlb edilməsi, tanınmasında da fəallığı təqdirəlayiqdir. Rusiyada istedadlı gənclərimiz var ki, onların da bu qurumda təmsil olunmasını çox istərdim.

Altınbek İsmayılov, Qırğızıstan şairi: Bakı artıq mənim ikinci doğma şəhərimdir. İndiyə kimi burada keçirilmiş bir çox ədəbi tədbirlərdə iştirak etmişəm. Ədəbiyyatın bundan sonrakı inkişafı, canlanması məhz  gənc yazarların üzərinə düşür. Görkəmli şair Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını qırğız dilinə tərcümə edərkən Azərbaycan ədəbiyyatının zənginliyinin bir daha şahidi oldum.

Marina Karyagina, Çuvaşiya televiziyasının aparıcısı: DGTYB-in 15 illik yubileyi münasibətilə Çuvaşiya Yazarlar Birliyinin rəhbərinin təbrik məktubunu Əkbər bəyə təqdim etdim. Həqiqətən Çuvaş xalqının təmsilçisi kimi türk dünyasına aid tədbirlərdə iştirak etməkdən məmnunam. DGTYB-in fəaliyyəti bu baxımdan təqdirəlayiqdir. Bu tədbirlər Çuvaş ədəbiyyatı, mədəniyyətinin tanıdılmasında da mühüm imkanlar yaradır.

DGTYB Avropa Gənclər Forumunun (AGF) üzvü olan Respublika Gənclər Təşkilatları Milli Şurasının, habelə Azərbaycan Qeyri-Hökumət Təşkilatları Forumunun, Dünya Türk Gəncləri Birliyinin aparıcı təşkilatlarından biri, tam hüquqlu üzvüdür.      

DGTYB Gənclər və İdman Nazirliyi, Atatürk Mərkəzi, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yazıçılar Birliyi və “Vektorla əməkdaşlıq şəraitində bir sıra layihələr gerçəkləşdirmiş, kitablar nəşr etdirmişdir. İnanırıq ki, birliyin fəaliyyəti türk coğrafiyasında gənc  yazarların şəbəkəsinin güclənməsində və onların beynəlxalq miqyasda tanınmasında  hələ çox işlər görəcək.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2013.- 10 iyul.- S. 13.