Azərbaycanın siyasi kursu, iqtisadi gücü və hərbi qüdrəti ölkəmizin beynəlxalq nüfuzunu gündən-günə artırır

 

Bu məqam Nazirlər Kabinetinin sonuncu iclasında daha geniş şəkildə ifadə olundu

 

  Ötən əsrin doxsanıncı illərinin əvvəlində  beynəlxalq aləmdə  baş verən ictimai-siyasi proseslərin nəticəsi olaraq yaranmış yeni dünya düzəni  müasir tariximizə bir sıra mühüm hadisələrlə  yazıldı. Həmin  hadisələrin ən mühümlərindən biri də dünya xəritəsində Azərbaycan adlı qüdrətli bir dövlətin ərsəyə gəlməsidir.

Heydər Əliyev siyasi kursunun həyata keçirilməsi və Prezident İlham Əliyevin bu kursu müasir dünyada gedən siyasi-diplomatik proseslərin tələblərinə cavab verən şəkildə, yaradıcılıqla davam etdirməsi  sözün həqiqi mənasında dünya tarixçilərini heyrətləndirən  bir dövlət yaratdı. Cəmi 21 il dövlət müstəqilliyi olan Azərbaycan Respublikasının  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv seçilməsi, həmin quruma sədrlik etməsi, kosmosa öz rabitə peykini çıxararaq   kosmik  ailənin üzvünə çevrilməsi,  rəsmi Bakının dünya sivilizasiyalarını bir-birinə qovuşduran mərkəz rolunu oynaması, dövlətimizin  Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biri kimi tanınması dünya siyasətçilərinin və tarixçilərin diqqətindən yayınmır. İndi artıq elə bir beynəlxalq tribuna yoxdur ki, oradan Azərbaycan həqiqətləri ürək açıqlığı ilə səsləndirilməsin.

Doğrudur, bu həqiqətlər dünyanın bütün guşələrində səsləndirilir. Təbii ki, müxtəlif ekspert və politoloqlar tərəfindən. Ancaq son günlər dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini ən mötəbər mənbədən eşitdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi  inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində bu həqiqətləri ən incə məqamlarına qədər dəqiqliklə söylədi. Doğrudur,  bu qəbildən olan toplantılarda əsasən  ölkənin sosial-iqtisadi uğurları daha çox qabardılır. Ancaq bugünkü Azərbaycanın  siyasi uğurlarının böyük olduğunu nəzərə alan dövlət başçımız  adıçəkilən iclasda bu məsələlərə də xüsusi yer ayırdı.

Prezident  ölkənin sosial-iqtisadi uğurlarını siyasi uğurlarla əlaqələndirərək qeyd etdi  ki, biz öz yolumuzla gedirik. İqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik. Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyır. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artmışdır.

Dövlət başçımızın fikrincə,  Azərbaycanın təkcə sosial-iqtisadi sahədə deyil, ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrində əldə etdiyi uğurların təməlində elmi şəkildə əsaslandırılmış idarəetmə və beynəlxalq aləmə inteqrasiyanın intensivləşdirilməsi dayanır.  Bizim dünya birliyi ilə əlaqələrimizin və əməkdaşlığımızın nəticəsi idi ki, bu ilin aprel ayında  dünyanın ən mötəbər toplantılarından olan Davos İqtisadi Forumu Bakıda keçirilmişdi. Bu faktı yada salan dövlət başçımız əlavə edir ki, ötən aylar Madrid Klubunun toplantısı da Azərbaycanda keçirilmişdir. Bu da dünya miqyasında mötəbər beynəlxalq təşkilatdır. Çox böyük nüfuza malik olan siyasətçiləri, ictimai xadimləri birləşdirən bir qurumdur. Bu forum da çox yüksək səviyyədə keçirilmişdir. Bakıda Amerika-Azərbaycan konfransı keçirilmişdir. Təbii ki, bu da çox əlamətdar hadisə idi. Çünki konfransa federal və ştatlar səviyyəsində olan 300-dən çox senator, konqresmen, ictimai xadim, politoloq yığışmışdı. Burada çox vacib məsələlər müzakirə edilmişdir.

Yəni Azərbaycan siyasi, iqtisadi və mədəni həyata aid olan bir çox toplantılara ev sahibliyi etməklə bir növ dünyanın aparıcı mərkəzlərindən birinə çevrilir. Bu ilin ikinci rübündə  Bakıda İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir ki, bu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına öz xidmətini göstərmişdir. Bu, ikinci forumdur. Deməli, bu qəbildən olan forumlar artıq ənənəvi xarakter daşıyacaqdır. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanda bu səpkidən olan tədbirlər vaxtaşırı keçirilir. Dünya Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, digər tədbirlər, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilmişdir. Yəni, ölkəmiz siyasi, iqtisadi və humanitar mərkəzə çevrilibdir.

 Geridə qalan bütün illərdə olduğu kimi, bu ilin birinci yarısında da bizim xarici siyasətlə bağlı addımlarımız  uğurlu olmuşdur. Prezidentin  xarici ölkələrə səfərləri, xarici dövlət başçılarının Azərbaycana səfərləri və ikitərəfli formatda münasibətlərin inkişafı böyük əhəmiyyətə malikdir. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığımız da böyük diqqətə layiqdir. Məsələn,  İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda keçirilən tədbirlər bütün tərəfdaşlarımızın  yaddaşında qaldı.  Yaxud, Bakıda Fələstinə yardım məqsədilə donor konfransı keçirilmişdir. Həmin konfransın keçirilməsi bizim niyyətimizin , siyasi istiqamətimizin  göstəricisi idi.  Beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan  İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəallığını artırır və  İslam həmrəyliyi məsələləri həmişə  bu ölkənin diqqət mərkəzində olmuşdur.

Ancaq təkcə İslam dünyası və ya Şərq ölkələri deyil, bütövlükdə dünya ölkələri , xüsusən, Avropa dövlətləri və qitə miqyaslı beynəlxalq təşkilatlarla əməkdaşlıq rəsmi Bakının ən çox önəm verdiyi məsələlərdəndir. Məsələn, bir neçə ay əvvəl Prezident İlham Əliyevin  Avropa İttifaqına səfəri olmuşdu. Həmin səfər dövlət başçımızın  prezident kimi Avropa Komissiyasına beşinci səfəri idi.   Prezidentin özü bu səfərə xüsusi önəm verərək demişdir: “ Xüsusilə nəzərə alsaq ki, son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Deyə bilərəm ki, bu kampaniya heç səngimirdi. Son on il ərzində vaxtaşırı bu kampaniya gah canlanır, gah səngiyir. Ancaq bir trend kimi, bir istiqamət kimi daim biz bunu müşahidə edirdik. Son bir il ərzində əlbəttə, bu kampaniya çox eybəcər formalara gəlib çatıb. Təkcə onu demək kifayətdir ki, son bir il ərzində Avropa Parlamenti üç anti-Azərbaycan qətnamə qəbul etmişdir. Düzdür, bu qətnamələrin qəbul edilməsində eyni adamlar iştirak edir və Avropa Parlamenti 750 deputatdan ibarətdir. Bu qətnamələrin qəbulunda təqribən 20, 30, 40 nəfər iştirak edir. Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək bax bu qətnamələrin qəbul edilməsinə nail olurlar”.

Azərbaycanın sədaqətlə və səmimiyyətlə dostluq etdiyi bəzi qurumların  yeritdiyi ikili siyasət həmişə olduğu kimi, adı çəkilən məclisdə də Prezident İlham Əliyev tərəfindən qətiyyətlə pislənildi: “Qondarma siyasi məhbuslar üzrə məruzənin müzakirəsində Avropa Şurası Parlament Assambleyasının üzvlərinin mütləq əksəriyyəti bu çirkin təşəbbüsə yox demiş, bu çirkin məruzəni rədd etmişdir. Avropa Şurası Parlament Assambleyasının deputatları həqiqəti, haqq-ədaləti müdafiə etdilər, ikili standartlara qarşı öz səslərini ucaltdılar. Çünki bu qondarma məruzənin ortaya çıxması sırf ikili standartlar prinsipinin əlaməti idi”.

Təbii ki, Azərbaycan beynəlxalq aləmə inteqrasiyada  təşəbbüsü əldən vermir. Dövlətimizin  təşəbbüsləri hərtərəfli  əməkdaşlığa yönəldilibdir. Hamı etiraf edir ki, Azərbaycanda verilən qərarlar həlledicidir. Azərbaycanda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərinə əvəzsiz töhfədir.  Dövlət başçımızın dediyi kimi, Azərbaycanda verilən qərarlar gələcəkdə də bu məsələ ilə bağlı son sözü deyəcəkdir. Təbii ki, bütün bunlar bizim üstünlüyümüzdür.  Həmin üstünlüyü Prezident bu şəkildə qiymətləndirir: “Ancaq həmişə dediyim kimi, bu üstünlük göydən düşməyib. Biz özümüz bunu yaratmışıq, - öz fədakar işimizlə, məqsədyönlü siyasətlə, cəsarətli addımlarla. Bu gün enerji məsələlərini siyasi məsələlərdən ayırmaq mümkün deyildir. Əgər bizim siyasi gücümüz, güclü iradəmiz olmasaydı, cəsarətli addımlar atılmasaydı, bunların heç biri mümkün olmazdı. Bunu da hamı bilməlidir”.

Bütün beynəlxalq və yerli tədbirlərdə olduğu kimi, Nazirlər Kabinetinin adıçəkilən iclasında da Prezident İlham Əliyev  ölkəmizin yeganə problemi olan Emənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması istiqamətində həyata keçirilən tədbirləri bir nömrəli məsələ şəklində gündəliyə gətirmişdir: “Keçən rübdə bir əlamətdar hadisəni də qeyd etmək istəyirəm. O da Azərbaycanda keçirilmiş hərbi paraddır. Bu parad Azərbaycan Ordusunun gücünü göstərdi. Paradda nümayiş etdirilən silah-sursat və texnika ən son modellərdir, ən güclü texnikadır. İstər helikopterlər, istər tanklar, zirehli maşınlar, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular, digər texnikalar bir daha göstərir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Eyni zamanda, bu hərbi parad son illər ərzində ordu quruculuğu işində görülmüş işlərin hesabatı idi. Əlbəttə, bilirəm ki, Azərbaycan xalqı bu paradı böyük maraqla izləmişdir və qürur hissi keçirmişdir ki, bizim belə güclü imkanımız, güclü ordumuz vardır. Eyni zamanda, bu parad Ermənistanda böyük narahatlığa səbəb oldu. Bilirəm ki, paraddan sonra orada yaşanan isterika, panika və qorxu hissi bu günə qədər hələ çəkilməyib. Bu da təbiidir, çünki düşmən Azərbaycanın qüdrətini öz gözü ilə gördü və bir daha bildi ki, biz istənilən varianta hazırıq. Biz əldə etdiyimiz texnika ilə düşmənin istənilən nöqtəsini məhv etməyə qadirik. Paradda dediyim kimi, düşmənlə istənilən dildə danışa bilərik. Bütün siyasi və diplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq Qarabağ məsələsinin həllində həlledici rol oynayacaqdır”.

Dünyanın müxtəlif ekspertləri yazırlar ki, Azərbaycan  müxtəlif ölkələrdən hərbi texnika alır, eyni zamanda,  biz silah-sursatı və hərbi texnikanı ölkəmizdə də  istehsal edirik. Bizimlə hərbi sahədə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Dünya mətbuatında rəqəmlər səslənir ki, Azərbaycan bəzi ölkələrdən 1 milyard dollar dəyərində silah alıb, bəzi ölkələrdən 1,6 milyard dollar həcmində silah alıb. Ancaq Prezidentin fikrincə,  bu rəqəmlər reallığı əks etdirmir. Əslində, bizim hərbi-texniki əməkdaşlıq bu rəqəmlərdən bir neçə dəfə böyük rəqəmlərlə ölçülür. Sadəcə olaraq biz bu rəqəmləri açıqlamırıq.

Bütün bu faktları diqqətə çatdıran  Prezident İlham Əliyev daha böyük və hamının eşitməli olduğu bir həqiqəti dilə gətirərək bildirir ki, Azərbaycanın bu qədər silah-sursat əldə etməsi və regionda ən güclü ordu formalaşdırması erməni xalqına qarşı təhlükə deyil, Ermənistanı işğalçı dövlət siyasətindən əl çəkməyə məcbur etmək məqsədi daşıyır: “Ermənistan xalqı isə hesab edirəm ki, bundan qorxmamalıdır. Ermənistan xalqı öz rəhbərliyindən qorxmalıdır. Onların fəaliyyətindən qorxmalıdır. Qaniçən, gözü doymayan, korrupsiyaya uğramış, kriminal hakimiyyətdən qorxmalıdır ki, bu hakimiyyət onları bu vəziyyətə salıb. Bu hakimiyyətin fəaliyyəti nəticəsində hər il 100 minə qədər erməni öz ölkəsini həmişəlik tərk edir. Belə getsə 5-6 ildən sonra orada 1 milyondan az əhali qalacaqdır. Bu günah bilavasitə Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onların işğalçı və yırtıcı siyasəti, onların qaniçən, gözü doymayan mahiyyəti Ermənistanı bax bu fəlakətə gətirib çıxarıbdır”.

 Regionun iki ölkəsi barədə reallıqları dilə gətirən Prezidentin məlum nitqdəki son sözləri isə bu ölkələrdən ancaq birinə aid idi : “Biz isə inamla qabağa gedirik. Biz güclü dövlətik. Bizim gücümüz getdikcə artacaqdır”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2013.- 30 iyul.- S. 1.