Azərbaycanın vergi sistemi: uğurlar və perspektivlər

 

Müasir dünya dövlətləri öz maliyyə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə vergi sistemi yaradırlar. Bu zaman vergi ödəyiciləri -dövlət -iqtisadi harmoniya kimi dərin, həmcinin vacib olan amillər nəzərə alındıqda müxtəlif çətinliklər ortaya çıxır. Bu isə təbii haldır, çünki vergi siyasəti vətəndaşın və eləcə də şirkətlərin əldə etdiyi vəsaitlərin müəyyən hissəsinin ictimai maraqlar naminə dövlət fondlarına ödənilməsi kimi başa düşülür.

Lakin bir həqiqət danılmazdır ki, dövlət vergilər tətbiq etməklə büdcə vəsaitləri formalaşdırır və bu vəsaitlər vətəndaşların daha təhlükəsiz mühitdə yaşayıb fəaliyyət göstərməsi, ölkənin müdafiəsi, sosial problemlərin həlli, xalqın ölkə hüdudlarından kənarda da maraqlarının təmin edilməsi kimi bir çox əhəmiyyətli məsələlər üçün istifadə edilir.İnkişaf etmiş ölkələr digərləri ilə müqayisədə vergilərin tətbiqi və vəsaitlərin yığılmasında daha az problemlərlə üzləşirlər.Buna səbəb kimi həmin ölkələrdə dövlət maliyyəsinin uzun müddətli inkişafı, adamlarının vergilərin ödənilməsi ilə bağlı dərin ənənələrinin olmasıdır.

Azərbaycanda vergi sisteminin formalaşması əsasən ölkəmizin müstəqillik qazandığı dövrə təsadüf etsə də, bu sahədə ciddi uğurlara imza atılmışdır.Ölkənin vergi sistemi respublikada qeyri-neft sektorunun inkişafını stimullaşdıran əsas vasitələrdən biri olmaqla yanaşı, eyni zamanda liberal iqtisadiyyatın fundamental əsaslarının qorunması baxımdan da əhəmiyyətlidir.Azərbaycan vergi sistemində aparılan həm struktur, həm institutsional islahatlar bu sahədə ölkəmizi keçmiş sovet məkanında lider ölkəyə çevirmişdir.Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, Azərbaycan son illər vergi sistemində tətbiq edilən elektronlaşma səviyyəsinə görə MDB ölkələri arasında liderliyini qoruyub saxlayır.

Ölkə Prezidenti İlham Əliyev son illər Azərbaycanda vergi sisteminin inkişafını yüksək qiymətləndirərək qeyd etmişdir ki, respublikamızda bütün proqramlar, layihələr, irəli sürülmüş təşəbbüslər güclü əsas üzərində reallaşır. Cənab Prezident demişdir: “Ölkə iqtisadiyyatı üçün çox vacib olan sahədə - vergilər sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, “bir pəncərə" təşəbbüsü, bütün bunlar müasir Azərbaycanın inkişafına xidmət göstərir.Vergilər Nazirliyində tətbiq edilmiş “bir pəncərə” prinsipi indi başqa qurumlarda da tətbiq olunur.Bu prinsip əslində həm müasir səviyyəni göstərir, eyni zamanda, Azərbaycanda iqtisadi sahədə şəffaflığın təmin edilməsi üçün də çox vacib rol oynayır.Biz indi “elektron hökumət” qaydalarını tətbiq etməyə çalışırıq.Vergilər Nazirliyində toplanan təcrübə çox qiymətlidir.Mən çox şadam ki, bu nazirlik müasir əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir.Biz elə etməliyik ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda tətbiq edək".

Göründüyü kimi, ölkəmizdə vergi sisteminin inkişafı, eyni zamanda iqtisadiyyatın digər sferalarında dayanıqlı inkişaf templərinin qorunub saxlanması baxımdan müsbət təsirlərə malikdir. Azərbaycan  müstəqilliyinin ilk 20 ilində öz maliyyə təhlükəsizliyini təmin etmiş və makroiqtisadi göstəricilərinə görə regionun favoritinə çevrilmişdir.Gələcəkdə də mövcud tempi qoruyub saxlamaq və büdcə gəlirlərini təmin etmək üçün ölkənin müasir, çevik və şəffaf vergi sisteminə ehtiyacı Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk illərdə gündəmə gəldi.Bu məqsədlə ölkə müstəqilliyinin əldə edildiyi 1991-ci ildən bu günə qədər vergi sisteminin formalaşdırılması istiqamətində xeyli iş görülmüşdür.

1991-ci ilin oktyabr ayında vergi qanunvericiliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, onun müstəqil fəaliyyətinin və obyektivliyinin təmin edilməsi məqsədi ilə respublika Baş Dövlət Vergi Müfəttişliyi yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata kecirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyətinə tabe olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradıldı.İki il sonra isə Vergi Məcəlləsi qəbul edildi.Lakin vergi sistemi daim yenilənməyə ehtiyacı olan orqan olduğu üçün ötən illər ərzində bu sahədə bir çox addımlar atılıb.Yeni qanunların qəbul edilməsi və vergi sisteminin texniki aktivliyinin artırılmasında əsas məqsəd sabit iqtisadi artıma nail olmaq, əmtəə və xidmətlərin qiymət sabitliyinin qorunması, əhalinin yüksək məşğulluğunun təmini və gəlirlərin yenidən bölgüsündə sosial ədalətin maksimum səviyyəyə çatdırılması,  o cümlədən, vətəndaşların sosial müdafiə sisteminin təkmilləşdirilməsidir.Bütün bu məqsədlərə eyni zamanda nail olmaq müasir vergi sisteminin əsas problemi sayılır.Məhz dövlətin əsas funksiyası balanslaşdırılmış vergi siyasətinin həyata keçirilməsidir.Vergilər Nazirliyinin fəaliyyətində irəliyə doğru atılan addımları aşağıdakı kimi sıralamaq olar:

-Nazirliyin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə “2005-2007-ci illərdə Azərbaycan Respublikasında vergi idarəçiliyinin təkmilləşdirilməsi haqqında Dövlət Proqramı" təsdiq edildi.Bu proqrama əsasən vergi hesabatlarının elektron təqdimatına başlanıldı.2006-cı ildən isə Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi(AVİS) vergi sisteminin tam şəkildə elektronlaşdırılmasına, operativ informasiya mübadiləsinə, vergi ödəyicilərinə hərtərəfli elektron xidmət göstərilməsinə və vergi bəyannamələrinin qəbulu prosesinin sadələşdirilməsinə təkan verib. Ümumilikdə isə vergi sistemində elektron hökumətin tətbiq edilməsi tendensiyası son illər daha da inkişaf etdirilir.2011-ci ilin iyun ayından etibarən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərin dövlət qeydiyyatı vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə on-layn rejimdə reallaşdırılır. Bu günədək internet vasitəsi ilə qeydiyyatdan keçən fiziki şəxslərin sayı 47 mindən artıqdır.2012-ci ilin avqust ayından isə Vergilər Nazirliyi ikitərəfli SMS xidməti istifadəyə verib ki, artıq vergi ödəyiciləri dövlət büdcəsinə olan borc, təqdim etməli olduğu bəyannamə və ya fəaliyyətinin aktiv, yaxud dondurulmuş olduğu haqqında məlumatları asanlıqla əldə edəcəkdir.Qeyd etmək lazımdır ki, görülən tədbirlər nəticəsində sahibkarlıq fəaliyyətinə başlama prosedurları sadələşib və cevik vergi siyasətinin həyata kecirilməsinə şərait yaranıb.Həmçinin kargüzarlıq xərclərinin azalması həm vergi ödəyicilərinə,  həm də nazirliyə əlavə dividentlər gətirib.Eyni zamanda, digər maraqlı strukturların (DSMF, DGK, banklars.) məlumat əldə etmək imkanları artıb.Son araşdırmalara görə, ölkə üzrə orta informasiya  açıqlığı 33,5 faiz olsa da, Vergilər Nazirliyində analoji göstərici 66 faiz  olub.Bu isə onu deməyə əsas verir ki, bu qurum ölkədə elektron hakimiyyətin yaradılmasında öz favoritliyini davam etdirir. Beynəlxalq təşkilatların MDB ölkələrində dövlət qurumlarının elektronlaşdırılması ilə bağlı apardığı tədqiqatlar da göstərir ki, Azərbaycanın Vergilər Nazirliyi elektron hökumətin qurulması sahəsində birlik ölkələri arasında ən yaxşı göstəriciyə malikdir;

-2010-cu ildə Vergilər Nazirliyi tərəfindən struktur islahatları həyata kecirilib və Bakı Şəhər Vergilər Departamenti üzrə 1, 2 və 3 saylı filiallar ləğv edilərək Vergi borclarının məcburi alınması, Bəyannamələrin qəbulu və işlənməsi və Vergi ödəyicilərinə xidmət idarələri yaradılıb.Həmcinin, 60 rayon vergi şöbələri əvəzində 12 regional bölmə yaradılıb ki, nəticədə “vahid pəncərə” sistemi tətbiq edilib, inzibati xərclər azaldılıb, nəzarət sistemi gücləndirilib;

-Dövriyyədən yayınma hallarının qarşısını almaq məqsədi ilə nazirlik tərəfindən nəzarət kassa aparatlarına məsafədən ötürmə qurğuları quraşdırılır. Bu qurğular nazirliyin vəsaiti hesabına təchiz edilir və dövriyyənin dəqiq və istənilən anda öyrənilməsinə imkan yaradır. Nəticədə nəzarət kassa aparatlarına kənar müdaxilələrin qarşısı alınacaq;

-Ölkəmizdə qarşılıqlı ödənişlərdə daha çox nağd puldan istifadə edilməsi vergi ödəyicilərinə vergidən yayınmaqda münbit şərait yaradır. Nağdsız hesablaşmaların təşviqi məqsədilə Vergilər Nazirliyi tərəfindən bütün növ ticarət və iaşə obyektlərinə məcburi qaydada post terminallar quraşdırılır.Post terminal vasitəsilə aparılan əməliyyatların vergiyə cəlb edilməsi isə daha asan olacaq.Bu hal faktiki dövriyyənin gizlədilməsi hallarının qarşısının alınmasına da müsbət təsir göstərəcək.

Vergi sistemində dəyişikliklərin aparılması ilə yanaşı, bu sahədə ötən illərdə xeyli iş görülmüşdür. Bunun üçün aşağıdakı fəaliyyətlərin vergi sistemində nəzərə alınması məqsədəuyğun hesab edilməlidir:

  - Nağdlı ödənişlərə limitlərin müəyyənləşdirilməsi məqsədəuyğundur. Bir sıra inkişaf etmiş ölkələrin uğurla tətbiq etdiyi praktikanı nəzərə alaraq Azərbaycanda da nağdlı hesablaşmaların minimumlaşdırılması istiqamətində inzibatı metodlardan istifadə edilməsi mümkündür.Bu baxımdan, birinci mərhələdə dəyəri 5000 manatdan artıq olan məhsulların alqı-satqısının nağd aparılması qadağan edilməli və bu zaman yalnız nağdsız ödənişlərdən istifadəyə icazə verilməlidir. Sonrakı mərhələlərdə bu göstəricini pilləli olaraq 1000 manatadək azaldılması məqsədəuyğundur;

- Nağdsız hesablaşmaların stimullaşdırılması məqsədilə müəyyən dövr üçün bonus sistemlərin tətbiqi məqsədəuyğundur. Bu zaman plastik kartlardan yararlanaraq, alqı-satqı edənlərin ödədiyi vəsaitin bir qismi (məsələn, 3 faizi) sonradan həmin şəxsin hesabına qaytarıla bilər.Bu sistem ötən əsrin 90-cı illərində qardaş Türkiyədə çox uğurla tətbiq edilmişdirbu, vətəndaşları nağdsız hesablaşmalardan istifadəyə təşviq edir. Bununla da eyni zamanda, vətəndaşlarda plastik kartlardan istifadə ənənəsi formalaşır ki, bu da uzunmüddətli dövr üçün nağdsız hesablaşmalardan istifadə üçün zəmin yaradır.

- Elektron ticarətin inkişafı üçün bu sahənin ƏDV-dən azad edilməsi məqsədəuyğundur.  Bu, elektron ticarətin inkişafına yardım göstərməklə yanaşı, e-ticarətin daha da leqalaşdırılmasına səbəb ola bilər. Uyğun təcrübə hazırda ABŞ-da tətbiq edilir;

 -Son illər ölkə iqtisadiyyatının leqallaşdırılması istiqamətində aparılan islahatlara dəstək olaraq vergi dərəcələrinə yenidən baxılması məqsədəuyğundur. Bu məqsədlə fərqli sektorlara ƏDV-nin tətbiqi dərəcələri azaldılmalı və bir çox Avropa ölkələrində olduğu kimi, dəyişən dərəcələr metodu tətbiq edilməlidir;

-Vergilər Nazirliyi yanında vergi siyasətinin çevikliyi və optimallığının təmin edilməsi və iqtisadi sektorların daimi öyrənilməsi məqsədilə xüsusi səlahiyyətli qurum formalaşdırılması və quruma xüsusi mütəxəssislər cəlb edilməsi məqsədəuyğundur;

-Əhalinin əmək mühitinin yaxşılaşdırılması və işverənlə işçi arasında əmək müqavilələrinin bağlanması, vətəndaşın qanuni işlə təmin edilməsi məqsədilə əmək haqqından  tutulan birinci növ gəlir vergisi dərəcəsinə yenidən baxılması, sosial sığorta fonduna işverən tərəfindən ödənən məbləğlə bağlı bir sıra sektorlarda, xüsusən də tədqiqat və innovasiya sahələrində güzəştlərin tətbiqi məqsədəuyğundur;

- Vergi Məcəlləsi üzrə risk təhlilinin aparılması məqsədəuyğun hesab edilməlidir. Müstəqil və tanınmış xarici şirkət tərəfindən həyata keçirilməsi tövsiyə olunan bu təhlil məcəllənin dayanıqlı inkişaf üçün hansı imkanlar yaratdığını müəyyənləşdirə bilər;

- İnvestisiya vergi sisteminin tətbiqinin gücləndirilməsi vacib məsələlərdən hesab edilir. Bu sistemin tətbiqi həmin güzəştdən istifadə etmək hüququ olacaq müəssisələrin sərəncamında əlavə vəsaitlərin qalmasına və təbii ki, onların inkişafını stimullaşdırmağa xidmət edəcək.

Müasir bazar münasibətləri şəraitində vergi siyasəti dövlətin iqtisadiyyata müdaxiləetmə imkanı sayılır və bu siyasət iqtisadi artımın təmin edilməsi, işsizliyin azaldılması, potensial imkanlardan maksimum yararlanma, dövlətin maliyyə dayanıqlığının təmin edilməsi və qlobal iqtisadiyyata inteqrasiya imkanlarının genişləndirilməsinə xidmət edir.Bu baxımdan sözügedən istiqamətdə uğurlar əldə edən Azərbaycanın vergi sistemi qeyri-neft sektorunun inkişafına gələcəkdə də töhfəsini verəcək.

 

Vüqar BAYRAMOV,

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri

 

Xalq qəzeti.- 2013.- 4 iyun.- S. 5.