Naxçıvanda Bəhruz Kəngərli Muzeyinin binası istifadəyə verilmişdir

 

Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ali Məclisin sədri Bəhruz Kəngərli Muzeyinin bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilməsi, əsərlərinin tam külliyatı ilə sərgilənməsi münasibətilə tədbir iştirakçılarını və ictimaiyyətin nümayəndələrini təbrik edərək demişdir:

“Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2001-ci il 22 may tarixli sərəncamı ilə yaradılmışdır. Həmin dövrdə bu bina muzeyə verilmiş, Bəhruz Kəngərlinin əsərlərinin və rəssama aid olan eksponatların toplanmasına başlanılmışdır. 2002-ci il iyun ayının 18-də ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olmuşdur. Ötən müddətdə muzey Bəhruz Kəngərli irsinin təbliği istiqamətində müəyyən işlər görmüşdür.

Bəhruz Kəngərli irsi çox zəngindir, rəssamlıqda yeni məktəbdir. Bu irsi tam külliyatı formasında qorumaq, ictimaiyyətə təqdim etmək və gələcək nəsillərə çatdırmaq isə bizim üzərimizə düşən başlıca vəzifələrdən biridir”.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisində Tədbirlər Planı hazırlanaraq həyata keçirilmişdir. Tədbirlər planına əsasən, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan 191 əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilmiş, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyatı albom-kataloq şəklində buraxılmışdır. Bu gün həmin albom-kataloqun təqdimatı da keçirilir.

Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılmış, Bəhruz Kəngərliyə aid sənədli film hazırlanmış və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurulmuşdur. Yenidənqurmadan sonra muzey uzun illər Naxçıvan ictimaiyyətinə və Bəhruz Kəngərli sənətini sevənlərə xidmət göstərəcəkdir. Bu gün muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri vardır. Bu rəsm əsərlərindən 58-i orijinaldır”.

Ali Məclisin sədri Bəhruz Kəngərli Muzeyinin tarixi binada yerləşdiyini bildirərək demişdir ki, bu bina sovetlər dövründən əvvəl tikilmişdir. İlk vaxtlar bina Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedoqoji TexnikumTibb Məktəbi kimi fəaliyyət göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedoqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ona görə də ümummilli liderimizin xatirəsinin əbədiləşdirilməsi üçün binaya xatirə lövhəsi vurulmuş və Heydər Əliyev xatirə otağı yaradılmışdır. Xatirə otağında ulu öndərin təhsil aldığı dövrə aid arxiv sənədləri, qiymət cədvəlləri və fotoşəkillər sərgilənir.

Ali Məclisin sədri və tədbir iştirakçıları muzeydə yaradılan şəraitlə tanış olmuş, ekspozisiya zallarında sərgilənən əsərlərə baxmışlar.

 

Xalq qəzeti.- 2013.- 26 iyun.- S. 6.