Avropa Şurasında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş insanların taleyindən narahatlıq ifadə olunmuşdur

 

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində yalnız hazır məruzələr deyil, həm də hazırlanmaqda və tamamlanmaqda olan, yaxın sessiyalarda açıq müzakirəyə çıxarılacaq məruzələr ətrafında da müfəssəl fikir mübadilələri aparılır. Belə məruzələrdən biri iyunun 27-də Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin  iclasında nəzərdən keçirilmişdir. “Avropa münaqişələrində itkin düşmüş şəxslər: humanitar cavablar tapılmasının uzun yoluadlanan bu məruzə Britaniyadan olan deputat Jim Şeridanın tərəfindən hazırlanır.

Komitə iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu məsələnin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində çoxsaylı problemlərlə üzləşmiş ölkəmiz üçün son dərəcə vacib əhəmiyyət daşıdığını vurğulayaraq demişdir: “Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu zəbt etməsi, eləcə də Ermənistan ərazisində əsrlərcə yığcam yaşamış 300 mindən artıq azərbaycanlının öz yurdlarından qovulması təkcə yüz minlərlə insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnməmiş, həmçinin minlərlə insan həyatını itirmişya şikəst olmuşdur. Başqa bir faciə isə bir neçə min insanın taleyinin bu günədək qaranlıq qalmasıdır. Əsirlərin, girov götürülmüşitkin düşmüş insanların axtarılıb tapılması istiqamətində beynəlxalq təşkilatlar da, Azərbaycan hökuməti də öz tərəfindən 20 ildən artıqdır ki, böyük aparır. Bu işin nəticəsidir ki, hazırda axtarılan, yeri bəlli olmayan Azərbaycan müharibə itkinlərinin sayı 4386 nəfərə enmişdir. Lakin o qədər işlər görüləndən, yüzlərcə itkin düşmüş, əsir və girov götürülmüş insan tapılaraq ailəsinə, doğmalarına qaytarılandan sonra yenə belə nəhəng bir statistika ortadadırsa, bu, ən ciddi narahatlıqlar doğurmaya bilməz”.

Qeyd edək ki, iyunun 26-da AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Parlament Assambleyasının sədri Jan Klod Minyonun təşəbbüsü ilə keçirilmiş görüşü zamanı belə bir mövqe ifadə edilmişdi ki, tərəflər çıxışlarında, bəyanatlarında, müzakirələrdəki fikir mübadilələrində qeyri-obyektiv, qərəzli, nifrət aşılayan ifadə və yanaşmalardan çəkinsinlər. Amma üstündən bircə gün keçməmiş miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin üzvü N.Zohrabyan öz şakərinə uyğun olaraq qarışıqlıq salmağa çalışmış, bir neçə dəfə söz alaraq israrla məruzədə Dağlıq Qarabağ ermənilərinin Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişədə müstəqil tərəf kimi göstərilməsini tələb etmişdir.

Erməni deputatın mövqeyinin reallığa və hüquqa zidd olduğunu bildirən Rafael Hüseynov demişdir: “Avropa Şurasında aparılan əsas xətlərdən biri budur ki, siyasi problemlər bütün incəlikləri ilə siyasi komitədə araşdırılır və müvafiq sənədlər hazırlanır. Hər hansı qeyri-peşəkar yanaşmalardan qaçmaq naminə digər komitələrdə məsələləri siyasiləşdirməmək tövsiyə edilir. Bu həm də deputatların ayrı-ayrı problemlərin detallarından xəbərsiz olmasından istifadə edərək kimlərinsə düzgün olmayan məqamları məruzə mətnlərinə daxil etməsinin qarşısını almağa xidmət edir. Bunun çox doğru qərar olması bu dəqiqələrdə bir daha özünü büruzə verir. İş ondadır ki, deputat N. Zohrabyanın təkliflətri məruzəni siyasiləşdirmək və həqiqətlə əlaqəsi olmayan saxta müddəanı mətnə əlavə etmək cəhdi kimi qavranılmalıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişənin tərəfləri bu iki adı çəkilən ölkədir. Həmkarımızsa Dağlıq Qarabağın məruzədə müstəqil tərəf kimi göstərilməsini istəyir ki, bu da reallığa uyğun deyildirheç bir vəchlə qəbul edilə bilməz”.

Rafael Hüseynov erməni deputatın guya itkin düşmüş şəxslərlə bağlı məlumatların yayılması işinin yaxşı qurulmadığı və bu sahədə informasiya mübadiləsinin  olmadığı barədə iradına da etiraz edərək bildirmişdir: “Azərbaycanda əsir və girov götürülmüş, itkin düşmüş şəxslərlə məşğul olan ayrıca komissiya vardır və illərdir ki, çox səmərəli fəaliyyət göstərir. Komissiyanın məlumatları, gördüyü işlər barədə hesabatları mütəmadi olaraq ictimailəşdirilir, mətbuat səhifələrində dərc edilir. Biz adətən arxada qalan müddətdə ənənəvi olaraq  Ermənistan tərəfdən bu qəbil insanlarla bağlı məlumatların gizlədilməsi və ya tam verilməməsi halları ilə rastlaşmışıq. Hər hansı məlumat kasadlığından söhbət gedirsə, bunun səbəbkarı elə Ermənistan tərəfidir”.

Məruzəçi Azərbaycan nümayəndəsinin mülahizələrini qəbul etdiyini və məruzənin yekun mətnində nəzərə alacağını söyləmişdir.

 

Əsgər ƏLİYEV

 

Xalq qəzeti.- 2013.- 28 iyun.- S. 6.