Bir əfsanə, bir həqiqət və bir də dəyərlərə sədaqət barədə sətirlər...

 

Qədim əfsanələrdən birində deyilir ki, insanların səhvi üzündən yanan şəhəri söndürmək istəyənlər arasında qaranquş da var imiş. Bu kiçik canlı dimdiyində su gətirib alovun üstünə atırmış. Onun gətirdiyi suyun alovun söndürülməsində nə qədər əhəmiyyət kəsb edəcəyi tamamilə başqa söhbətin mövzusudur. Rəvayəti söyləyənlərin əsas məqsədi isə qaranquşun israrını və yuva qurduğu məkana sədaqətini göstərməkdən ibarətdir. İndi haqqında söz açdığımız həmkarımız da məhz Tanrının qanadlı yaratdığı həmin kiçik canlı kimi israrlı və sədaqətlidir.

Amma o, bir şəhərin söndürülməsində iştirak eləmək istəmir, öz jurnalist ömrünü bütövlükdə bizi əhatə edən ətraf mühitin qorunmasında, pozulmuş ekoloji tarazlığın bərpasında iştiraka həsr edib. İnanıb ki, ölkənin ən tanınmış ekoloq alimləri ilə görüşüb onların planetimizin ekoloji problemləri barədə mülahizələrini mətbuat səhifələrinə çıxarmaqla hamını narahat edən bu ağrı-acının azalmasına kömək edə biləcək.

Yuxarıda yada saldığımız rəvayəti təftiş etmək istəyənlər söyləyirlər ki, guya həmin qaranquş qeyd olunan yanğını söndürmək məqsədilə deyil, özünün yuva qurduğu məkanı qorumaq üçün su daşıyırmış. Bu arqument bizim öz həmkarımız barədə söylədiyimiz fikrin əsaslandırılması üçün daha əlverişlidir. Çünki bu yazının qəhrəmanının və ümumilikdə hamımızın yuva qurduğumuz məkan bütövlükdə planetimiz ağrı-acı içərisindədirsə, onda bizim hər birimiz həmin israrı göstərməliyik. Necə ki, bu həmkarımız həmin istiqamətdə ardıcıl olaraq öyrənib, tədqiqat aparıb, yazıb və öz yazılarının təxminən əlliyə qədər mətbuat vasitəsində işıq üzü görməsinə nail olub.

Söhbət bu günlərdə 70 yaşı tamam olacaq ağsaqqal həmkarımız İsaq Əmənullayevdən gedir. Bəri başdan qeyd edək ki, İsaq müəllim təkcə yuva qurduğu məkana, yəni bizi əhatə edən ətraf mühitə deyil, həm də 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin o zamanki Mərkəzi Komitənin tövsiyəsi ilə təyinat verdiyi Kommunist qəzetinə mükəmməl bir sədaqət nümayiş etdirmişdir. Yeri gəlmişkən, bu il İsaq Əmənullayevin Xalq qəzeti redaksiyasında əmək fəaliyyətinə başlamasının 40 ili tamam olur. Deməli, onu ikiqat təbrik edəcəyik. Söhbət ondan gedir ki, bəzi həmkarlarımız 20 illik jurnalist fəaliyyətində təxminən 8-10 qəzetdə çalışıblar. İsaq müəllim isə bu sahədə də özünəməxsus nümunə formalaşdıra bilib. Çalışdığı qəzetə sadiq qalıb, onu hər yerdə yüksək səviyyədə təmsil edib.

Bu zaman bir məqamı da xüsusilə vurğulamaq zərurəti yaranır. Belə ki, İsaq Əmənullayev daim bu redaksiyada çalışsa da, öz fəaliyyətinin bir qəzet səhifələrində məhdudlaşmasına imkan verməyib. Onun hələ 30 yaşından etibarən akademiklər Həsən Əliyev, Firudin Köçərli, Mirəli Qaşqay, İbrahim Səfərov, Vasim Məmmədəliyev, professorlar Əjdər Ağayev, İsrafil Dəmirov, Seyidağa Onullahi, İzzət Rüstəmov, Şükür Həsənov, Məzahir Abbasov, Zahid Qaralov, xalq yazıçısı Süleyman Rəhimov, bəstəkar Süleyman Ələsgərov, şairlər Hüseyn Arif, Məmməd Araz, Tofiq Bayram, Nəriman Həsənzadə və digər ziyalı soydaşlarımızla müsahibələri çoxsaylı mətbuat vasitələrində işıq üzü görüb. Kommunistlə yanaşı, Sovet kəndi, Azərbaycan gəncləri, Vışka, Azərbaycan müəllimi, Azərbaycan pioneri, Bakı, İnşaatçı, Lerik, Astara, Qələbə (Salyan rayonu), Qanun və həyat, Respublika həyatı və digər qəzetlər, eləcə də, Azərbaycan, Kənd həyatı, Kirpi, Jurnalistika, Təşviqatçı, Müxbir, Söz, Məşəl, Alov, Yurd, Kooperativ işçisi jurnalları onun yazılarına dönə-dönə müraciət ediblər.

Bu həmkarımız barədə qələmə alınmış bir yazıda oxudum ki, o, 5 kitab və 1800-ə yaxın məqalənin müəllifidir. Ancaq özünün fikrincə ən dəyərli əsər ulu öndər Heydər Əliyevə həsr olunmuş Minilliyin zirvəsində kitabıdır. Həmkarımız həmin kitabın həm tərtibçisi, həm də redaktorudur. Bundan başqa, İsaq müəllim mərhum Prezidentimizlə sadə əmək adamı Xanış Şahıyevin dostluğuna həsr olunmuş Dağlardan güc alan dostluqDünya xali deyils. kitablarına görə Azərbaycan Ziyalılar Cəmiyyətinin diplomu, eləcə də Təbiət haqqında düşüncələr silsilə publisistik yazılarına görə Veteranlar Şurasının medalı ilə təltif olunub. Ancaq 1983-cü ildə özünün işlədiyi qəzetdə verilmiş Sərxanla söhbət oçerkinin ona qazandırdığı uğuru (həmin yazıya görə pul mükafatı və təşəkkürnamə almışdı) həmişə ən şirin xatirələrdən biri kimi danışır.

Bu yazının əvvəlində dəyərlərə sədaqət məsələsini yada salmağımız təsadüfi deyildi. Çünki bu sədaqət məsələsi bugünki qəhrəmanımızdan ötrü xüsusi bir önəm kəsb edir. Həmkarımızın bu keyfiyyəti barədə söz açarkən mütləq qeyd olunmalı məqamlardan birionun öz nəsil şəcərəsinin ənənələrini yaşatmasıdır. İsaq müəllim ulu babası Mursaqulu kişinin Səfəvilər nəslindən olan Ağabanu xanımla ailə qurmasını, onun oğlu Baxşıəlinin Lerikin 12 yaşayış məntəqəsi üzrə kəndxudalıq etməsini, babası Əmənullanın ərəb-fars dillərini mükəmməl bilən ruhani kimi şöhrət qazanmasını, Əmənulla kişinin böyük oğlu Şamilin Rusiyada hərbi mühəndis təhsili almasını (o, 7 dildə sərbəst danışırmış), atası Abış kişinin Lənkəran-Lerik yolunun və rabitə xəttinin çəkilişi zamanı gəlmə mütəxəssislərin yanında tərcüməçi işlədiyini ən incə məqamlarına qədər danışmağı sevir.

Qeyd olunmalı vacib məqamlardan biriodur ki, bu nəsil şəcərəsini onun övladları da uğurla davam etdirirlər. Böyük oğlu Nuran Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş nüfuzlu həkimdir. Qızı Günel kimya elmləri üzrə fəlsəfə doktoru, istedadlı ixtiraçı, ortancıl oğlu Vüsal İqtisad Univeristetinin məzunu, adamı, kiçik oğlu Elçin isə ali təhsilli filoloqdur. Yəni bu nəsil öz kökünün ziyalılıq ənənələrini ləyaqətlə yaşadır. Mərhum şair , həm İsaq müəllimin , həm də mənim uzun illər dostluq etdiyimiz Allahverdi Məmmədli deyirdi ki, İsaq Əmənullayev təkcə jurnalist deyil, o, həm də mükəmməl bir müəllimdir. Əgər o, müəllim olmasaydı, bu sadə ailədə dünyaya gəlib tərbiyə almış övladların hamısı ali təhsilli mütəxəssis kimi yetişməzdi. Allahverdi danışırdı ki, İsaqın kasıbyana mənzilində Həsən bəy Zərdabinin Gigiyena, Mustafa Topçubaşovun Ətraf mühit və sağlamlıq, akademik Həsən Əliyevin Həyəcan təbili, Sübhi Salayevlə Şahvələd Köçərlinin Təbiətin qisasını gözləmədən kitablarını görən hər kəs onun jurnalist kimi özü üçün müəyyənləşdirdiyi istiqamət barədə tam təsəvvürə malik olur. Onun dostluqda sədaqəti və kollektiv üzvü kimi mehribanlığı və xeyirxahlığı da məhz təbiətə bağlılığından yaranan keyfiyyətlərdir. İstənilən dostu ilə tikəsini yarı bölmək istəyi ona nəsil şəcərəsinin ənənələrindən gəlir, - deyənlər də haqlıdırlar, bu keyfiyyəti onun qeyri-rəsmi müəllimliyi ilə bağlayanlar da.

Sonda həmkarımızın özü barədə bir neçə söz. İsaq Əmənullayev 1943-cü il iyul ayının 1-də Lerik rayonunun Azərbaycan (indiki Günəşli) kəndində anadan olub. 1962-ci ildən Bakıda yaşayır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsinə qəbul olub. 1974- ildə isə oranı müvəffəqiyyətlə bitirib. İctimai işlərlə zəngin, fəal bir tələbə həyatı yaşayıb. Onda elmi məqalələrə marağı universitet müəllimi, dosent Nəriman Zeynalov yaradıb. Həmin maraq bu gün də həmkarımızın ürəyində və canında yaşayır. Ağsaqqal əməkdaşımıza can sağlığı və yeni-yeni uğurlar arzulayırıq.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2013.- 29 iyun.- S. 7.