Görkəmli şairin dramaturji yaradıcılığı

 

İslam SƏFƏRLİ - 90

 

XX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan əməkdar incəsənət xadimi İslam Səfərli həm də bir dramaturq kimi milli teatr tariximizdə özünəməxsus səhifə yarada bilmişdir. O, dramaturgiyaya lap erkən yaşlarından gələrək 1940-cı ildə “Xeyir və Şər” adlı beşpərdəli mənzum dram yazmışdır. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı hekayənin motivləri əsasında yazdığı  bu əsəri müəllif dahi şairin 800 illik yubileyinə ithaf etmişdi.

1941-ci ilin əvvəllərində Naxçıvan Dövlət Dram Teatrına təqdim edilmiş və repertuara salınmış əsərdə Nizami obrazı elə müəllifin özünə həvalə olunmuşdu. Lakin Böyük Vətən müharibəsinin başlanması ilə bağlı “Xeyir və Şər”i tamaşaya qoymaq mümkün olmur. Cəbhəyə yollanan könüllülər arasında gənc şair İslam Səfərli də var idi.

Qələbədən bir neçə il sonra Naxçıvan Teatrı İslam Səfərlinin “Xeyir və Şər” pyesini yenidən repertuara daxil edir. Tamaşanın quruluşu teatrın rejissor-aktyoru,  əməkdar artist (sonralar xalq artisti) İsa Musayevə, bədii tərtibatı teatrın gənc quruluşçu rəssamı Məmməd Qasımova (sonralar Naxçıvan MSSR əməkdar incəsənət xadimi), musiqisi isə gənc bəstəkar Şəfiqə Axundovaya (sonralar xalq artisti) tapşırılır.

1948-ci il oktyabrın 28-də böyük müvəffəqiyyətlə keçən və rəğbətlə qarşılanan ilk tamaşada əsas rolları sonralar xalq artistləri olmuş Səməd Mövləvi, İsa Musayev, Firuzə Əlixanova, Əkbər Qardaşbəyov, Məmməd Quluyev, gənc aktyorlardan Ruxsarə Ağayeva və Tamara Məmmədova (sonralar Azərbaycan SSR əməkdar artistləri) ifa etmişlər.

“Şərq qapısı” qəzeti 1948-ci il 2 oktyabr nömrəsində “Xeyir və Şər” tamaşasının hazırlanması münasibətilə xüsusi səhifə vermişdi.

İslam Səfərlinin 1950-ci illərin əvvəllərində qələmə aldığı ikinci pyesi - “Göz həkimi” Azərbaycan KP MK-nın I katibi Mircəfər Bağırovun qəzəbinə tuş gəlir. Hətta onun tribunadan ifadə etdiyi “Gənc şair İslam  Səfərli bu yaxınlarda “Göz həkimi” adlı xaltur bir pyes yazmışdır...” cümləsi müəllifin təhlükənin astanasında olmasından xəbər verirdi. Çox güman ki, respublika rəhbərini qıcıqlandıran əsas amil pyesdəki Şahbazov obrazında öz prototipini görməsi olmuşdu. Bundan sonra Azərbaycan Dövlət Dram Teatrı bu pyesi repertuara salmaqdan imtina edir, Azərbaycan Yazıçılar İttifaqında İslam Səfərliyə qarşı soyuq münasibət yaranır. Sanki hamı onun həbs olunacağı günü gözləyir.

Nəhayət, 1953-cü ildə Stalinin ölümündən sonra M.Bağırov vəzifəsindən kənarlaşdırılır. Bundan sonra İslam Səfərliyə qarşı münasibət də dəyişir. Lakin Respublika Mədəniyyət Nazirliyi “Göz həkimi”nin hələlik yalnız əyalət teatrlarından  birində tamaşaya qoyulmasına razılıq verir. Müəllifin də arzusu nəzərə alınmaqla pyesin Naxçıvan Teatrının repertuarına salınması qərara alınır.

1955-ci ilin fevral ayının ortalarında “Göz həkimi” tamaşasına quruluş vermək üçün tanınmış rejissor Səftər Turabov Naxçıvana ezam olunur. Bədii tərtibat teatrın baş rəssamı Məmməd Qasımova, əsərin qəhrəmanı İradə obrazı isə gənc aktrisa, Naxçıvan MSSR əməkdar artisti (sonralar xalq arttisti) Roza Cəfərxanovaya həvalə olunur.

“Göz həkimi” tamaşasının premyerası müəllifin iştirakı ilə mart ayının 28-də olmuşdur. Tamaşadan sonra teatrın  binası qarşısında İslam Səfərli “Göz həkimi”nin ilk yaradıcı heyətilə tarixi xatirə şəkli çəkdirmişdir.

“Göz həkimi” tamaşası haqqında şair-teatrşünas Adil Babayevin yazdığı resenziyanı “Şərq qapısı” qəzeti 1955-ci il 11 may tarixli nömrəsində dərc etdi. Maraqlıdır ki, A.Babayev bir il sonra Bakıda hazırlanmış tamaşaya da resenziya yazmış və bu da “Ədəbiyyat və incəsənət” qəzetinin 1956-cı il 26 mart tarixli nömrəsində çap olunmuşdu.

Bəli, düz bir il sonra Azərbaycan Dövlət Dram Teatrı İ.Səfərlinin “Göz həkimi” pyesinə müraciət etdi. Tamaşanın quruluşçu rejissoru Əliheydər Ələkbərov, quruluşçu rəssamı Sadıq Şərifzadə, bəstəkarı Andrey Babayev idi. Rollarda Sofa Bəsirzadə, Məmmədrza Şeyxzamanov, Fatma Qədri, Möhsün Sənani, Mirvari Novruzova, Leyla Bədirbəyli, Müxlis Cənizadə, Mustafa Mərdanov, İsmayıl Osmanlı, Ağadadaş Qurbanov, Sona Hacıyeva çıxış etmişlər. Tamaşanın premyerası fevralın 26-da olmuşdur.

Professor Əli Sultanlı “Göz həkimi” adlı məqaləsində yazırdı: “Gənc yazıçı İslam Səfərlinin “Göz həkimi” dramının tamaşası Dövlət Dram Teatrının yeni yaradıcılıq nailiyyəti hesab edilə bilər ki, bu da quruluşçu rejissor, rəssam və bəstəkarın birgə işi və aktyor kollektivinin ciddi səyi nəticəsində mümkün olmuşdur”.

“Göz həkimi” bir il sonra Gəncə Dövlət Dram Teatrının səhnəsində, daha sonrakı illərdə respublikanın bir sıra xalq teatrlarında da tamaşaya qoyulmuşdur. 1985-ci ildə isə Azərbaycan Televiziyasında xalq artisti Lütfi Məmmədbəyovun quruluşunda eyniadlı film-tamaşa çəkilmişdir. Rolları Vəfa Fətullayeva, Bürcəli Əsgərov, Rafael Dadaşov, Sofa Bəsirzadə, Yaşar Nuri, Firəngiz Mutəllimova və başqaları ifa etmişlər.

İslam Səfərlinin daha bir dram əsəri olan “Ana ürəyi” pyesi də tamaşaya qoyulduqdan sonra uzun müddət Bakı və Naxçıvan səhnələrində müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Pyes ailə-məişət və mənəvi tərbiyə mövzusuna həsr olunmuşdur. Maraqlıdır ki, əsərin Bakı və Naxçıvanda ilk  tamaşaları eyni ilə - 1960-cı ilə təsadüf edir. Azərbaycan Dövlət Akademik Teatrında SSRİ xalq artisti Adil İskəndərovun quruluş verdiyi tamaşanın premyerası 1960-cı il aprel ayının 28-də olmuşdur.

Tamaşanın Naxçıvandakı premyerasından sonra yazıçı-jurnalist Məmmədəli Tarverdiyev “Şərq qapısı” qəzetinin 1960-cı il 6 noyabr tarixli nömrəsində dərc olunmuş məqaləsində yazırdı: “...Naxçıvan tamaşaçıları çox haqlı olaraq həmyerlimiz, əsərin müəllifi İslam Səfərlini dönə-dönə səhnəyə çağırıb onu alqışlayırlar, çünki onlar bu tərbiyəvi əsərə baxdıqca ondan mənəvi qida alırlar, gözəl həyati nəticələr çıxarırlar. Bəzi qüsurlarına baxmayaraq, artistlər obrazların daxili aləminə girə bilmişlər. Rəssam Məmməd Qasımov əsərə gözəl bədii tərtibat vermişdir”.

Qeyd etmək yerinə düşər ki, İslam Səfərlinin Naxçıvan Teatrında səhnəyə qoyulan bütün tamaşalarının quruluşçu rəssamı Məmməd Qasımov olmuşdur.

1972-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində İslam Səfərlinin son dram əsəri tamaşaya qoyuldu. “Yol ayrıcında” adlı bu tamaşa da böyük rəğbətlə qarşılandı və geniş əks-səda doğurdu. Quruluşçu rejissor Məmmədkamal Kazımov maraqlı bir tamaşa ərsəyə gətirə bilmişdi.

Professor Qulu Xəlilov tamaşa haqqında resenziyasında yazmışdır: “Pyesdə müasirliyini həmişə saxlayan maraqlı bir problemə toxunulmuşdur: torpağa, doğma yurda bağlılıq! İslam Səfərlinin bu mövzunu seçməsi təsadüfi deyil. Yaşadığımız torpaq bizim ilk və əbədi məkanımızdır. Obrazlardan birinin dililə desək, o, bizim “olum və ölüm beşiyimizdir”. Torpağa, bizə bol nemətlər verən bu varlığa etinasızlıq cinayətdir...”

İslam Səfərlinin digər pyesləri – “Yadigar”, “Dar ağacı”, “Dədəgünəş əfsanəsi”, “Qış sarsıntısı”, “Qayın arvadı-xayın arvadı”  dövlət teatrlarında tamaşaya qoyulmasa da, bu əsərlər 60-70-ci illərdə müxtəlif xalq teatrlarının səhnəsində oynanılmış, onların əsasında peşəkar aktyorların iştirakı ilə Bakıda və Naxçıvanda radio-tamaşalar hazırlanmışdır.

İslam Səfərlinin 90 illiyi münasibətilə onun doğma teatrı – C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Göz həkimi” pyesini repertuara daxil edərək onu yeni quruluşda tamaşaya hazırlamışdır. Maraqlıdır ki, yeni quruluşda Həsənağa rolunu İslam Səfərlinin bu obrazın “misilsiz ifaçısı” adlandırdığı müqtədir sənətkar Əyyub Haqverdiyevin oğlu, Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haqverdiyev canlandırır.

İnanmaq istərdik ki, elə ilk quruluşun səviyyəsində sənətsevərlərə təqdim olunan yeni “Göz həkimi” görkəmli şair-dramaturqun yubileyinə ən layiqli töhfələrdən biri olacaqdır.

 

Ələkbər QASIMOV,

 

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2013.- 30 iyun.- S. 6.