Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətinin nəticəsidir

 

Təcrübələr göstərdi ki, aqrar islahatlara hazırlıq görülmədən bir çox mühüm  məsələyə başlamaq gözlənilən nəticəni verə bilməz. Çünki kənd təsərrüfatında bazar münasibətlərinin yaradılması respublika şəraitində, hər şeydən əvvəl, mülkiyyət formasının dəyişdirilməsini tələb edir. Eyni zamanda, yeni mülkiyyət münasibətlərinə və sahibkarlıq fəaliyyətinə şərait yaradılmadan bazar münasibətlərini inkişaf etdirmək də mümkün deyildir. Qeyd etməliyik ki, müstəqqillik qazanmış Azərbaycan Respublikasında keçid dövrünün ilk illərində ümumi daxili məhsul 70  faizdən çox aşağı düşmüşdü. Aqrar islahata başlamazdan öncə əhalinin ərzaq məhsullarına olan tələbatı taxılla cəmi 51 faiz, kartofla 33 faiz, meyvə ilə 56 faiz, tərəvəzlə 62 faiz, bostan məhsulları ilə 40 faiz, ət və ət məhsulları ilə 29,6 faiz, südsüd məhsulları ilə 33,9 faiz ödənilirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri kimi hakimiyyətə qayıdışından sonra aqrar sahənin mövcud problemləri ilə dərindən məşğul olmağa başlayaraq, bu sahənin böhrandan çıxarılması yolunun ancaq aqrar islahatların aparılmasında olduğunu bir daha müəyyən etdi.

Ümummilli lider Heydər Əliyev 1980-ci illərin sonlarından etibarən ölkəmizdə yaranan iqtisadi tənəzzülün qarşısını aldı və kənd təsərrüfatında tərəqqi, irəliləyiş əldə olundu. Bu prosesdə yeni təsərrüfatçılıq mexanizmi işə salındı, kənd təsərrüfatının idarə edilməsi bazar münasibətlərinə keçid prinsiplərinin tələblərinə uyğunlaşdırıldı, köklü struktur dəyişiklikləri aparıldı, dövlət mülkiyyəti özəlləşdirildi, yeni mülkiyyət münasibətləri və çoxnövlü təsərrüfatçılıq formaları inkişaf etdirildi, sahibkarlığın inkişafı üçün hüquqi, iqtisadi, təşkilatı və texniki şərait yaradıldı, sahələrarası, müəssisələrarası və dövlətlərarası istehsal-iqtisadi əlaqələr qurulmaqla kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əsl rəqabət mühiti formalaşdırıldı. 1995-ci ilin fevral ayında “Aqrar islahatının əsasları” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunlar qəbul edildikdən sonra aqrar islahatın həyata keçirilməsi üçün sərait yarandı, 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu kənddə azad sahibkarlığın yaranmasının əsasını təşkil etdi.

Ulu öndər Heydər Əliyev 2 mart 1995-ci il tarixli fərmanı ilə Dövlət Aqrar İslahatı Komissiyası yaratdı. Dövlət Aqrar İslahatı Komissiyasının təşkili islahatın aparılmasını daha da reallaşdırdı, aqrar islahatının istiqamətlərini, forma və mərhələlərini düzgün müəyyənləşdirməyə imkan verdi.

1995-ci il fevralın 18-də qəbul olunmuş “Aqrar islahatın əsasları haqqında” Qanun aqrar islahatın məqsəd və vəzifələrini, əsas istiqamətlərini və prinsiplərini müəyyən etdi. Bu qanunla aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşması və mülkiyyət növlü təsərrüfat subyektlərinin təşkilinin, eyni zamanda, aqrar bölməyə dövlətin himayəsinin istiqamətləri və aqrar bazarın dövlət tərəfindən tənzimlənməsinin hüquqi əsasları yaradıldı.

Nəhayət, ölkədə aqrar islahatın ardıcıl, komplekssistemli aparılmasını təmin etmək üçün aqrar islahatın proqramı hazırlandı.

10 yanvar 1997-ci ildə Heydər Əliyev “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” fərman imzaladı.

Qısa bir müddətdə aqrar islahatların hüquqi bazasının yaradılması və onların keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin hazırlanmış, bu isə Heydər Əliyevin sözləri ilə desək,  öz növbəsində aparılan proseslərin dönməzliyini təmin etmişdir.

Ölkədə həyata keçirilən aqrar islahatların nəticəsi olaraq köhnə təsərrüfatçılıq formalarının ləğv edilməsi ilə bərabər, Heydər Əliyev aqrar sahədə mövcud idarəetmə sisteminin yenidən qurulması istiqamətində fərmanlar imzaladı. Heydər Əliyevin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə 6 iyun 1997-ci il tarixli 716 saylı fərmanı idarəetmə sistemində yeniliyə yol açdı.

Yeni əsasnaməyə görə, “Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” kimi təsbit olunmuşdur. Nazirliyin əsas vəzifəsi kimi, kənd təsərrüfatı sahəsində iqtisadi islahatların həyata keçirilməsinin təmin edilməsi, sahənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi, kənd təsərrüfatı sahəsində müvafiq standartlar, normalar və qaydaların işlənib hazırlanması və s. nəzərdə tutulmuşdur. Bu fərmanın tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin 9 noyabr 1998-ci il tarixli 221 nömrəli qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin strukturu təkmilləşdirilərək daha yığcam və çevik bir quruma keçirilmişdir.

Bu gün aqrar bölmədə gedən islahatlar, dərinləşməkdə olan bazar iqtisadiyyatı öz əhəmiyyətli nəticələrini ancaq yüksək məhsuldar sortlar, heyvan cinsləri yetişdirməklə, müasir texnologiyaların tətbiqi, idarəetmənin müasir səviyyəyə qaldırılması ilə göstərə bilər. Təbiidir ki, bu vəzifələr yalnız elmi əsaslarla həyata keçirilməlidir. Odur ki, Heydər Əliyev aqrar elminin yenidən təşkili, onun strukturunun təkmilləşdirilməsi, elmi-tədqiqatların səmərəsinin artırılması və onun yerli fermerlərlə əlaqələrinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi barədə tapşırıqlar müəyyənləşdirilmişdir.

Aqrar islahatların gedişinə uyğun olaraq ümummilli liderin göstərişi ilə ölkənin aqrar elmi tədqiqatlar sistemində də islahatlara başlanmış, respublikanın 15 aqrar elmi tədqiqat institutunu birləşdirən Aqrar Elm Mərkəzi yaradılmışdır.

Aqrar Elm Mərkəzinin və aqrar tədqiqatlar sisteminin qarşısında tədqiqatlar vasitəsilə sistemin fəaliyyətinin  səmərəliliyinin yüksəldilməsi və bu yolla ölkədə kənd təsərrüfatı məhsulları istehsalının davamlı artımına nail olmaq, kəndlilərin gəlirini artırmaq kimi srtateji məqsəd qoyulmuşdur.

Heydər Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə aparılan aqrar islahatların ilkin uğurlarını, nailiyyətlərini belə qiymətləndirmək olar:

– Bazar iqtisadiyyatına keçid və kənddə sahibkarlığın inkişafı üçün hüquqi-normativ baza yaradılmışdır;

– istehsal imkanlarını və insanların yaradıcılığını, istedadını məhdudlaşdıran, israfçı sistemdə olan kolxoz və sovxozların emal və xidmət sahələrinin fəaliyyətinə xitam verilmişdir;

– aqrar sahənin bütün bölmələrində sahibkarlığa əsaslanan yeni mülkiyyətçilər yaranmışdır;

– kənddə torpağın və mülkiyyətin sahibi kəndli olmuşdur, torpaqlar onun daimi mülkiyyətinə verilmişdir;

– kənd təsərrüfatı sahəsində idarəetmə strukturları təkmilləşdirilir və bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılır;

– kənd təsərrüfatı məhsullarının istehsalı strukturu planlı sosialist təsərrüfatından tam fərqli surətdə, bazarın tələb və təklifinə uyğun formalaşır;

– dövlətin kəndə qayğısı artır, kənd təsərrüfatı istehsalının səmərəliliyini, kəndin sosial simasının dəyişməsini nəzərdə tutan tədbirlər sistemi həyata keçirilir;

– kənd təsərrüfatı məhsulları istehsalçıları bütün vergilərdən (torpaq vergisi istisna olmaqla) azad edilmiş, köhnə vergi  borcları silinmiş, yanacaq onlara güzəştlə satılır, gömrük idxal tarifləri onların mənafelərinə uyğunlaşdırılmışdır;

– aqrar sahədə çalışanların bilgilər alması, onların məsləhət və informasiya sistemləri ilə təmin olunması, xarici ölkələrin qabaqcıl təcrübələri ilə tanışlığı üçün imkanların yaradılması, kənddə sərmayə qoyuluşu artmışdır;

– dövlət xarici adamlarının sərmayəsinin qorunmasına təminat verir və inkişafına şərait yaradır;

– nəhayət, kənd təsərrüfatı məhsulları istehsalı iqtisadiyyatın ən mühüm və aparıcı sahəsi olaraq qalır.

Kənd təsərrüfatının bütün sahələrində, eləcə də son 13 ildə (1999-2012) aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində heyvandarlıq sahəsində də nəzərəçarpacaq irəliləyişlərə nail olunmuşdur. Belə ki, 1999-cu ildə respublikamızda təsərrüfatın böyük kateqoriyaları üzrə 1912,2 min baş qaramal, 2276,2 min baş qoyunkeçi və 13873,7 min baş quş olduğu halda, 1 yanvar 2012-cu il tarixdə qaramalın sayı artaraq 2569,6 min başa, qoyun və keçilərin sayı 8276,2 min başa və quşların sayı 22352,9 min başa çatmışdır. Əsas heyvandarlıq məhsullarının istehsal göstəricilərində də islahat dövründə nəzərə çarpacaq artım tempi müşahidə edilmişdir. Belə ki, 1999-cu ildə kəsilmiş çəkidə 104,6 min ton ət, 993,4 min ton süd, 526,3 milyon ədəd yumurta və 10,5 min ton (fiziki çəkidə) yun istehsal edildiyi halda, 1 yanvar 2012-ci il tarixdə bu göstəricilər müvafiq olaraq 263,7 min ton ət, 1622,3 min ton süd, 1011 milyon ədəd yumurta və 16,2 min ton (fiziki çəkidə) yun olmuşdur. Göstərilən nəticələr yalnız aqrar sahədə islahatların aparılması nəticəsində mümkün olmuşdur.

Aparılan islahatlar, qəbul edilmiş hüquqi-normativ sənədlər, kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən hərtərəfli dəstəklənməsi, əhalinin ərzaq məhsullarına artan tələbatının ödənilməsi ilə ərzaq təhlükəsizliyinin təmin edilməsi ulu öndər Heydər Əliyevin aqrar sahədə apardığı siyasətin nəticəsidir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev tərəfindən layiqincə davam etdirir.

2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramı bu sahənin inkişafında  xüsusi əhəmiyyət daşıyır. Sənəddə  xüsusi olaraq qeyd edilir ki, dövlət əhalinin ərzaqla tam təminatını ödəmək üçün 2015-ci ilədək dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmalı, 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsalı 340 min tona, südsüd məhsulları istehsalı 2,4 milyon tona, sənaye üsulu ilə quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır. Ölkədə tərəvəz və bostan məhsullarının istehsalı 1,72 milyon ton, kartof 1,12 milyon ton, meyvə 800 min ton olmalıdır. Yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğunduru əkinini isə 20 min hektara qədər artırmaq nəzərdə tutulur. Ümumilikdə, yem bitkilərinin əkin sahələri 500 min hektar olmaqla, qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq bir vəzifə kimi qarşıya qoyulur. İnanırıq ki, aqrar sahədə aparılan məqsədyönlü siyasət nəticəsində bu proqramlar uğurla yerinə yetiriləcək və bununla da respublikamızda  xalqın ərzaq məhsullarına tələbatını bütünlüklə ödəmək  mümkün olacaqdır.

 

M.BALAKİŞİYEV,

 

Azərbaycan Elmi-Tədqiqat, Heyvandarlıq İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru

 

Y.GÖZƏLOV,

 

İnformasiya və tətbiq şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2013.- 11 iyun.- S. 5.