LƏNKƏRAN: milli qurtuluşdan başlanan inkişaf yolu

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz tədricən dirçəlməyə başlamış, ictimai-siyasi vəziyyət sabitləşmişdir. Ötən 20 il ərzində ölkədə əsrlərə bərabər işlər görülmüş, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmağa başlamışdır.

Ulu öndərin bünövrəsini qoyduğu inkişaf prosesində Lənkəran mühüm yer tutur. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov bu barədə deyir ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin dirçəlişi reallaşmışdır. Bunu Lənkəranın timsalında da aydın görmək olar. Ötən əsrin 70-80-ci illərində Lənkəranın iqtisadiyyatı çiçəkləmiş, rayon bölgənin iqtisadi və mədəni mərkəzinə çevrilmişdi. O zaman burada kənd təsərrüfatı sürətlə inkişaf etmişdir. Müstəqillik dövründə isə ümummilli liderin Lənkərana göstərdiyi yüksək diqqət və qayğı nəticəsində rayonun həyatında yeni tipli iqtisadiyyat möhkəm şəkildə bərqərar oldu. Aqrar sahənin dayanıqlı inkişafı təmin edildi. Artıq on ildir ki, ölkəmiz ictimai-siyasi sabitlikdən sosial-iqtisadi uğurlar mərhələsinə qədəm qoymuşdur.

Lənkəranlılar möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasi kursunu yeni müstəvidə inkişaf etdirməsindən hədsiz məmnundurlar. Onlar hələ də dövlət başçısının Lənkərana ötən ilki tarixi səfərinin xoş təəssüratını yaşayırlar. Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı Prezidentin imzaladığı 4 sərəncamın uğurla həyata keçirilməsi, rayonda qazlaşdırmanın sürətlə aparılması, su-kanalizasiya sisteminin yenilənməsi, yeni infrastruktur layihələrin icrası və s. məsələlər  hər kəsin ürəyindən xəbər verir. Hamı haqlı olaraq düşünür ki, bütün bu uğurların bünövrəsi 15 iyun 1993-cü il - Milli Qurtuluş Günündən sonra qoyulmuşdur. Məhz Heydər Əliyev ideyaları Azərbaycanı xoşbəxt gələcəyə aparır.

Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində separatçı qruplar Lənkəranda anti-azərbaycançı qüvvələrin məkrli planlarını həyata keçirməyə çəhd göstərmişlər. Qürur duyulası faktdır ki, o ağır günlərdə Lənkəran sakinləri Azərbaycan dövlətçiliyinin keşiyində mətanətlə dayandılar. Heydər Əliyevin səsinə səs verərək ölkəmizin parçalanmasının qarşısının alınmasında əsl vətəndaşlıq nümunəsi göstərdilər.

 

Milli qurtuluşdan başlanan inkişaf Lənkəranın da həyatında tezliklə hiss olundu. Vaxtilə ulu öndərin göstərdiyi diqqət və qayğını isə bu gün lənkəranlılar Prezident İlham Əliyevdən görürlər. Cənab Prezidentin dəfələrlə Lənkərana səfər etməsi bu qayğının təzahürüdür. İndi Lənkəran Azərbaycanın əsas iqtisadi mərkəzlərindən birinə çevrilib. Son illər burada çoxlu istehsal sahəsi yaradılıb, turizm potensialı hərəkətə gətirilib. İndi Lənkərandan birbaşa Moskvaya təyyarə reysi var.

 

T.Qaraşov:

 

-Regional inkişaf üzrə Dövlət Proqramının icrası nəticəsində Lənkəranda 31 minə qədər iş yeri açılmışdır. Rayonda 24 məktəb tikilmiş, 1 məktəb və 1 uşaq bağçası əsaslı təmir olunmuşdur. Şəhərdə 4 saylı məktəb yenidən qurulmaqla burada 500 yerlik əlavə korpus inşa edilmişdir. Təkcə ötən il Hirkan qəsəbəsində, Xarxatan və Şilavar kəndlərində yeni məktəblər istifadəyə verilmiş, Vilvan və Bəliton kənd məktəblərinin tikintisinə başlanmışdır.

Cənab Prezidentin verdiyi sərəncamlara əsasən rayonda yeni asfalt yollar çəkilir, Mərkəzi xəstəxana əsaslı təmir olunur, təzə məktəblər tikilir, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunur. Şəhərdə Heydər Əliyev parkı ən müasir dizaynda yenidən qurulmuş, parkda qiymətli bəzək ağacları əkilmiş, yaşıllıq zolaqları yaradılmışdır. Xatirə parkında həmçinin yaraşıqlı Gənclər Mərkəzi tikilmişdir. Şəhərin Heydər Əliyev prospektində əzəmətli Bayraq Meydanı yaradılmışdır.

Son 9 ayda Prezident İlham Əliyev Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 4 sərəncam imzalamışdır. Bu sərəncamlarla rayonda böyük yol layihələri həyata keçirilmiş, on minlərlə sakinin istifadə etdiyi Şürük-Vel-Qamuşovka magistral yolu başdan-başa asfaltlanmış, Lənkəran-Vilvan-Osakücə-Türkəncil yolunun 16,5 km-lik hissəsi asfaltlanaraq istifadəyə verilmiş və hazırda yolun qalan hissəsinin bərpasına və 18 km-lik Vilvan-Zövlə-Boladı-Liman yolunun əsaslı təmirinə başlanmışdır. Lənkəran şəhəri abadlaşdırılmış, magistral yollar boyunca ornamentli divarlar hörülmüş, küçələr və səkilər yenidən qurulmuş, müasir küçə işıqlandırıcıları quraşdırılmışdır. Çoxmərtəbəli yaşayış evlərinin fasadları və damları əsaslı təmir olunmuşdur. Şəhərdə 24 ailə uzun illər ərzində qəzalı vəziyyətdə olan binada yaşayırdı. Cənab Prezidentin göstərişi ilə bu ailələr üçün yeni yaraşıqlı yaşayış binasının tikilməsi onlara hədsiz sevinc bəxş etmişdir. Hazırda rayonda çox iritutumlu layihə olan su-kanalizasiya sisteminin əsaslı şəkildə yenidən qurulması, şəhərdə, kənd və qəsəbələrdə kütləvi qazlaşdırma və mərkəzi xəstəxananın əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. Bu il rayonda 11 məktəb və 1 uşaq bağçası üçün yeni binalar tikiləcək, 1 məktəb əsaslı təmir olunacaqdır. Narkoloji xəstəxananın tikintisi başa çatdırılacaq, tarix-diyarşünaslıq müzeyi əsaslı təmir olunacaq, beşulduzlu otel tikiləcək, Olimpiya İdman Kompleksi üçün yeni binanın tikintisinə başlanacaq.

Bütün bunlar göstərir ki, ümummilli liderin   müəyyənləşdirdiyi inkişaf kursu Azərbaycanın hər yerində olduğu kimi, Lənkəranda da böyük uğurla davam edir. Bu gün lənkəranlılar bu qayğını Prezident İlham Əliyevdən görürlər. Prezidentin həyata keçirdiyi siyasətin bəhrəsidir ki, rayonun iqtisadi gücü günü-gündən artır və mərkəzin dotasiyasından asılılığı getdikcə azalır.

“Cənub mirvarisi” adlandırılan rayonumuz subtropik zonada yerləşdiyindən burada sənaye ilə yanaşı, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait var. Keçmişdə də Lənkəran özünün faraş tərəvəzi, ətirli çayı, sitrus meyvələri, gözəl təbiəti və digər təbii ehtiyatları ilə tanınmışdır. Bu imkanlar bu gün də Lənkəranda var. Göstərilən sahələrin inkişafı üçün rayonda əməli işlər görülür. Aqrar sahədə böyük canlanma hiss olunur. Əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə edilərək tərəvəz sahələri və meyvə bağları xeyli genişləndirilmişdir. Nəticədə məhsul istehsalı artmış, əhalinin gəlirləri çoxalmışdır. Xüsusilə çayçılığa diqqət artır. Ayrı-ayrı ərazilərdə əvvəlki çay bağları bərpa olunur, yeni plantasiyalar salınır, bununla da əhalinin məşğulluq səviyyəsi yüksəlir. Qarşıda isə yeni layihələr durur. Bu layihələrin icrası nəticəsində Lənkəran daha da inkişaf edib bölgənin zəngin rayonuna çevriləcək. Bütün bunlar Azərbaycan dövlətinin, cənab Prezidentin xalqımızı firavanlığa aparan siyasətinin bəhrələridir, xalqa xidmətin parlaq nümunəsidir...

Regionların sürətli inkişafı ilə bağlı Dövlət proqramları aqrar sahədə də dayanıqlı inkişafı təmin edib. Aqrotexservis xidməti yaradıldı, lizinq yolu ilə kreditlər verildi. Bunlarla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarına bir sıra güzəştlərin tətbiq olundu.

Bu yaxınlarda Lənkəranda keçirilmiş bir konfransda “İlyas çay” MMC-nin rəhbəri İlyas Əliyev çayçılığın inkişafından bəhs etmişdir: “Cənab Prezidentin qayğısından ruhlanaraq biz də kəndli-fermer təsərrüfatı yaratdıq və çayçılıqla məşğul olmağa başladıq. 2005-ci ildə 10 hektardan çox sahədə çay plantasiyası saldıq. Artıq iki ildir bu sahələrdən məhsul yığırıq. Əkinçiliklə bağlı keçmiş ənənələri xatırlayaraq işin yeni mütərəqqi forma və metodlarından bəhrələnirik. Çox xoşdur ki, iqtisadi cəhətdən səmərəli əkinçilik növü olan çayçılığın inkişafı üçün dövlət səviyyəsində tədbirlər görülür. Bu da biz fermerləri ruhlandırır, daha yaxşı işləməyə həvəsləndirir. Rayonun digər yerlərində də yeni çay plantasiyaları salınır. Fermerlər tərəfindən İstisu qəsəbəsində 50 hektarda, Girdəni kəndində 80 hektarda, Hirkan qəsəbəsində 10 hektarda, Parakənd kəndində 50 hektarda, Lənkəran çay MMC-də, Azfilial Elmi-Tədqiqat İnstitutunun bazasında yeni çay plantasiyaları salınıb.

Son illərdə ölkədə maaş və müavinətlərin, pensiyaların dəfələrlə artırılması, xüsusi kateqoriyalı insanlara sosial dəstəyin davamlı olmasıfərəh doğurur.. Xüsusilə ölkədə yoxsulluğun azalması, ünvanlı sosial yardımların verilməsi və bu sahədə qazanılan uğurlar məhz sosial sahəyə diqqətin bəhrələridir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəran rayonunda da əhalinin xüsusi kateqoriyalı hissəsinə göstərilən maddi və mənəvi dəstək hesabına bir çox sosial məsələlər həllini tapır.

 

Bir neçə ildə Lənkəran şəhərində şəhid ailələri, Qarabağ əlilləri və veteranları üçün 30, 24 və 20 mənzilli çoxmərtəbəli yaşayış binaları, ayrı-ayrı yerlərdə 6 fərdi mənzil tikilib istifadəyə verilmişdir. Qəzalı vəziyyətdə olan evlərdə yaşayan ailələr üçün də cənab Prezidentin tapşırığı ilə 40, 24 və 16 mənzilli çoxmərtəbəli yaşayış evləri, torpaq sürüşməsi nəticəsində evi dağılmış ailələr üçün fərdi evlər tikilmişdir. Son 10 il ərzində rayonda çoxlu sayda sahibkarlıq subyekti yaranmış, onların fəaliyyət dairəsində minlərlə vətəndaş daimi iş yeri tapmışdır.  Kənddə yaşayan insanların məşğulluğu əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Lənkəranda müasir tələblərə cavab verən turizm infrastrukturu - yeni otel kompleksləri, istirahət və xidmət mərkəzləri yaradılır. “Qafqaz sahil”, “Palıdlı sahil”, “Palmalayf” otelləri, “Bəşəru”, “Xan”, “Şah”, “Starlayf” xidmət və istirahət mərkəzlərindən minlərlə yerli sakin və qonaq istifadə edir. Hazırda şəhərdə 5 ulduzlu otelin tikintisi davam etdirilir.

Artıq kəndlərin siması da sürətlə dəyişir. Burada yaraşıqlı evlər tikilir, yollar bərpa olunur, kommunikasiya xətləri müasirləşdirilir, qazlaşma sürətlə davam etdirilir. 2004-cü ildən bəri rayonda 24 elektron ATS, 12 poçt şöbəsi, Regional Diaqnostika Mərkəzi, Uşaq poliklinikası, 17 tibb məntəqəsi əhalinin istifadəsinə verilib. Bu müddətdə rayonda dövlət tərəfindən 15, Heydər Əliyev Fondunun vəsaiti hesabına 9 məktəb tikilərək istifadəyə verilib, 1 məktəb əsaslı təmir olunmuşdur.

Lənkəran şəhərində təkcə son bir il ərzində on illərə bəs edəcək qədər quruculuq-abadlıq işləri görülüb. Şəhərin “Şəhidlər xiyabanı” adlanan küçəsi əsaslı şəkildə qurularaq asfaltlanmış, küçədəki körpü genişləndirilmiş, ən müasir işıqlandırıcılar quraşdırılmışdır. Çətin təbii şəraitə malik dağ kəndlərinə gedən yolların əsaslı təmiri bu ərazidə yaşayan insanlara dövlətimizin başçısı tərəfindən göstərilən misilsiz qayğıdır. Rayonun kənd və qəsəbələrinin kütləvi şəkildə qazlaşdırılması, yeni, müasir texnologiyaya əsaslanan su-kanalizasiya sisteminin tikintisi cənab İlham Əliyevin davamlı sosial siyasətinin parlaq sübutudur. Rayonda dövlət gənclər siyasətinin uğurla həyata keçməsi üçün əməli işlər görülür. Hazırda şəhərdə üçmərtəbəli yaraşıqlı Gənclər Mərkəzi tikilmişdir.

Rayonda ahıl insanlar da diqqət mərkəzindədir. Ahıl və kimsəsiz insanlara dövlət səviyyəsində sosial və digər xidmətlərin göstərilməsi onların həyat şəraitini xeyli yaxşılaşdırmışdır. Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun ürək sözləri bu barədədir:

-Müstəqilliyin ilk dövrlərində lənkəranlılar da ağır günlər yaşayırdılar. 1993-cü ilin yayı bizim üçün xüsusilə ağır keçdi. Əlikram Hümbətovun silahlı quldur dəstəsi AXC-Müsavat hakimiyyətinin bacarıqsızlığından istifadə edərək əvvəlcə Lənkəranda hakimiyyəti ələ keçirdi. Sonra qondarma “Talış Muğan Respublikası” yaratdığını elan edib Vətənimizin ərazi bütövlüyünü parçalamağa cəhd etdi. Lakin lənkəranlılar həmişə vətənpərvər, azərbaycançılıq ideyalarına sədaqətli olduqlarından bədnam Əlikram Hümbətovun avantürası ilə razılaşmayaraq kömək üçün ulu öndərə müraciət etdilər. Lənkərana, burada yaşayan vətənpərvər insanlara böyük sevgisi olan Heydər Əliyevin qətiyyətli addımları hesabına  Əlikram Hümbətov qaragüruhu darmadağın edildi.

 

Ölkədə sabitliyin bərqərar olunması ilə əlaqədar çox ciddi tədbirlər görüldü. 1993-cü ilin 15 iyunundan başlayan bu tədbirlər ölkədə böyük dönüş yaratdı və xalqı, ölkəni əsl Qurtuluş yoluna çıxartdı. Artıq biz Milli Qurtuluş günümüzün 20 illiyini bayram edirik. Azərbaycan xalqı 2003-cü ildə yekdil səslə Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi cənab İlham Əliyevi prezident seçməklə ulu öndərin siyasi kursunun davam etməsi arzusunda olduğunu ifadə etdi. Cənab İlham Əliyev məhz ulu öndərin ideyalarını həyata keçirərək ölkəmizi ən yüksək səviyyədə inkişaf etdirdi. Bu inkişaf regionlara da gəlib çıxdı. Baxın, Lənkəran əsl tikinti meydançasını xatırladır. Hər yerdə quruculuq işləri gedir. Cənab İlham Əliyev 8 dəfə Lənkərana səfərə gəlib. Ulu öndər kimi cənab Prezident də səfərləri ilə bizə hədsiz sevinc, fərəh gətirib. Onun səfərləri rayonun inkişafında mühüm rol oynayan sosial obyektlərin, istehsal müəssisələrinin açılışları ilə zəngin olur. Biz bu görüşləri heç vaxt unutmuruq. Bu qayğıya, etimada görə cənab Prezidentə dərindən minnətdarıq.

-Biz gənclər inkişafımızın mənbəyini banisi ümummilli lider Heydər Əliyev olan Azərbaycan dövlətçiliyinin qüdrətində və davamlı inkişafda görürük. -Bu sözləri isə tələbə Uğur Qurbamzadə dedi. - 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev ümummilli liderin başlamış olduğu siyasi kursu davam etdirərək milli tərəqqimizin yeni mərhələsinin başlanğıcını qoydu. Cənab Prezident İlham Əliyev bunun öhdəsindən layiqincə gələrək milli intibahımızın konturlarını təşkil edən layihələrin icrasına, xalqın taleyüklü problemlərinin həllinə xidmət edən möhtəşəm fəaliyyətə başladı. Biz bu inkişafı doğma şəhərimiz Lənkəranın simasından da aydın görürük. Şəhərimizdə genişmiqyaslı tikinti-quraşdırma, abadlıq işləri aparılır. Bayraq Meydanı hər birimizdə vətənpərvərlik coşqusu yaradır. Bu gün hər bir lənkəranlı gənc Heydər Əliyev Xatirə parkı ilə qürur duyur. Parkda tikilmiş Heydər Əliyev Mərkəzinin əzəmətindən zövq alırıq.

Bizim üçün çox yaraşıqlı bir Gənclər Mərkəzi tikilib. Bu, həqiqətən müasir gəncliyə, kreativ insanlara yaraşan bir mərkəzdir, inkişafımızın parlaq göstəricisidir. Bir sözlə, gördüyümüz canlı həyat biz gənclərdə xoşbəxt sabaha böyük inam formalaşdırır, bizi Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdirir. Yaradılan şərait bizi daha yaxşı oxumağa, ictimai həyatda fəal olmağa ruhlandırır. Bugünkü Azərbaycan gəncliyi Vətən təəssübkeşliyini, xalqa sədaqət nümunəsini məhz Prezident İlham Əliyevin həyat və fəaliyyətindən götürür. Xalqımız bu şərəfli missiyanın bəhrələrini hələ çox görəcək. Biz gənclər artıq seçimimizi  etmişik və qarşıdakı prezident seçkiləriində yalnız cənab İlham Əliyevə, Heydər Əliyev siyasi kursunun davam etməsinə səs verəcəyik!

Bəli, milli qurtuluşdan başlanan uğur yolu genişlənməkdə, xalqımızı daha xoşbəxt sabahlara aparmaqdadır. Bu tərəqqinin təzahürü Lənkəranın timsalında da olduqca aydın görünür.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 13 iyun.- S. 10.