SUMQAYITDA 25 il əvvəl
- fevralın 28-dən 29-na keçən gecə (əvvəli
ötən saylarmızda)
Tarixə obyektiv baxış
Budyonovsk
şəhərində Qriqoryandan müsahibə almaq çətin
oldu. İlk öncə erməni diasporu onun yanında olmuş
və kiminləsə ünsiyyətə girməsini ona
qadağan etmişdilər. Onlar təcridxananın rəisini
pul ilə ələ almış və Qriqoryana hər cür
şərait yaratmışdılar.
Kalonun
rəisi onu yola gətirməyə çalışdı (Biz
ona hörmət etmişdik. Söz vermişdi ki, Qriqoryanı
yola gətirəcək). Həmin vaxt həyat yoldaşı
Rita yanında idi. Onu da qeyd edim ki, Rita ayda bir dəfə iki
gecə onun yanında qalırdı. Bu şəraiti Qriqoryan
üçün yerli erməni diasporu yaratmışdı.
Kalonun rəisi Qriqoryanın tərsliyini görüb
acıqlı-acıqlı dedi:
-Əgər razı olmasan, Ritanı otağına buraxmayacağam. Razılıq
versən, Rita bundan sonra həftədə iki gecə gəlib
yanında qala bilər.
Bundan
sonra Qriqoryan razılıq verdi. Bizim kim olduğumuzla, haradan gəldiyimizlə
maraqlandı. Davud yalan danışmalı oldu.
Dedi ki, biz Moskvadan “Ostankino”dan (indiki ORT) gəlmişik. Sovetlər birliyində baş verən konfliktlərlə
bağlı sənədli film çəkirik. Tiflisdə,
Fərqanədə, Oşda, Vilnüsdə olmuşuq. Azərbaycanda
olanda isə sənin adına rast gəldik
və qərara gəldik ki, səninlə görüşək.
Qriqoryan
çox düşündükdən sonra razılıq verdi. Müsahibə haqqında
danışmazdan əvvəl onun kim
olduğu haqqında bəzi məlumatlar vermək istərdim:
Eduard Robertoviç Qriqoryan 1959-cu ildə Sumqayıtda
anadan olmuşdur. Tüfeyli həyat tərzi keçirirdi.
Spirtli içkilərə meyilli olduğundan
tez-tez dava salır, oğurluq edirdi. Bu hərəkətlərin
üstündə 3 dəfə mühakimə olunmuşdu.
1976-cı, 1981-ci və 1982-ci illərdə.
Sumqayıtda baş verən hadisələrdə cinayətkar
kimi həbs olunmuş və mühakimə edilmişdi. Müttəhimlər
kürsüsündə əyləşmiş qatı cinayətkar
kimi 9 il 2 ay 13 gün müddətində
azadlıqdan məhrum olunmuşdu.
Sual oluna
bilər: Sumqayıtda baş verən hadisələrə məhz
Qriqoryan başçılıq edirdimi? Xeyr! O, bu oyunda yüksək
dairələrdə əyləşən erməni millətçilərinin
əlində bir alət idi. Qriqoryan ona
tapşırılan işin öhdəsindən bacarıqla gəldi.
Bir neçə gün ərzində ətrafına
dəliqanlı gəncləri toplaya bildi. Onlara pul
payladı, narkotik maddələr verdi. Görəsən, heç bir yanda işləməyən,
tüfeyli həyat tərzi sürən “Paşa” ləqəbli
Qriqoryanda bu qədər pullar və narkotik maddələr
hardan idi? Sözsüz ki, onu erməni millətçiləri
təmin edirdi. Sumqayıtda mütləq
qan tökülməlidir, - deyə onu pulla ələ
almışdılar.
Qriqoryana köməklik edən müttəhimlərdən
Nəcəfov qeyd edirdi ki, ixtişaşlar vaxtı
Qriqoryanın əlində balta var idi. O, Yeseyana məxsus olan “Moskviç”
maşınını saxladı, sürücünü
döydü, sonra biz maşını çevirdik.
İsayev isə öz izahatında bildirdi ki,
Mejlumyanın qapısını sındırıb içəri
girdik. Burada da azğınlıqlar başlandı. Qriqoryan onu döydü, soyundurdu və zorladı.
Səfərovun izahatında göstərilir ki,
Qriqoryanın rəhbərliyi ilə biz Emmanın mənzilinə
daxil olduq. Onun göstərişi ilə qadını
soyundurduq. Edik Emmanı zorladı.
İstintaq orqanları Qriqoryanı zərərçəkmişlərlə
üzləşdirdilər və qadınlar Qriqoryanın onlara
qarşı zor işlətdiklərini söylədilər.
Ermənistanın hüquq-mühafizə orqanları
bunun guya təzyiqlər altında
aparıldığını iddia etməyə
başladılar. SSRİ Baş Prokurorluğunun
mühüm işlər üzrə müstəntiqi Qalkin
söhbətində qeyd etdi ki, “üzləşmə mənim
iştirakımla videolentə çəkildi. Erməniləri sakitləşdirmək və
Qriqoryanın cinayətkar olduğunu sübut etmək
üçün Qriqoryanı və Mejlumyanı Yerevana
apardıq. Orada da üzləşmə
aparıldı. Mejlumyan Qriqoryan tərəfindən
zorlandığını dedi. Bu üzləşmə
də videolentə alındı. Ermənilər
Qriqoryanın cinayət törətdiyinin həqiqət
olduğunu bildilər. Lakin buna da inanmaq istəmirdilər.
Ancaq həqiqət həqiqətdir, onu danmaq
olmaz. Erməni şovinistlərinin
Qriqoryanı təmizə çıxartmaq cəhdləri
puça çıxdı”.
...Çəkilişlərə
başladıq. Qriqoryan suallarımızdan qaçırdı.
Cinayət törətdiyini etiraf etmək istəmirdi.
Zərər çəkmişlərin izahatlarını və
şəkillərini ona göstərəndə kinayə ilə
gülüb dedi ki, bütün bunlar mənə qarşı
uydurmadır. Mən heç Sumqayıt hadisələrində
iştirak etməmişəm.
- Bəs
üç dəfə mühakimə olunmusunuz, bunu da inkar
edirsiniz?
- Bu,
kiçik xuliqanlıq idi.
-Sizinlə
birlikdə ixtişaşlarda iştirak edən Səfərov,
İsayev izahatlarında bildiriblər ki, sizin əlinizdə
siyahı vardı. Hansı mənzilə girib
dağıtmaq, qarət etmək, zor işlətmək əmrini
siz verirdiniz. 3-cü mikrorayonda binanın
ikinci mərtəbəsində erməninin
yaşadığını söyləyəndə siz
qapını sındırmağa qoymayıb, demisiniz ki, burada
erməni yaşamır, erməni dördüncü mərtəbədə
yaşayır. Hücum edib
dördüncü mərtəbədə erməninin
qapısını sındırıb, evini qarət etmisiniz.
Sonralar məlum oldu ki, ikinci mərtəbədə
sizin qoruduğunuz mənzildə də həqiqətən erməni
yaşayırmış. Deməli, zərər çəkənlər
“Krunk”un üzvü olmayanlar idi, eləmi?
-Bütün
bunlar yalandır.
- Bəs
siyahı?
-Bu da mənə
qarşı uydurmadır.
-İstintaqın verdiyi məlumata görə, hadisələrdən
xeyli əvvəl Yerevandan sizin yanınıza emissarlar gəlib,
sizi təlimatlandırıblar, pul və narkotik veriblər. Bunlar da
yalandır?
- Siz Sumqayıtda baş verənləri mənim boynuma
qoymaq istəyirsiniz. Ünvanı səhv salmısınız.
Bunu başqa yerdə axtarın.
-Harada
Yerevanda?
-Ola bilsin
Yerevanda, bəlkə də Moskvada, kim
bilir. Bir sözlə, siz məndən konkret
söz ala bilməyəcəksiniz. Həm
də sizin “Ostankino”dan gəldiyinizə şübhə edirəm.
Siz Azərbaycandan gəlmisiniz. Qorxmursunuz? Sizi yəqin ki, bizimkilər
izləyirlər. Hamınızı məhv
edəcəyik.
Qriqoryanın sifətində bizə qarşı bir nifrət
yarandı. O,
daha danışmaq istəmirdi. Biz isə, demək
olar ki, öz işimizi qurtarmışdıq.
Sonra çəkilişlərimizi Moskvada aparmalı
olduq. Ulu öndər Heydər Əliyevdən, (1990- cı
ildə o, Moskvada yaşayırdı), SSRİ Baş
Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi
Qalkindən, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı,
polkovnik Nikitindən, “Moskovskiye novosti” qəzetinin baş
redaktoru Loşakdan və başqalarından müsahibələr
aldıq.
Heydər Əliyevdən müsahibə almaqda çətinlik
çəkdik. Çünki o, KQB-nin nəzarəti
altında idi və bizə qəti tapşırıq
verilmişdi ki, bir daha buralara gəlməyin, yoxsa sizə
qarşı xoşagəlməz tədbirlər görüləcək.
Davud inad etdi, bir neçə adamlarla
görüşdü. Çoxları
ehtiyatlı olmağımızı məsləhət
gördülər. Qorbaçov hələ
də hakimiyyətdə idi. Ermənistan-Azərbaycan
münaqişəsi qızışırdı. “Sizi Moskvadan qova bilərlər”, -deyə Azərbaycanın
Moskvadakı nümayəndəliyinin əməkdaşı
bizə söylədi. Davud Heydər Əliyevin ev telefonunun nömrəsini öyrəndi, ona zəng
vurdu, gəlişimizin məqsədini bildirdi. Bir neçə
sual-cavabdan sonra razılıq verdi.
Ertəsi
gün biz Moskvada Heydər Əliyevlə
görüşdük: Siz Azərbaycandan ilk jurnalistsiniz ki, məndən
müsahibə almağa gəlmisiniz. Qorxmursunuz ki, mənə
görə sizi incidərlər?-dedi.
Davud
gülümsəyərək dedi:- Heydər
müəllim, biz Sizin Azərbaycanda və ölkədə
olan nüfunuza arxayınıq, məhz buna görə də
yanınıza gəlməyi qərara aldıq.
Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycandan
alınıb Ermənistana verilməsində Qorbaçovun və
ona yaxın olan ermənilərin, xaricdə yaşayan erməni
lobbisinin rolu olduğunu söylədi. Əlavə etdi ki,
lakin heç bir vəchlə torpağı ermənilərə
vermək olmaz. Azərbaycan xalqı
müdrik, qətiyyətli və iradəli xalqdır və bu
avantürist siyasətə yol verilməməlidir.
Doğrudan da, bu avantürist bir siyasət idi. Onun da
başında Mixail Qorbaçov dururdu. Dəstək
verən isə Moskvada və xaricdə yaşayan erməni
lobbisi idi. Lentə aldığımız
materiallardan belə nəticəyə gəldik ki,
Sumqayıtda baş verən hadisələr bir qrup xuliqanın
işi deyildir. Ssenari çox-çox
qabaqcadan tutulmuş və icra etmək üçün kəşfiyyat
orqanlarına tapşırılmışdı. Erməni
millətçilərini də qızışdırıb iki
xalq arasında olan münasibəti gərginləşdirməyə
sövq etməyə nail olmuşlar.
Moskvada ermənipərəst kütləvi informasiya vasitələri
Azərbaycanda ixtişaşlar zamanı törədilən
cinayətləri ört-basdır etməkdə Azərbaycanı,
onun hüquq-mühafizə orqanlarını ittiham etməyə
başladılar. Q.Staravoytova, Nuykin, İgityan, Balayan,
Q.Borovik, S.Kaputikyan mətbuatda və telekanallarda
çıxış edərək Sumqayıtda ermənilərə
qarşı “genosid” baş verdiyini söyləyirdilər.
İstintaq materialların Azərbaycandan
alınıb Moskvaya verilməsini tələb edirdilər.
Sözlərindən belə məlum olurdu ki,
Sumqayıtda məhkəmə prosesi obyektiv aparılmayacaq.
Nəticədə istədiklərinə nail oldular. Əhmədovun, İsmayılovun, Cəfərovun məhkəmə
prosesi Moskvada aparıldı. Zala
toplaşan azğınlaşmış ermənilər bir
ağızdan qışqırırdılar ki, müttəhimlərin
hər üçünə ölüm hökmü kəsilməlidir.
Milis orqanları onları sakitləşdirib
zaldan çıxartmağa məcbur oldu.
Sumqayıtda hadisələr fevralın axırlarında
baş vermişdir. İki-üç aydan sonra tələsik
şəkildə məhkəmə prosesinin keçirilməsi
kimə lazım idi? Moskvanın bu işdə
marağı vardı. Onlar dünya
ictimaiyyətinə cinayətkarlara qarşı sərt
ittihamların verildiyini bildirmək istəyirdilər, əslində
isə bu proseslərin pərdə arxasında Sumqayıtda
baş verən hadisələrin sifarişçilərini gizlətmək
niyyətində idilər. Düzdür,
onların bu niyyəti sonralar bütün
çılpaqlığı ilə üzə çıxdı.
Əhməd Əhmədova ölüm
hökmü kəsildi. Tale İsmayılova 15 il verildi. Burada Tale İsmayılovun vəkili
Aleksandr İvannikovun bizə söylədiklərini oxuculara
çatdırmaq maraqlı olardı:
-Mən Taleyin işi ilə ciddi maraqlandım. Düzdür,
ixtişaşlarda iştirak etmişdir. Qriqoryanın
başçılığı ilə bir neçə mənzilə
girmiş və qarətlə məşğul olmuşdur.
Küçələrdə yerləşən
bir neçə qəzet köşkünü vurub
sındırmışdır. O, ixtişaş zamanı
heç kimi qətlə yetirməmişdir. Elədiklərini
də etiraf etmiş və peşman olduğunu söyləmişdir.
İstintaq birtərəfli
aparılmışdı. Cinayət
işini Moskvadan gələn müstəntiqlər
aparmışlar. Mənim onlarla da söhbətim
olmuşdur. “Axı tam sübut
olunmamış işi Moskvaya məhkəməyə göndərmək
olmaz. Tale İsmayılovun işində
qaranlıq məsələlər çoxdur. Onları
araşdırmaq və aydınlıq gətirmək
lazımdır”, -dedim. Mənə cavabları bu
oldu ki, “bu, bizdən asılı deyil. Moskva
bizi tələsdirir”.
Moskvada məhkəmə prosesi bir neçə gün
davam etdi. Məhkəmə Tale İsmayılova ölüm
hökmü kəsdi. Mən etiraz etdim.
Çıxışımda bildirdim ki, materiallar
yenidən baxılmaq üçün istintaqa
qaytarılmalıdır. Yoxsa mən xarici
jurnalistlər qarşısında mətbuat konfransı
keçirib məhkəmənin qeyri-obyektiv
aparıldığını bəyan edəcəyəm.
Məhkəmə təxirə salındı.
Əhməd Əhmədova ölüm hökmü, Tale
İsmayılova isə 15 il iş kəsdilər.
Buradan sual doğur: Necə olur ki, 5 ermənini qətlə
yetirmiş, bir neçə erməni qızını
zorlamış erməni Qriqoryana 9 il həbs
cəzası verilir. Cinayətləri tam
sübut olunmayan azərbaycanlı gənclərə isə
ağır ittihamlar oxunulur? Deməli, bu
sifarişli bir məhkəmə prosesi idi. Bir fakta diqqət yetirsək görərik ki, bu, həqiqətən
belədir.
SSRİ Ali Məhkəməsinin sədri V.Terebilovun
1988-ci ilin axırlarında “Novoe vremya” jurnalında müsahibəsi
çap olundu.
Terebilov məhkəmə proseslərinə
yuxarıdan, xüsusilə Kommunist Partiyası Mərkəzi
Komitəsi aparatından təzyiqlər olmasından şikayətlənirdi
və tələb edirdi ki, məhkəmə müstəqil
olmalıdır. Sonra Terebilov qeyd edir ki,
hazırda SSRİ Ali Məhkəməsində Əhmədovun,
Cəfərovun, İsmayılovun cinayət işi üzrə
məhkəmə prosesi gedir. Məhz
yuxarıların təzyiqi nəticəsində məhkəmə
heyəti obyektivliyini, humanizmini bir tərəfə qoyub, Əhmədovun
timsalında nəyin bahasına olursa-olsun “təşkilatçı”
obrazını yaratmaq niyyətinə düşdü. Prosesdə iştirak edən düşüncəli
adamlar əmin idilər ki, bu cür cinayət işləri
yenidən yoxlanılmaq üçün istintaqa
qaytarılmalıdır. Bu barədə məhkəmə
prosesinin yekununu şərh edən “Moskovskiye novosti” qəzeti
yazırdı: “Vəkillər belə hesab edirlər ki,
işin istintaqı tam aparılmayıb. Cinayətlərin
təşkilatçıları üzə
çıxarılmayıb, hadisələrin baş verməsinin
səbəbləri və şəraiti aşkar edilməyib”.
(ardı var)
Eyruz MƏMMƏDOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2013.- 3 mart.- S. 3.