Baxarsan, Oğuzun nə cəlalı var...

 

Köç haqqında çox eşitmişdim. Elatın dağ-arana köçməsinin özünün bir neçə şəkildə ifadəsi var idi. Ancaq Oğuzun mart-aprel günlərini nəzmə çəkən bir həmkarımızın şeirindəki köç tamamilə qeyri-adi idi. “Yamacdan zirvəyə köç edəndə qar, Baxarsan, Oğuzun nə cəlalı var...” Necə də yerinə düşür. Bu günlər elə dağların qarı yavaş-yavaş əriyir və ağ çalma yamacdan zirvələrə doğru köç edir. Bu isə o deməkdir ki, təbiət yenidən oyanmağa, həyat yenidən qaynamağa başlayır...

 

İnsafən, Oğuzda camaatın əhval-ruhiyyəsi elədir ki, burada həyat yay-qış daim qaynayır. Çünki oğuzlular ölkədə gedən sosial-iqtisadi inkişafdan geridə qalmaq istəmirlər. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun 2012-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda söylədiyi fikirlər də bu dediklərimizi sübut edirdi. Öncə respublikamızda gedən böyük sosial-iqtisadi inkişafdan söz açan rayon rəhbəri Oğuzun da geridə qalan ildə əhatəli uğurlara imza atdığını söylədi. Eyvaz müəllim dedi ki, “Şəki, Qəbələ, Qax və Oğuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan  Respublikası Prezidentinin 21 noyabr 2011-ci il tarixli sərəncamına əsasən Oğuz rayonu üçün ayrılmış iki milyon manat vəsait hesabına şəhərin Heydər Əliyev prospektininin abadlaşdırılması və işıqlandırılması işləri yerinə yetirilib. Həmçinin  “Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ayrılmış dörd milyon beş yüz min manat vəsait hesabına rayonun 6 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 17,6 kilometr, eni 6 metr olan dördüncü dərəcəli avtomobil yolu əsaslı tikilərək istifadəyə verilib.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni inzibati binasının tikintisi başa çatmaq üzrədir. Oğuz rayonu üzrə Maliyyə İdarəsinin yeni binası isə tikilib istifadəyə verilib.

Oğuz şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işləri isə yaxın günlərdə yekunlaşacaq. Bəli, sevindirici haldır. Belə ki, artıq şəhərdaxili küçələrdə su və kanalizasiya xətlərinin çəkilişi başa çatıb, küçələrin dağıdılmış hissələrinin bərpası işləri isə davam etdirilir.

Oğuz şəhərinə Qəbələ rayonu istiqamətindən daxil olanda təəccüblənməyə bilmirsən, gecə saatlarında bu, xüsusilə ləzzət verir. Belə ki, 2050 metr məsafədə yol oxu boyunca 1600 metr tomet döşənmiş, 66 ədəd  iki lampalı işıq dirəkləri quraşdırılıb. Rayonun Filfili və Dəymədərə kəndlərində  Oğuz rayon İcra Hakimiyyətinin sifarişi ilə 180 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Ərmənət kəndində 180, Qumlaq kəndində 360 şagird yerlik yeni məktəb, həmçinin Oğuz şəhərində 115 yerlik yeni uşaq bağçası binalarının tikintisinə başlanıb və hazırda tikinti işləri davam etdirilir. Bu işlər də rayon icra hakimiyyətinin sifarişi ilə görülür. Sincan kəndində isə Təhsil Nazirliyinin sifarişi ilə 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanmış və hazırda tikinti işləri davam etdirilir. Rayonun Xaçmaz, Kərimli, Böyük Söyüdlü , Bayan, Bucaq və Muxas kəndlərinin içməli su təchizatının yaxşılaçdırılması layihəsi üzrə yeni su xətləri tikilib istifadəyə verilib.

Rayonun Bucaq və Yaqublu kəndlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Xidmətinin sifarişi ilə sahə baytarlıq məntəqələrinin tikintisi başa çatdırılıb. Oğuz şəhərinin sel sularından qorunması və kiçik su keçidlərinin qoyulması layihəsi üzrə başlanmış tikinti işləri sona çatıb.

Oğuz rayonunda hamının ağsaqqal kimi tanıdığı Xalid Babayevlə gəzə-gəzə gəlib Şəhidlər Xiyabanına çatırıq. Bura başdan-başa yenidən qurulub. Əsaslı təmir edilib. “Bu gün Şəhidlər Xiyabanı, sözün həqiqi mənasında, gənclərin and yerinə çevrilib, - deyə, - Xalid Babayev söhbətə başlayır, - oğul, - deyir, oğuzlular torpağa, vətənə bağlı adamlardır. Neçə-neçə mərd balamız Qarabağ uğrunda döyüşlərdə fədakarlıq, qəhrəmanlıq nümunəsi göstərib, neçə-neçə oğlumuz bu mübarizədə şəhidlik zirvəsinə ucalıb”.

Baxıram, Xalid müəllim əməlli-başlı kövrəlib. Səsi titrəyir. Fikrini tamamlaya bilmir. Deyəsən, bayaq səhv etdim axı. Tək Oğuzda yox, neçə-neçə bölgədə Xalid Babayevi bu gün bir ağsaqqal kimi qəbul edirlər. Uzun illər hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə işləyib. Gözəl ailə başçısıdır. Oğlanları onun yolunu böyük sayğı və ehtiramla davam etdirirlər. Bu günlərdə 70 yaşı tamam olub. Rayon səviyyəsində qeyd ediblər. Həmin gün mən də zəng etmişdim. Sevincimin həddi-hüdudu yox idi. “Sağ olsun rayon rəhbərliyini, - dedi, - bu diqqəti yaddan çıxara bilmərəm” Xalid müəllimin iki nəvəsi – Nizami ilə Zaur bu gün əsgərdirlər. Vətənin keşiyində dayanıblar. Sağ-salamat qayıtsınlar...

Rayonda iqtisadiyyatın əsas sahələrində istehsal  olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən faktiki  qiymətlərlə 26,5 faiz artaraq 110414,1 min manat təşkil edib. Əsas kapitala yönəldilən investisiyalar 29,95 faiz artaraq 60,2 milyon manat olub. Hesabat ilində rayonun sənaye müəssisələri tərəfindən faktiki  qiymətlərlə 3084,9 min manatlıq sənaye məhsulu istehsal edilib.

40557 ton dənli və dənli paxlalılar istehsal edilib. Bunun 38596 tonu payızlıq taxıldır. Hər hektardan qarğıdalı da daxil olmaqla 22,7 sentner taxıl yığılıb. 2306 ton kartof, 2547 ton tərəvəz, 3288 ton meyvə, 98 ton bostan məhsulları, 65 ton üzüm istehsal edilib. 2013-cü ilin  məhsulu üçün 16986 hektar sahədə payızlıq taxıl, o cümlədən 11037 hektar sahədə buğda, 5949 hektar sahədə arpa səpilib. Südlük və ətlik istiqamətli mal-qara yetişdirilməsi işləri davam etdirilir. Kərimli Quşçuluq fabrikində 14 ton quş əti istehsal edilərək əhaliyə satılıb. “Aqrolizinq” ASC-nin Oğuz Aqroservis filialı 62 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 14 ədəd taxılyığan kombayn, 11 ədəd traktor və 37 ədəd digər kənd təsərrüfatı texnikası ilə təmin edilib.

Rayonda aparılan quruculuq və abadlıq işləri ilə əlaqədar Oğuz şəhərinin Heydər Əliyev prospekti və digər küçələrində elektirik dirəkləri, qaz və su xətləri dəyişdirilir. Cavanşir küçəsində işıqlandırma işləri aparılıb.

Bayan, Calut, Muxas, Baş Daşağıl, Xaçmaz,Böyük Söyüdlü, Yemişənli, Ərmənət, Xalxal, Dəymədərə, Tərkeş və Sincan kəndlərinin qazlaşdırılması üçün maliyyə-smeta sənədlərinin hazırlanması üçün sifariş verilib. Padar kəndində qazlaşdırma işlərinə başlanıb, tikinti-quraşdırma işləri gedir. Oğuz şəhərini təbii qazla təmin edən əsas daşıyıcı qaz kəmərinin Əlican çayı üzərindən keçən 305 metr hissəsi təmir edilib. Yaqublu, Yenikənd kəndlərində yeraltı qaz kəmərlərinin yenidən qurulması işlərinə başlanılıb.

Balaşum-Böyük Söyüdlü su kəmərinin tikintisi və Böyük Söyüdlü kəndində kənddaxili şəbəkələrin işlənməsi davam etdirilir.   Böyük Söyüdlü kəndində 29,9 kilometr dəmir və plastik borular, su qəbuledici kamera quraşdırılıb, su anbarı tikilib. Xlorator və nəzarət məntəqəsi binalarının tikintisi davam etdirilir.

Rayon mərkəzinin sel sularından mühafizəsi üçün 2 bəndin tikintisi başa çatdırılıb. Daşqın və selə qarşı mühafizə məqsədi ilə ekskavatorla 113 min, buldozerlə 259 min kubmetr çay məcralarının təmizlənməsi işləri görülüb. Sahilbərkitmə məqsədilə 150 kubmetr daş-beton bəndinin təmiri aparılıb və 91 kubmetr qabion bəndi quraşdırılıb.

Rayonda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların  cəlb olunması sahəsində kifayət qədər işlər görülür. Sahibkarlığa, özəl sektorun inkişafına, bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir.

Göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal-qara yetişdirilməsi sahəsində işlər davam etdirilir. Mal-qara və quşların sayı artırılır, rayonda fərdi sahibkarlar tərəfindən yeni inkubasiya sexi quraşdırılıb.

Eyvaz Qurbanov bildirdi ki, 2012-ci ildə İqtisadi İnkişaf Nazirliyin yanında fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun sahibkarlarına 4 milyon 390 min manat məbləğində kreditlər verilib. Bu, 2011-ci ildəkindən 3  milyon manat artıqdır. Bu cür  kreditlərin verilməsi rayonda sahibkarlığın inkişafına güclü təkan verib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rayonda istehsalçılara yanacaq və motor yağlarına, buğda əkinlərinə görə yardımların verilməsi ilə bağlı xeyli işlər görülüb. Bakı şəhərində  keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında hər həftə və bayram günləri oğuzlu sahibkarlar həvəslə iştirak ediblər.

Sonra rayon icra hakimiyyətinin başçısı Oğuzun elektrik enerjisi və qaz təminatı ilə bağlı görülən işlərdən danışdı. Qarşıda duran vəzifələri sadaladı.

Xüsusilə qeyd olundu ki, bu gün əlillərin 16 mənzilli yaşayış binası, şəhər 1 saylı  tam orta məktəb, rayon Mərkəzi xəstəxanası, Oğuz rayon Məhkəməsinin binasında istilik sistemləri qurulub. Obyektlər qış  mövsümündə fasiləsiz istilik enerjisi ilə təmin olunub.

Eyvaz müəllim rayonun təhsil, səhiyyə və turizm sahələrindəki uğurlarından söz açdı. Dedi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında 2005-2006-ci illərdə Oğuz şəhərində 240 yerlik, Xalxal və Zərrab kəndlərinin hər birində 100 yerlik, Muxas kəndində 200 yerlik yeni məktəb binaları, Dövlət Proqramına uyğun olaraq Malıx yaşayış sahəsində 60 yerlik yeni tədris binaları tikilib istifadəyə verilib.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərin nəticəsidir ki, bu gün rayonda təhsil alan şagirdlərin 43 faizi yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş məktəblərdə təhsil alır.

2012-ci ilin avqustunda respublika Təhsil, Maliyyə, Fövqaladə Hallar və İqtisadi İnkişaf Nazirliklərinin mütəxəssisləri 2013-2015-ci illərdə respublikada təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri ilə bağlı yeni iqtisadi inkişaf proqramının hazırlanması ilə əlaqədar məktəblərdə olmuş və 16 təhsil müəssisəsinin yenidən tikilməsi, 17 təhsil müəssisəsinin əsaslı təmirinin inkişaf proqramına daxil edilməsi tövsiyə olunmuşdur.Bu proqramın həyata keçirilməsi nəticəsində qarşıdakı 2 il ərzində  Oğuz rayonunda qəzalı vəziyyətdə olan, tikintisinə və təmirinə tələbat olan heç bir təhsil müəsssisəsi qalmayacaqdır. Ən müsbət cəhətlərdən biri də odur ki, yeni tikilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələri müasir inventar- avadanlıqlarla, informasiya və kommunukasiya texnologiyaları ilə tam təmir olunmuşlar.

Son illər regionların sosial-iqtisadi inkişafı sahəsində əldə edilən uğurların nəticəsidir ki, rayon mərkəzindən xeyli aralıda yerləşən ucqar kəndlərdə, o cümlədən, Filfilli, Böyük Söyüdlü, Xaçmaz, Xalxal, Malux yaşayış məntəqəsində yeni tədris binalarının tikintisi Oğuz təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsində və böyüməkdə olan gənc nəslin keyfiyyətli təhsil almasında mühüm rol oynayır.

...Bax belə, Oğuzun baharın bir addımlığındakı günləri barədə söz açdıq və bu cənnət-misallı diyarı soyudan qarın yavaş-yavaş zirvələrə doğru çəkildiyini, “köç etdiyini” sezdik və yazdıq. Eyvaz müəllimin məruzəsində isə başqa bir məqama da diqqət verdik. Məlum oldu ki, ən müasir məktəb binaları da yavaş-yavaş üzü dağlara doğru, ən ucqar kəndlərə sarı gedir. Hər bir məktəbdə isə çoxsaylı kompyuterlər, informasiya-texnologiya vasitələri var. Eyvaz Qurbanov qeyd etdi ki, bu gün Oğuzda hər 18 şagirdə bir kompyuter düşür. Deməli, həqiqətən, təkcə qar deyil, həm də Oğuzun təhsili, gəncliyi, gələcəyi üzü zirvələrə doğru gedir...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 6 mart.- S. 8.