Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir

 

Martın 6-da Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrəİdarəsi ilə Ümumdünya Gömrük Təşkilatının birgə həyata keçirdiyi “Konteyner Daşınmalarına Nəzarət” və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Nümayəndəliyinin “Azərbaycanda və Mərkəzi Asiyada prekursorlara nəzarət” adlı layihələri çərçivəsində “Ford Ranger” markalı xüsusi nəqliyyat vasitəsinin, eləcə də müxtəlif avadanlıqların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təqdim olunması ilə bağlı xüsusi mərasim keçirilmişdir.

 

Mərasimdən öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri Aleksandr Sıçovu və proqram koordinatoru Qalina Fomaidini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan DGK sədri Aydın Əliyev ilk öncə bu nəcib təşəbbüsə görə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinə təşəkkürünü bildirmiş, qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərindən bəhs etmişdir. Ümumiyyətlə, BMTilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açan DGK sədri 1999-cu ilin yanvar ayından icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında “Azərbaycan Respublikası Dövlət GömrükKomitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması” layihəsindən, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışmışdır.

Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev avtomatlaşdırılmış sistemin informasiya mübadiləsinə və məlumatların operativ surətdə sərhəddən mərkəzə çatdırılmasına münbit şərait yaratdığını, gömrük prosedurlarının və potensialının gücləndirilməsi üzrə planlaşdırılan fəaliyyətin inkişafına layiqli töhfə verdiyini xüsusi olaraq vurğulamışdır.

2011-ci ildə Bakıda BMT-nin dəstəyi ilə keçirilən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq Konfransda BMT-nin arkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovun iştirakını məmnunluqla xatırlayan DGK sədri bu mötəbər konfransın əhəmiyyətindən danışmış, ümumiyyətlə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Azərbaycan Gömrük Xidmətinin son illər həyata keçirdiyi məqsədyönlü tədbirlərdən ətraflı bəhs etmişdir.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu günlərdə Əfqanıstan İslam Respublikasına rəsmi səfəri barədə də qonaqlara məlumat vermiş, Azərbaycan gömrük xidməti tərəfindən bu ölkənin gömrük orqanlarına müxtəlif avadanlıqların, gömrük işinə aid ədəbiyyatların, həmçinin narkotik maddələrin aşkarlanması üzrə təlim keçmiş iki ədəd kinoloji xidmət itinin Əfqanıstan Beynəlxalq Hava Limanında fəaliyyət göstərən polis orqanlarına hədiyyə edildiyini diqqətə çatdırmışdır. Ümumiyyətlə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən dünyanın müxtəlif ölkələrinin gömrük xidmətlərinə-Türkiyə, Makedoniya, Bolqarstan, Gürcüstan, Monqolstan və s. ölkələrə kinoloji xidmət itlərinin təmənnasız olaraq hədiyyə edildiyini qeyd edən komitə sədri gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulamışdır.

İstər fiskal funksiyanın yerinə yetirilməsində, gömrük nəzarətinin təşkilində, istərsə də qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizədə müstəqil Azərbaycanın gömrük orqanlarının rolundan bəhs edən Aydın Əliyev Gömrük Xidmətinin maddi- texniki bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunmuş və qeyd etmişdir ki, hazırda bütün gömrük-keçid məntəqələri yenidən qurulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bu işlərdən sonra Azərbaycan sərhədlərində bütün mal və nəqliyyat vasitələri sadələşdirilmış qaydada gömrük nəzarətindən keçir ki, bu da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə öz töhfəsini verir.

Xoş sözlərə və səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkürünü bildirən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Nümayəndəliyinin rəhbəri Aleksandr Sıçov müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə etmiş və bu inkişafın nəticəsi olaraq Azərbaycan Gömrük Xidmətinin bir sıra ölkələrə, o cümlədən Əfqanıstan kimi qeyri-sabit bir bölgəyə etdiyi təmənnasız yardımları yüksək qiymətləndirmişdir. Bu gün təqdim olunacaq avadanlıqlar barədə məlumat verən qonaq, ümumiyyətlə, BMT-nin Azərbaycan Gömrük Xidmətinə yardımını bundan sonra da əsirgəməyəcəyini bildirmiş, mövcud olan sıx və səmərəli münasibətlərin gələcək perspektivlərindən bəhs etmişdir.

Sonra Dövlət Gömrük Komitəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata keçirdiyi, eləcə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsiMərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin müvafiq layihələri çərçivəsində Azərbaycan tərəfinə verilən avadanlıqların təqdim edilməsi mərasimi keçirilmişdir. Məlumat verilərək bildirilmişdir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata keçirdiyi “Konteyner daşınmalarına nəzarət” layihəsinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Əfqanıstandan narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə” adlı fazası çərçivəsində Dövlət Gömrük Komitəsinə təhvil verilən avadanlıqlar “Bakı Beynəlxalq Liman” dəniz nəzarət postunda və Astara Gömrük İdarəsində yaradılması planlaşdırılan konteynerlərə nəzarət bölmələrinin təchizatı üçün nəzərdə tutulmuşdur. Bu avadanlıqlara kompyuterlər, printerlər, USB cihazı kabelləri, UPS cihazları, printer-skaner aparatı, rəqəmsal fotokamera və gömrük nəzarətinin həyata keçirilməsi üçün vasitələr daxildir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin “Azərbaycanda və Mərkəzi Asiyada prekursorlara nəzarət” adlı layihəsi çərçivəsində isə Dövlət Gömrük Komitəsinə “Ford Ranger” markalı xüsusi nəqliyyat vasitəsi, CT30 KİT markalı baxış komplekti, kimyəvi maddələrdən müdafiə  üçün vasitələr, naviqasiya cihazı (GPS), prekursorların müəyyən edilməsi üzrə komplektlər təhvil verilir. Sözügedən nəqliyyat vasitəsi və avadanlıqlar DGK mobil qruplarının narkotik vasitələrin hazırlanmasında istifadə oluna bilən və qaçaqmalçılıq yolu ilə keçirilən prekursorları aşkarlamaları və qanunsuz dövriyyədən çıxarmaları üçün nəzərdə tutulmuşdur.

 

 

DGK-nın mətbuat xidməti

 

Xalq qəzeti.- 2013.- 7 mart.- S. 5.