Qadın – ən müqəddəs varlıq, ən əziz insan

 

Zeynəb XANLAROVA,  Milli Məclisin deputatı:

 

Azərbaycan qadınları tarixən ismətli, qeyrətli,  mərd, qəhrəman  olublar. Qadınlarımız həmişə onlara tapşırılan işin öhdəsindən şərəflə gəliblər. Biz həmişə qəhrəman qadınlarımızla fəxr etmişik. Qadınlarımıza daim etimad göstərilib, onlara mühüm vəzifələr etibar edilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadınlara böyük etimad göstərilərdi. Azərbaycan qadınları SSRİ Ali Sovetinin deputatı seçilmiş, Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ada layiq görülmüş, Vətənin ən ali mükafatları ilə təltif olunmuş dövlət işlərində məsul vəzifələrdə çalışmışlar.  Qadınlarımız onlara göstərilən  etimadı öz əməkləri ilə doğruldublar.

Ulu öndərin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınlarımıza yenə böyük etimad göstərilir, onlar icra hakimiyyəti orqanlarında müxtəlif vəzifələrə təyin edilirlər, deputat seçilirlər müxtəlif vəzifələrdə çalışırlar.

Bu gün 8 Mart Beynəlxalq Qadınlar  bayramıdır. Fürsətdən istifadə edərək bütün anaları, bacıları, qızları bu əziz bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm, onlara ailə səadəti, xoşbəxtlik, cansağlığı arzulayıram.

Qadın anadır, bacıdır, ən əziz varlıqdır. İnanıram ki, Azərbaycan qadınları daim Vətənin, xalqın, millətin xoşbəxt gələcəyini düşünəcək, bu yolda bütün qüvvələrini sərf edəcəklər.

 

Bayramınız mübarək olsun, əziz xanımlar!

 

Sədaqət VƏLİYEVA,

 

Milli Məclisin deputatı:

 

– Bu gün iftixarla deyə bilərəm ki, Azərbaycan qadınlarının xoş sədaları artıq dünyanın müxtəlif ölkələrindən eşidilir. Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, mədəniyyətimizin incəsənətimizin dünya miqyasında tanıdılmasında Azərbaycan qadınlarının rolu böyükdür. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycanın birinci xanımı xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərdə mədəniyyətimizi, incəsənətimizi, muğamlarımızı geniş təbliğ edir, ermənilərin  xalqımıza qarşı törətdikləri terror aktları barədə ətraflı məlumat verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü rəhbərliyi iləXocalıya ədalətbeynəlxalq kampaniyası, milli - mənəvi dəyərlərimizin təbliği, gənclərimizin yüksək tribunalar qazanması  da Azərbaycan xanımlarının beynəlxalq aləmdəki fəallığı kimi qiymətləndirilməlidir. Bütün bunlar bir daha təsdiqləyir ki, artıq Azərbaycan xanımları mötəbər beynəlxalq təşkilatların yüksək tribunalarından söz demək, ölkəmiz haqqında dünya birliyinə əsl həqiqətləri çatdırmaq qabiliyyətinə malikdir.

Azərbaycan xanımının parlaq siması olan Mehriban xanım Əliyeva başda olmaqla bütün xanımlarımızı bu bayram münasibəti ilə təbrik edir, onlara ailə səadəti arzulayıram. Qoy qadınlarımız həmişə günəş kimi parlaq olsunlar. Müstəqil dövlətimizin daha da çiçəklənməsi yolunda bütün  xanımlarımıza uğurlar arzulayıram.

 

Amaliya PƏNAHOVA,  Bakı Bələdiyyə Teatrının direktoru, dövlət mükafatı laureatı, professor:

 

– Ana ən müqəddəs varlıq,ən gözəl nemətdir. O, müqəddəslərin müqəddəsi, paklığın ən uca zirvəsidir. Dünyada ana məhəbbətindən təmiz müqəddəs bir məhəbbət yoxdur. Hər cür məhəbbət, hər cür istək ana məhəbbəti qarşısında ya zəif, ya da təmənnalı məhəbbət kimi görünür. Ana ürəyi sanki  dibi görünməyən dərinlikdir.Burada həmişə bağışlanmağa, mərhəmətə yer tapılır. Ana qucağı elə bir isti beşikdir ki, bu beşiyin şirinliyini bütün insanlar  dadmışdır. Ana övladını yaşatmaq üçün canını qurban verən, hər bir əzab-əziyyətə qatlaşmağa hazır olan bir varlıqdır.

Bu gün yer üzündəki bütün  qadınların əziz bayramıdır. İstərdim ki,  analarımız hər zaman sevincli olsun, üzlərindən təbəssüm heç vaxt əskik olmasın.  Ölkəmizdə qadınlara daim yüksək diqqət qayğı göstərilib. Qadınlarımız, qızlarımız xarici ölkələrdə keçirilən tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edir, ictimai-siyasi hadisələrdə fəal iştirak edirlər. Bu, hər birimizin fəxridir.

Bu əziz gündə bütün qadınlarımıza cansağlığı arzulayıram. Arzu edirəm ki,  doğma yurd-yuvalarından, isti ocaqlarından  didərgin salınmış xanımlarımız da bu gözəl bayramı  ata - baba torpaqlarında  keçirsinlər. Mən inanıram ki, həmin günə az qalıb. Gün gələcək ki, biz 8 Mart Beynəlxalq Qadınlar Gününü xalqımız üçün əziz  olan Novruz bayramını Dağlıq Qarabağda təmtəraqla keçirəcəyik.

 

Bayramınız mübarək, əziz analar!

 

 

Xalq qəzeti.- 2013.- 8 mart.- S. 5.