SUMQAYIT — sabaha boylanan şəhər

 

Sonsuz iftixar hissilə demək olar ki, bu gün Azərbaycan təkcə cənubi Qafqazda və MDB məkanında deyil, bütün dünyada sosial-iqtisadi inkişaf baxımından öncül yer tutan ölkələrdən sayılır. Bunu mötəbər beynəlxalq iqtisadi-maliyyə qurumları da dəfələrlə etiraf ediblər. Son illərdə dünyanı, o cümlədən Avropanı kəskin maliyyə böhranı bürüməsinə baxmayaraq, Azərbaycanın elmi əsaslara söykənən düşünülmüş konseptual yüksəlişi davam və inkişaf etməkdədir. Təsadüfi deyil ki, indi Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə MDB-də birinci, dünya miqyasında isə 46-cı yerdə qərar tutmuşdur.

 

Uğurlarımızın təməlində məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən xaricidaxili siyasətinin durması birmənalıdır. İkinci dəfə dövlət müstəqilliyimizə qovuşduqdan sonra ümummilli liderin siyasi iradəsi və qətiyyətli addımları nəticəsində ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradıldı, həyatın bir sıra vacib sahələri dirçəldildi, dinamik inkişafa nail olundu və Azərbaycanın mövqeləri tədricən güclənməyə başladı. İqtisadi islahatlar, yeni idarəetmə metodlarının tətbiqi real bəhrələrini verdi. İndi artıq regiona aid heç bir beynəlxalq layihə Azərbaycanın razılığı və iştirakı olmadan gerçəkləşdirilə bilməz.

Ölkəmizin nailiyyətlərinin davamlı xarakter almasını təmin edən möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən məqsədyönlü şəkildə aparılan islahatlar və neft kontraktlarının gətirdiyi gəlirlərdən düzgün istifadə sayəsində sosialyönümlü tədbirlərin reallaşdırılmasına start verdi. İqtisadi sahə ilə paralel şəkildə sosial sferanın da inkişafı vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşmasını təmin etdi. Yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə endi. Regionların sosial-iqtisadi inkişafına dair mühüm dövlət proqramları tərəqqinin üfüqlərini daha da genişləndirdi. Bölgələr də abadlıq-quruculuq yürüşünə qoşuldu. Kənd və qəsəbələrdə müasir məktəblər, sosial-mədəni obyektlər tikildi. Əyalətlərdə iri şəhərlərin belə həsəd apara biləcəyi Olimpiya idman kompleksləri, müalicə-diaqnostika mərkəzləri inşa olundu. Nəqliyyat infrastrukturu təzələndi, magistral avtomobil yolları ən yüksək səviyyədə təmir edildi. Əhalinin elektrik enerjisi, qazsu təchizatı problemləri, demək olar ki, birdəfəlik həllini tapdı.

Çıxışlarında əsl siyasətin real, konkret işlər görməkdən ibarət olduğunu dönə-dönə vurğulayan cənab İlham Əliyev tez bir zamanda ona bəslənən ümidləri tamamilə doğrultmuş, adamların, sadə vətəndaşların arzularını gerçəkləşdirməyə çalışmaqla, onların mənafeyinə uyğun olaraq həqiqi fərəh doğuran önəmli addımlar atmışdır.

Qeyri-neft sahələrinin inkişafına prioritet verən dövlətimizin başçısı rabitə və informasiya texnologiyalarının geniş tətbiqi, elektroenergetikanın, emal sənayesinin genişləndirilməsi və sair bu kimi önəmli tədbirlərə hərtərəfli rəvac verir. Azərbaycan artıq regionun lider dövləti olmaqla yanaşı, enerji təhlükəsizliyi sahəsində Avropanın ən etibarlı tərəfdaşı sayılır.

Dünya elmi-texniki tərəqqi məkanında ölkəmizin layiqli yerini tutması artıq xəyal deyil. Bu il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1”-in uğurla orbitə buraxılması yeni tariximizin çox əlamətdar hadisəsi, dövlətimizin böyük qələbəsidir.  Bildiyimiz kimi, cari il Azərbaycanda “İnformasiyakommunikasiya texnologiyaları ilielan edilib. Eyni zamanda, bu yaxınlarda ölkə rəhbərinin Bakıda İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə sərəncam imzalaması gözəl perspektivdən soraq verir.   Beləliklə, Azərbaycanda artıq kosmik sənayenin də inkişafı start götürmüşdür.

Bəli, ölkəmizin beynəlxalq nüfuzu artır. Tərəqqi hər kəsin məişətinə daxil olur, adi həyat normasına çevrilir. Bu günlərdə mətbuatda verilən məlumata görə, 2013-2015-ci illərdə Azərbaycanda “Milli genişzolaqlı internetin inkişafı” layihəsi tətbiq edilməyə başlayır ki, bunun da nəticəsində ən ucqar yaşayış məntəqələri də daxil olmaqla hər bir evə ən müasir internet xidmətləri verəcək optik şəbəkənin qurulması nəzərdə tutulur.

Ölkə üzrə yeniləşmə və yüksəliş meylləri son iki ildə Sumqayıt şəhərində də geniş vüsət almışdır. Ötən il iki dəfə Sumqayıta gələn möhtərəm Prezidentimiz İlham Əliyev şəhərimizin inkişafından  razılığını bildirmişdir: “Sumqayıt artıq böyük sənaye mərkəzinə çevrilibdir. Qəbul edilmiş qərarların icrası nəticəsində yaxın illərdə Sumqayıt dünya miqyasında böyük sənaye mərkəzinə çevriləcəkdir. Burada yeni müəssisələr, texnologiya parkları, yeni binalar tikilir, abadlıq işləri gedir...”

Ümumiyyətlə, cənab İlham Əliyevin Sumqayıtın inkişafına qayğısı gündəlik səciyyə daşıyır. Şəhərimizə xüsusi münasibəti hər birimizin qəlbini riqqətə gətirir. Dövlət başçısı tərəfindən Sumqayıtla bağlı əsas konseptual xətt çox dəqiq müəyyən edilmişdir: buranı mühüm sənaye şəhərinə çevirmək.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin Sumqayıtla bağlı qərar və istəklərinin  ardıcıl həyata keçirilməsi üçün bütün qüvvə və imkanları səfərbərliyə almışdır. Prezidentin təşəbbüsü ilə yaradılan Sumqayıt texnologiyalar parkı özündə elmi-texniki tərəqqinin son nailiyyətlərini ehtiva edir. Postsovet məkanında bu parkın analoqu yoxdur. Bundan əlavə, kimya texnologiyaları və yüksək texnologiyalar parkları yaradılır, yeni müəssisələr tikilir. Bakı zavodlarının bir hissəsi Sumqayıta köçürülür. Bir sözlə, Sumqayıtın tərəqqisi üçün böyük məbləğdə vəsaitlər ayrılır və bu da şəhərin tərəqqisinə əsaslı stimul yaradır.

Şəhərimizin inkişafı burada tətbiq olunan iri layihələrin əsas hədəfidir. Yenilik meyli, xüsusi zövqü və təşəbbüskarlığı ilə fərqlənən şəhərin yeni rəhbərliyinin qarşısında Sumqayıtı tezliklə Bakı standartlarına yaxınlaşdırmaq vəzifəsi qoyulmuşdurbu istiqamətdə görülən işlərə dövlət səviyyəsində hərtərəfli dəstək verilir. Sənaye potensialı artır, sosial infrastruktur yenilənir. Böyük cidd-cəhdlə və durmadan müasirləşən şəhərdə sürətli inkişaf proqramları həyata keçirilir, abadlıq işləri xüsusi  dizaynla dünya  standartlarına uyğun, yüksək keyfiyyətlə gerçəkləşdrilir.

Bu yaxınlarda Sumqayıtda ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi. Şəhər İH başçısı Eldar Əzizovun etdiyi  hesabat  məruzəsindən əvvəl təqdim olunan sənədli filmi hədsiz maraqla izlədik. Şəhərimizin inkişaf dinamikası elə sürətlə gedir ki, sözün əsl mənasında, heyran qalmamaq olmur. Filmin fraqmentlərinə baxdıqca adam özünü, sanki, yeni bir məkanda – əsl gözəlliklər diyarında hiss edir. Hər tərəfdə canlanma, hər yanda yüksəliş var. Həmin toplantıda qeyd olundu ki, bir ildə şəhər üzrə bütün maliyyə mənbələrindən ayrı-ayrı sahələrin inkişafına 66 milyon manatlıqdan artıq əsaslı vəsait qoyulmuşdur. Şəhərdə hamısı daimi olmaqla 2915 yeni yeri yaradılmışdır. Mərkəzi küçə və prospektlər yenidən qurulmuş, yaşıllıqlar salınmışdır. Artıq Sumqayıtın “Sülh”, “Heydər Əliyev”, “Azərbaycan” küçələrinin siması tamamilə dəyişmişdir. Hara baxırsan göz-könül oxşayır. “Koroğlu”, “N.Nərimanov” və digər küçələrdə mövcud tikililər, yaşayış binaları yenidən qurulur. mərmərdən qoyulan səki daşları, binaların dam örtüklərinin və fasad hissələrinin yenilənməsi şəhərin gözəlliyini daha da artırır. Primitiv görkəmi ilə ətrafa xələl gətirən bütün iaşə obyektləri, sıxlıq yaradan köşklər yığışdırılıb və onların yerində xüsusi zövqlə hazırlanmış layihələr əsasında yeni hiper, supermini marketlər, ofislər tikilib. “Nümunəvi məhəllə”lərin sayı durmadan artır. Hər tərəfdə quruculuq işləri eyni vüsətlə davam etdirilir. Bu gözəlliyi, səliqə-sahmanı görən hər kəs təmizliyə riayət etməyə, yaradılanların korlanmasına yol verməməyə, çəkilən zəhmətə hörmətlə yanaşmağaonu lazımınca dəyərləndirməyə, tərəqqiyə, yeniliyə şəxsi töhfəsini verməyə çalışır.

Təxmini hesablamalara görə, yaxın bir neçə ildə Sumqayıt əhalisinin sayı 700 mini keçəcək. Bu səbəbdən şəhərdə infrastruktur obyektlərinin inşası prosesində həmin amil bəri başdan nəzərə alınır. İndi Sumqayıtda şəhər təsərrüfatı elə formada qurulur ki, əhalinin sayının artması fonunda yaxın on il ərzində heç bir problem yaranmasın. Bir neçə məhəllənin yaşayış binaları artıq fiziki və mənəvi cəhətdən köhnəldiyi, müasir standartlara cavab vermədiyi üçün həmin ərazidə yeni şəhərciyin salınması nəzərdə tutulur. Hələlik ilkin olaraq şərti adı “Yeni Sumqayıt” olan şəhərcik gələcəkdə əhalinin mənzil probleminin həllində mühüm rol oynayacaqdır.

Şəhər sakinlərinin əsas ziyarət yeri sayılan Heydər Əliyev abidəsinin ətrafı xüsusi zövqlə abadlaşdırılmış, gül-çiçəyə qərq olmuşdur. Həmin ətrafdakı binaların fasaddam hissələrinin təmiri, işıq effektləri ilə bəzədilməsi qeyri-adi təsir bağışlayır. Müasir yol infrastrukturu, qarşı tərəfdəki xiyaban və fəvvarələr, kiçik istirahət guşələri, heykəlciklər, bəzək atributları, əlvan reklam şəbəkələri, yerdə yaradılmış nəhəng şahmat oyun lövhəsi və sair Sumqayıta məxsus sırf şəhər elementlərini daha da zənginləşdirir.

Ön görünüşü tamamilə yeni biçimdə sərgilənən şəhər icra hakimiyyətinin inzibati binası rəhbərliyin yenilik əzminin daha bir bariz təzahürüdür. Bu binanın qarşısında, Dövlət Dram Teatrı ilə üzbəüz avtomobil yolunun ləğvi və möhtəşəm meydan yaradılması təqdirəlayiqdir. Yeni meydan açıq havada mədəni-kütləvi tədbirlər keçirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Artıq burada bir neçə belə tədbir uğurla reallaşdırılmışdır. Həmin meydana Londondan gətirilmiş məxsusi döşəmə daşlar düzülmüşdür ki, bu da mənzərəyə klassik görkəm verir. Burada yaradılmış  Bayraq meydanı isə ərazinin ümumi ansamblına xüsusi rəng qatır. Polad dirəklər üzərində, 70 metrlik ucalıqda dalğalanan əzəmətli üçrəngli dövlət bayrağımız şəhərin, demək olar ki, hər tərəfindən görünür və hər kəsin qəlbini qürurla döyündürür.

Nəsiminin abidəsinin yerləşdiyi dairənin ətrafındakı 10-a qədər bina klassik memarlıq üslubunda bəzədilmişdir. Yeri gəlmişkən, bütün bu işlər heç də özfəaliyyət xarakteri daşımır. Respublikamızın tanınmış arxitektorları abadlıq-quruculuq tədbirlərinə cəlb edilir və onların elmi cəhətdən əsaslandırılmış təklifləri nəzərə alınmaqla, ərazilərin landşaft quruluşunu dolğunlaşdırmaq şərti ilə  müvafiq addımlar atılır. Bu, şəhərsalmada xüsusilə vacib amil sayılır.

Heydər Əliyev parkında əsaslı yenidənqurma işləri geniş vüsət almışdır. Ötən il yay istirahət mövsümü ərəfəsində parkın böyük bir hissəsi istifadəyə verilmişdir. Müasir işıqlandırma sistemi, piramida tipli estakadalardan ibarət modern giriş hissə, mərmər üzlüklü divarların oyuq-çərçivələrində ulu öndərin həyat və fəaliyyətinə dair nadir tarixi fotoların yerləşdirilməsi, parkın qarşı tərəfində 8 metr hündürlükdə ucaldılmış böyük saat qülləsi, fəvvarələr  ilk baxışdan diqqəti çəkir.

Parkın  yaşıllığı artırılaraq qaydaya salınmışdır. Burada uşaqlar üçün maraqlı əyləncə guşələri, attraksionlar yaradılmış, ətraflarda yeni dizaynda çoxlu sayda yaraşıqlı və rahat oturacaqlar, tullantı qutuları qoyulmuşdur. Park boyunca yerə səliqə ilə ornamentli tamet plitələr döşənmişdir. Hazırda bu parkın digər hissəsində işlər sürət və keyfiyyətlə davam etməkdədir. Heydər Əliyev Mərkəzi, digər mühüm sahələr yaradılır. Anadan olmasının 90 illiyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız ulu öndərin adını daşıyan parkın və mərkəzin tezliklə ən yüksək səviyyədə istifadəyə veriləcəyi artıq indidən qəlblərimizi fərəhləndirir.

Abadlaşdırılması bilavasitə dövlət rəhbərinin nəzarətində olan, yüz hektara yaxın ərazini əhatə edən Nəsimi adına mədəniyyət və istirahət parkında isə əsaslı yenidənqurma işləri şəhər stadionu ərazisindən “Göyərçin” abidə kompleksinə qədər artıq yekunlaşmışdır. Parkda zövqlə davam edən işlərin növbəti mərhələsi bu yerlərin daha da cəlbedici olacağından soraq verir. Möhtərəm Prezidentimiz İlham Əliyev Sumqayıta hər gəlişində bu parka baş çəkir və görülən işlərlə maraqlanıb tövsiyələr verir. Şəhər ictimaiyyətinin nümayəndələri ilə buradakı görüşü zamanı ölkə rəhbəri Sumqayıtı gözəlləşdirmək üçün konkret planların olduğunu diqqətə çatdırmışdır: “Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Çünki Bakı bulvarı dünyanın ən gözəl bulvarlarından biridir, bəlkə də birincisidir”.

İndi Sumqayıtda daha bir böyük meydan tikilir. Bu meydan “Kimyaçı” sarayının qarşısında olacaq. Elə sarayın özündə də əsaslı şəkildə yenidənqurma işləri aparılır.

Azərbaycan dünya miqyasında tolerantlığı, dini dözümlülüyü ilə seçilən ölkələrdəndir.  Azərbaycan rəhbərinin Sumqayıta səfəri zamanı şəhər dindarları Cümə məscidinin yenidən qurulması ilə bağlı Prezidentə müraciət etmişdilər. Cavabı çox gözləmək lazım gəlmədi. Prezidentin tapşırığı ilə Sumqayıt Cümə məscidində əsaslı təmir işlərinə başlandı. Artıq bu işlər sona çatmaqdadır. Ümumiyyətlə, məsciddə aparılan işlər ölkə rəhbərinin birbaşa təklif və tövsiyələri əsasında reallaşdırılıb. Məscidin yanında 34 metrlik minarə ucaldılıb. Giriş qapısı Şərq memarlığı üslubunda xüsusi daşlarla bəzədilmiş, içəridə İslam qaydalarına uyğun bəzək işləri görülüb. Ətrafın abadlaşdırılması, yaşıllaşdırılması da diqqət mərkəzindədir. Ziyarətgaha gedən yollar da asfaltlaşdırılaraq standart qaydalara uyğunlaşdırılıb.

Sumqayıtda uğurla tətbiq edilən mühüm layihələrdən biri də şəhər rəhbərliyinin daim diqqət mərkəzində olan nümunəvi məhəllələrin yaradılmasıdır. Bu barədə iki il öncə qəbul olunan qərar dərhal dəstəkləndi. Əvvəlcə şəhərin 13 və 18-ci mikrorayonlarında, Corat qəsəbəsində belə məhəllələr yaradıldı və mərasimlər “açıq mikrofon” formasında keçirildi. Sakinlərin arzuları, təklif və şikayətləri dinlənildi və fəaliyyət planlarına salınmaqla icrası həyata keçirildi. Artıq şəhərimizdə əhalinin sıxlıq təşkil etdiyi ərazilərdə müvafiq infrastruktura malik 7 nümunəvi məhəllə yaradılaraq sakinlərin istifadəsinə verilmişdir. Nümunəvi məhəllələr tam asfaltlaşdırılmış, ətrafında yeni ağaclar əkilmiş, xeyir-şər evləri tikilmiş, kölgəlik-çardaqlar quraşdırılmış, çoxsaylı oturacaqlar qoyulmuşdur.

Bir vaxtlar Sumqayıt gənclik şəhəri adlanırdı. Gələn il 65 yaşı tamam olacaq şəhər indi, sözün  həqiqi  mənasında, gəncləşməkdə, təzələnməkdədir. Burada humanitar sahənin də inkişafına dövlət qayğısı gücləndirilmişdir. Son dövrlərdə Sumqayıtın səhiyyə obyektlərinin modernləşdirilməsi, onların ən müasir tibbi texniki avadanlıqla təmin edilməsi sahəsində işlər uğurla həyata keçirilir. Möhtərəm Prezidentimizin 1 saylı xəstəxananın ən müasir səviyyədə yenidən qurulması haqqında sərəncamı şəhər ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanmışdır.

Şəhərmizin təhsil, mədəniyyət və digər mühüm sahələri üzrə də müasir infrastrukturun qurulması prosesi qabaqcıl təcrübəyə uyğun aparılır. Son dövrlərdə neçə-neçə məktəb binası əsaslı təmir edilmiş, yeniləri tikilərək maddi-texniki bazası genişləndirilmişdir...

 Bu yaxınlarda 50 illik yubileyi qeyd olunan Sumqayıt Dövlət Universitetində geniş abadlıq-quruculuq işləri  aparılmış, universitetin maddi-texniki bazası gücləndirilmişdir. Ölkə rəhbəri tərəfindən SDU-nun  bir qrup əməkdaşının yüksək  fəxri adlara və  təltiflərə layiq görülməsi böyük rəğbət  və ehtiramla qarşılanmışdır.

Bəli, ulu öndərin “Kiçik Azərbaycan” adlandırdığı sahil şəhəri Sumqayıtın inkişafında artıq onuncu ildir ki, İlham Əliyev mərhələsi başlanmışdır. Bu isə sürətli tərəqqi, inkişaf, yüksəliş dövrü deməkdir. Sumqayıt ünvanlı xariqələr hər birimizi ürəkdən sevindirir. Axı Sumqayıt bizim taleyimizin şəhəridir. Unudulmaz xalq şairimiz Nəbi Xəzri vaxtilə qələmə aldığı məşhur poemasında Sumqayıtın taleyinin, arzusunun nura boyandığını poetik tərzdə gözəl ifadə etmişdir:

 

Sumqayıt cavandır,

 

              cavandan cavan,

 

Taleyi, arzusu nura

 

                        boyanmış.

 

Sumqayıt oxuyur

 

            göylərə meydan,

 

Ayağı torpaqda

 

       möhkəm dayanmış...

 

Həqiqətən , hazırda bizim doğma şəhərimizin taleyi sözün əsl mənasında, nura boyanmaqda həyatımızı daha da gözəlləşdirməkdədir. Sumqayıtın sabahı bundan da gözəl olacaqdır. Deməli, bu şəhərdə yaşamaq, yaratmaq həqiqi xoşbəxtlikdir. Addım-addım Bakıya yaxınlaşan, paytaxt standartlarına yaxınlaşan yüksək səliqə-sahmanlı şəhərimizdə uğurların coğrafiyası getdikcə genişlənir. Çox keçməz ki, Sumqayıt təkcə Azərbaycanın deyil, bütün regionun ən qabaqcıl şəhərlərindən birinə çevrilər...

 

 

Nadir QƏHRƏMANOV,

Sumqayıt Dövlət Universitetinin

rektoru, professor

 

Xalq qəzeti.- 2013.- 14 mart.- S. 8.