Binəqədi rayonunda muğam festivalı keçirilmişdir

 

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayondakı uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə muğam festivalı keçirilmişdir.

 

Festivalın əvvəlində 11 nömrəli uşaq musiqi məktəbinin direktoru  Rövşən Məmmədov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin musiqimizin inkişafına göstərdiyi yüksək diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi yüksək dəyər xalqımız tərəfindən həmişə böyük rəğbət və hörmətlə qarşılanır.

Qeyd edilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban Əliyevanın musiqi mədəniyyətinin, muğamın inkişafında misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın gərgin zəhmətinin bəhrəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Xüsusi mühafizə edilən irs” siyahısına salınmışdır.

Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli, silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.

Festivalda  M. Maqomayev adına 26 və 11  nömrəli uşaq musiqi, 6 nömrəli uşaq incəsənət məktəbləri şagirdlərinin ifasında səslənən muğamlar böyük heyranlıqla qarşılanmışdır.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov şagirdləri təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 16 mart.- S. 10.