Qardaş Türkiyənin
işğalçı Ermənistanla əməkdaşlıq
etməsinin səbəbi nədir?
Azərbaycan - Türkiyə
münasibətlərindəki yaxşılaşma
tendensiyası, Bakı — Ankara əməkdaşlığının
və tərəfdaşlığının ildən-ilə
genişlənmə sürəti, eləcə də Azərbaycan
türkləri ilə Anadolu türkləri arasındakı səmimiyyət,
anlaşma, inam və etimadın analoqu dünyanın heç
bir yerində qeydə alınmamışdır və bəlkə
də heç zaman belə bir nümunə yaranmayacaqdır. Bunun
bir səbəbi hər iki dövlətin əhalisinin eyni
kökdən olması ilə əlaqədardırsa, digər
səbəbi də, həm Ankaranın, həm də
Bakının dövlətçilik prinsiplərinin təməlində
mehriban qonşuluq siyasətinin və humanist dəyərlərin
dayanmasıdır. Yəni xalqlarımız da, dövlətlərimiz
də insansevərlik və səmimi anlaşma kimi sivil dəyərləri
daim uca tutmuşlar.
Azərbaycan
- Türkiyə münasibətlərinin mövcud səviyyəsindən
danışarkən iki ən mühüm məqamı yada
salmaq kifayətdir. Əvvəla, 1991-ci ildə Azərbaycan
Respublikası öz dövlət müstəqilliyini bərpa
edərkən onu ilk tanıyan və ilk diplomatik münasibətlər
quran ölkə məhz Türkiyə Cümhuriyyəti
olmuşdur. İkinci, Ermənistan öz havadarlarının hərbi
və siyasi dəstəyi ilə Azərbaycan ərazilərini
işğal edərkən, bu işğala beynəlxalq aləmdən
gələn ən kəsərli etirazın müəllifi də
elə Türkiyə olmuşdu. Türkiyə Azərbaycan torpaqlarının
işğalına etiraz olaraq Ermənistanla öz sərhədlərini
bağlamış, bu qapıların Azərbaycan əraziləri
işğaldan azad edildikdən sonra
açılacağını bildirmiş, təcavüzkar
ölkə ilə diplomatik münasibətlər
qurmayacağını bəyan etmişdir. Uzun illər
güclü dövlətlərin və aparıcı beynəlxalq
təşkilatların çoxqütblü təzyiqlərinə
baxmayaraq, Türkiyə dövləti Ermənistanla sərhədlərin
açılması üçün Azərbaycan
torpaqlarının işğaldan azad olunmasını şərt kimi ortaya qoyur. Ankaraya təzyiq
göstərmək istəyən qüvvələr də, Ankara
da, İrəvan da yaxşı bilirlər ki, Türkiyə -
Ermənistan sərhədlərinin açılması, ilk
növbədə, iqtisadi böhran içərisində
çabalayan Ermənistana nəfəs verilməsi, daha sonra isə
Ermənistanın növbəti həyasızlıqlarının
stimullaşdırılması ilə nəticələnəcək.
Ona görə də tarixin bütün dönəmlərində
ayıq siyasət yeridən türk diplomatiyası Ermənistanla
sərhədin açılmasına etiraz etmir, bir şərtlə
ki, bu sərhədlərin bağlanmasına səbəb olan
amillər aradan qaldırılmış olsun.
Azərbaycanın
və Türkiyənin ölkələrimizin milli
maraqlarının qorunmasında qətiyyətli mövqe
nümayiş etdirməsi, hər iki ölkənin daxilindəki
bəzi qüvvələri ciddi narahat edir. Bu qüvvələr
çalışırlar ki, Ankara və Bakının ölkələrimiz
üçün xüsusi əhəmiyyətə malik olan məsələlərdə
həmrəylik nümayiş etdirməsinə maneçilik
törətməklə onların regiondakı mövqelərinin zəifləməsinə səbəb
olsunlar. Təbii ki, bunu ən
çox istəyən və arzulayan ermənilər və rəsmi
İrəvanın tərəfdarlarıdır. Hətta
Türkiyənin daxilində də bu qüvvələr kifayət
qədər siyasi-iqtisadi rıçaqlar əldə ediblər.
Məhz həmin qüvvələrin, eyni zamanda Qərbin,
xüsusilə də ABŞ hakimiyyətinin təzyiqi və dəstəyi
ilə 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə ilə
Ermənistanın xarici işlər nazirləri — Əhməd
Davudoğlu ilə Edvard Nalbandyan arasında diplomatik münasibətlərin
qurulmasını və sərhədlərin
açılmasını nəzərdə tutan iki protokol
imzalanıb. Bu, Türkiyədə və
Azərbaycanda çox ciddi
etirazlara səbəb olmuşdu.
Ümumiyyətlə,
qardaş və dost Ankaranın Ermənistanla iqtisadi-ticarət
əlaqələri, siyasi yaxınlaşma meyilləri
Türkiyənin öz daxilində və Azərbaycan ictimaiyyətində
həmişə narazılıqla qarşılanıb. “Futbol”
və ya “Pendir” “diplomatiyaları”nı xatırlayaq. Türkiyə
Prezidenti Abdullah Gülün işğalçı Ermənistana
səfəri zamanı Türkiyənin daxilində baş
qaldıran etiraz dalğasını da unutmayaq. Yəni
Türkiyə ictimaiyyəti, siyasi partiyalar heç vaxt bu məsələlərdə
kənarda qalmamış və iki xalqın təzyiqi nəticəsində
qardaş ölkə hakimiyyəti “erməni
açılımı”na son qoymağa məcbur olmuşdu.
Bu
illər ərzində Azərbaycan xalqının Türkiyə
hakimiyyətindən bir istəyi olub - rəsmi Ankara
torpaqlarımızın işğalı davam etdikcə Ermənistanla
diplomatik, siyasi, iqtisadi, humanitar və digər sahələrdə
təmaslardan çəkinsin. Təəssüflə qeyd
edirik ki, Türkiyədə müəyyən dairələr
Ermənistana “xoş münasibətlərini” bu gün də
davam etdirirlər. Belə ki, bu il Ermənistanda saxta
seçkilərin nəticəsi elan olunan kimi Türkiyə
Prezidenti Abdullah Gül hətta Rusiya, Fransa prezidentlərindən
də qabaq erməni həmkarını təbrik etdi. Azərbaycan
ictimaiyyətinin narazılığına isə belə izahat
verildi ki, bu diplomatik etiketdir. Sual ortaya çıxır:
strateji müttəfiqi olan Azərbaycanın
torpaqlarının işğalında və oradakı kütləvi
qətliamlarda birbaşa iştirak etmiş bir liderin
zorakılıqla Ermənistanda prezidentlik kürsüsünü
zəbt etməsi Türkiyə kimi qüdrətli və
demokratik dövlətin Prezidenti üçün nə önəmi
var? Beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Ermənistanda
keçirilən seçkilər total saxtakarlıq şəraitində
keçib. Bunu bir çox faktlar və bütövlükdə
erməni müxalifətinin ortaya qoyduğu dəlillər də
sübut edir. Yəni Ermənistan prezidenti legitim deyil. Legitim
olmayan prezidenti, eyni zamanda, əvəzsiz strateji müttəfiq
olan Azərbaycana düşmən olan bir dövlət
başçısını təbrik etmək
üçün canfəşanlıq göstərməyi
diplomatik etiket adlandırmaq nə dərəcədə
düzgündür? Bu, Azərbaycana, həmçinin Ermənistanda
hüquqları ayaqlar altına atılan minlərlə
seçiciyə və nəticədə demokratiyanın tələblərinə
sayğısızlıq deyilmi?
Məsələnin
daha yaxşı anlaşılması üçün
başqa bir arqumentlə fikrimizi daha aydın ifadə edə
bilərik. Belə ki, bu ilin fevralında yunan Kiprində
prezident seçkiləri keçirildi, “DİSİ” (“Demokratik toplantı”)
sağçı partiyasının namizədi Nikos Anastasiadis
dövlət başçısı seçildi. Görəsən,
Azərbaycan Prezidenti seçkinin səhəri günü
Avropa İttifaqının üzvü olan və hazırda bu quruma sədrlik edən,
bütün dünya tərəfindən tanınan Cənubi
Kipr prezidentini təbrik etsəydi, bunu Ankara necə
qarşılayardı? Əgər Azərbaycan Şimali Kiprə
olan diqqətini Cənubi Kiprə yönəltsəydi, bu
ölkə ilə iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrini
inkişaf etdirsəydi Ankarada bunu təbii
qarşılayardılarmı? Yəqin ki,
qarşılamazdılar. Bununla belə bütün Azərbaycan
vətəndaşları tam əmindirlər ki, bizim dövlət
başçımız heç vaxt bu addımı atmaz.
Çünki Prezident İlham Əliyev, sözün həqiqi
mənasında, qətiyyətli siyasətçidir və o,
türk xalqına, qardaş Türkiyəyə böyük məhəbbət
bəsləyir, həyata keçirdiyi xarici siyasətlə
etibarlı tərəfdaşlığın nümunəsini
göstərir.
Təəssüfləndirici
digər bir hal da ondan ibarətdir ki, Türkiyə rəsmiləri
Ermənistan ilə siyasi-iqtisadi əlaqələr
qurmadığını bəyan etsələr də, faktiki
olaraq bu ölkə ilə ticarət münasibətləri hər
keçən gün daha da genişlənir. 2008-ci ildə
Türkiyədən Ermənistana 11 min 300 böyük yük
maşınının keçməsi də iki ölkə
arasında ticarət dövriyyəsinin kifayət qədər
ciddi olduğunu göstərdi. Bu, indi daha da geniş miqyas alıb. Bu
gün düşmən ölkənin mağazalarını
türk malları doldurur, şəhərlərdə
qardaş Türkiyə şirkətlərinin
vitrin və loqoları bərq vurur. 2009-cu ildə Türkiyənin
“AtlasJet” aviaşirkətinin həftənin 3 günü
İstanbuldan İrəvana aviareys həyata keçirməsi,
həm də hava nəqliyyatına qoyulmuş embarqonun gözdən
pərdə asmaq məqsədi
daşıdığını təsdiq etdi. Həmin vaxt
Türkiyə rəsmiləri iddia etdilər ki, bu, özəl
şirkətdir və dövlətə heç bir aidiyyəti
yoxdur. Lakin “AtlasJet”in nümayəndəsi Əminə
Öztürk telekanallardan birinə bəyan etdi ki, Türkiyənin
Xarici İşlər Nazirliyi rəsmi Ankaranın siyasi və
iqtisadi münasibətlər qurmadığı Ermənistana
uçuşların həyata keçirilməsinə icazə
verib.
Bu
ilin yanvarında “Anadolu” agentliyinin verdiyi məlumatda qeyd olundu
ki, Türkiyənin “Van Way Airlines” şirkəti İrəvana
uçuşlar həyata keçirməyə
hazırlaşır. Yenə də bu şirkətin dövlətə
heç bir aidiyyəti olmadığı və vanlı
biznesmen Aslan Bayram tərəfindən idarə edildiyi
bildirildi. Artıq bu gün “Van Way Airlines” İrəvana reyslər həyata keçirir. Bu, əlaqələrin inkişafını
göstərən məqamlar
deyilmi?
Türkiyə Cümhuriyyəti regionun hərbi, iqtisadi cəhətdən olduğu
kimi siyasi-diplomatik baxımdan da lider ölkələrindən
biridir. Bunu son illərin hadisələri
bir daha sübut edir. Görəsən, qüdrətli Türkiyəni
nə vadar edir ki, iqtisadi
baxımdan tamamilə
tənəzzülə uğrayan,
səfil duruma düşən, totalitar rejimlə idarə olunan forpost Ermənistana bu qədər diqqət göstərir?
Sizin üçün
də maraqlı deyilmi? Ermənistan saxta “soyqırımı”
iddiası ilə Türkiyəyə daim təzyiq göstərir, dünyada ona qarşı kampaniya aparır, ərazi, təzminat iddiaları irəli sürür.
Bu ölkə Azərbaycan türklərinə
qarşı soyqırımı
törədib, Azərbaycanın
ərazilərini 20 ildir
işğal altında
saxlayır. Türkiyənin müəyyən dairələri
bundan nə vaxt Türkiyə və Azərbaycan xalqlarının maraqlarına
uyğun nəticə
çıxarıb mövqe
ortaya qoyacaqlar? Yəqin ki, hər şeyi
zaman göstərəcək.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 16 mart.- S. 9.