Qubada “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

 

AMEA Tarix İnstitutuQuba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Almaniya, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Gürcüstan, Bolqarıstan, Misir, Rumıniya və digər ölkələrdən olan tarixçi alimlər iştirak edirlər. APA ttp://apa.az/-nın Şimal bürosunun verdiyi məlumata görə, konfransın açılışından əvvəl iştirakçılar Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət etmişlər. İştirakçılar burada gördüklərindən dəhşətə gəldiklərini bildirmişlər.

 Məzarlıqda jurnalistlərin suallarını cavablandıran A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov son illərdə Azərbaycan hökumətinin və tarixçilərinin ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində çoxsaylı addımlar atdıqlarını vurğulamışdır. Bildirmişdir ki, bu istiqamətdə bir sıra irəliləyişlər əldə olunsa da dünya ictimaiyyətinin mövcud reallığı qəbul etməsi üçün hələ çox işlər görülməlidir.

Yaqub Mahmudov beynəlxalq  konfransda aparılacaq müzakirələr əsasında “İpək Yolu tarixi” adlı kitabın nəşr olunmasının nəzərdə tutulduğunu bildirmişdir.

Konfransın Almaniyadan olan iştirakçısı, “Xocalı” kitabının müəllifi Rolf Kunş jurnalistlərə açıqlamasında bildirmişdir ki, Azərbaycan dövlətinin bu soyqırımın tanıdılması istiqamətində səyləri təqdirəlayiqdir: “Bu, bir soyqırımı aktıdır”.

AKP Ankara millət vəkili, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Tülay Selamoğlu jurnalistlərə açıqlamasında ermənilərin təkcə azərbaycanlılara qarşı deyil, bütün türk xalqına qarşı soyqırımı törətdiyini vurğulamışdır. Onun sözlərinə görə, bu soyqırımın dünyada tanıdılması üçün birgə çalışmaq lazımdır.

 Cənubi Azərbaycandan olan tarixçi alim Məhəmməd Səbnasizadə  Urmiyada da kütləvi məzarlıqların olduğunu demişdir. O, ermənilərin törətdiyi bu kimi qırğınların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında belə beynəlxalq konfransların vacib rol oynadığını qeyd etmişdir.

 Albaniyalı tarixçi Muqa Entela azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktları ilə bağlı ölkəsində məlumatlandırma işini davam etdirəcəyini demişdir.

 Konfransda ümumilikdə 40-dan çox alim və tədqiqatçının “Azərbaycan və türk xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda məruzələrlə çıxış etməsi nəzərdə tutulmuşdur.

 Milli Məclisin deputatı Vahid Əhmədov və AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı ermənilərin tarixən Azərbaycan xalqına qarşı  düşmənçilik siyasəti yürütdüklərini, müxtəlif illərdə soyqırımları törətdiklərini bildirmişlər. Diqqətə çatdırılmışdır ki, yaxın keçmişdə dünyanın gözü qarşısında Xocalıda dinc sakinlərin amansızcasına qətlə yetirilməsi bədnam qonşularımızın məkirili siyasətinin tərkib hissəsidir.

Konfrans işiniQafqaz Birinci Dünya müharibəsi illərində”, “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, “Şərqi Anadoluda soyqırımı” bölmələri üzrə davam etdirəcək.

 

 

Xalq qəzeti.- 2013.- 30 mart.- S. 5.