Astarada yubiley tədbirləri

 

Ulu öndərin doğum günündə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsini ziyarət edərək önünə tər güllər düzdülər.

Sonra ulu öndərin xatirəsinə həsr olunmuş “Kitab bayramı” başlandı. İştirakçılar yeni çap olunmuş kitablarla tanış oldular.

İstedadlı rəssam Firudin Quliyevin, həvəskar rəssamlar Dəniz Baxşizadə və Aytac Zeynalovanın çəkdikləri Heydər Əliyevin portretləri, Kakalos kənd mədəniyyət evindəki “Nəcib qızlar” klubu üzvlərinin əl işləri hər kəsdə xoş duyğular yaratdı.

Silsilə tədbirlər ənənəvi “İstedad” festifalı qaliblərinin nümunəvi çıxışları ilə davam etdirildi. İncəsənətin ayrı-ayrı növləri üzrə qalib adını qazanmış 75 şagird fəxri fərman və qiymətli hədiyyələrlə mükaflandırıldı.

Son 4 ildə Astarada 27 məktəb üçün yeni bina tikilib istifadəyə verilmiş, 11 məktəb əsaslı təmir olunmuşdur. Hazırda rayonda bir neçə yeni məktəb binası inşa olunur. Şanlı yubiley günlərində rayonun ucqar Motlayataq kəndində yeni məktəbin açılışı olmuşdur. 220 şagird yerlik ikimərtəbəli məktəbdə şagirdlərin yüksək təhsil alması üçün hər cür şərait var.

Tədbirdə çıxış edənlər əlamətdar gündə məktəbin istifadəyə verilməsini Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi dəyərləndirdilər.

Q.Ağayev kənd sakinlərini yeni məktəbin açılışı münasibətilə təbrik etdi. “İnanıram ki, burada təhsil alan uşaqlar dövlətimizin və xalqımızın ən layiqli övladları kimi yetişəcəklər”.

Sonra yeni tədris binasının rəmzi açılış lenti kəsildi. Tədbir iştirakçıları yeni binada yaradılmış şəraitlə tanış oldular.

 

* * *

 

Kijəbə qəsəbəsində ümummilli lider Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, eləcə də ulu öndərin abidəsinin açılışı olmuşdur.  Yüzlərlə qəsəbə sakini və rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı tədbirdə  icra hakimiyyətinin başçısı Q.Ağayev ulu öndərin abidəsinin açılışını etdi və önünə  gül dəstəsi qoydu. Sonra abidə ziyarət edildi.

Qəsəbə sakinləri Nəsrəddin Teymurov, Əminə Həsənova, əməkdar müəllim Azər Kişiyev ulu öndərlə bağlı xatirələrini söylədilər. Qeyd olundu ki, Azərbaycana rəhbərliyi illərində Heydər Əliyev 11 dəfə Astarada, o cümlədən 8 dəfə Kijəbədə olmuş, əməkçilərlə səmimi söhbətlər etmişdir. Cənab İlham Əliyev keçən ilin martında Astaraya səfəri zamanı bu ənənəyə sadiq qalaraq qəsəbədə Bayraq Meydanının, avtomobil yolunun açılışında iştirak etmiş, sakinlərlə görüşmüşdür. Bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq duyğuları ifadə olundu.

Q.Ağayev çıxışında  qeyd etdi ki, bu gün qəsəbədə ulu öndərin adına gözəl istirahət parkı salmaqla və abidə ucaltmaqla  Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbətimizi bir daha ifadə etmiş oluruq. Ölkəmizin yüksək tərəqqisinə və dünyada tutduğu yüksək mövqeyə görə xalqımız  Heydər Əliyev uzaqgörənıliyinə minnətdarddır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 14 may.- S. 9.