“TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turunun üçüncü mərhələsi başa çatmışdır

 

Mayın 3-də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turunun 3-cü mərhələsi keçirilmişdir.

Veloyürüşün Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə (165 km) keçən bu mərhələsində Ukraynanın “İSD” komandasının üzvü Vitali Popkov qalib gəlmişdir. İkinci yeri Belçikanın “Lotto-Belisol” komandasından Stiq Breyks, üçüncü yeri isə Azərbaycanın “Synergy Baku Cycling Project” komandasının üzvü Kristofer Şvaytser tutmuşdur.

Türkiyənin “Torku Şekerspor” komandasının təmsilçisi Sergey Qreçin liderin mavi köynəyini əldən verməmişdir. Yaşıl mayka Kristof Şvaytserə nəsib olmuş, qırmızı mayka Portuqaliya təmsilçisi Rikkardo Vilen Epafel-Qlasdrayvda qalmışdır. Ən yaxşı gənc yürüşçü “Astana” komandasından Bəxtiyar Kojotayev olmuşdur.

Mərhələnin qalibinə və mükafatçılarına medalları turun təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim etmişlər.

Əvvəlki mərhələlərdə olduğu kimi velosipedçilərin irəlilədiyi marşrut üzrə yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri veloyürüşçüləri salamlamışlar.

Turdan sonra keçirilən mətbuat konfransında mərhələnin qalibi Vitali Popkov qeyd etmişdir ki, bu yalnız onun deyil, bütün komandanın nailiyyətidir. Kristofer Şvaytser isə bildirmişdir ki, bu mərhələdə qazandığı üçüncü yeri yaxşı nəticə sayır.

3 mərhələdən sonra “Torku Şekerspor”  komandasının velosipedçisi Sergiy Qreçin liderliyi inamla qoruyur. O bildirmişdir ki, yarışın sonunacan göy köynəyi özündə saxlaya biləcək. Turun dördüncü mərhələsi mayın 4-də “Qəbələ - Şamaxı” marşrutu ilə keçiriləcəkdir. Velosipedçilər 116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. Məhz bu mərhələ finişə aparan dik bir yamac ilə seçilərək turun həlledici mərhələsi sayılır.

Beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək, Bakı şəhərinin mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaqdır.

Beynəlxalq velosiped turu həm yerli, həm də xarici, o cümlədən “Eurosport”, “Eurosport-2” və digər televiziya kanalları ilə geniş işıqlandırılır.

 

 

Xalq qəzeti.- 2013.- 4 may.- S. 7.