Tarix yaradan şəxsiyyət

 

Astara Pedaqoji Kollecində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Təhsil millətin gələcəyidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Astara Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini İlqar Malıyev və konfrans iştirakçıları əvvəlcə ulu öndərin tədris korpusunun I mərtəbəsində yerləşən guşəsi önünə gül dəstələri düzmüş, sonra istedadlı tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Kollecin direktoru, fəlsəfə doktoru, dosent, əməkdar müəllim Əlihəsən Həmzəyev konfransı giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, Azərbaycanın tərəqqisi naminə gördüyü işlər barədə ətraflı  məlumat verdi. O, həmçinin ümummilli liderin ölkəmizdə gənclərə və təhsilin inkişafına xüsusi qayğı göstərdiyini xüsusi qeyd etdi. Daha sonra natiq kollecdə təhsil sahəsində qazanılmış uğurlardan danışdı, pedaqoji kollektivin və tələbələrin ümummilli liderin ideyalarına, zəngin nəzəri irsinə daim sadiq olduqlarını diqqətə çatdırdı.

Sonra konfrans iştirakçıları unudulmaz böyük şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxdılar.

Müəllim Zamiq Mahmudovun “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Firəngiz Məmmədovanın “Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzələri dinlənildi.

Məruzələr ətrafında çıxış edən müəllimlərdən Arzu Hüseynova, Aygün Abbasova, tələbələrdən Abbas İbrahimli, Səxavət Ağayev, Elza Əfruzzadə ulu öndərin tarixi xidmətlərindən  bəhs etdilər.

Konfransın sonunda kollecin direktoru Ə.Həmzəyev bildirdi ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbirlər davam edir. Bu günlərdə Astara şəhərində daha yüksək səviyyəli elmi konfrans keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tədbirdə Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Türkiyə və Hindistandan görkəmli alim və professorlar da iştirak edəcəklər. 

Sonda fəal gənc müəllim və tələbələrə fəxri fərmanlar təqdim edildi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 5 may.- S. 5.