Azərbaycan gömrük xidmətinin inkişafının prioritetləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir

 

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış və ən böyük dəstəyi xalqından almışdır. Şəxsiyyət və lider kimi böyüklüyü ona hələ sağlığında ikən ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində ulu öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin bütün təbəqələrini arxasınca apara bilmişdir.

Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər xalqımızın milli mənlik şüurunun oyanması, azadlığa və müstəqilliyə qovuşmaq arzularının çiçəklənməsi, ictimai həyatımızın, iqtisadiyyatımızın bütün sahələrində, elm və mədəniyyətimizin inkişafında böyük nailiyyətlərin əldə edilməsilə əlamətdar olmuşdur. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiya prosesinin hazırkı möhkəm təməli məhz ümummilli liderimizin respublikaya rəhbərlik etdiyi həmin illərdə yaradılmış potensiala əsaslanır.

Azərbaycan neft ölkəsi olmasına baxmayaraq XX əsrin 60-cı illərində Sovet İttifaqının geridə qalmış respublikalarından biri idi. Heydər Əliyev məhz belə bir vaxtda - 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi. Heydər Əliyev qısa müddətdə bu böyük etimada yüksək dərəcədə layiq olduğunu sübuta yetirdi.

Yeni rəhbər dahiyanə bir zəka və duyumla Azərbaycanı hərtərəfli inkişaf etdirməyin yolunu iqtisadi sferada arayıb tapdı. Heydər Əliyev respublikanın potensialını hərəkətə gətirdi, xalqı ümumi rifah, xoş güzəran və milli varlığı təsdiq naminə səfərbər etdi.

Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqında ali rəhbər vəzifəyə irəli çəkildiyi zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O, ölkə iqtisadiyyatında sözün əsl mənasında inqilab etmiş, respublikada yüzlərlə yeni müəssisə tikilmiş, neft-maşınqayırma sənayesinin yeni sahələri yaradılmış, dəmiryol nəqliyyatı sektoru yenidən qurulmuş, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə başlamışdı. Beləliklə, Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi.

 

Müstəqilliyin təməli

 

Artıq müstəqillik illərində bu dövrü xatırlayarkən ümummilli lider deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.

Bəli, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. Amma SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılandan sonra Azərbaycanın çətin günləri başladı. Onun qoyub getdiyi çiçəklənən Azərbaycan bir müddət sonra iqtisadiyyatı dağılmış, Ermənistanla savaşda məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya, xaos və separatizmin meydan suladığı bir  məmləkətə çevrilmişdi.

Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı belə ağır bir vaxta təsadüf etdi. 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdıb, ikinci dəfə öz xalqının tale məsuliyyətini üzərinə götürən Heydər Əliyev dahiyanə bir zəka və iradə ilə xilaskarlıq missiyasına başladı. Ulu öndər ilk növbədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Bu istiqamətdə həyata keçirilən siyasətin ana xəttini isə qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi.

İctimai-siyasi sabitliyin təmin edilməsi iqtisadi islahatların həyata keçirilməsinə də yol açdı. Dövlət idarəçiliyi ilə bağlı qanunlar hazırlanaraq təsdiq olundu. Ən başlıcası isə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi.

Azərbaycan xalqının siyasi taleyini, siyasi fəaliyyətini, məqsəd və məramını, iqtisadi və dövlət idarə üsulunu müəyyən edən Konstitusiyanın qəbul edilməsi olduqca əhəmiyyətli hadisə idi. Bu Konstitusiya ilə Azərbaycanda hakimiyyət bölgüsü - qanunverici, icra və məhkəmə hakimiyyəti arasında bölgü müəyyənləşdirildi. Konstitusiya ilə təsbit edildi ki, Azərbaycan demokratik, hüquqi və unitar dövlətdir.

Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. Müstəqil Azərbaycan 1993-cü ilin iyun ayında üzləşdiyi bu taleyüklu mərhələni məhz qətiyyətli və müdrik lider Heydər Əliyevin rəhbərliyi altında geridə qoydu, elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirdi.

 

Milli iqtisadi inkişaf modeli

 

Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratdı.

Ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli formalaşdı. Bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir.

Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail oldu. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”, - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərdi, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail oldu.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiysk, Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə, ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Ümumilikdə, neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında da lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu. İqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

 

Əsas atributlardan biri

 

Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla anılır. Ölkəmizin sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin parlaq zəkasının, quruculuq dühasının açıq-aşkar təsiri hiss edilməsin. Belə sahələrin ən önəmlilərindən biri olan Azərbaycan Gömrük Xidmətinin formalaşdırılıb inkişaf etdirilməsi də müdrik rəhbərin diqqət mərkəzində olmuşdur. Gömrük  xidmətini hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biri kimi dəyərləndirən Heydər Əliyev gömrük xidmətinin inkişafının prioritetlərini müəyyənləşdirərək bu istiqamətdə tövsiyə və tapşırıqlarını vermişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra, 1992-ci il yanvarın 30-da yaradılmış Dövlət Gömrük Komitəsi yalnız ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoymuş, dahi rəhbər Azərbaycanda gömrük sisteminin qurulması işinə böyük önəm vermişdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu. Həmin dövrdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermirdi. Gömrük orqanları qarşısında duran vəzifələr, demək olar ki,  icra olunmur, neqativ hallar baş alıb gedirdi.

Məhz ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə, onun rəhbərliyi ilə dövlət quruculuğunun bütün sahələrində iqtisadi inkişafa və sosial-siyasi gərginliyin aradan qaldırılmasına xidmət edən genişmiqyaslı islahatlar həyata keçirildi. 1995-ci ilin əvvəllərindən etibarən respublikada gömrük işinin yenidən qurulmasına başlanıldı. Yeni qurum olduğu üçün, kadr potensialının, normativ-hüquqi və maddi-texniki bazanın məhdudluğu, öz səlahiyyətlərini tam müəyyənləşdirə və mənimsəyə bilməməsi, rəhbər kadrların innovativ və təşəbbüskar olmaması cəmiyyətdə və dövlət rəhbərliyində gömrük xidməti haqqında mənfi rəy və haqlı narazılıq yaradırdı. Bütün bu halları nəzərə alan Heydər Əliyev 1995-ci il yanvarın 9-da gömrük orqanlarının fəaliyyətinə həsr olunmuş müşavirə keçirdi. Həmin müşavirədə gömrük orqanlarının o dövrdəki fəaliyyətini kəskin tənqid edən prezident iradəli yanaşma nümayiş etdirərək ölkədə qısa müddətdə, belə demək mümkünsə, “gömrük islahatı”nın keçirilməsi haqqında tapşırıqlar verdi. Ulu öndərin həmin müşavirədə dediyi “Biz Azərbaycanda gömrük orqanlarının işini kökündən dəyişməliyik, sağlam əsaslar üzərində qurmalıyıq. Həqiqi gömrük orqanları qurulmalıdır” - fikri Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin fəaliyyətində əsas tutulmaqla, qısa zamanda ölkənin gömrük xidməti ulu öndərin görmək istədiyi formada yenidən təşkil edildi. Uğurlu kadr seçimi, maddi-texniki və qanunvericilik bazasının yenilənməsi, əməkdaşların peşəkarlığının yüksəldilməsi, dünya gömrük ailəsinə əməli inteqrasiya məhz ulu öndərin gömrük xidmətinə göstərdiyi etimadın, diqqət və qayğının cavabı idi.

Respublika gömrük orqanları üçün dünya standartlarına cavab verə biləcək kadr ordusunun hazırlanması kimi çox ümdə bir problemin həlli öz aktuallığı ilə qarşıda dururdu. 1996-cı ilin dekabrında yaradılan Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzi bu sahədə ilk tədris müəssisəsi olmaqla yanaşı, respublika gömrük orqanları əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi və onlara nəzəri və praktiki vərdişlər aşılamasına xidmət edirdi. Kadrların təlim və tərbiyəsində müstəsna rol oynayan Tədris Mərkəzi xüsusilə gənclərin yüksək ixtisas almaları işində mühüm rol oynamışdır.

Beləliklə, 1995-96-cı illərdə görülmüş çevik və təsirli tədbirlər sayəsində Dövlət Gömrük Komitəsinin fəaliyyətində müsbət dönüş nöqtəsi əldə olundu və gömrük təşkilatı özünün müstəqil inkişaf yoluna qədəm qoydu.

 

İnkişaf yolunda –ön cərgədə

 

Ulu öndər 1997-ci ildə gömrük orqanlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən təntənəli tədbirdəki tarixi nitqində bunu belə qiymətləndirmişdir: “1995-ci ilin yanvar ayında gömrük xidmətində ciddi nöqsanlar mövcud olduğuna görə və onlar dözülməz olduğuna görə, mən gömrük xidmətinin işini ciddi müzakirə etdim, çox qəti qərarlar çıxartdım. Gömrük Komitəsinin rəhbərliyi dəyişdirildi və bu ciddi tədbirlərin və tələblərin nəticəsində 1995-ci ildə, 1996-cı ildə Gömrük Komitəsi tərəfindən görülən işlər artıq gömrük təşkilatının Azərbaycanda özünəməxsus yer tutmasını nümayiş etdirir”. Heydər Əliyevin gömrük təşkilatının ikiillik fəaliyyətinə verdiyi bu yüksək və obyektiv qiymət bütün gömrük işçilərini gələcəkdə daha da əzmlə çalışmağa ruhlandırdı.

Ümumiyyətlə, həmin yığıncaqda Heydər Əliyevin sonradan hər bir gömrük əməkdaşının dövlətinə, xalqına layiqli xidmət edən gömrükçü kimi formalaşmasında və gündəlik fəaliyyətində əldə rəhbər tutduğu qısa proqram xarakterli çıxışı həmçinin Azərbaycan gömrüyünün inkişaf istiqamətlərini müəyyənləşdirən bir konsepsiya halını aldı. Bu nitq həmin dövr və sonrakı illər üçün gömrük xidmətinin inkişafının prioritetlərini müəyyənləşdirdi. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi vəzifəsinin yerinə yetirilməsində, dünya birliyində respublikamızın demokratik, hüquqi bir dövlət olaraq tanınması işində gömrük xidmətini də mühüm dövlət orqanı kimi ön cərgədə görmək istədiyini bildirdi.

Onu da qeyd edim ki, sözügedən dövrdə respublikada gömrük orqanlarının yalnız bir neçəsi bina və digər əlavə qurğulara malik idisə, qısa müddətdən sonra gömrük orqanlarının sayı, forma və məzmunu tamamilə yeniləndi. 2003-cü ilədək respublikada müasir avadanlıqla təchiz olunmuş və dünya standartlarına cavab verən onlarla gömrük orqanları formalaşdırıldı. Heydər Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində gömrük orqanlarının maddi-texniki bazası xeyli möhkəmləndi və ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları, Tədris Mərkəzi, Mərkəzi Laboratoriya yaradıldı.

Ümumdünya Gömrük Təşkilatının Azərbaycan Respublikasına etimadının təzahürü kimi, bu təşkilatın Regional Tədris Mərkəzinin Bakı şəhərində təşkili də, bilavasitə Heydər Əliyevin gömrük orqanlarına göstərdiyi gündəlik qayğının təzahürü kimi qəbul edilməlidir. Həmin müddətdə Azərbaycan Gömrük Təşkilatının beynəlxalq əlaqələri də xeyli genişlənmiş və keyfiyyətcə yeni səviyyəyə çatmışdır.

Ümumdünya Gömrük Təşkilatının üzvü olan Azərbaycan Gömrük Təşkilatı 1999-cu ilin iyulunda bu təşkilatın Maliyyə Komitəsinin, 2000-ci ilin iyulunda isə Siyasi Komissiyasının üzvü seçilmişdir ki, bu da Heydər Əliyevin respublikamızın qabaqcıl dünya ölkələri cərgəsinə inteqrasiyası istiqamətində apardığı düzgün, məqsədyönlü siyasətinin gömrük təşkilatında obyektiv inikası kimi qəbul edilməkdədir.

 

Görülən işin bəhrəsi

 

ÜGT-nin Siyasi Komissiyasının 44-cü iclasının müstəsna hal kimi Bakı şəhərində keçirilməsi də Azərbaycan gömrüyünün Heydər Əliyevin rəhbərliyi altında əldə etdiyi çoxsaylı uğurlardan biridir. Təsadüfi deyil ki, 2000-ci il dekabrın 5-də ÜGT-nin Siyasi Komissiyasının Bakı şəhərində keçirilən 44-cü iclasının iştirakçılarını qəbul edən Heydər Əliyev deyirdi: “Azərbaycan Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatı ilə son illər yaratdığı işgüzar əlaqələr və Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü sessiyasının Azərbaycanda keçirilməsi - Rusiyanı təmsil edəm hörmətli qonağımız da dedi, bu, Müstəqil Dövlətlər Birliyində ilk ölkədir ki, belə bir tədbir keçirilir - onu göstərir ki, Azərbaycan gömrük təşkilatı qısa bir müddətdə həqiqətən inkişaf edib və lazımi təcrübəni toplaya bilibdir”.

Bu fikirlər ümummilli liderimizin müstəqil Azərbaycan gömrükçülərinə verdiyi ən yüksək qiymət və dəyərdir. Bu gün əminliklə demək olar ki, Azərbaycan gömrük xidməti ulu öndərin dediyi kimi, sözün həqiqi mənasında, Azərbaycan Respublikasının müstəqilliyinin əsas atributlarından birinə çevrilmişdir. Dövlət büdcəsinin formalaşması, milli iqtisadiyyatın stimullaşdırılması, istehlakçıların mənafeyinin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi çoxşaxəli funksiyaları daim şərəflə yerinə yetirməyə səy göstərən Dövlət Gömrük Komitəsi öz inkişafı ilə dünya gömrük ailəsində layiqli yerini tutur.

Görülən işlərin məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə büdcə gəlirlərinin yaradılmasında gömrük orqanlarının rolu xeyli artmış, büdcə gəlirlərində gömrük vergi və rüsumlarının xüsusi çəkisi xeyli yüksəlmişdir. Bütün bunlar bir daha onu göstərir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda uğurla davam etdirilən iqtisadi siyasət tam mahiyyəti ilə vətəndaş amilinin mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Müstəqilliyin bəhrələrini zaman keçdikcə Azərbaycan vətəndaşı öz taleyində, həyatında daha qabarıq hiss edir.

Bu gün  müasir Azərbaycan dövləti özünəməxsus  inkişaf yolu ilə inamla irəliləyir. Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti böyük şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər ümummilli liderimiz tərəfindən başlanmış işlərin məntiqi davamıdır və hər birimizin borcu ulu öndərin şah əsəri olan Azərbaycanı qorumaq və daha da inkişaf etdirməkdir. Öz növbəsində, Azərbaycan gömrük xidmətinin şəxsi heyəti də Heydər Əliyev siyasi  kursuna sadiq qalaraq, doğma Vətənin davamlı tərəqqisi naminə öhdəsinə düşən mühüm vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcəkdir.

 

 

Aydın ƏLİYEV,

Dövlət Gömrük Komitəsinin sədri,

gömrük xidməti general-leytenantı

 

 

Xalq qəzeti.- 2013.- 10 may.- S. 3.