“Heydər Əliyev milli intibahımızın memarıdır” mövzusunda kitab sərgisi

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Heydər Əliyev milli intibahımızın memarıdır” mövzusunda kitab sərgisi açılmışdır. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə açılmış sərgi ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.

Əvvəlcə “Heydər Əliyev mədəniyyətimizin hamisidir” adlı film nümayiş edilmişdir. Kitabxananın direktoru Kərim Tahirov ümummilli lider Heydər Əliyevin intibahımızın banisi olduğunu və bunun gəlişi gözəl söz olmadığını söyləmişdir. O, ulu öndərin Azərbaycanın korifey sənətkarlarının üzə çıxarılması, onların dünyada tanıdılması, mədəniyyətimizin bütün sahələrinin inkişafı istiqamətində fəaliyyətindən danışmışdır.

Direktor ümummilli liderin dəfələrlə Milli Kitabxanada olmasından, bu bilik mənbəyinin inkişafı üçün gördüyü işlərdən söhbət açmışdır. Milli Kitabxananın dünyanın modern və zəngin kitabxanaları sırasına daxil olmasında ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətləri xüsusi vurğulanmışdır.

Nəzərə çatdırılmışdır ki, tədbirin əsas məramlarından biri də “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin kitabxana tərəfindən ulu öndərin 90 illik yubileyi münasibətilə tərtib etdiyi köməkçi göstəricisinin 3-cü cildinin təqdimatıdır. Qeyd edilmişdir ki, “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin nəşri layihəsi 1997-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə “Azərnəşr” tərəfindən reallaşdırılır və artıq çoxcildliyin 45-ci cildi çapdan çıxmışdır.

Qeyd edilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Kitabxanası tərəfindən 2008-ci ildə çoxcildliyin köməkçi göstəricisinin 1-ci cildi, 2010-cu ildə isə 2-ci cildi nəşr olunmuşdur.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyevin millətin rifahı və azadlığı uğrunda əldə etdiyi nailiyyətlərdən danışmışdır.

Tədbir çərçivəsində, həmçinin kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Heydər Əliyev - mədəniyyətimizin hamisi” elektron məlumat bazasının təqdimatı olmuşdur. Bazanın ayrı-ayrı bölmələrində istifadəçilər ümummilli lider Heydər Əliyev haqqında məlumatlar və fotolarla tanış ola bilərlər.

Sonra sərgiyə baxış olmuşdur. Sərgidə Azərbaycan və digər xalqların dillərində ulu öndər haqqında kitablar nümayiş etdirilmişdir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 11 may.- S. 6.