Canlı klassik

 

(Xalq yazıçısı Elçinə yubiley məktubu)

 

Əziz Elçin müəllim! Azərbaycan öz milli istiqlalının şərəfli tarixini yaşadığı günlərdə sizin 70 yaşınız tamam olur. Bu mübarək gün münasibətilə çoxsaylı dostlarınızdan biri kimi Sizi - xalq yazıçısını, filologiya elmləri doktoru-professoru, müstəqil Azərbaycan dövlətinin Baş nazirinin müavinini səmimi qəlbdən təbrik edirəm. Siz çağdaş Azərbaycan ədəbi-tarixi mühitinin, mənəvi diriliyimizin ən görkəmli nümayəndələrindən birisiniz.

Zəngin və çoxcəhətli yaradıcılığınıza, başlıcası isə bu yaradıcılığın bədii-fəlsəfi və intellektual səviyyəsinə, bir də professional tənqidçi kimi 35 illik təcrübəmə güvənərək sizi “Canlı klassik” adlandırıram. Bu qənaətimi əsaslandırmaq üçün yaradıcılığınızın başlıca məziyyətlərini tezislər şəklində  qeyd etməklə kifayətlənəcəyəm.

Əvvəla, zəngin, ziddiyyətli və qalmaqallı XX əsrdə ədəbi və mədəni-tarixi prosesin formalaşmasında, intensiv təkamülündə yaradıcı nəsillərin - Hacıbəylilər, Bədəlbəylilər, Vəkilovlar, Rzayevlər və Əfəndiyevlər kimi nəsillərin misilsiz rolu olub. Siz XX əsrin heç bir ideologiyaya boyun əyməyən böyük yazıçısı İlyas Əfəndiyevin oğlu və istedadlı varisisiniz. Mən İlyas müəllimlə dəfələrlə görüşmüşəm, onun cild-cild kitablar yazmış qüdrətli əlinin siqlətini və sanbalını hiss etmişəm. Siz (və mənim dostum Timuçin Əfəndiyev!) xoşbəxtsiniz ki, bu müqəddəs əlin sığalı ilə böyümüsünüz.

Yazıçılıq peşəsi və yazıçılıq universiteti yoxdur. Fəqət, siz XX əsrin qüdrətli söz ustası İlyas Əfəndiyevdən yazıçılıq dərsi almısınız. Əslində, siz dünyaya gələndə ərşi və fərşi yaradan qadir Allah Sizə dünyanın ən ali mükafatını - istedad bəxş edib.

İkincisi, İlyas Əfəndiyev universitetində siz Söz dərsi aldınız. Bu o sözdür ki, dahi Füzuli deyirdi: “Sözə xor baxmaq olmaz, hər bir söz, Ərşdəndir gəlib hədiyyə bizə”, “Ver sözə ehya ki, tutduqda səni xabi-əcəl, Edə hər saət səni ol uyğudan bidar söz”, “İlahi feyzdən bir xəzinədir söz”, “Söz yaradanın mədhi ? sənasıdır, nəğməsidir”.

“Ədəbiyyatında Füzulisi olan xalqın şairi və yazıçısı olmaq çox çətindir” - bunu da mən deyirəm.

Siz bir yazıçı kimi Sözə münasibətdən başlayırsınız. Əsərlərinizi oxuyanda  Söz üçün keçirdiyiniz məsuliyyətin bütün ağırlığını hiss edirsən. Siz Azərbaycan ədəbiyyatında Sözü milli sərvət səviyyəsinə qaldıran, Sözü urvatdan düşməyə qoymayan, Sözün hüsnünü ali gözəllik təki qiymətləndirən qüdrətli qələm sahibisiniz.

Hörmətli Elçin müəllim! Daha sonra deyim ki, siz XX əsrdə təkcə Azərbaycanda yox, ümumsovet ədəbiyyatında 60-cı illər mərhələsini yaradan görkəmli yazıçılardansınız. Qələm dostlarınız və məsləkdaşlarınız İsa Hüseynov, Sabir Əhmədli, Anar, Maqsud və Rüstəm İbrahimbəyovlar, İsi Məlikzadə və s. ilə birlikdə siz “60-cılar nəsri”ni (nəslini) yaratdınız. Əlbəttə, bu mərhələnin fundamentində M.Hüseynin “Yeraltı çaylar dənizə axır”, M.İbrahimovun “Böyük dayaq”, İ.Əfəndiyevin “Söyüdlü arx” romanları dayanırdı. Xüsusilə, nəsrdə 60-cıların mərhələvi özgünlüyü lirik-psixoloji üslubla bağlı idi. Etiraf edək ki, bu üslubun da ilk nümunələrini İ.Əfəndiyev və Ə.Məmmədxanlı yaratmışdır. İ.Hüseynovun “Teleqram”, “Yanar ürək”, S.Əhmədovun “Dünyanın arşını”, “Görünməz dalğa”, Anarın “Ağ liman”, İ.Məlikzadənin “Evin kişisi” və Elçinin “Açıq pəncərə”, “Baladadaşın ilk məhəbbəti” kimi əsərləri bu üslubi təmayülü və 60-cı illər nəsr mərhələsini formalaşdırdı.

Bunun ardınca o gəlir ki, süni (siyasi) pafos və patetikadan, epik panoram təsvirlərdən uzaqlıq, bədii detalda təfərrüatı əks etdirmək, didaktikadan qaçmaq, gerçəkliyi bütün çalarları (“Gümüşü, narıncı, məxməri”) əks etdirmək daxili-mənəvi aləmin, psixoloji təbəddülatların ifadəsi bu üslubun ilkin cazibədar əlamətləri idi.  Akademiklər Məmməd Arif və Məmməd Cəfər, AMEA-nın müxbir üzvləri Əziz Mirəhmədov və Yaşar Qarayev öz məşhur məqalələrində bu rənglərin təkcə üslubi deyil, həm də bədii-fəlsəfi məziyyətlərini ətraflı təhlil etmişlər. Gənc yazıçı Elçin haqqında “Tənqidimizin vicdanı” (S.Rəhimov) akademik Məmməd Arif yazırdı: “Nüfuzedici bir nəzərlə uzaqlara və dərinliklərə dalmaq, gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas olan bir keyfiyyətdir”.

Bu yerdə onu da deyək ki, sizin nəsriniz rəng, səs, işıq spektrləri ilə zəngin asosiativ nəsrdir. Bu nəsri mən görüntülü nəsr adlandırardım. Ona görə də əsərlərinizin bir çoxuna kino çəkilib. Dramatik əsərlərdə olduğu kimi sizin nəsrdə də hərəkətlə, əməllə təsdiq olunmayan, əyaniləşməyən təsvir, demək olar ki, yoxdur.

60-cı illər ədəbiyyatının klassik hekayə nümunəsi olan “Baladadaşın ilk məhəbbəti” buna misal ola bilər. Cəmiyyətdə baş verən mənəvi deformasiyalara etiraz əlaməti olaraq Baladadaş hiddətlə şalvarının arxasını çırpır. Bununla da o, üstündən cəmiyyətin xıltını toz kimi çırpıb atır, çirkabdan təmizlənmək üçün soyunub mavi dənizə girir.

Növbəti tezisim odur ki, müasirlərinizlə birlikdə siz Azərbaycan nəsrində bədii islahatlar apardınız. Povest, daha doğrusu, miniatür povest zamanın janrına çevrildi. Nəsr süni möhtəşəmlikdən adiliyə endi. Bütün ümumsovet nəsrində — Şukşinin, A.Belovun, Y.Trifonovun, Ç.Aytmatovun, N.Dumbadzenin əsərlərində olduğu kimi, sizin də hekayə və povestlərinizdə sovet ədəbiyyatının, onun əsas yaradıcılıq metodunun uzaqvuran  ideoloji silahı olan, bütün situasiyalarda yazıçının yüngül əli ilə qalib çıxan müsbət qəhrəman deformasiyaya məruz qaldı, qəhrəmansızlığın ekvivalentinə çevrildi, palçıqdan düzəldilmiş büt kimi dağılıb töküldü. Siz ədəbiyyatımızda adi adamı, sıravi müasirimizi zamanın qəhrəmanına çevirdiniz. Nemət, Zaur, Təhminə, Baladadaş, Məmmədağa, Məsməxanım, şofer Ağababa, milisioner Qaçay və s. daxili aləmlərinin zənginliyinə, saflıq və səmimiyyətinə güvənən adi adamlar — parlaq ulduzlar idilər. Fəqət, onlar alçaq üfüqlərin parlaq ulduzları idilər. 1988-ci ildə meydana çıxan siyasi liderlər, sanki, bu ədəbiyyatdan axıb gəlmişdilər. Elə məhz meydan hərəkatı da bu ədəbi qəhrəmanların ədəbi-tarixi missiyasına son qoydu.

Sizin maraqlı bir nəzəri mülahizəniz yadımdadır. Demişdiniz ki, yazıçı həvəskarlıqdan sənətkarlığa qədərki məsafəni mətbuatda yox, masa arxasında keçməlidir. Bu mənada siz təzə başlayanlardan olmamısınız, heç vaxt kağız korlamamısınız. Siz və Anar elə ədəbi mühitlərdən gəldiniz ki, çiy, xam əsərlə sizi mətbuata çıxmağa qoymazdılar. Baladadaşdan başlanan yol uğurlu oldu.  Həm də ona görə ki, Bakı mühiti, Bakı kəndlərinin mənəvi-əxlaqi mədəniyyəti sizə yaxşı tanış, demək olar ki, doğma idi. “Bir görüşün tarixçəsi”, “Dolça”, “Toyuğun diri qalması”, “Bayraqdar”, “Şuşaya duman gəlib” və s. təkcə povest nümunələri deyil, həm də bu janrın poetikasında yeni söz idi. “Bir görüşün tarixçəsi” qəfil sevgi haqqında həzin bir nəğmədir.

Bir daha fərdi üslubunuzun orijinallığına qayıtmaq istəyirəm. “Beş qəpiklik motosikl”, “Qatar. Pikasso. Latur”, “Gümüşü günün sevinci”, “Beş dəqiqə və əbədiyyət” və s. əsərlərinizdə, yuxu, xəyal, hətta fantasmaqoriya elementlərindən bacarıqla istifadə edirsiniz. Buna görə də üslubunuz semantik (semasioloji) baxımdan olduqca zəngindir. Gerçəkliyin və həmin gerçəklikdə zamanla üz-üzə gələn insanın keçirdiyi mənəvi-psixoloji təbəddülatları bütün dərin psixoloji vasitələrlə aşkara çıxarmaq cəhdi və bacarığınız təqdirəlayiqdir. “Beş dəqiqə və əbədiyyət” hekayəsində 5 dəqiqəlik təhlükə anında qəhrəmanın yaşantıları onun fərd və şəxsiyyət olaraq mahiyyətini üzə çıxarır. Adını çəkdiyim əsərlərə həm də postmodernist estetikasının prinsipləri ilə yanaşmaq olar. Sizin üslubunuz həm bədii vasitələrin orijinal düzümü, daha doğrusu, sahmansızlığı, həm də (və daha çox) dilə münasibətin yeniliyi ilə seçilir. Siz “Mübtəda”dan daha çox, “Xəbər”dən istifadə edirsiniz. Bu isə üslubunuzun ekspressivliyini  artırır.  Çevik üslub gerçəkliyə çevik müdaxilənin nəticəsidir.

Xatırladıram ki, təkcə nəsrinizdəki görüntülülük - ssenari və dramatik janrlara məxsus əlamətlər yox, 1970-ci ildə yazdığınız “Poçt şöbəsində xəyal” psixoloji dramanız da sizin dramaturq istedadınızdan nəinki xəbər verir, hətta onu təsdiq edirdi. Sonralar böyük həvəs və istedadla yazdığınız “Ah, Paris, Paris!”, “Mən sənin dayınam”, “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Şekspir” və “Teleskop” pyesləri müasir dramaturgiyamızın uğurları, İlyas Əfəndiyevdən sonra teatrı yaşadan əsərlərdir.

Amma, əziz dostum, mən digər əsərlərinizi demirəm, “Mahmud və Məryəm” və “Ağ dəvə” romanlarının pyesə çevrilməsini istəməzdim. Könlüm (və təcrübəm) mənə deyir ki, böyük nəsrin kinossenariyə, xüsusən də səhnə əsərinə çevrilməsi özünü doğrultmur. Və Sizin - “Arxadan zərbə” filminin, gözəl psixoloji dramlar müəllifinin bu unikal romanlara qayıtmağınıza heç bir ehtiyacınız yox idi. Uşaq tək doğulubsa, ondan əkiz düzəltmək olmaz.

Sizin dramaturgiyanız səhnəmizə iki əzəli və əbədi mövzu gətirdi: dəlilik və qatillik. Mənim fikrimcə, bu gün dəlixanada yatan dəlilər bizə görə dəlidir. Bəlkə də onlar başqa sivilizasiyanın – daha ali düşüncənin sahibləridir. Onlar da süfilər kimi yer həqiqətlərindən başqa ağlı heç nə kəsməyən bizlərə gülürlər: bahalı maşın, dəbdəbəli bağ evi, yüksək vəzifə almaq üçün hər cür rəzalətə hazır olanların halına ağlayırlar. Beləliklə, mən Sizin “Dəlilələr”ə rəğbət bəsləyir və tez-tez məşhur mahnının “Demə Məcnuna dəli, bəlkə də, Leyla dəlidir” misralarını xatırlayıram. “Teleskop” dramanız isə ölüb-dirilməyin böyük faciə olduğunu əks etdirən psixoloji əsərdir. Və “Elçinin dramaturgiyasında psixologizm” yaxşı bir tədqiqat mövzusudur.

Milli xarakter milli romanın bel sümüyüdür. Lakin dahiyanə roman insan, cahan və zaman münasibətlərini bədii təhkiyyənin mərkəzinə gətirir. “Mahmud və Məryəm” də, “Ağ dəvə” də belə romanlardır. Hər iki romanda musiqi faciə obrazıdır. “Mahmud və Məryəm”də Sazlı Abdullanın faciəsi hadisələrə işıq salır, Qarabağ xanəndəsinin naləli səsi Ziyad xanın yuxusuna haram qatır yaddaşlardan silinmir. “Ağ dəvə”də Balakərimin tütəyi dillə deyilməsi mümkün olmayan niskillərin tərcümanına çevrilir. Siz “Mahmud və Məryəm” arasındakı məhəbbəti bəşəri ülviyyətin rəmzi kimi mənalandırırsınız. “Mahmud və Məryəm” romanında ən böyük uğur “Camaat” obrazı ilə bağlıdır. Mirzə Fətəlinin “Nuxulular”ı, Mirzə Cəlilin “Ölülər”i və “Dəlilər”i kimi, sizin də “Camaat” monumental toplum obrazıdır. “Camaat” Səfəvilər imperiyasının süqutundan sonra Azərbaycan xalqının düçar olduğu milli faciəni yüksək tarixi-psixoloji səviyyədə təcəssüm etdirir.

Bir məhəllənin tarixi  taleyini, fəci obrazını yaratdığınız “Ağ dəvə”də üç plan var: Ağ dəvə ilə bağlı əfsanə, balaca Ələkbərin yaddaşındakı tarix və müasir həyat. Bu romanda sizin humanist konsepsiyanız Xanım xalanın cəbhədən qayıtmamış altı oğlu kimi karvanlaşıb gedən altı dəvənin ləpirlərində bitən çiçəklərlə bağlıdır. Ağ dəvələr ümid dolu gələcəyə sarı gedir.

Qarşımda on cilddən ibarət “Seçilmiş əsərlər”iniz dayanır. Vərəqləyirəm. Güvənci Allah vergisi olan fədakar bir yazıçının ucaltdığı möhtəşəm bir abidəyə bənzəyir cildləriniz. Və bu cildlərə toplanmış əsərlər məni məcbur edir ki, ədəbi-tarixi taleyinizə üç yöndən nəzər salım. Yazıçı-dramaturq Elçin, təndiqçi ədəbiyyatşünas, professor Elçin və ictimai dövlət xadimi Elçin. Hərəsi bir insan ömründə ağır bir yükdür. Bu üç kontekst bir nöqtədə birləşir. Onun adı şəxsiyyətdir. Şəxsiyyət Elçin tarixin qüdrətli əlindən tutub bu üç cəhəti özündə birləşdirir və inadkar bir inamla onu idarə edir.

İctimai dövlət xadimi Elçin olduqca xeyirxahdır. Aydın əqidəyə, milli mövqeyə malikdir, yaxşılıq etməyə meyillidir. O, şəxsən mənim də ədəbi taleyimdə böyük rol oynayıb.

Nəhayət, Azərbaycanda sizin də tez-tez işlətdiyiniz bir “yazıçı tənqidi” ifadəsi var. Bu baxımdan siz müasir dövrün bənzərsiz tənqidçi-yazıçısısınız. Bu ənənə Mehdi Hüseyndən, ilk akademiklər Səməd Vurğun və Mirzə İbrahimovdan, Rəsul Rzadan, atanız İlyas Əfəndiyevdən gəlir.

Mən bu imzalar içində sizi heç kimlə müqayisə etmirəm. Gözümün önünə əksəriyyəti haqqında yazdığım “Tənqid və ədəbiyyatımızın probləmləri”, “Klassiklər və müasirlər”, “Bu vergi idi” kitablarınızı, İlyas müəllimin 7 cildliyinə yazdığınız monoqrafiya siqlətli ön sözü, 1973-cü ildə “Drujba narodov” jurnalında çap olunmuş “Tənqiddə əyalətçilik əleyhinə”, “Şeir axını, nə etməli?!”, “Hekayə janrı imkanlarımız və iddialarımız” və s. kimi konseptual məqalələrinizi gətirir. Heç bilmirəm hansınıza üstünlük verim: yazıçı Elçinə, yoxsa tənqidçi və ədəbiyyatşünas Elçinə?! Yüksək nəzəri-fəlsəfi hazırlıq, daim yeni estetik meyl axtarışı, intellektual təhlil mədəniyyəti və ən başlıcası, bir çox professional tənqidçilərdə olmayan yazıçı fəhmi ilə bədiiliyin istedad tutumunu təyin etmək mədəniyyəti tənqidçi Elçini fərqləndirən, ona nüfuz, fikirlərinə inandırıcılıq gətirən başlıca cəhətlərdir.

Əziz qardaşım Elçin! Sizin həm yazıçı-tənqidçi, həm ictimai xadim kimi hüdudsuz fəaliyyətiniz yazıya sığmır. Yüksək millət və dövlət təəssübkeşi, böyük vətəndaş və ziyalılığın, insaf və insanlığın canlı təcəssümü olaraq, siz bu gün də inadkar bir inamla qəlbinizin və zəkanızın bütün enerjisi ilə xalqımıza, onun milli sərvəti olan ədəbiyyat və mədəniyyətimizə xidmət edirsiniz.

Məktubumu sizin sözlərinizlə yekunlaşdırıram: “Qoy o işıq əsla sönməsin”.

 

 

Dərin ehtiramla: Nizaməddin ŞƏMSİZADƏ

 

Xalq qəzeti.- 2013.- 12 may.- S. 7.