Görkəmli Azərbaycan
şairəsi Məhsəti Gəncəvinin 900 illiyi UNESCO-da təntənə
ilə qeyd olunmuşdur
Mayın
16-da Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin
UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı
ilə dünyanın nüfuzlu qurumunun mənzil-iqamətgahında görkəmli
Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900
iliyinə həsr olunan təntənəli mərasim
keçirilmişdir.
Məhsəti Gəncəvinin şəxsiyyətinin
və istedadının miqyasının genişliyini diqqətə çəkən
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev
bildirmişdir ki, dünya korifeyləri Dante, Rable, Füzuli, Şekspir, Servantes, Volter
və Tolstoy kimi, Məhsəti Gəncəvi də yalnız öz ölkəsinə
deyil, bütün bəşəriyyətə məxsusdur. Məhsəti
Gəncəvi 900 il bundan əvvəl Azərbaycanın gözəl guşəsində,
eyni zamanda, təkcə Azərbaycanın deyil, o dövrdə
bütün Şərqin böyük mədəniyyət mərkəzi
hesab olunan Gəncədə doğulmuş, orada da
yaşayıb yaratmışdır. Müasirlərinin
yazdığına və əsərlərindən
alınan təəssürata görə, M.Gəncəvi zəngin
və diqqətəlayiq irs qoyub
getmişdir.
Məhsəti
Gəncəvinin əsasən rübai janrında
yazdığını vurğulayan E.Əfəndiyev
rübainin yalnız Azərbaycan poeziyasında deyil, Şərq
ədəbiyyatında dörd misradan ibarət maraqlı bir
janr olduğunu bildirmişdir. Şairənin dörd misraya
sığışdırdığı böyük fəlsəfi
fikirlər onu müasirləri
olan dünya miqyaslı şairlər - Nizaminin, Xaqaninin
yaradıcılığı ilə bir səviyyəyə
yüksəltmişdir.
Baş nazirin müavini daha sonra
demişdir: – Bu gün bütün dünyada gender problemi ən ciddi problemlərdən biri
hesab olunur. Amma Məhsəti Gəncəvi hələ 900 il
bundan əvvəl gender ideyalarını təbliğ etməklə
yanaşı, bu ideyaları öz
yaradıcılığında əməli şəkildə tətbiq edirdi. Həmin
vaxtdan 9 əsr keçsə də, onun doğma xalqı bu böyük şairəni
unutmamışdır və heç vaxt da unutmayacaqdır. Təsadüfi
deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev Məhsəti
Gəncəvinin 900 illiyini bayram etmək üçün
xüsusi sərəncam imzalamışdır. Bu, bir tərəfdən
Azərbaycanda Məhsətinin irsinə, Məhsətinin şəxsiyyətinə
verilən qiymətdirsə, digər tərəfdən Azərbaycanda
mədəniyyət və sənətə göstərilən
diqqətdən xəbər verir. Milli sənətə, milli ədəbiyyata
bu cür yüksək qiymət və diqqətin əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Bu ənənə bu gün də davam edir.
M.Gəncəvinin
yubileyinin UNESCO səviyyəsində
qeyd edilməsindən bir Azərbaycan vətəndaşı
kimi böyük qürur hissi
keçirdiyini diqqətə çəkən Elçin Əfəndiyev
son illər beynəlxalq miqyasda ölkəmizlə
bağlı onlarla tədbirin keçirildiyini, Azərbaycanla
qurum arasında çox işgüzar və
qarşılıqlı münasibət yarandığını,
ikitərəfli əlaqələrin inkişaf etməsində
Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın çox böyük rolu
olduğunu vurğulamışdır.
E.Əfəndiyev daha sonra
bildirmişdir ki, UNESCO mədəniyyəti qoruyur, yayır və
təbliğ edir. Mədəniyyətin qorunması isə
özlüyündə sülh məramından xəbər
verir, əmin-amanlığa dəvət edir, işğal
olunmuş ərazilərin azad olunmasını tələb
edir. Buna görə də Azərbaycan UNESCO ideyalarını
daim uca tutur və bu ideyaların həyata vəsiqə
qazanması üçün əlindən gələni əsirgəmir.
UNESCO-nun
baş direktorunun təhsil üzrə müavini Qian Tang
çıxışında Azərbaycanın dünya mədəniyyətinin
inkişafında xüsusi rola malik olduğunu, həmin irsin zənginləşməsinə
bu gün də töhfələr verdiyini qeyd etmişdir. O, Məhsətinin
dünya ədəbiyyatının nadir simalarından
olduğunu, əsərlərində təbliğ etdiyi mütərəqqi
ideyalarla bəşəriyyətin övladına
çevrildiyini xüsusilə vurğulamışdır. Natiq
Məhsəti Gəncəvinin 900 il əvvəl
qaldırdığı problemlərin indi də aktuallıq kəsb
etdiyindən danışaraq, Məhsəti Gəncəvi
yaradıcılığında əsas məziyyətlərdən
biri kimi, şairənin rübailərinin müasirliyindən bəhs
etmişdir. Zərif məhəbbət duyğularını tərənnüm
etməklə bərabər, qadının cəmiyyətdəki
yüksək mövqeyini cəsarətlə poeziyanın
mövzusuna çevirən Məhsəti Gəncəvi,
Q.Tangin qənaətincə, feminis ideyaları ədəbiyyatda
bütün parlaqlığı ilə əks etdirən
qüdrətli sənətkarlardandır.
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Məhsəti yaradıcılığının tədqiqatçısı Rafael Hüseynov maraqla qarşılanan çıxışında demişdir: – Bu köhnə latın deyimi böyük bir həqiqəti ifadə edir: “İşıq Şərqdən gəlir”. Lakin bu gün, XXI əsrdə artıq işıq dünyanın dörd bucağından gəlir. Bu gün dünyanın hər yerində məşhur şairələr də, istedadlı qadın musiqiçilər də, güclü xanım şahmatçılar da var. Lakin 900 yaşı indi dünyanın mədəniyyət paytaxtlarından olan Parisdə, UNESCO-da qeyd edilən dahi azərbaycanlı Məhsəti Gəncəvi o vaxtkı mədəni dünyada tək idi. O, bütün bu üstün keyfiyyətləri özündə birləşdirən nadir bir şəxsiyyət idi. Onun işığı yalnız öz ölkəsinə - Azərbaycana deyil, bütün Mərkəzi Asiyaya, Yaxın və Orta Şərqin ucqarlarına yayılır, Hindistana qədər gedib çatırdı. Məhsəti təxminən 90 il ömür yaşayıb. Amma yaratdığı gözəllik dünyasının, insanlara yadigar qoyduğu məhəbbət dolu şeirlərinin sayəsində o bu gün də sağdır. Məhsəti bir Ay kimi 9 əsrdir ki, işıq saçmaqdadır. XII əsrdən indiyədək həm Şərqdə, həm Qərbdə onlarla, yüzlərlə şöhrətli, qüdrətli xanımlar olub. Amma Məhsəti məhz yaratdığı irsin, tərənnüm etdiyi duyğuların və parlaq şəxsiyyətinin sayəsində bu günədək ən böyük xanım olaraq qalır. Çünki o, birinci olub, yol açıb, çünki o, daim sevilən bir nümunə yaradıb. Məhsəti başqa bir dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin yaşca böyük müasiri idi. Onlar ikisi də qədim Azərbaycan şəhəri, indi ölkənin ikinci rəmzi paytaxtı sayılan Gəncədə doğulublar, orada yaşayıb-yaradıblar. O dövrün Gəncəsindəki möhtəşəm tikililəri, sarayları, qalaları, memarlıq abidələrini müharibələr, zəlzələlər, ötüb keçən yüzillər yox edib. Lakin Məhsətinin də, Nizaminin də yaratdıqları salamat qalıb, yaşayır, yenə də əvvəlki kimi təzədir, təravətlidir, yenə insanlara xidmət edir, yenə ruhu oxşayır. Bu, Sənətin, Sözün qələbəsi, gözəlliyin əbədiyyəti deməkdir. Məhsəti yalnız şair deyil, zəmanəsinin görkəmli ictimai xadimi idi, orta əsrlərdə Şərqdə böyük gücə malik olan əxi təşkilatının öndə gedən təmsilçilərindən idi. Məhsəti və əxilər bərabərliyi, dostluğu, qardaşlığı, həmrəyliyi – sonralar Avropa və dünya demokratiyasının təməl prinsiplərinə çevriləcək dəyərləri təbliğ edirdilər. Məhsəti iradə azadlığından, yüksək humanist ideallardan, məhəbbətdən yazırdı. Heyrətli dərəcədə müasir təsir bağışlayan, zamanını ardınca aparan ötkəm şəxsiyyəti və irsi ilə qadını ucalara qaldırırdı. O, ətrafına gənc şairə və musiqiçi qızları toplayaraq bəşəriyyətin bütöv mədəniyyət tarixində silinməz iz qoymuş bir ədəbi məclis, indiki anlayışla desək, sənət klubu yaratmışdı. Maraqlısı budur ki, Məhsətinin ətrafına toplaşmış daha 5 azərbaycanlı şairənin əsərləri 1331-ci ildə tərtib edilmiş bir təzkirədə - antologiyada bizim günlərədək gəlib çatmışdır. Məhsətinin müasiri Nizami Gəncəvi sabahlara ümidlərlə yazırdı:
Yüz il sonra sorsan bəs
o hardadır,
Hər beyti söyləyər:
“Burda, burdadır”.
100 il deyil, 8-9 əsr
keçib, yenə həmin ölməz sənətkarların yaratdığı
hər sətir, hər söz: “Onlar burdadır, bizimlədir”, – deyir və yüzillər öncə ana dilində – türkcə danışmış, o dövrün
məşhur şeir və sənət dillərində – farsca, ərəbcə yazmış
Məhsəti bu gün dünyanın ən müxtəlif ölkələrində, ən
müxtəlif dillərdə
– almanla almanca, italyanla italyanca, fransızla fransızca, farsla farsca, ingilislə ingiliscə danışır.
Bu sözlər Məhsətinindir, bu səs onun səsidir:
Eşqin minbərinə çıxandan
ki biz
Eşqdən başqa söz bilmədik hərgiz.
Bizim bu mənzilə
ayaq qoymasın
Eşq ilə yanmayan, buz kimi hissiz.
R.Hüseynov çıxışını bu sözlərlə tamamlamışdır: Haqqımız
var ki, indi
XII əsrin 13-cü ilində
doğulmuş o böyük
və daim müasirimiz olan sənətkarı düşünərkən
köhnə və məşhur latın
deyimini azacıq dəyişərək tam qətiyyətlə
söyləyək: İşıq
Məhsətidən gəlir!
İşıq Gəncədən
gəlir! İşıq
Azərbaycandan gəlir!
Sonda Azərbaycan
incəsənət ustalarının
Məhsəti Gəncəvinin
rübailəri əsasında
hazırladığı musiqili
kompozisiya səslənmişdir.
“İrs” milli
musiqi alətləri ansamblının ifa etdiyi rəngarəng melodiyalar, rəqs və xor elementləri
böyük ekranda nümayiş etdirilən miniatürlər, Məhsəti
şeirlərinə çəkilmiş
illüstrasiyalarla müşayiət
edilmişdir.
UNESCO-da böyük ədəbiyyat
bayramı kimi qiymətləndirilən bu
tədbirdə Rafael Hüseynovun
Məhsəti Gəncəvi
haqqında tədqiqat
əsərinin 20 dildə
nəşr edilmiş
nüsxələrindən ibarət
sərgi təşkil
olunmuş, müxtəlif
dillərdəki nəfis
tərtibatlı kitablar qonaqlara hədiyyə edilmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Xalq qəzeti.- 2013.- 18 may.- S. 8.