“Bakı Ürək
Günləri” 3-cü Beynəlxalq Konqresi öz işinə
başladı
Dünən “Gülüstan” sarayında Azərbaycan
Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC)
təşkilatçılığı ilə “Bakı Ürək
Günləri” 3-cü Beynəlxalq Konqresi öz işinə
başladı. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümünə həsr
edilmiş mötəbər tədbirdə yerli mütəxəssislərlə
yanaşı, dünyanın 38 ölkəsindən 100-dən
artıq kardioloq və kardiocərrah
iştirak edirdi.
Bunların
arasında ABŞ, Çin, Kanada, Rusiya, İngiltərə,
Türkiyə, İsveçrə, Almaniya, Niderland, Yaponiya,
İsrail, Hindistan, Cənubi Koreya kimi ölkələrin
aparıcı mütəxəssisləri var idi. Konqresin
açılışından əvvəl qonaqlar Fəxri
Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını
və Şəhidlər
Xiyabanını ziyarət etdilər.
“Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresini AÜDCC-nin sədri, tibb elmləri namizədi, əməkdar həkim Kamran Musayev açaraq qonaqları salamladı və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin konqres iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxudu. Kamran Musayev bildirdi ki, belə tədbirlərin ölkəmizdə reallaşması müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin vaxtilə apardığı və bu gün də dövlətimiz, onun Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən səhiyyə siyasətinin məntiqi nəticəsidir. Natiq qeyd etdi ki, artıq ənənəvi hal alan bu tədbirin keçirilməsində məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. AÜDCC-nin sədri bu konqresin azərbaycanlı mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına şərait yaradacağını, həmçinin Azərbaycanın uğurlarının təbliği işində mühüm rol oynayacağını da vurğuladı.
Daha
sonra çıxış edən tibb elmləri doktoru, akademik
Böyükkişi Ağayev ürək-damar xəstəliklərinin dünyada ölümə səbəb
olan xəstəliklər sırasında birinci yerdə
olduğunu və bu xəstəliklərin hər il milyonlarla insanın həyatına son
qoyduğunu dedi. Bu sahəyə ayrılan diqqətin çox
vacib olduğunu bildirən
akademik “Bakı Ürək Günləri” kimi tədbirlərin
keçirilməsini Azərbaycan səhiyyəsinin inkafında
mühüm mərhələ kimi qeyd etdi.
Sonra Rusiyanın məşhur kardioloqu,
akademik Renat Akçurin və türkiyəli professor, ürək-damar
cərrahiyyəsi mütəxəssisi Ali Gürbüz
çıxış edərək konqresin beynəlxalq səviyyədə
əhəmiyyətindən danışdılar.
Açılışdan
sonra elan olunan fasilədən
istifadə edərək konqresdə iştirak edən xarici
qonaqlarla görüşdük və onların “Bakı Ürək
Günləri” ilə bağlı düşüncələrini
öyrəndik. Kanadalı
mütəxəssis Mustafa
Çıkrıkçıoğlu konqresə dəvət
edilməsindən məmnunluq duyduğunu bildirdi. Qeyd etdi ki,
son dəfə ölkəmizdə
iki il öncə olub və iki il ərzində Azərbaycanın
inkişaf sürətininin daha
da artması və “Bakı
Ürək Günləri”nin təşkilinin getdikcə daha yüksək səviyyəyə
çatması onu çox sevindirir: “Ürək və damar cərrahiyyəsi
daim yenilənməyi tələb edən bir sahədir və
belə tədbirlərin keçirilməsi çox önəmlidir.
Düşünürəm ki, bu baxımdan “Bakı Ürək
Günləri” Beynəlxalq Konqresi öz üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirir”.
Bütün dünyada məşhur olan turkiyəli kardiocərrah
Cavat Yakut isə dedi ki, 13 il əvvəl Azərbaycana ilk gəlişi
zamanı ürək və damar cərrahiyyəsi sahəsində
gördüyü vəziyyətlə indiki arasında
çox böyük fərq var: “Mən türk dünyasının
böyük siması Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin hakimiyyəti
dövründə Azərbaycanın və paralel olaraq ölkənizdə
ürək-damar cərrahiyyəsinin inkişafında
böyük irəliləyişin olduğunu qeyd etmək istəyirəm
və buna görə sizləri təbrik edirəm”.
Fasilədən sonra konqres işini elmi hissə ilə davam etdirdi. Qeyd edək ki, “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresi mayın 19-da başa çatacaq.
Aida AYSA.
Xalq qəzeti.- 2013.- 18 may.- S. 9.