Sumqayıt şəhərinin su təchizatı sistemi yenidən qurulur

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkənin iri şəhərlərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Əhalisinin sayına və sənaye potensialına görə ölkəmizin həyatında mühüm  rolu olan Sumqayıt şəhərində də su  təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks işlər həyata keçirilir.

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Sumqayıt şəhərində və ətraf qəsəbələrdə uzun müddət istismarda olan 36,6 kilometr su xətləri artıq yeniləri ilə əvəz edilmişdir. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində 50-dək ünvanda 287 çoxmərtəbəli yaşayış binası 24 saat fasiləsiz su ilə təmin edilməklə 23824 abonentin və ya 95 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçirilmişdir. Bununla da, Sumqayıt şəhəri və ətraf qəsəbələrdə fasiləsiz içməli su ilə təmin olunan əhalinin çəkisi  80 faizə yüksəlməklə 213 min nəfərə çatmışdır. Fasiləsiz rejimə keçidlə əlaqədar  21 nasosxananın fəaliyyəti dayandırılmışdır.

Su təchizatı ilə paralel olaraq Sumqayıt şəhərinin kanalizasiya sistemində də yenidənqurma işləri aparılır. Belə ki, ötən ilin sonunda yeni nasos stansiyasının  istismara verilməsi ilə  “Köhnə şəhər” yaşayış sahəsinin çirkab sularının Sumqayıt təmizləyici qurğusuna ötürülməsi təmin edilmiş, bununla da, qurğuda sutka ərzində emal olunan çirkab suyunun həcmi 30 min kubmetrdən 42 min kubmetrə çatdırılmışdır.

Ümumi uzunluğu 9 kilometr olan Novxanı-Sumqayıt kollektoru tam istismara verildikdən sonra Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab sular kollektora yönəldiləcəkdir. Ümumiyyətlə, gələcəkdə Sumqayıt şəhərinin bütün çirkab suları təmizləyici qurğuda zərərsizləşdirilərək dənizə axıdılacaqdır. Hazırda qurğunun sutkalıq məhsuldarlığı 72 min kubmetrdir. Gələcəkdə isə  bu göstərici 100 min kubmetrə çatdırılacaqdır.

 

M.YAQUBZADƏ

 

 Xalq qəzeti.- 2013.- 19 may.- S. 6.