Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi Fərid Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

Azərbaycana “Eurovision-2013” mahnı müsabiqəsində ikinci yeri qazandırmış Fərid Məmmədov mayın 21-də ulu öndərin adını daşıyan sarayın qarşısındakı parka gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuş, əziz xatirəsini ehtiramla yad etmişdir.

AzərTAc xəbər verir ki, Fərid Məmmədov ulu öndərin abidəsinin ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında ölkəmizdə ona qarşı diqqətsizlik göstərilməsi barədə yayılmış şayiələrin heç bir əsası olmadığını bildirmişdir. O, bu cür əsassız şayiələrdən təəssüfləndiyini söyləmişdir.

F.Məmmədov istər müsabiqə ərəfəsində, istər yarışma günlərində və istərsə də uğurlu çıxışından sonra Azərbaycan dövləti  tərəfindən ona göstərilən xüsusi diqqət və qayğını yüksək qiymətləndirmişdir.

Gənc musiqiçi gələcək planları və həyata keçirmək niyyətində olduğu layihələr barədə danışaraq yaxın günlərdə yeni mahnılarla pərəstişkarlarını sevindirəcəyini vurğulamışdır.

 

 

Xalq qəzeti.- 2013.- 22 may.- S. 4.