Vətən mənə oğul desə...

 

Azərbaycan pəhləvanlarının şöhrəti həmişə dillər əzbəri olub, məharətləri, ustalıqları ilə dünyanı heyran ediblər. Ustadlarımız yorulmadan pəhləvanlıq sirlərini aşıladıqları şagirdlərinin mübarizə meydanına gedən yollarında mayak olublar. Onlar güc və iradənin birləşməsi üçün illərlə cəfa çəkib və nəhayət yetirmələrini zamanın sınaqlarından çıxararaq irəli aparıblar. Belə ustadlardan biri, dünya şöhrətli güləşçilər yetişdirən İqdam Ələkbərovdur.

İqdam Ələkbərov Bakı milyonçusu Hacı Gəncəli nəslindən olan, öz dövrünün görkəmli ziyalısı sayılan Əli Fəhminin ailəsində dünyaya gəlib. Atam Tibb Universitetini bitirib, bir müddət ixtisası üzrə işləsə də klassik poeziyaya olan maraq onu Bakı Dövlət Universitetinə gətirib çıxarmışdır. Azərbaycan ədəbiyyatı və tarixi fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan ədəbiyyatı və tarixi fakültəsində baş müəllim işləmişdir. Universitetdə qədim dövr, XIX-XX əsr ədəbiyyatı, mətnşünaslıq, jurnalistika fakültəsinin tələbələrinə isə ərəb əlifbasını tədris edirdi. Eyni zamanda, Maarif Nazirliyinin sığorta şöbəsinin baş həkimi kimi çalışırdı. Dərslərimizə ciddi nəzarət edir, bilik səviyyəmizi, dünyagörüşümüzü artırmaq üçün hər vasitə ilə kömək edirdi. İdmandan başqa hüquq elminə də maraq göstərirdim. İdmanı seçəndə əmin idim ki, ömrümün sonuna qədər bu sahədə məmnuniyyətlə işləyə bilərəm”. Orta məktəbi bitirib, Bədən Tərbiyəsi İnstitutuna qəbul olunmaq arzusunu atasına bildirəndə Əli Fəhmi buna təəccüblənməmişdi. İqdam 13-14 yaşlarından artıq “Neftçiidman cəmiyyətində məşqçi Ağakişi İsgəndərovun rəhbərliyi altında yunan-Roma güləşinin sirlərinə yiyələnməyə başlamışdı. Musiqi məktəbini yarımçıq buraxan və güləşin sirlərinə bələd olmaq üçün saatlarla məşqlərdə vaxt keçirən yeniyetmə İqdamın məqsədi, məramı aydın idi-pəhləvanlıq məktəbinin davamçılarını yetişdirmək. “Ali məktəbdə təhsil aldığım illər ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərinə tasadüf edirdi. Həmin dövrdə həyatın bütün sahələri yüksək sürətli inkişaf mərhələsinə qədəm qoymuş, idman və bədən tərbiyəsinə meyil 70-ci illərin lap əvvəlində nəzərə çarpmağa başlamışdı. Ümummilli lider Azərbaycanda bədən tərbiyəsi hərəkatını əsl ümumxalq hərəkatına çevirmişdi. Belə bir zamanda hər bir gənc bu hərəkata öz töhfəsini vermək arzusu ilə yaşayırdı. Təyinatımı ROİL-ə alanda atam nəinki etiraz etmədi, “İndi Azərbaycanda bədən tərbiyəsi və idmanı inkişaf etdirmək üçün gənc, istedadlı və yüksək potensiala malik insanlar lazımdır”, - deyə mənə hətta dəstək verdi.

İqdam Ələkbərov o zaman Bakının Razin qəsəbəsindəki internat evində (indiki Respublika Olimpiya İdman Liseyi) yunan-Roma güləşi üzrə məşqçiliyə başlayanda uğurlar özünü çox gözlətmədi. Şübhəsiz, geniş dünyagörüşə, biliyə malik olması ona, həm də pedaqoq kimi çox böyük üstünlüklər qazandırırdı. Azərbaycanı xaricdə təmsil edəcək hər bir istedadlı güləşçinin hərtərəfli inkişafı, onlarda milli-mənəvi irsə sadiqlik kimi hisslərin tərbiyəsi çox vacib idi. Tarixən yaranmış milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması o dövrdə mühüm məsələlərdən biri idi. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev respublikada bütün sahələrin inkişafı ilə yanaşı, xalqımızın ümumbəşəri ideyalarının qorunması qayğısına qalır, kommunist ideologiyasının ciddi müqaviməti şəraitində belə xalqın öz dininə azad ibadət etməsi üçün əlindən gələni əsirgəmirdi. Bu məqsədlə ulu öndər Qurani-Kərimin Azərbaycan dilinə tərcümə olunması haqda sərəncam imzaladı. Bu məsuliyyətli respublikada Qurani-Kərimin və ərəb dilinin ən gözəl bilicisi, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Zaqafqaziya Müsəlmanları Konqresinin üzvü kimi fəal aparan Əli Fəhmiyə tapşırıldı. Tərcümənin redaktoru görkəmli alim Vasim Məmmədəliyev idi. “Atam 1969-70-ci illərdə bu müqəddəs kitabın 7 cüzünün tərcüməsinə nail olmuşdu. Lakin bədxah qonşularımız ermənilər Moskva vasitəsilə Azərbaycan KP MK-ya təzyiq göstərib heç bir dinin təbliğinə yol verilmədiyi halda Quranın da tərcüməsinin yolverilməz olduğunu bildirərək tərcümənin dayandırılmasına nail oldular. Azərnəşrin müdiriyyəti tərcüməni dayandırmaq haqqında atama məktubla məlumat verəndə o bərk sarsıldı”, - deyə İqdam müəllim xatırladı. Atasının Şərq ədəbiyyatı ilə bağlı biliyindən televiziya, radio, teatrkinoda da istifadə olunduğunu “Ölülər” tamaşasında görkəmli aktyor M.Dadaşovun, “Nəsimi” filmində R.Balayevin baş rollara hazırlanmasında kollektivə kömək göstərdiyini dedi. Bütün bunlar uzun müddət hüquq sahəsində çalışan qardaşı, şərqşünaslıq sahəsində çalışan bacıları kimi İqdam Ələkbərovun da həyatında sözün həqiqi mənasında böyük rol oynayıb. Bacısı, hazırda RadioTeleviziya verilişləri Qapalı Səhmdar Cəmiyyətində Türk dili redaksiyasında çalışan İnayət xanım “Bəzən İqdamla söhbət edənlər “sən idmançı babasan, bunları haradan bilirsən”, - deyirlər. Uşaqlığımız kitablar arasında keçib. İqdamın saysız-hesabsız tələbələri olub. Nəzərə alsaq ki, uşaqlar idman təmayüllü internata 4-5-ci sinifdən qəbul olunurlaronlara daha çox fiziki tərbiyə dərsləri keçirilir, onda burada hərtərəfli biliyə malik müəllimlərə nə qədər ehtiyac olduğunu daha dərindən anlamaq olar”.

Bəli, İqdam müəllim gələcək üçün təkcə fiziki cəhətdən yox, həm də mənəvi cəhətdən kamil insanların yetişməsinə önəm vermiş, vətəndaşlıq missiyasına həmişə sadiq qalmışdır: “Özümü məşqçidən daha çox pedaqoq sayırdım. Yetirmələrimə qazanılan hər bir qələbənin doğma Azərbaycanın nailiyyəti olduğunu başa salır, Vətənə layiq oğul kimi mübarizə aparmağı öyrədirdim”.

Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov məşqçisi barədə “O bizim üçün əsl müəllim idi. Yeniyetmə güləşçilərə xüsusi qayğı ilə yanaşır, güc, dözümlülük, iradə ilə yanaşı vətənpərvərlik hisslərinin tərbiyəsinə böyük önəm verirdi”, - deyə xatirələrini bölüşdü. İqdam Ələkbərov ilk şagirdlərini belə xatırlayır:  Uzun müddət ölkə yığmasının baş məşqçisi işləmiş, hazırda güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, yeniyetmə və gənclər arasında dəfələrlə SSRİ və Avropa birinciliklərinin, SSRİ və dünya kubokunun qalibi İlham Umayev, SSRİ və dünya birinciliklərinin qalibi İlham Həmidov, dəfələrlə dünyaAvropa çempionu, Olimpiya oyunlarının qalibi Kamandar Məcidov rəhbərliyim altında böyük həvəslə məşqlər edirdilər. Avropadünya çempionu Xəzər İsayev sərbəst güləşlə məşğul olurduyunan-Roma güləşinin sirlərinə rəhbərliyim altında yiyələnirdi. İnanın o zaman Xəzər İsayevyaxud İlham Umayev Moskvanı təmsil etsə idi bir neçə dəfə dünyaOlimpiya çempionu ola bilərdilər, karyeralarının ən çiçəklənən vaxtı güləş döşəyini tərk etməzdilər. Həm Xəzərə, həm də İlhama dəfələrlə bu barədə təkliflər edilmişdi. 20 yaşlı istedadlı pəhləvan Kamandar Məcidov etinasız münasibətə görə həmişəlik Bakını tərk etdi, Belarusdan çıxış edərək, Avropa, dünya çempionuSeul Olimpiadasının qalibi oldu. Müstəqil Azərbaycandan fərqli olaraq o vaxt məşqçi və mütəxəssislərin əksəriyyəti digər millətlərin nümayəndələri idilər. Şübhəsiz milli kadrların yetişməsinə əngəllər törədilirdi”.

Belə istedadlı güləşçilərdən biri də, İlham Umayev idi. Mükəmməl texnikası ilə yaşıdlarından fərqlənən, yüksək ustalıq və sürətlə həyata keçirdiyi fəndləri ilə rəqiblərini çaş-baş saxlayan İlham bu keyfiyyətləri ilə yunan-Roma güləşi üzrə gənclərdən ibarət SSRİ yığmasının baş məşqçisi Yuri Kolopovun da diqqətini cəlb etmişdi. Y.Kolopov İlhama böyük ümidlər bəsləyərək deyirdi: “Bu oğlan nadir istedada malik idmançıdır. Güləş döşəyində göstərdiyi texniki-taktikifiziki hazırlıq ona yaxın günlərdə bütün zirvələri fəth etməyə imkan verəcək. Əgər ona etibar edib 1980-ci il olimpiadasında çıxış etməsinə imkan versəydilər, mən cəsarətlə deyirəm, o bu zirvəni də fəth edərdi”. 1980-ci ildə bu istedadlı güləşçinin cəmi 18 yaşı var idi. İqdam müəllim istedadlı yetirməsinin idmançı karyerasının ən parlaq dövründə - 26 yaşında güləş döşəyini tərk etdiyini xatırladı: “Məhiyəddin Allahverdiyevo zaman yığmamızda məşq edirdi. Sonralar Moskvanı təmsil edib 3 dəfə dünya çempionu olan Məhiyəddinin İlhamla güləşi alınmırdı. İlham onu həmişə böyük hesabla məğlub edirdi. Məsələn, 1978-ci ildə İlham SSRİ çempionu olanda Məhiyəddin 5-ci yeri tutmuşdu. Belə misallar çoxdur. İlham Umayev 1985-ci ildə SSRİ kubokunun, daha sonra dünya kubokunun qalibi olsa dadünya çempionatına, nə də Olimpiya oyunlarına aparılmadı”.

İ. Ələkbərov 1970-80-ci illərdə Azərbaycanın güləş həyatını belə xatırlayır: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə idman sahəsində çox böyük inkişaf baş vermişdi. Azərbaycan güləşinin tərəqqisi Heydər Əliyevin daim diqqət mərkəzində idi. Çünki müxtəlif mötəbər yarışlarda pəhləvanlarımız Azərbaycanın əsas yarış silahı idilər. Bunu SSRİ-nin idman rəhbərləri həzm edə bilmirdilər. Yetirmələrimiz SSRİ miqyaslı yarışlarda böyük maneələrlə qarşılaşır, bunu keçənlərin isə Avropa, dünya çempionatlarında iştirakı sual altında qalırdı. Bir misal çəkim. 1976-cı ildə SSRİ birinciliyində idmançılarımızdan Ə. Əliyev, V. Avdışev çempion olub, Avropa birinciliyinə vəsiqə qazansalar da yalnız 2 idmançımızın qitə birinciliyində iştirakına icazə verildi. Yarışdan kənarda qalan Ə. Əliyevin SSRİ birinciliyində tam üstünlüklə məğlub etdiyi Moskva təmsilçisi Ş. Fatkulin Avropaya getdiçempion adını qazandı”.

1970-ci illərə qədər bütün sahələrdə geridə qalmış Azərbaycanla artıq hesablaşırdılar. 1976-cı ildə Bakıda gənclər arasında SSRİ birinciliyində güləşçilərimiz 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazandılar. İqdam müəllimin dediklərindən: “Yarışların hamısını sadalamaq istəmirəm. Ümumilikdə, həmin illər gənc güləşçilərimiz çox böyük uğurlar əldə etdilər. Şübhəsiz, nailiyyətlər diqqəti cəlb edirdi. Osipov “Nə vaxt televizoru açırsan İqdamı göstərirlər. Lap kino ulduzuna döndəriblər”, - deyə etirazını bildirirdi.

1976-1984-cü illərdə respublika yığmasının oğlanlardan ibarət komandasının əvvəlcə ikinci məşqçisi, sonra baş məşqçisi kimi fəaliyyət göstərən İqdam Ələkbərovun rəhbərliyi altında neçə-neçə dünyaşöhrətli güləşçilər yetişdi. İ. Ələkbərov 1982-ci ildə əməkdar məşqçi və qabaqcıl maarif xadimi, 1998-ci ildə Fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görüldü.

“1999-cu ildən 2009-cu ilə qədər qismətimə güləş ənənələrinin olduğu Ukraynanın Ternopil vilayətinin Olimpiya Ehtiyatları Məktəbində və vilayətin yığma komandasının baş məşqçisi vəzifələrində çalışmaq düşdü. Fəaliyyətim dövründə yetirmələrim parlaq qələbələri ilə ümidləri doğrultsalar da Vətəndə qazanılan qələbələrdən doğan müqəddəs hissləri duymadım. Xaricdə fəaliyyət göstərən idmançı və idman mütəxəssislərinin Azərbaycana dönüşü ilə bağlı Prezident İlham Əliyevin müraciətindən ruhlanaraq Vətənə döndüm. Ötən ildən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində (DGK İSM) baş məşqçi kimi çalışıram. Ömrümün 30 ilini Azərbaycan güləşinə həsr etdiyimi, yetirmələrimin saysız-hesabsız qələbələrini düşünəndə arxada qalan illərin hədər getmədiyini fikirləşirəm”.

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) baş direktoru Xəzər İsayev “İqdam müəllim güclü təcrübəyə malik məşqçidir. 1970-1980-ci illərdə yetirmələrinin dünyaya səs saldıqları bu məşqçi təqaüddə olmasına baxmayaraq, bu gün də yüksək enerji ilə çalışır. İqdam müəllim bacarıqlı məşqçi olduğu qədər də vətənpərvər insandır. Vətənpərvərlik ruhufiziki gücün birləşməsi isə qələbəni təmin edən əsas amillərdəndir”.

65 yaşı bu günlərdə tamam olan İqdam müəllim “İşləməkdən yorulmamısınız” sualıma, “Dönüb geriyə baxmaq mənim üçün tezdir, hələ ki, ancaq irəliyə baxıram. Dünyaya səs salan Azərbaycan güləşinin şöhrətini daha yüksəklərə qaldırmaq arzusu ilə yaşayıram”, - cavabını verdi. Uzun illər fəaliyyət göstərdiyiniz POİL və yaxud Azərbaycan yığmasında çalışmaq istəyərdinizmi?, - sualına isə “mənə belə bir şans verilsə xoşbəxt olaram”, - dedi: “Çox gözəl bir zamanda yaşayırıq, taleyimiz öz əlimizdədir. Gənclərimiz bilik və bacarıqları ilə bütün dünyaya meydan oxuyurlar. Yetirmələrimə həmişə demişəm, indi də deyirəm: Vətənə layiqli övlad olmaqdan müqəddəs vəzifə yoxdur. Bu amal uğrunda hər birimiz ömrümüzün sonuna kimi mübarizə aparmalıyıq”.

İqdam müəllim müstəqilliyi dönməz, əbədi və sarsılmaz olan Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilməsindən, bütün sahələr kimi idmanın da inkişafına yaradılan münbit şəraitdən, atletlərimizin böyük imkanlarından, Azərbaycanı təmsil etməkdən doğan qürur hissindən, güləşimizin inkişafına bundan sonra da verəcəyi töhfələrdən fəxrlə danışırdı. Məşq zalına daxil olan yeniyetmələr isə müəllimləri ilə bir-bir salamlaşaraq soyunub-geyinmə otağına tələsirdilər. Onları İqdam müəllimlə  gərgin məşq saatı gözləyirdi...

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2013.- 23 may.- S. 7.