Tərtər: cəbhə bölgəsi mətanət nümunələri göstərir

 

...Tərtər şəhərindəyik. Abad küçələr, müasir binalar, yeni salınmış səkilər, işıqlandırma sistemi, güllər, çiçəklər... bir də sərin dağ havası. Özünü Avropanın kiçik kurort şəhərindən birində hiss edirsən. Tərtər çayı şəhəri iki yerə bölür. Çayın hər iki sahili boyu yaradılmış gözəllikdən, müasirlikdən gözlərimiz də dincəlir, könlümüz də ...

Sözün düzü, inanmaq çətindir ki, 20 il əvvəl bu bölgədə amansız döyüşlər gedib. Hərbi əməliyyatların getdiyi illərdə Tərtər şəhərinin, demək olar ki, elə bir küçəsi, evi yox idi ki, düşmən mərmisi düşməsin. Ölənlər, yaralananlar, dağıntı, yanğın, faciə... Bəli, bunlar ən yaxın tariximizin müharibə xronikasıdır. Orası da var ki, Tərtər bu gün də cəbhə bölgəsində yerləşir. Burada təmas xətti 48 kilometrdir, 12 yaşayış məntəqəsi isə bilavasitə düşmənlə üz-üzədir.

Belə bir şəraitdə yaşayıb-işləmək, ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini vermək isə hər kəsdən yüksək iradi keyfiyyətlər, ali vətənpərvərlik duyğuları və böyük fədakarlıq tələb edir. 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına ərazi iddiaları yenidən baş qaldırdığı vaxtdan Tərtər rayonu amansız döyüşlər meydanına çevrilib. Doğrudur, ilk vaxtlar işğalçılara qarşı əsasən zəif silahlanmış və tələsik təşkil olunmuş yerli özünümüdafiə dəstələri döyüşürdülər. Vahid komandanlıq olmadığından bu döyüşlər bir növ kortəbii xarakter daşıyır və böyük itkilərlə müşayiət olunurdu. Ən ağır döyüşlər rayon mərkəzinə lap yaxın kənd olan, ermənilərin Marquşevan adlandırdığı indiki Şıxarx ərazisində gedirdi. Hazırda bu, Dağlıq Qarabağın bizim nəzarətimizdə olan yaşayış məntəqələrindən biridir.

Qısa məlumat: hazırda qəsəbə statusu daşıyan Şıxarx Tərtər şəhərindən 5 kilomert qərbdə, Tərtər – İstisu magistral avtomobil yolunun sağ və sol tərəflərində yerləşir. Ərazisi  3 min 29 hektardır.

Şıxarx qəsəbə nümayəndəliyində 414 ailə qeydiyyatdadır. Burada 37  nəfərdən ibarət 11 yerli ailə və 673 nəfərdən ibarət 183 məcburi köçkün ailəsi yaşayır. Məcburi köçkünlərin əksəriyyəti Laçın, Kəlbəcər, Ağdərə və Ağdam rayonlarından gələnlər, işğal nəticəsində doğma ev-eşiklərindən didərgin düşənlərdir. Qəsəbədə 2 tam orta məktəb və feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Ərazini gəzərkən diqqəti ilk növbədə cəlb edən müharibədən miras qalan xarabalıqlardır. Son 2 il ərzində buradakı məktəblər və nisbətən salamat qalmış yaşayış evləri təmir edilərək sakinlərin ixtiyarına verilib. Yararsız hala düşmüş xeyli sayda elektrik dirəkləri və naqillər dəyişdirilib. 1 içməli su subartizan quyusu təmir edilərək həyətlərə çəkilib. 5 məcburi köçkün ailəsinə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən 1100 manat məbləğində maddi yardım göstərilib.

Tərtər rayonunun cəbhə xəttinə ən yaxın ərazilərdən biri də Qapanlı kəndidir. Bu kənd indiyədək ermənilərin mövqelərindən daim atəşə məruz qalır. Təkcə son 2 il ərzində sakinlərdən Qarabağ müharibəsi əlili Daşqın Əliyev erməni snayperinin gülləsindən, 25 yaşlı Elməddin Quluyev isə tank əleyhinə mina sahəsinə düşərək həlak olublar. Ümumiyyətlə isə, Qarağacı, Qapanlı və Qaradağlı  kəndləri müharibədə və atəşkəs dövründə 14 şəhid verib.

Ceyhun Cəfərov Tərtər Rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra ilk səfərinə məhz Qapanlı kəndindən başlamış, son 2 il ərzində 6 dəfə kənd sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanmış, tövsiyələrini vermişdir. 2012-ci ildə Qapanlı, Qaradağlı və Qarağacı kəndlərinə qaz xətləri çəkilmiş, 562 yerli və 36 məcburi köçkün ailəsi mavi yanacaqla təmin olunmuşdur. Qapanlı və Qarağacı kəndlərinə telefon çəkilmiş, müasir tipli ATS quraşdırılmış, telefon çəkilişi yekunlaşmışdır. Bərpa Agentliyi tərəfindən Qapanlı və Qaradağlı kəndlərində müharibədən zərər çəkmiş 24 ev yenidən tikilmiş, 42 ev isə əsaslı təmir olunmuşdur.

Həmin kəndlərdə suvarma üçün 8 subartezan quyusu qazılıb, eləcə də 2 içməli subartezan quyusu istifadəyə verilib. Qapanlı əhalisinin erməni gülləsindən qorunması üçün 165 metr uzunluqda, 4 metr hündürlükdə istinad divarı tikilib.  Bunun nəticəsində vaxtilə kənddən köçmüş onlarla ailə öz evlərinə qayıdıb. Belə ailələrdən birinin başçısı Nofəl Əliyev deyir:

– Təxminən 15 il əvvəl təsərrüfatda çalışarkən erməni mövqelərindən atılan güllədən ağır yaralanmışdım. Müalicə məqsədilə ailəmlə birlikdə Bakıya köçməli oldum. Qapanlıda yaşamaq təhlükəli olduğundan uzun illər orada qaldım. Kənddə sakinlər üçün şəraitin yaxşılaşdırıldığından xəbər tutan kimi öz evimə qayıtmağa qərar verdim. Şükürlər olsun ki, indi ailəmlə yenidən doğma torpağımdayam. Burada artıq su, işıq və təbii qaz çəhətdən tam təmin olunmuşuq.

Yeri gəlmişkən qeyd edək ki, ərazidə yaşayan 36 məcburi köçkün ailəsinə də su xətləri çəkilib və sayğaclar qoyulub. Tərtər rayonunun Hüsənli, Borsunlu, Çəmilli, Dəmirçilər, Əskipara, Seydimli, Qaynaq və başqa inzibati ərazi dairələrində də eyni mənzərəni müşahidə etmək olar. Bu ərazilərdə yollar abadlaşdırılmış, yaşıllıqlar salınmışdır. Həmin kəndlərin sakinləri, eyni zamanda, rayonda gedən möhtəşəm quruculuq və abadlıq işlərində fəal iştirak edirlər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov:

– 2012-ci il hər bir tərtərli üçün unudulmaz, əlamətdar olmuşdur. Rayon sakinləri bu gün də 7 oktyabr 2012-ci ilin sevincini yaşayırlar. Çünki həmin gün xalqımızın böyük oğlu, Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyev rayonumuza 2-ci dəfə səfər etmişdir. Ölkə başçısının Dövlət Bayrağı meydanının, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Heydər Əliyev parkının və süd emalı zavodunun açılışında iştirak etməsi, bölgə gəncləri ilə görüşməsi, verdiyi tapşırıq və tövsiyələr gənclərin qəlbinə silinməz izlər buraxmışdır.

Prezidentin səfərindən sonra Tərtər Rayon İcra Hakimiyyətinə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılması insanlarımızın qurub-yaratmaq əzmini qat-qat yüksəltmişdir. Geniş vüsət almış tikinti-quruculuq-abadlıq işləri rayonun sosial simasını nəzərəçarpaçaq dərəcədə dəyişdirmişdir. Ötən il Dövlət Bayrağı meydanının  tikintisi başa çatdırılmış, bayrağın ətrafında 270 kvadratmetr əraziyə qranit daşlar döşənmiş, istinad divarları tikilmişdir. Heydər Əliyev adına parkda və mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

Şəhərin Nizami və Elman Hüseynov küçələrinə 1,9 kilometr uzunluğunda 31630 kvadratmetr sahəyə asfalt - beton örtük salınmışdır. Bununla bərabər, bu il Tərtər şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli, 54 mənzili yaşayış evi, Şahmat Məktəbi, Olimpiya İdman Kompleksi tikiləcək, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün qəsəbə salınacaqdır.

Aztəminatlı ailələrə ünvanlı sosial müavinətlərin təyin edilməsi məqsədilə 1420 ailənin 6506 üzvünə 7 milyon 692 437 manat vəsait verilmişdir. Rayon əhalisinin təbii qazla təmin edilməsi və qaz təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam edir. Qarağacı, Qaradağlı , Qapanlı, Səhləbad və Əskipara kəndlərində müxtəlif diametirli küçə xətləri çəkilmiş, 1217 abonent mavi yanacaqla təmin olunmuşdur. 2014-cü ilədək bütün kəndlərin qazlaşdırılması nəzərdə tutulub.

Ötən il 516 gənc ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. İndi tərtərli gənclər arasında hərbi xidmətdən yayınma hallarına təsadüf olunmur, əksinə, onların bir çoxu ordu sıralarında qalaraq, bu sahədə bilik və təcrübələrini artırır, Vətənin layiqli övladları olmağa can atırlar. 18 yaşlı tərtərli Kamal Əliyev:

- Bizim ailəmizin 8 üzvü – atam, əmilərim və dayım 1992-1994-cü illərdə döyüş bölgələrində erməni işğalçılarına qarşı vuruşublar. Onların arasında yaralananlar da olub, şəhid olanlar da. Mən də onların yolunu davam etdirməyə, ərazi bütövlüyümüzün təmin olunması üçün var qüvvəmi sərf etməyə hazıram. Bunun üçün xidmət edəcəyim hərbi hissədə komandirlərimin hər bir tapşırığına əməl etməyin vacibliyini bilirəm. Hər halda, hərbi xidmətə qələbə əsgəri olmaq arzusu ilə gedirəm.

Ötən il hərbi xidmətini başa vurmuş 5 nəfər tərtərli gənc gizirlik, 20 nəfəri müddətdən artıq hərbi xidmət keçmə kurslarına – təlim-tədris mərkəzinə göndərilmişdir. Bütün bunlar rayonun gəncləri arasında hərbi - vətənpərvərlik ruhunun nə qədər yüksək olduğuna əyani sübutdur.

Tərtər rayonunda Dövlət Proqramından irəli gələn vəzifələr uğurla yerinə yetirilməkdədir. Təkcə ötən il rayonda ümumi məhsul buraxılışının həcmi 117 milyon 920,7 min manat olmuşdur. 4 milyon 322,8 min manat dəyərində sənaye, 59 milyon 526 min manat dəyərində kənd təsərrüfatı məhsusu istehsal edilmişdir. Əsas kapitala 14 milyon 344min manat investisiya yönəldilmişdir.

Əvvəlki illərlə müqayisədə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi artmış, inkişaf və yüksəliş dinamik xarakter almışdır. Ən əsası isə odur ki, tikinti-quruculuq işləri təkcə rayon mərkəzini əhatə etmir. İndi abadlıq və səliqə-səhman işləri bütün yaşayış məntəqələrində eyni sürət və keyfiyyətlə davam etməkdədir.

Əlbəttə, bütün bunlar cəbhə bölgəsində yerləşən, demək olar ki, hər gün basqın və atışmaya məruz qalan, ərazisinin müəyyən hissəsi müharibənin törətdiyi dağıntılar nəticəsində istifadəsiz qalan rayon üçün xoş və fərəhli göstəricilərdir. İşin daha yaxşı təşkili, əldə edilmiş göstəriciləri bir az da artırmaq üçün bir sıra respublika təşkilatlarının konkret kömək və yardımına ciddi ehtiyac var. Məsələn, Sərsəng su anbarı hələ də erməni silahlı qüvvələrinin nəzarəti altındadır. Deməli, əkin sahələrinin, xüsusilə, cəbhə xəttində yerləşən torpaqların əkin suyu ilə təmin olunmasında ciddi problemlər var. Yaranmış vəziyyətdən çıxış yolu isə yeni subartezian quyularının qazılmasıdır. Düzdür, son illər bu istiqamətdə xeyli iş görülmüşdür. Bununla yanaşı, Tərtərə son səfərimiz zamanı cəbhə xəttində yerləşən yaşayış məntəqələrində işlərin gedişi ilə tanış olarkən, kənd adamları, fermer və sahibkarlarla söhbət edərkən gəldiyimiz nəticə belədir: təsərrüfat suyu ilə təminatı yaxşılaşdırmaq üçün əlavə subartezian quyularının qazılmasına ciddi ehtiyac var.

– İlin bu çağlarında Tərtər – Kəlbəcər yolu əriş-argac olardı. El-elat yaylaqlara qalxardı. Dəlidağ, İstisu, Ceyran bulağı ... oylağımız olardı. İndi yollar bağlıdır. O yerlərdən soraq gətirən təkcə Tərtərdir. Əslən Ağdərənin Umudlu kəndindən olan, hazırda Tərtər rayonunda müvəqqəti məskunlaşmış Ələkbər Kərimov elə bil ürəyimizdən keçənləri hiss etdi:

– Tərtər çayı bizim kəndimizin yanından keçir. Onun coşqun nəğmələri mənə ana laylası kimi doğmadır. Tez-tez Tərtərin  sahilinə gəlirəm. Ancaq burada çayın səsi bizim yerdəkinə bənzəmir. Dağlarda Tərtərdən qalxan nəğmələr daha sərt və coşqundur.

Tərtərin sularına baxıram. Qarlı dağlardan, sıldırım qayalardan, sərt döngələrdən keçib gələn çay burada – aranda elə bil nəfəsini dərir, sakitləşir, aram tapır. Tərtəri Tərtər eyləyən bulaqlar, axıb gəldiyi yerlər bir-bir gözlərim önündən keçir. Axı Kəlbəcərə, Dəlidağa, Ceyran bulağına qalxan yollar Tərtərin yaxası boyuncadır.

Qəlbim sanki dilə gəlir. Öz-özümə pıçıldayıram:

– Qoca Tərtər, bizim ellər yerindəmi?...

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 30 may.- S. 10.