Azərbaycançılıq konseptual ideya kimi

 

 

Azərbaycançılıq ümummilli məfkurə olaraq, milli birliyin təminatı, Azərbaycanın dünyaya inteqrasiyası, mədəniyyətimizin bütövləşməsi, vahid Azərbaycan ideyasının yayılması, ümumtürk  dəyərlərinə sədaqət kimi mühüm məsələləri özündə birəşdirir. Ölkəmizdə azərbaycançılıq ideyası istiqlal və dövlətçilik təfəkkürünə əsaslanır. Milli konsepsiyanın əsasını isə dövlət müstəqilliyinin qorunması, Azərbaycan Respublikasının, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların Vətəni kimi dərk edilməsi prinsipi təşkil edir.

 

Azərbaycançılıq diaspor siyasətinin də mühüm  tərkib hissəsidir. Azərbaycanın diaspor siyasətinin əsas istiqamətləri xarici ölkələrdə azərbaycanlıların  təşkilatlanmasını formalaşdırmaqdan, onların yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakına yardımçı olmaqdan, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsinə şərait yaratmaqdan və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında  imkan və səyləri səfərbər etməkdən ibarətdir.

 

Azərbaycançılıq məfkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq, respublikamızın ərazisində yaşayanya başqa ölkələrə köçmüş bütün vətəndaşlara hüquqi və mənəvi cəhətdən bərabər münasibət göstərilir. Məlumata görə, mühacirətdə yaşayan qeyri-azərbaycanlı  — ölkəmizdə doğulmuş ruslar, yəhudilər və başqaları Azərbaycan diaspor təşkilatları ilə əlaqələr qurur və onların işində iştirak edirlər.

 

Azərbaycançılıq konseptual ideya olaraq xaricdə yaşayan azərbaycanlılarla işi dövlət səviyyəsində uğurla həyata keçirməyə, onları ölkəmizdəki müxtəlif layihələrə cəlb etməyə və Vətənə daha sıx bağlamağa imkan vermişdir. Ulu öndər Heydər  Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I qurultayında dövlət siyasətini izah edərkən, onun vacib xüsusiyyətlərini belə göstərmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.Hər bir azərbaycanlı öz milli  mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət- ənənələrini yaşatmalıyıq”. Dövlət siyasətinin mühüm strategiyası olan azərbaycançılıq, müasir ideologiyamızın əsas xəttidir.

 

Heydər Əliyev həmişə bildirirdi ki, dövlət müstəqilliyimiz əldə ediləndən sonra azərbaycançılıq  aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas meyardır. Ulu öndərin fikrincə, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın sivil inkişafının təmin olunması deməkdir. Azərbaycançılıq ideologiyası Azərbaycan lobbisini formalaşdıran qüvvələrin, xalqımızın mənafeyinə xidmət etməyi qarşısına məqsəd qoyan təşkilatların, şəxslərin fəaliyyətinin mühüm siyasi-ideoloji, mənəvi əsasını da təşkil edir. Lobbiçilik hərəkatında onun səfərbəredici təsir gücündən səmərəli istifadə olunmaqdadır.

 

Ümummilli lider Heydər Əliyev ölkəmizin dünya birliyində layiqli yer tutmasında güclü amil olan Azərbaycan diasporunun formalaşmasını, azərbaycanlıların milli həmrəyliyini və azərbaycançılıq ideologiyasının dünya miqyasında reallaşması zəruriliyini önə çəkirdi.  Azərbaycançılıq ideyası milli-mənəvi dəyərlər sistemimizlə də yaxınlıq təşkil edir. Azərbaycan xalqına məxsus ailəyə bağlılıq, yurda bağlılıq, qohumluq münasibətlərinin möhkəmliyi, inam və əxlaqi keyfiyyətlərdə bütövlük, sadiqlik kimi cəhətlər zamanın sınaqlarından çıxıb. Bu gün isə azərbaycançılıq, dövlətçilik keyfiyyətləri ilə birləşir.

 

Azərbaycan xalqının tarix boyu qazandığı milli-mənəvi dəyərlərin azərbaycançılıq ideyalarının yaranmasında əvəzsiz rolu var. Azərbaycançılıq ideyasının formalaşmasında mühüm rol oynayan bu amillər özünün əxlaqi və etik keyfiyyətlərinə görə bəşər mədəniyyətinin də tərkib hissəsini təşkil edir.Azərbaycanlıların milli-mənəvi dəyərləri ümumtürk ruhunun və Şərq ənənələrinin dərin kökləri üzərində inkişaf edir. Azərbaycançılıq bu xüsusiyyətləri bir-birindən ayırmır, əksinə, daha da birləşdirir və zənginləşdirir. Hazırda qloballaşan dünyada Türk, Şərq, Azərbaycan milli-mənəvi dəyərləri Qərb- Avropa mədəniyyəti ilə yaxınlaşaraq yeni keyfiyyət qazanır. Azərbaycançılıq bu məqamda daha çox gərəkli görünür. Bu ideya inkişaf edərək, milli-mənəvi dəyərlərlə birləşərək, Azərbaycan xalqının siyasi, dövlətçilik şüurunda, mədəni-mənəvi həyatında əsas amilə çevrilməkdədir.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycan diasporu nümayəndələrinə tövsiyyələri də  azərbaycançılığın inkişafında müstəsna əhəmiyyət daşıyır.Ümummilli lider dünyanın müxtəlif ölkələrində rəsmi səfərlərdə olarkən   Azərbaycan diaspor nümayəndələri ilə görüşmüş, onlara öz tövsiyyələrini vermişdir. Bu gün bu tövsiyyələr Heydər Əliyev irsinin qiymətli nümunələridir və dünyanın hər bir tərəfinə səpələnmiş azərbaycanlılar üçün proqram xarakterli vəsiyyətlərdir. Heydər Əliyev Prezident kimi Fransanın paytaxtı Parisdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə onların nəinki bir ölkə daxilində birləşməsini, təşkilatlanmasını tövsiyyə etmişdi, eyni zamanda, ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın birliyinin vacibliyini vurğulamışdı: “Mən müxtəlif ölkələrə səfərlərə gedəndə həmişə azərbaycanlılarla görüşürəm. Soruşuram: niyə bəs az görünürsünüz? Cavab verirlər ki, bir-birimizlə əlaqələrimiz o qədər yaxşı deyil. Nədənsə, millətimiz  hələ bir-biri ilə sıx əlaqələr qurmağa nail ola bilməyib”.

 

Ulu öndər daha sonra bildirirdi ki, yaşadığı ölkə daxilində və qeyri ölkələrdə azərbaycanlıların bir-biri ilə sıx əlaqələri vacibdir.  Bu əlaqələr onların milli problemlərimizin həllində yaxından iştirak etməsinə yardım göstərə bilər. Bu isə çox vacibdir. Ulu öndər  bu tövsiyyələri verəndə   Azərbaycan cəmi bir neçə il idi ki, müstəqillik qazanmışdı, problemləri də həddindən artıq çox idi. İndi isə Azərbaycan dünya birliyinin müstəqil üzvü kimi artıq möhkəmlənmiş, varlanmış və problemlərinin xeyli hissəsini çözmüş ölkədir. O indi daha çox imkanlara malikdir.

 

Ulu öndər Heydər Əliyev İsveçrədə yaşayan soydaşlarımızla görüşəndə söyləmişdi: “Siz İsveçrədə yaşayırsınız. Burada yaşayışınız rahatdır. Azərbaycanlıların cəmiyyəti var, lobbisi var. Demək, Azərbaycanın dayağı var. Amma onu da bilin ki, Azərbaycan da sizin dayağınızdır. Sizin arxanızda Azərbaycan Respublikası kimi müstəqil bir dövlət var. Ona görə burada yaşayın, işləyin, amma Vətən həmişə qəlbinizdə olsun. Onu unutmayın.İndi yollar açıqdır. Həmişə Vətənə gələ bilərsiniz. Müstəqil Azərbaycanın ana kimi qolları üzünüzə açıqdır ”. Bu fikirlər müxtəlif vaxtlarda Azərbaycan diasporu nümayəndələri ilə görüşlər zamanı ulu öndərin söylədiyi fikirlər idi. Onun fikirləri proqram xarakteri daşıyaraq bütün illərdə aktuallığını qoruyub saxlayır.

 

Bu gün dünyanın müxtəlif ölkələrində mövcud olan milli diasporumuzun möhkəmlənməsi, təşkilatlanması məhz soydaşlarımızın vahid məqsəd, ideya ətrafında səylərini birləşdirməsi nəticəsində mümkün olub. Ümummilli liderin Azərbaycan diasporu ilə bağlı  ideyalarının həyata keçməsi sonralar Prezident İlham Əliyevin də başlıca vəzifələrindən birinə çevrildi. 2006-cı ilin mart ayında Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi.  Bu forumda ulu öndərin ideyalarını daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlıları  ilə kifayətlənməmək, Azərbaycan və Türk diasporlarının gücünü birləşdirərək məkrli düşmənə qarşı vahid cəbhədə mübarizə aparmaq ideyası irəli sürüldü. Beləliklə, Ümummtürk Diasporu ideyasının əsası qoyuldu.

 

Azərbaycan Prezidenti dünya azərbaycanlılarına müraciətində qeyd etdi: “Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qarşısının alınması üçün hələ də Ermənistan – Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipal mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsndə həllini tapmalıdır. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir”.

 

Hazırda azərbaycançılıq konseptual ideya kimi dövlətçiliyimizin əsaslarından biridir. Dünya azərbaycanlıları bu ideya ətrafında daha sıx, məqsədli şəkildə birləşməklə daha böyük gələcəyə yön alacaq.

 

 

 

Natəvan DƏMİRÇİOĞLU, yazıçı, filologiya üzrəfəlsəfə doktoru

 

Xalq qəzeti.- 2013.- 2 noyabr.- S.. 8.