Prezident İlham Əliyev strateji hədəfləri

fəth edən yeni təfəkkürlü liderdir

 

Əvvəli qəzetin 16 noyabr 2013-cü il tarixli sayında

 

Tanrıverdi PAŞA:

 

- Mən diqqəti son 10 ildə ölkənin maliyyə sektorunun ayrı-ayrı seqmentləri üzrə baş verən artım dinamikasına yönəltmək istərdim. Ötən dövrdə ölkəmiz dövlət büdcəsinin gəlirləri və xərclərinin artımı sahəsində son dərəcə uğurlu göstəricilərə nail olmuşdur. Ölkədə həyata keçirilən iqtisadi islahatlar, ilk növbədə, neft sektoruna yatırılan investisiyalar nəticəsində neft-yanacaq kompleksində irimiqyaslı iqtisadi artımın təmin edilməsi və digər bu kimi amillər ümumi daxili məhsulun və dövlət büdcəsinin gəlirlərinin artmasına da öz təsirini göstərmişdir. Belə ki, Azərbaycan Respublikasında 2003-2012-ci illər ərzində ÜDM 7,6 dəfə artdığı halda, dövlət büdcəsi istər nominal, istərsə də real ifadədə təxminən 14,2 dəfə artmışdır. Dövlət büdcəsinə bütün vergi növləri üzrə daxilolmalar da artan templə inkişaf etmişdir. 2012-ci ildə büdcə gəlirlərinin 39,4 faizi vergi gəlirlərinin hesabına yığılmışdır. Halbuki, 2003-cü ildə büdcə gəlirlərinin 91,5 faizi, 2005-ci ildə isə 84 faizi vergi yığımlarının payına düşürdü. Bir məsələni də diqqətə çatdırım ki, neft müqavilələrində iştirak edən xarici şirkətlərin qoyduqları sərmayə xərclərini çıxarmaları ilə əlaqədar onların artıq mənfəət vergisi ödəməyə başlayacaqları təqdirdə yaxın illərdə dövlət büdcəsində vergi daxilolmalarının payının yenidən artması gözlənilir. 2003-2012-ci illərdə dövlət büdcəsinin xərcləri 14,1 dəfə artmışdır. Büdcə xərcləri ənənəvi olaraq sosial yönümünü saxlamışdır. Son illərdə büdcə vəsaitlərinin ən azı 21-27 faizi bilavasitə sosial-mədəni tədbirlərə, bütövlükdə büdcənin sosial müdafiə üzrə (əmək haqqı, pensiyalar, müavinətlər, ərzaq, dava-dərman və s.) xərclər də nəzərə alınsa, 55-65 faizə qədəri əhalinin maddi və sosial ehtiyaclarının ödənilməsinə yönəldilmişdir. Büdcədən iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilən xərclər 2003-2012-ci illər ərzində 29 dəfəyə yaxın, dövlət büdcəsi xərclərində payı isə 19,7 faizdən 40 faizə qədər artmışdır.

Cənab İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində ölkədə vergi sisteminin təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir. İlk növbədə, vergilərin iqtisadi fəallığa uzunmüddətli stimullaşdırıcı təsirini təmin etmək, investisiyaları təşviq etmək, müəssisələrin istifadəsində qalan maliyyə vəsaitlərini artırmaq məqsədilə son illər ərzində mənfəət vergisinin dərəcəsi mərhələlərlə aşağı salınaraq 2003-cü ildə 27 faizdən 25 faizə, 2004-cü ildə 24 faizə, 2006-cı ildə isə 22 faizə endirilmişdir. Vergi dərəcələrinin aşağı salınması nəticəsində vergi daxilolmalarında yarana biləcək itkilərin vergitutma bazasının genişləndirilməsi hesabına kompensasiya edilməsi proqnozları artıq özünü doğrultmaqdadır. Müəssisələrin fəaliyyətinin təşviqi məqsədilə 2010-cu il yanvarın 1-dən müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35 faizdən 20 faizə endirilmiş, əlavə dəyər vergisinin dərəcəsi 28 faizdən 18 faizədək azaldılmış, bir sıra vergilər ləğv edilmiş, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddi 55 faizdən 35 faizə endirilmişdir. Eyni zamanda, son on ildə vergi sistemi vasitəsilə milli istehsalın stimullaşdırılması və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsi məqsədilə əhəmiyyətli işlər görülmüşdür.

2003-cü ilin ortalarından sonrakı dövr bank sisteminin keyfiyyətcə yeni rəqabət mühitinə qədəm qoyduğu dövr hesab edilir. Ötən müddətdə bank sisteminin səmərəli fəaliyyəti üçün əsasların təşkilinə istiqamətlənən vacib islahatların həyata keçirilməsinə başlanmışdır. 2003-cü ildə ölkədə fəaliyyət göstərən 43 bankın 19-nun məcmu kapitalı 3,5 milyon manatdan az və yalnız 4 bankın kapitalı 10 milyon manatı keçirdisə, 2008-ci ildə mövcud 46 bankdan 43-nün, 2012-ci ildə isə 43 bankdan 41-nin məcmu kapitalı 10 milyon manatdan çox olmuşdur. Bu, təkcə ölkədə bankların təmərküzləşməsini yox, həm də iqtisadiyyatın inkişafını, onun miqyasının artmasını və bank fəaliyyətinin genişlənməsini xarakterizə edir. Hazırda kommersiya banklarının 22-də xarici kapitalın iştirakı mövcuddur ki, bunların da cəmi 6-da xarici kapital nizamnamə kapitalının 50 faizindən çoxunu təşkil edir.

Bank sisteminin aktivlərinin həcmi 2012-ci ildə 16530,4 milyon manat və ya 21192,8 milyon ABŞ dolları olmuşdur. Bu məbləğ həmin il istehsal olunan ÜDM-in 30,6 faizini təşkil edir. Mərkəzi Bankın bank sektorunun inkişafına yönəlik siyasəti öz müsbət nəticəsini kommersiya banklarının məcmu aktivlərinin və onların kredit portfelinin sürətli artımında göstərir. Mərkəzi Bank sisteminin möhkəmləndirilməsi, onun iqtisadiyyatda, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində rolunun artırılmasına yönəldilmiş bank islahatları davam etdirilir, respublikanın bank sisteminin inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş strategiya ardıcıl olaraq həyata keçirilir.

Sonda ölkənin qiymətli kağızlar bazarı haqqında söhbət açmaq istərdim. Qeyd edim ki, son 10 ildə Azərbaycanın qiymətli kağızlar bazarı əhəmiyyətli institusional inkişaf yolu keçmişdir. Belə ki, ötən müddətdə bu sahədə normativ baza, əməliyyat infrastrukturu, ən müasir texnologiyaların tətbiqi kimi vacib institusional elementlər formalaşdırılmış, investorlara geniş alətlər təqdim edilmişdir. Nəticədə, qiymətli kağızlar bazarında illik orta hesabla iki dəfə artım müşahidə edilir. Bazarın ölkə üzrə ümumi daxili məhsul istehsalının qeyri-neft sektorundakı payı isə 2 faizdən 30 faizə yüksəlmişdir. Qiymətli kağızlar bazarı fəaliyyətini kapital bazarlarından maliyyələşmə templərinin artımı və inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması siyasəti fonunda davam etdirmişdir.

Hazırda qiymətli kağızlar bazarı qeyri-neft sektorunun yüksək templi artımı və institusional, makroiqtisadi və struktur amillərinin davam etməsi fonunda fəaliyyət göstərir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində ötən illər ərzində bazarın dövlət qiymətli kağızları seqmentinin bir sıra amillərin təsiri nəticəsində azalmasına baxmayaraq, korporativ qiymətli kağızlar bazarı yüksək templi artım nümayiş etdirmişdir.

İlkin SOLTANLI:

- Məlum olduğu kimi, hazırda ölkə iqtisadiyyatının ən mühüm və aparıcı sahələrindən birini kənd təsərrüfatı təşkil edir. Ümummilli liderimiz Heydər Əliyevin uğurla həyata keçirdiyi torpaq islahatları nəticəsində kənd əhalisi torpaq payları ilə təmin olunmuş, by sahədə müxtəlif mülkiyyət formalı yeni təsərrüfat subyektləri yaradılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə aqrar sahənin dinamik inkişafının təmin olunması, bu sahədə keyfiyyətə əsaslanan mütərəqqi dəyişikliklərin həyata keçirilməsi, onun modernləşdirilməsi yüksək rəqabətqabiliyyətliliyinin təmin edilməsi və s. istiqamətlərdə həyata keçirilən məqsədyönlü tədbirlər bu siyasətin məntiqi davamı olaraq öz müsbət nəticələrini verməkdədir.

Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, kənd təsərrüfatı istehsalçılarına yardım etmək məqnsədilə Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli, 468 nömrəli sərəncamına uyğun Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin yaradılması fermerlərin güzəştli şərtlərlə yanacaq və texnika ilə təmin edilməsinə əvəzsiz töhfə vermişdir.

Məlum olduğu kimi, artıq uzun illərdir ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin 50 faizi dövlət tərəfindən ödənilir. Yeri gəlmişkən, Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin 1999-cu ildən başlayaraq, mərhələlərlə və hər dəfə 5 il müddətinə uzadılması da bu sahədə həyata keçirilən stimullaşdırıcı tədbir kimi diqqəti cəlb edir. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının qəbul edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı da yerli istehsalın stimullaşdırılması ilə yanaşı, daxili bazarın qorunmasına da mühüm töhfə sayıla bilər. Bundan əlavə, taxıl məhsulları, xüsusən də buğda istehsalçılarının maddi marağının artırılması və onların fəaliyyətinin stimullaşndırılnması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə hər kiloqrama 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması, kənd təsərrüfatı və ərzaq məhsullarının satışı üzrə müntəzəm şəkildə yarmarkaların təşkil edilməsi, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün xüsusi anbarların tikilməsi və bu qəbildən digər məsələlər dövlətin bu vacib sahənin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün milli ərzaq təhlükəsizliyi baxımından vacib əhəmiyyət kəsb edən sahələrdən biri kimi, yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı və xüsusən də emalına xüsusi diqqət yetirilir, modern və qabaqcıl texnologiyaların tətbiqi yolu ilə fəaliyyət göstərən aqroemal müəssisələrinin istehsal gücünün artırılması, eyni zamanda, bu tip yeni iqtisadi subyektlərin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Xüsusən də, ölkə regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş müvafiq dövlət proqramları çərçivəsində bölgələrdə müasir istehsal-emal qurumları istifadəyə verilmiş və dövlətin dəstəyi ilə bu kimi tədbirlər hazırda da davam etdirilir. Belə ki, bu sahənin intensiv və səmərəli inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə müvafiq dövlət yardımları göstərilir. Göründüyü kimi, dövlətin birbaşa yardımı, həmçinin intensiv metodlar və müasir texnologiyalar əsasında istifadəyə verilmiş, həmçinin tikintisi davam etdirilən aqrar obyektlər hesabına yaxın gələcəkdə keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və saxlanması imkanları daha da artacaq və nəticədə ölkə əhalisinin təminat səviyyəsi xeyli yüksələcəkdir. Sonda diqqəti möhtərəm Prezidentimiz İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərinə yönəltmək istəyirəm. Cənab Prezident bu məsələnin daim diqqət mərkəzində olduğunu vurğulayaraq dedi ki, növbəti illərdə ölkəmizdə iri fermer təsərrüfatlarının inkişafı sahəsində ciddi işlər görüləcəkdir. Bu il Taxtakörpü Su Anbarının və gələn il Şəmkirçay Su Anbarının istifadəyə verilməsi əlavə 250 min hektar torpaqda suvarmanın yaxşılaşmasına və yenidən dövriyyəyə buraxılmasına imkan yaradacaqdır. Bundan əlavə, dövlət başçısı qeyd etdi ki, yeni dövriyyəyə buraxılacaq suvarılan torpaqlarda hansı işlərin görülməsi ilə bağlı konkret təkliflər olmalıdır. Fermerlər nəyi əkəcəklərini özləri müəyyən etsələr də, biz dövlət subsidiyaları ilə, dövlət tərəfindən göstərilən güzəştlərlə, təşviq mexanizmləri ilə fermerləri lazım olan istiqamətlərə yönəldə bilərik.

Aqil ƏSƏDOV:

- Qloballaşma və inteqrasiya proseslərinin intensivləşməsi ilə xarakterizə olunan XXI əsr, həm də bir informasiya əsri kimi iqtisadiyyatda xidmət sahələrinin sürətli inkişafı müşahidə edilir. Müşahidələr göstərir ki, son onilliklərdə xidmət sektorunun iqtisadiyyatda payı və rolu getdikcə artmaqdadır. Mütəxəssislərin fikrincə, bunun da iki başlıca səbəbi vardır. Birincisi, insanların gəlirinin artması fiziki əmtəələrlə yanaşı, xidmətlərə xərclənən pulların da artmasına imkan verir. İkinci səbəb İKT-nin inkişafının xidmət sektorunun imkanlarını genişləndirməsi və onun iqtisadi dəyərini artırmasıdır.

Xidmət sektorunun bazar payının artması əslində iqtisadiyyatın şaxələnməsini və sahələr üzrə ixtisaslaşmasını da təmin edir. Klassik iqtisadiyyatda sənayeləşmə, fiziki məhsul istehsalı iqtisadiyyatın qan damarı, istehsal edilən əmtəəyə sahib olmaq zənginlik əlaməti sayılırdısa, müasir iqtisadiyyatda eyni fikirlər xidmət sektoru haqqında deyilir. Dövrümüzdə xidmət sektoru perspektiv vəd edən sahə kimi tanınır və dünya iqtisadiyyatının gəlirli sahəsi kimi böyük cəlbediciliyə malikdir.

Müxtəlif sahələri əhatə edən xidmət sektoru, həm də əsas inkişaf və rifah göstəricilərindən sayılır. Təsadüfi deyildir ki, Dünya Bankı bir neçə il öncə 132 ölkənin rifah səviyyəsinə görə reytinqini müəyyənləşdirərkən sosial həyatla xidmət sektorunun səviyyəsi arasında əlaqənin olduğunu bir daha təsdiq etmişdir. Bu zaman məlum olmuşdur ki, xidmət sektorunda əmək qabiliyyətli əhalinin 60-75 faizi çalışır. Bu sektorda bir qayda olaraq istehsal sahələrinə nisbətən daha çox insan üçün iş yerləri yaradılır. Bu baxımdan xidmət sahələrinin inkişafı, ölkənin davamlı sosial-iqtisadi tərəqqisində xidmət sahələrinin rolunun artırılması istiqamətində araşdırmaların aparılması xüsusi aktuallıq kəsb edir.

Qarşıda duran başlıca məsələlərdən biri də Azərbaycan Respublikasının nəqliyyat-tranzit, turizm və s. xidmət sahələrində mövcud olan potensialdan tam və səmərəli istifadə etməklə xidmət sektorunu ÜDM-in və məşğulluğun əsas aparıcı istiqamətinə çevirməkdir. Müşahidələr göstərir ki, xidmətlərdə informasiya texnologiyalarının sürətlə tətnbiqi yeni bir mərhələnin əsasını qoymuşdur. Kompyuter və informasiya texnologiyalarından geniş istifadə infornmansiya mübadiləsinin sürətini artırmışdır ki, bu da nəticədə rabitə xərclərinin aşağı düşməsinə və elektron ticarətin genişlənməsinə səbəb olmuşdur. Müasir dövrdə xidmət sektorunun dəyərinin istehsal sektorunu 7 dəfəyə yaxın qabaqlaması da iqtisadiyyatda onun rolunun və gücünün bariz göstəricisidir. Məsələn, ABŞ-ın xidmət bazarı inkişaf etməsəydi, Çin artıq ÜDM istehsalına görə dünyannın ən böyük ölkəsi adını qazanacaqdı. Çin məhz xidmət sektorundakı göstəricilərə görə ABŞ-a uduzduğundan dünyanın ən böyük iqtisadiyyatı ünvanına sahib ola bilmir.

Qeyd edək ki, bir iqtisadiyyatda xidmət sektorunun payının artması üçün başlıca şərtlərdən biri də ölkədə adambaşına düşən gəlirin yüksəlməsidir. Buna görə də inkişaf etməkdə olan ölkələrdə ÜDM-in 50 faizini xidmət sahəsi yaratdığı halda, inkişaf etmiş ölkələrdə bu göstərici 65-70 faiz təşkil edir. Azərbaycan özünün iqtisadi göstəricilərinə görə dünya ölkələrinin elə bir qrupuna daxil olmuşdur ki, bu qrup ölkələr inkişaf etmiş ölkələr sayılmasa da, bir çox əlamətlərinə görə onlardan demək olar ki, fərqlənmir. Artıq Azərbaycanda da əksər iqtisadi göstəricilər belə deməyə əsas verir ki, bizim iqtisadiyyat da inkişaf etmiş ölkələrin iqtisadiyyatına çox yaxındır və tezliklə bu cərgəyə qoşulacaqdır.

Təbii ki, bu, qeyd olunduğu qədər də sadə məsələ deyil. Bunun üçün iqtisadiyyatda inkişaf etmiş ölkələrin təcrübəsinə və mövcud tələblərə uyğun strukturlaşma aparılması zəruridir. Bu isə o deməkdir ki, bir qədər əvvəl bəhs etdiyimiz kimi, ÜDM istehsalında, məşğulluqda xidmət sektoru önə keçməlidir. Belə ki, inkişaf etmiş ölkələrdə ÜDM-də xidmət sektorunun payı 60 faizdən az deyil, Azərbaycanda isə bu göstərici üzrə vəziyyət hələ də qənaətbəxş hesab edilə bilməz.

Müşahidələr göstərir ki, illər ötdükcə xidmət bölməsinin ÜDM-də çəkisi nəinki nəzərəçarpacaq dərəcədə artmır, əksinə, hətta bu sahədə bəzən azalma müşahidə edilir. Bu baxımdan da cənab İlham Əliyevin yeritdiyi siyasət nəticəsində son illər sürətlə inkişaf edən Azərbaycan Respublikasında hələ də xidmət sektoru iqtisadiyyatın avanqardına çevrilə bilməmişdir. Çoxsaylı silsilə tədbirlərin, inkişaf proqramlarının uğurla reallaşdırılması ilə yanaşı, hələlik ölkəmizdə xidmət sahələrinin inkişaf səviyyəsi qənaətbəxş deyildir. Məsələn, 2011-ci ildə Azərbaycanda xidmət sektorunun payı, cəmi 26 faiz olmuşdur. 2012-ci il ərzində isə xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27 faiz təşkil etmişdir. Təbii ki, Azərbaycan Respublikası kimi zəngin yeraltı və yerüstü sərvətləri ilə yanaşı, əsrarəngiz təbiəti, müalicəvi bulaqları, dənizi, əlverişli coğrafi mövqeyi olan bir ölkə üçün, əlbəttə, qeyd edilən göstəricilərlə kifayətlənmək olmaz. Bu baxımdan qarşıda duran başlıca məsələlərdən biri də ölkə başçısı cənab İlham Əliyevin sərəncam və fərmanlarını, təsdiq etdiyi dövlət proqramlarını əldə rəhbər tutaraq Azərbaycanda xidmət sahələrinin davamlı inkişafına, ÜDM-də onun xüsusi çəkisinin artımına nail olmaqdır. Bu, həm də Azərbaycan-2020: Gələcəyə baxış İnkişaf Konsepsiyasından irəli gəlir.

Əbdülhəsən HƏSƏNOV:

- Xüsusi iqtisadi zonaların yaradılması və inkişaf etdirilməsinin dünya təcrübəsi təsdiq edir ki, onlar milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi alətlərindən ən səmərəlilərindən biridir. Bundan başqa, xüsusi iqtisadi zonalar istehsalın inkişafına, yeni iş yerlərinin açılmasına, əmək məhsuldarlığının artırılmasına, ölkənin depressiv rayonlarının sosial-iqtisadi tərəqqisinə, sahibkarlığın sürətli inkişafına yardım edən dövlət regional siyasətinin bir aləti kimi də istifadə oluna bilər. Müxtəlif növ xüsusi iqtisadi zonalar yerli və xarici kapitalın cəlb olunması imkanlarının genişlənməsinə, istehsalata qabaqcıl xarici elmi və idarəçilik texnologiyaların tətbiqinə, istehsalatda struktur dəyişikliklər prosesinin sürətləndirilməsinə, istifadə olunan istehsal gücünün səmərəliliyinin artırılmasına, milli təsərrüfatın dünya iqtisadiyyatına daha dərin daxil olmasına və beynəlxalq əmək bölgüsünün üstünlüklərindən daha səmərəli istifadəsinə imkan yaradır. Bundan əlavə, xüsusi iqtisadi zonanın bir növü kimi elmi-sənaye parklarının yaradılması perspektiv elmi tədqiqatların inkişafına imkan verir. Bu isə gələcəkdə milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması üçün geniş potensial yaradır.

Dünya iqtisadiyyatının inkişaf istiqamətlərini görən və Azərbaycan Respublikasının gələcək sosial-iqtisadi inkişaf modelini düşünən ümummilli lider Heydər Əliyev 90-cı illərin əvvəllərində ölkəmizdə azad iqtisadi zonaların yaradılması və fəaliyyətinin mövcud imkanları haqqında tapşırıqlar vermişdir. Lakin o zaman Azərbaycan iqtisadiyyatı o qədər də güclü olmadığına və maddi vəsaitlərin azlığına görə bu proses ləngiyirdi. Ölkə Prezidenti cənab İham Əliyevin Xüsusi iqtisadi zonaların yaradılması haqqında 6 mart 2007-ci il fərmanından və 2009-cu ilin aprel ayında Milli Məclisdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunandan sonra bu sahədə xüsusi fəallıq nəzərə çarpır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Sumqayıt Texnoloji Parkının, Sumqayıt Kimya Sənaye Parkının, Balaxanı Sənaye Parkının, Yüksək Texnologiyalar Parkının yaradılması və fəaliyyətə başlaması, eləcə də Sənaye parkları haqqında nümunəvi əsasnamənin yaradılması bu işlərin bariz nümunəsidir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Yeri gəlmişkən, xarici iqtisadi zonaların yaradılması institusional dəyişikliklərin əsas istiqamətlərindən biri olmaqla yanaşı, evolyusion modernləşmə proseslərinin başlanmasında və respublikamızın sosial-iqtisadi inkişafının aktual problemlərinin həllində uğurlu tədbirlərdən birinə çevrilir. Hesab edirəm ki, Azərbaycan xarici iqtisadi zonaların yaradılması ilə bağlı dünya praktikasından lazımınca yararlanmalıdır. Ölkəmiz lazımi qədər investisiya, intellektual və maddi imkanlara malikdir. Azərbaycanda xarici iqtisadi zonaların 30 növündən bir neçəsini yaxın illərdə yaratmaq olar və vacibdir. Bunlara texnoparklar, elmi-texnoloji zonalar, azad ticarət zonaları, ekoloji-iqtisadi regionlar (burada turizm, rekreasiya, valyuta-maliyyə əməliyyatları, xidmətlər və ekoloji təmiz ərzaq məhsullarının istehsalı təşkil edilir), azad limanları və s. aid etmək olar.

Bütün bunlar, heç şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafına aid tövsiyələrinin yerinə yetirilməsinə, rəqabətqabiliyyətli iqtisadiyyatda azad sahibkarlığın inkişafına böyük təkan verəcəkdir.

Nəticədə qarşıdakı illərdə Azərbaycan Respublikası strateji hədəfləri fəth edən yeni təfəkkürlü lideri cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara nail olacaq. Bu isə deməkdir ki, ölkəmiz dinamik inkişafını davam etdirəcək.

 

Hazırladılar:

 

Əlipənah BAYRAMOV,

 

Vaqif BAYRAMOV,

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 17 noyabr.- S.5.