Tikdiklərində izi yaşayan insan

 

Nəsrulla Kəngərli 100

 

XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, SSRİ Nazirlər Soveti mükafatının laureatı, əməkdar inşaatçı Nəsrulla Kəngərlinin anadan olmasının 100 illiyi tamam olur. Ölkənin memarlar ailəsi, yetirmələri, doğmaları və yaxından tanıyanlar bu nurlu, əməlpərvər insanın unudulmaz xatirəsini 22 ildir ki, ürəklərində yaşadırlar.

Nəsrulla Yaqub Paşa oğlu Kəngərli 1913-cü il noyabrın 25-də Naxçıvan şəhərində Azərbaycana bir çox hərbçi və ziyalı bəxş etmiş məşhur Kəngərlilər ailəsində doğulmuşdur. Babası İsmayıl ağa rus-türk müharibəsində hünər göstərmiş 200 nəfərlik süvari döyüşçüyə rəhbərlik etmiş, şücaətinə görə çar hökuməti ona poruçik rütbəsi və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi.

Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib 1939-cu ildə güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi.Təhsil alması ilə bağlı Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan xilas etmişdi. O,1932-ci ildə Gəncə Toxuculuq İnstitutuna daxil olmuş, 1 il sonra təhsilini Bakıda Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsində davam etdirmişdi.

Gənc memar 1941-ci ildə fəaliyyətini yarımçıq qoyaraq II Dünya müharibəsinə getmiş, 416-cı Azərbaycan diviziyasının tərkibində Qafqazdan Berlinədək yol keçmişdi. Cəbhədən orden-medallarla qayıdan Nəsrulla Kəngərli 46 il Azərdövlətmemarlayihə, Bakışəhərbaşlayihə, Azərdövlətlayihə institutlarında çalışaraq ömrünü sevimli məşğuliyyətinə həsr etmişdir. Bu dövrün istedadlı və aparıcı memarları olan Mikayıl Hüseynovun, Ənvər Qasımzadənin, Davud Axundovun və başqalarının sırasında peşəkarlığı, çalışqanlığı ilə seçilən Nəsrulla Kəngərli tezliklə bir sıra diqqətçəkən layihələrin müəllifi kimi tanınmışdır.

Bakıda Nizami küçəsində, İnşaatçılar prospektində, Nərimanovun heyəlinin ətrafındakı yaşayış binaları klassikmüasir memarlığın sintezi nümunələri kimi memarı şöhrətləndirmişdir. Neftçilər və Azadlıq prospektlərində, şəhərin digər yerlərində tikilmiş məktəb binaları da milli memarlıq elementlərinin zənginliyi, yaraşıqlığı və möhtəşəmliyi ilə bu gün də baxanları heyran qoyur. Bakıda Mərkəzi Univermağın, Tibb Universitetinin korpusununidman kompleksinin, Gəncədə Dəmiryol vağzalının, Xankəndində inzibati binanın layihələri Azərbaycan memarlığının seçilən nümunələri sırasında yer alaraq Nəsrulla Kəngərli adına böyük nüfuz gətirmişdir.

Onun layihələndirdiyi binaların tam siyahısı çox uzundur. Təkcə onu demək kifayətdir ki, Sumqayıt şəhərinin ən gözəgəlimli binaları da daxil olmaqla, baş planını Nəsrulla Kəngərli layihələndirmişdir. Bu ağır və orijinal işə görə memar SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür. Onun, nədənsə, həyata vəsiqə ala bilməmiş əsərlələrindən Kənd Təsərrüfatı Nazirliyinin binası, Ticarət evi, inzibati korpuss. parlaq memar təxəyyülünün məhsulu kimi indi də xatırlanır.

Nəsrulla müəllim həm də təhsil aldığı fakültədə uzun illər dosent olmuş, milli memarlığımızın bugünkü davamçılarını hazırlayan say-seçmə ustadlardan biri olmuşdur. Azərbaycan memarlığının çoxəsrlik ənənələrinin qorunub müasir üslublar ilə qovuşdurulmasında bu yetkin sənətkarın da danılmaz xidmətləri olmuşdur. Zəhməti müxtəlif təltif və mükafatlara layiq görülmüşdür. Azərbaycanın əməkdar inşaatçısı Nəsrulla Kəngərli 1991-ci ildə dünyasını dəyişsə də, böyük sənətini davamçılarına, şöhrətini memarlığımıza, yurdevərliyini və nəslinin şərəfini uca tutmasını isə övladlarına yadigar qoyub getmişdir.

Böyük oğlu Tələt geoloq alim, Aqşin və Aydın isə tanınmış həkimdirlər. Bu yazını hazırlayarkən görüşdüyümüz Aydın Kəngərli atası ilə bağlı iki məsələni açıqladı:

Atam sənətini həddən artıq çox sevirdi. Bircə faktı deyim ki, müharibədən qayıdanda Berlindən gətirdiyi yeganə qənimət memarlıq albomu olmuşdu. Tez-tez bu toplunu vərəqləyir, dağıdılmış gözəl binalara görə təəssüflənirdi. O, öz layihələrinin həyata keçirilməsinə ciddi nəzarət edir, çox vaxt tikintilərdən toz-torpaq içində gəlirdi. Bu insan memarlığa milli varlığımızın əzəmətli görüntüsü, milli kimliyimizin güc və qüdrəti kimi baxırdı.

Biratam ömrü boyu Azərbaycanın müstəqilliyi ideyasını qəlbində yaşatmışdı. Nə yaxşı ki, o günü görmək ona qismət oldu. Bu sevinc, sanki, nəslimizin başına açılmış oyunların ağrı-acısını ona unutdurdu. Dünyadan ölkəmizin taleyi sarıdan nigaran köçmədi...

Bu yerdə yada düşür ki, sovet zamanında xalqımızın köklü maraqlarını yaşatmaq işinə xidmət edənlərin qeyrəti və milli namusu, nəhayət, bizi tanrısal haqqımıza qovuşdurdu. Nəsrulla Kəngərli belə insanların ən yaxşılarından biri olmuşdur: arzuları, əməlləri və xidmətləri ilə.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 24 noyabr.- S.5.