Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə MDB məkanında lider mövqedə dayanır

 

Sentyabrın 4-də Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı” rəsmi olaraq beynəlxalq ictimaiyyətə təqdim edilmişdir.  Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyərək MDB məkanında öz liderliyini yenə də qorumuşdur.

Dünya Rəqabətlilik Hesabatı, 2013-2014” nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır. Xatırladaq ki, 2012-2013-cü illər hesabatında isə ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci illər hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.

Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və respublikamızın beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.

Reytinq cədvəlində Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu  pillələrdə qərarlaşmışlar. “Dünya Rəqabətlilik Hesabatı, 2013-2014” nəşrinə görə dünyanın ən rəqabətqabiliyyətli ölkəsi İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr isə Sinqapur, Finlandiya, Almaniya və ABŞ-dır.

Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci yeri tutur. Bu, təsadüfi deyil. Belə ki, hazırda  Azərbaycan əksər xarici dövlətlərdən fərqli olaraq investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən birinə çevrilmişdir. Bunun nəticəsidir ki, respublikamız adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında birinci yerdədir.

Xatırladaq ki, Azərbaycanda mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergigömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Azərbaycanın enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qidas. sektorlara böyük maraq göstərirlər.

Dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kredit, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini də genişləndirir.

Özəl investisiyalar sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir.

İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanır. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil edir. İqtisadi potensialımızın güclənməsi xarici dövlətlərə investisiya qoyuluşuna əlverişli şərait yaradır. Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır.

Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Prezident sərəncamına  əsasən, “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyənləşdirilmiş  və 2008-ci ilin 1 yanvar tarixindən Azərbaycanda bu sistemin tətbiqinə başlanmışdır. “Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama prosedurları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilmişdir.

Respublikamızın güclü maliyyə resurslarına malik olması, bölgədə ən iri kommunikasiya - infrastruktur layihələrinin reallaşmasının təşəbbüskarı kimi iştirak etməsi xarici investorları ölkə iqtisadiyyatına daha böyük maraqla cəlb edir. Ölkəyə qoyulan investisiyaların həcminin ildən-ilə artması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bütün bu amillər onu deməyə əsas verir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanda əlverişli biznes mühiti formalaşmışdır. Əldə olunan nəticələr iqtisadiyyatın daha da güclənəcəyinə əlverişli zəmin yaradır.

Son illərin təhlili bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir. Elə bu səbəbdən də xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür və ölkəmizə qarşıdakı dövr ərzində də yatırılacaq sərmayələrin həcmi milyardlarla dollar həcmində ölçüləcək. Bunun başlıca səbəbləri Azərbaycanda investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə cəzbedici mənfəətlər əldə olunması və bu qəbildən olan digər amillərin nəticəsidir ki, son 10 il ərzində Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə ki, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir.

Dünya Rəqabətlilik Hesabatı”nda ölkəmiz həmçinin  əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutmuşdur.

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə göstəriciləri də əhəmiyyətli dərəcədə yüksəlmişdir. Xatırladaq ki, hazırda ölkədə mobil genişzolaqlı internet istifadəçilərinin sayı 54,8 faiz artmışdır. Bu gün Azərbaycanda hər 100 nəfərə 33,3 genişzolaqlı mobil internet istifadəçisi düşürbu göstərici üzrə ölkəmiz 148 ölkə arasında 50-ci yeri tutur.

Respublikamızda hər internet istifadəçisinin payına 40,1 kbit/s internet trafiki düşür ki, bu da Azərbaycanın müvafiq reytinqdə 61-ci yerdən 45-ci yerə irəliləməsinə səbəb olmuşdur.

Fərdi internet istifadəçilərinin sayına görə ölkəmiz ötən illə müqayisədə mövqeyini 8,4 faiz yaxşılaşdıraraq 59-cu yerdə qərarlaşmışdır. Azərbaycanda əhalinin hər 100 nəfərinə 107,5 mobil telefon düşürbu göstərici üzrə ölkəmiz 78-ci yeri tutmuşdur. Stasionar rabitə sahəsində Azərbaycanın göstəriciləri ötən illə müqayisədə 1,6 faiz yüksəlmişdir. Bu göstərici üzrə ölkəmiz 67-ci mövqedə qərarlaşmışdır. Hazırda hər 100 nəfərdən 18,4 faizi stasionar rabitə istifadəçisidir. Genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayına görə isə Azərbaycan 47-ci yerdədir. Bu da ötən ilin müvafiq göstəricisindən 7 pillə yüksəkdir.

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə göstəricilərinin belə müsbət olması da təsadüfi deyil. Çünki İKT-nin  tətbiqi Azərbacanda geniş vüsət almışdır. Ölkəmiz bu sahədə də regionun lideridir, dünya miqyasında reytinq siyahılarında isə qabaqcıl yerlərdən birini tutur.

Azərbaycanda İKT-nin inkişafı sahəsində xüsusilə son illərdə böyük uğurlar əldə edilmişdir.  Yaradılmış mühit, qanunvericilik, rəqabət və digər amillər təkcə keçən il bu sahəyə 400 milyon ABŞ dollarından çox vəsait qoyulmasına imkan vermişdir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin yürütdüyü siyasət böyük inkişafa yönəldilmiş və o, İKT sahəsində də uğurla həyata keçirilir.

Azərbaycanda İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilmişdir. Keçən il Azərbaycanda İKT sektorunun gəlirləri 18 faiz təşkil etmişdir. Bu, dünya göstəricisindən 2,5 dəfə yüksəkdir.

Yeri gəlmişkən, İKT sektoruna maraq bütün dünyada getdikcə artır. Bu sahə ilə məşğul olan şirkətlərin sayı da ildən-ilə çoxalır. Dünya ekspertlərinin qənaətinə görə, İKT sektorundan olan gəlirlər 5 ildə iki dəfə artır. Ona görə gələcəkdə dünya ümumdaxili məhsulunun 80 faizini İKT gəlirləri təşkil edəcəkdir.

Azərbaycanda indi ucqar kəndlər daxil olmaqla, genişzolaqlı internetə çıxışın təmin edilməsinin, istifadəçilərin sayının isə təxminən 85 faizə çatdırılmasının  hədəf kimi seçilməsi təsadüfi deyil. Bu, bir neçə ildən sonra inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olmaq deməkdir.

Respublikamızda “Evlərə optikamodeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli, genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlanmışdır. Bu il artıq  həmin layihəyə  xeyli vəsait ayrılmışdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 8 sentyabr.- S. 3.