Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir

 

Əhalinin maddi rifah halının yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritet istiqamətidir. Son illər bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində maaşların, pensiya və müavinətlərin həcmi əhəmiyyətli şəkildə yüksəlmişdir. Şübhəsiz ki, burada büdcə vəsaitlərinin ildən-ilə artması, işsizliyin səviyyəsinin getdikcə aşağı düşməsi mühüm rol oynayır. Faktlara diqqət yetirək. Əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 17 milyard manatı ötmüşdür. Yaxud, 2003-cü ildə dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 17 faiz idisə, 2013-cü ildə isə 34,2 faiz olacaqdır. Hər nəfərə düşən büdcə gəlirləri 147 manat idisə, 2013-cü il üçün bu rəqəm 2037 manat nəzərdə tutulmuşdur.

Onu da xatırladaq ki,  yeni əsrin əvvəlində Azərbaycanın dövlət büdcəsi 1 milyard dollar idi. 2013-cü ildə isə büdcənin gəlir və xərcləri 24,4-25,2 milyard dollar civarında müəyyənləşdirilmişdir.  Bu da müstəqil Azərbaycan dövlətinin çox mühüm tarixi nailiyyətlərindən biridir. Belə bir büdcə siyasətinin reallaşması nəticəsində ölkəmiz qarşıdakı onilliklərdə bu göstəriciyə görə qabaqcıl ölkələrə yaxınlaşmaq imkanlarını reallaşdıracaqdır.

İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasətin uğurla reallaşdırılması  nəticəsində işsizliyin səviyyəsində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir.

Yeri gəlmişkın, burada bir məqama diqqət yetirmək istərdik. Avrozonada işsizliyin səviyyəsi 2013-cü ilin ilk rübündə rekord həddə çatmışdır. Avrodan istifadə edən 17 ölkədə işsizlərin ümumi sayı 19 milyon 380 min nəfər olmuşdur. İşsizliyin ən yüksək səviyyəsi İspaniya və Yunanıstanda 25 faiz, İtaliyada isə 24,4 faiz qeydə alınmışdır. Gənclər arasında işsizlik bu baxımdan daha yüksək rəqəmlərlə ölçülür. Rəsmi məlumatlara əsasən, gənclər arasında ən yüksək işsizlik göstəriciləri Yunanıstanda 55,4 faiz, İspaniyada 53,2 faiz, İtaliyada 40,5 faiz, Portuqaliyada 37,7 faiz, Fransada isə 24,3 faiz təşkil edir. Əksər Avropa dövlətlərində 17-24 yaşlılar arasında axtaranların sayı iki dəfə artməşdır. Məhz bunun nəticəsində son 10 il ərzində yoxsulluq 50 faizdən 6 faizə düşmüşdür.

Bu ilin ötən ayları iqtisadi sahədə artımla yanaşı, sosial sferada qazanılan uğurlarla da əlamətdardır. Həyata keçirilən inkişaf strategiyası sosial problemlərin aradan qaldırılmasına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla reallaşması ilə paralellik təşkil edir. Dərindən düşünülmüş sosial siyasət nəticəsində bu il də əhalinin rifahının yüksəldilməsinə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı tədbirlər reallaşdırılmışdır. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması da həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyevin  kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiyasu təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində,  sosial təminat müəssisələrində, dövlət büdcəsindən maliyyələşdirilən elmelmi tədqiqat qurumlarında, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında müvafiq sərəncamlar imzalaması bunun bariz ifadəsidir. Xatırladaq ki, həmin sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılacaqdır.

Ölkə başçısının bu günlərdə imzaladığı sərəncama əsasən, əmək pensiyasının baza hissəsinin məbləği də sentyabrın 1-dən 100 manat müəyyən edilmişdir. Fəxri adlara görə aylıq təqaüdlərin artırılaraq “Xalq” fəxri adı üçün 100 manat, “Əməkdar” fəxri adı üçün 60 manat müəyyənləşdirilməsi aparılan uğurlu sosial siyasətin məntiqi nəticəsidir.

Son illər pensiya sistemində də yeniləşməyə mühüm önəm verilir. 2006-cı ildən etibarən yeni üçpilləli pensiya sisteminin tətbiq olunmasına başlanmışdır. Bu prosesdən 2012-ci ilədək olan müddət ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 4,4 dəfə artaraq 2,5 milyard manata çatmışdır. Fondun gəlirləri isə 4,1 dəfə artmışdır.

Həmin sistemin tətbiqindən bu vaxtadək yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6  Prezident sərəncamı imzalanmışdır. Yeni sistemin tətbiqindən etibarən pensiyaların orta aylıq məbləği hər il artan dinamika ilə yüksəlmişdir. 2011-ci ildə həyata keçirilən islahatlar nəticəsində isə 900 minə yaxın pensiyaçının müavinətləri orta hesabla 40 faiz artmışdır. Bununla yanaşı, yeni sistemin fəaliyyətə başladığı dövrdən 2013-cü ilə qədər əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə yüksəlmişdir. Beləliklə, qeyd edilən dövr ərzində 2003-cü ilə nisbətən orta aylıq əmək pensiyalarının məbləğində 8 dəfəyədək artım baş vermişdir.

Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 152, o cümlədən, yaşa görə 167 manat təşkil edir. Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatmışdır.

Bir neçə gün bundan əvvəl isə Azərbaycan Prezidentinin sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilmiş, Dövlət Sosial Müdafiə Fonduna Milli Qəhrəmanların və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğləri artırılaraq yenidən hesablanmasını təmin etmək tapşırılmışdır.

Ölkədə yoxsulluğun azaldılması və sosial təminatın gücləndirilməsi məqsədilə ünvanlı sosial yardım mexanizmi yaradılmışdır. Bu mexanizmin yaradılmasında əsas məqsəd orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə dövlət tərəfindən maliyyə yardımlarının ayrılmasıdır. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağı olan aztəminatlı ailələr malikdir.

Ünvanlı sosial yardımın ilk dəfə tətbiq olunduğu 2006-cı ildə ölkə üzrə cəmi 122 min nəfərə yaxın adam, yaxud 49 minə yaxın ailəyə belə yardım ayrılmışdır. 2007-ci ildə ünvanlı sosial yardımın miqyası genişləndirilmiş və 146 minə yaxın ailəni əhatə etmişdir. Sonrakı illərdə ünvanlı sosial yardım alan ailələrin sayı obyektiv amillər - əmək haqlarının və pensiyaların artımı, əhalinin gəlirlərinin artması və yoxsulluğun azalması nəticəsində aşağı düşmüşdür. Ötən ilin yekununa görə, 545 min nəfərə yaxın ailə üzvünü əhatə edən 124 mindən çox ailənin hər birinə ayda orta hesabla 114 manat ünvanlı sosial yardım ödənilmişdir. Bu ilin birinci rübündə isə 543 minə yaxın ailə üzvünü əhatə edən 123 min 300-ə yaxın ailəyə ünvanlı sosial yardım verilmişdir.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da mühüm əhəmiyyət verilir. Bu məqsədlə cari ilin icmal və dövlət büdcələrindən üst-üstə 283 milyon manat, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 milyon manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 158 milyon manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ilin 22-si və 23-də imzaladığı məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncamları da deyilənləri təsdiq edir. Qeyd olunan birinci sərəncama əsasən, aylıq müavinətin məbləği 2013-cü il sentyabrın 1-dən 10 faiz artırılacaqdır. Digər sərəncama müvafiq olaraq isə 2013-cü il sentyabrın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, 1 yaş yarımdan 3 yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilmişdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 3 sentyabr.- S. 4.