Ziyalılıq elə zirvədir ki...

 

Qarşıya qoyduqları saf amallara, ali məqsədlərə yetişmək parlaq zəkası və istedadı ilə seçilən insanlar üçün dünyanın ən böyük ərmağanı olmuşdur. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, düşünən beyni olan belə fitri zəka sahibləri həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi cəmiyyətdə sayılıb-seçilmişlər.

Ziyalılıq elə zirvədir ki, bu yüksəkliyə qovuşanlar başqalarından fərqli olaraq dövrü əhatə etmiş qaranlıqları daha tez duyub nəticə çıxarmağı bacarırlar. Bu nəcib şəxsiyyətlər ruhlarına, zəkalarına, həqiqət axtarışlarına hakim kəsilən bütün buxovları qırıb atır, mövcud problemlər, onların həlli yolları və gələcək barədə mücərrəd qaydada deyil, konkret əmələ yönəlmiş formada düşünürlər. Dərk edilmiş məsuliyyətdən irəli gələn fəaliyyət həm də şəxsiyyət ucağılığına qovuşmuş insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir.

Xalqımız cəmiyyətdə qanunçuluğun zəfəri yolunda əzmlə çalışmış belə ziyalılarla daim qürur duymuş, onları qorumuş, zamanın sərt təlatümlərindən hifz etmişdir. Belə nurlu şəxsiyyətlərdən biri də sağlığında hüquq elmi sahəsində özünəməxsus məktəb yaratmış görkəmli alim İbrahim Əhməd oğlu Kərimov olmuşdur. Qırx ilə yaxın müddətdə təcrübəli pedaqoq kimi hüquqşünas kadrların hazırlanması prosesində iştirak etmiş görkəmli alim İbrahim Kərimovun kəşməkəşli və şərəfli ömür yolu onun kamil ziyalı və şəxsiyyət obrazını tamamlayır.

Hər bir şəxsiyyət onu əhatə edən cəmiyyətdən də əvvəl məhz ailədə yetişir, formalaşır, özünü tanıyır, gələcək həyat yolunu düzgün müəyyənləşdirə bilir. Görünür, müdriklərimiz əbəs yerə “ot kökü üstə bitər” deməmişlər. 1923-cü il mayın 9-da Bakı şəhərində anadan olmuş İbrahim Kərimovun cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ailə mühitinin böyük təsiri olmuşdur. Milli təfəkkür, milli kök, babalardan miras qalmış əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan bir ailədə aldığı düzgün tərbiyə, valideynlərinin xeyir-duası daxilindəki istedadla çulğaşaraq onu şərəfli ömür yoluna hazırlamışdır. Haqqı-nahaqqa verməməsi, düzgünlüyü və mənəvi təmizliyi daim uca tutması görkəmli alimin parlaq şəxsiyyəti barədə kifayət qədər dolğun təsəvvür yaradır.

Yalnız mübarizprinsipial insanlar həyatda qarşıya qoyduqları məqsədlər uğrunda amansız mücadiləyə hazır olur, bu yolda hər cür maneəni mətinliklə dəf edirlər. İbrahim Kərimovun sadə olduğu qədər də zəngin və mənalı ömür yolu, erkən yaşlarından məqsədə çatmaq naminə göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu yaxından tanıyanların xatirəsində silinməz izlər buraxmışdır. O, 1940-cı ildə Bakıdakı 190 saylı orta məktəbi yaxşı nəticələrlə başa vuraraq Azərbaycan Sənaye İnstitutunun neft fakültəsinə daxil olmuşdur. Alman faşizminin 1941-ci ilin iyununda keçmiş SSRİ üzərinə qəfil hücumu ilə əlaqədar gənc İbrahimyüz minlərlə vətənvərvər, cəsur azərbaycanlı kimi Vətənin müdafiəsinə qalxmış, könüllü olaraq cəbhəyə yollanmışdır. Şiddətli döyüşlərdə iştirak edərək böyük qəhrəmanlıqlar göstərmiş İbrahim Kərimov 1944-cü ildə Belarusun Qomel şəhəri uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanmış, bir ayağını itirərək ikinci dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Müharibədə göstərdiyi şücaətə görə “Böyük Vətən Müharibəsi” ordeninə, “Qafqazın müdafiəsinə görə”, “İgidliyə görə” və bir sıra başqa medallara layiq görülmüş, Ali Baş Komandanın təşəkkürünü almışdır.

Müharibədən sonrakı dövrün ziddiyyətləri, qəribəlikləri, bəzən də haqsızlıqları ədalət axtarışında olan nəcib insanlar kimi, onu da dünyanın əbədi sualları ilə üz-üzə qoymuşdur. Bu sualların cavabını humanitar elmlərdə axtaran gənc İbrahimin gələcək həyat yolunu, peşə seçiminionun saf və təmiz düşüncələri müəyyənləşdirmişdir. Ədalət adlı ucalığa qovuşmaq ümidilə ədalət ilahəsi Femidanın vurğununa çevrilən İbrahim Kərimovun gələcəyə yönəlmiş arzu yolunun bələdçisi bir məqsəd olmuşdur - Bakı Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almaq!

1945-ci ildə bu ülvi istəyini gerçəkləşdirərək o zamankı Azərbaycan Dövlət Universitetinin (ADU) hüquq fakültəsinə qəbul olunan İbrahim Kərimov 1950-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Peşəsinə səmimi bağlılığı, yüksək intellekti, hazırlıq səviyyəsi nəzərə alınaraq universitetdə müəllim kimi saxlanılmış, Sovet dövlət hüququ kafedrasında əmək fəaliyyətinə başlamışdır. Hüquq elminə sanballı töhfələr vermək istəyən gənc müəllim 1950-ci ildə ADU-nun dövlət hüququ ixtisası üzrə aspiranturasına qəbul olunaraq dissertasiya işi üzərində gərgin çalışmağa başlamışdır. Gərgin axtarışlarının, yuxusuz gecələrinin bəhrəsi olaraq Tbilisi şəhərində hüquq üzrə namizədlik dissertasiyası mudafiə etmiş, hüquq elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir.

1960-cı ildən Sovet dövlət hüququ kafedrasının dosenti seçilən İbrahim Kərimov həyatının ən qaynar illərini məhz hüquq elminin, ali təhsilin inkişafına sərf etmiş, cəmiyyətin tərəqqisi, mənəvi yüksəlişi, qanunçuluğun möhkəmləndirilməsi naminə hüquqşünas kadr hazırlığı prosesində yaxından iştirak etmişdir. Bütün ziyalılar kimi, İbrahim müəllim də dövlətin qüdrətini, cəmiyyətin azadlığını və firavanlığını, sosial ədalətin bütün səviyyələrdə təntənəsini məhz insanların yüksək biliklərə yiyələnməsində, maariflənməsində görmüşdür. Hüquq elminin zirvəsinə yüksəlmiş dəyərli alim qanunçuluğun, hüquq qaydalarının təmini naminə dövlətə, xalqa bağlı olan, habelə yüksək mənəvi keyfiyyətləri ilə seçilən hüquqşünas kadrların hazırlanması prosesinə sanballı töhfələr vermişdir.

Sağlığında gərgin əmək bahasına ərsəyə gətirdiyi dərs vəsaitləri İbrahim Kərimovun elmdə məqsədlərinə doğru əzmlə irəliləyən, qazandığı uğurlarla kifayətlənməyən nəcib ziyalı olduğunu bir daha təsdiqləyir. Peşəkarlıqla qələmə aldığı dərsliklərlə, elmi məqalələrlə tanışlıq zamanı onun həm də hüquq elminin inkişaf təmayüllərini düzgün dəyərləndirərək dərin analitik təhlil süzgəcindən keçirən, özünəməxsus elmi məktəb formalaşdıran alim olduğu aydın görünür. Sovet dövlət orqanları”, “Sovet quruculuğu” kitablarının müəllifi olan İbrahim müəllimin çoxsaylı elmipublisistik məqalələri onun yüksək tədqiqatçılıq məharətinin, elmə sanballı töhfələr vermək əzminin təcəssümüdür.

Təqdirəlayiq məqam həm də bundan ibarətdir ki, tanınmış alim praktik tədrislə kifayətlənməyi məqbul saymayaraq cəmiyyətin hüquqi cəhətdən yetkinləşməsinə, respublikanın hüquq-mühafizə orqanlarında həyata keçirilən mütərəqqi ruhlu islahatların vətəndaşlara adekvat şəkildə çatdırılmasına çalışmışdır. Cəmiyyətin hüquqi maarifləndirilməsi prosesində yaxından iştirak edən tanınmış alim ayrı-ayrı məqalələrində cəmiyyətin maraq və mənafelərini də nəzərə almışdır. Azərbaycan Sovet Ensiklopediyasında dövlət hüququna dair bir sıra sanballı məqalələrin müəllifi olmuş İbrahim Kərimov alimlik erudisiyası, yüksək intellektual səviyyəsi ilə hüquq ictimaiyyətinin dərin etimadını qazanmış, ictimai fəallığı, idarəçilik və təşkilatçılıq qabiliyyəti ilə seçilmişdir.

Tələbələrinin xeyirxahı, qayğıkeşi olmuş İbrahim müəllim onlarla hər zaman səmimi, xoş münasibət yaratmış, istedadlı gəncləri önə çəkməyə çalışmışdır. Tanınmış alim auditoriyanı ələ almaq məharəti, ünsiyyət bacarığı, təmkini, daxili mədəniyyəti, tələbkarlığı, sadəliyi ilə tələbələrinin dərin rəğbətini qazanmışdır. Çoxlu sayda hüquqşünas alimin yetişməsində böyük xidmətləri olmuş, qəlbinin hərarətindən, gözünün nurundan onlara pay vermişdir.

Əsl ziyalı üçün vacib keyfiyyətlərdən birionun aydın mövqeyiə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğrunu seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mənəvi dünyasının, vicdanının səsi İbrahim Kərimovu yalnız özü üçün yaşamağa, əhatə olunduğu dövrün, mühitin nöqsanlarına, qüsurlarına göz yummağa, etinasız yanaşmağa qoymamışdır. O, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik nümayiş etdirməmişdir. Əsl ziyalılara xas tərzdə dövrünün ictimai-siyasi hadisələrinə laqeyd olmamış, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünmuş, onun müstəqilliyini arzu etmişdir. O həm də Qarabağ müharibəsinin ilk günlərindən ürəkağrısı ilə erməni məkrinə, bədnam qonşularımızın qəsbkarlıq siyasətinə müxtəlif səviyyələrdə etirazını, nifrətini bildirən, xalqına, torpağına dərindən bağlı olan vətənpərvər azərbaycanlı kimi yaddaşlarda əbədi qalacaqdır.

İbrahim müəllim dövrün hadisələri ilə bağlı narahatçılığı, ağrını içində, qəlbində çəkirdi, elə ona görə də xalq üçün döyünən ürəyi dövrün ağır məşəqqətlərinə dözmədi. Amansız ölüm onu elmi-pedaqoji fəaliyyətinin ən qaynar vaxtında sıramızdan apardı - 1988-ci il iyunun 15-də ədədiyyətə qovuşdu. Onun simasında Azərbaycanın hüquq elmi prinsipial, obyektiveyni zamanda, xeyirxah, insansevər və səmimi alimini itirdi.

Dostları, yaxınları xatirələrində qeyd edirlər ki, İbrahim Kərimov həyatda son dərəcə sadə, mehriban, qayğıkeş insan idi. Ailəsinə qəlbən bağlılığı ilə əsl Azərbaycan kişisinə xas cizgiləri xarakterində təcəssüm etdirirdi. İşinin gərginliyinə baxmayaraq ata və ailə başçısı olduğunu heç zaman unutmurdu. Layiqli övlad və vətəndaş ruhunda yetişdirib boya-başa çatdırdığı üç övladı hüquqşünas kimi onun yolunu bu gün də layiqincə davam etdirirlər.

Şərəfli ömür yoluna malik insanlar cismən həyatda olmasalar da, sanki özlərindən sonrakı nəsillər üçün yenidən doğulur, onların qəlbində sonsuz sevgi və məhəbbət hissi ilə yaşayırlar. Haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirəsində kamil insan, dəyərli ziyalı, unudulmaz müəllim və alim kimi qalmış İbrahim Kərimovun zəngin elmi irsi bu gün gənc tədqiqatçılar üçün də sanballı irsdir. Bəli, Azərbaycan xalqının xoşbəxtliyi də ondadır ki, tarix boyu bu cür parlaq simalardan xali olmamışdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 24 sentyabr.- S. 6.