“YARAT” müasir incəsənətin mücəssəməsidir

 

Bu günlərdə “Kiçik QalArt” sərgi salonunda  istedadlı rəssam  Aida  Mahmudovanın fərdi sərgisi keçirilir. Yüksək səviyyədə keçən açılış mərasimində  Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi.  Bu sərgi bir rəssam kimi məni həqiqətən  valeh etdi. “Daxili sakitlik” adlı  sərgidə nümayiş etdirilən əsərlər  tamaşaçıda həqiqətən daxili  bir rahatlıq  yaradır.

Aida xanım rəngkarlıq sənətinin bütün incəliklərindən  məharətlə istifadə  edərək əsərlərində Qərblə  Şərqin sintezini yaratmışdır. Gənc rəssam öz yaradıcılığında hansısa müəyyən bağlılıqdan daha çox həmin məkanla əlaqəli xatirələri qabardan Vətən həsrəti mövzusunu araşdırır. Bu əsərlərdə Abşeronun, Bakının məxsusi gözəlliyi rənglərin dili ilə ustalıqla təsvir olunmuşdur. Onlarda həyatın təzadları, incəlikləri sənətkar təxəyyülünün məhsulu kimi təqdim olunur.  Nümayiş olunan əsərlərdə tamaşaçı daxili bir rahatlıq tapır və rənglərdən yaranan təzadlı dünyanın gözəlliyindən həzz alır. Bu əsərlər mənəvi dünyamızın gözəlliklərini, görünməyən məqamları ustalıqla açır. Aida xanım rəssam olmaqla yanaşı, bacarıqlı təşkilatçıdır.

Onun 2011-ci ildə  qurduğu YARAT qeyri-kommersiya təşkilatı fəaliyyət göstərdiyi qısa dövrdə müasir incəsənətə göstərdiyi yeni yanaşma tərzi, gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, ideya və fikirlərini sərbəst şəkildə yaratdıqları sənət əsərləri ilə tamaşaçılara təqdim etmələri baxımından seçilməkdədir. YARAT müasir incəsənət məkanı gənc və istedadlı şəxslərin yaradıcılıq qabiliyyətlərinə daha da stimul verməklə yanaşı, onların motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılmasını qarşısına məqsəd qoyub. Müasir incəsənət məkanı həm ölkəmizdə, həm də xaricdə gənclərin peşəkar surətdə irəli çəkilməsi və inkişafına xidmət edir.  “YARAT”ın qarşısına qoyduğu missiyalar arasında  incəsənətə yeni nəfəs və baxış tərzi gətirən gənclərin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət institutlarının tələbə və məzunlarına “ARTIM Young Artists Project” adlı layihə vasitəsi ilə dəstək verməsi mühüm önəm kəsb edir. “YARAT” həmçinin müxtəlif mədəniyyətlər və incəsənət institusiyaları arasında dialoq, mübadilə və körpu yaradılmasını vacib amil sayır. YARAT  rəssamlara, ümumiyyətlə incəsənəti özünün peşəsi və  həyat tərzi hesab edən gənclərə təkcə yaradıcılıqlarını təqdim etməyə imkan yaratmır, həmçinin onların sənətlə bağlı bilik və yaradıcılıq təcrübələrinin artması üçün  müasir incəsənətlə bağlı mühazirələr, seminarlarmaster-klaslar təşkil edir.

“YARAT”ın ictimaiyyətə təqdim olunanÖn söz” adlı ilk sərgisi təşkilatın ideya və məqsədlərini elə ilk gündən bəyan etməklə, bu qurumun Azərbaycanın müasir incəsənətinin inkişafına və formalaşmasına müsbət təkan verməyə qadir olduğunu sübut etdi. “YARAT”ın indiyə kimi təqdim etdiyi əsərlər incəsənətin, müasir zəmanəmizin əsas və  vacib aspektlərinə toxunur, eyni zamanda öz aktuallığına və düşündürücü ideyasına görə fərqlənir.  Təşkilatın həyata keçirdiyi art-layihələr, sənət əsərləri  arasında  ekolojisosial xarakter daşıyan işlərə də rast gəlmək mümkündür.

“YARAT” müasir incəsənət məkanı” müasir Azərbaycan incəsənətinin peşəkar səviyyədə dəstəklənməsinə, Azərbaycanda və xaricdə respublika rəssamlarının təbliğinə yönəldilmiş sərgilər, festivallar, seminarlar, master-klaslar və müxtəlif təlim-tədris tədbirləri keçirməklə, müasir incəsənət nümunələrini gənclərin gözü ilə ictimaiyyətə təqdim edir.

“YARAT” müasir Azərbaycan incəsənətini fəaliyyətində təcəssüm etdirməklə  yanaşı, dünyada mədəniyyətdə və incəsənətdə gedən ən mühüm yenilik və dəyişikliklərə də açıqdır. O, bəşəriyyəti narahat edən qlobal problemlərə də biganə qalmır, onları incəsənətin gücü ilə təqdim edir. Sentyabrın 21-də - Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü–“Yığ. Təmizlə. Fərqi Hiss Et!” şüarı altında Mərdəkan çimərliyində təşkil olunan təşəbbüs, könüllülərin sahilyanı ərazini zibil və məişət tullantılardan təmizləmələri aksiyasında “YARAT”ın rəssamı Səbinə Şıxlinskayanın “Save the Earth” (“Dünyanı qoru”) adlı işinin təqdim edilməsi buna nümunədir. Nümayiş olunan əsərdə adi sərnişin avtobusu plastik butulka toplayan hərəkətli konteynerə çevrilib. S.Şıxlinskayanın bu işi ilk dəfə olaraq cari ilin avqust ayında Bakı şəhərinin mərkəzi avtovağzalının binası qarşısında paytaxt sakinləri və şəhərin qonaqlarına nümayiş etdirilib.

“YARAT”ın təkcə ölkəmizdə deyil, xarici ölkələrdə təşkil edilən sərgi və layihələri əcnəbi incəsənətsevərlər tərəfindən də maraqla qarşılanır. Parisdə  fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət Evində  nümayiş olunmuşHome sweet home” sərgisi təqdim olunan əsərlərin məzmun çalarına və rəngarəngliyinə görə seçilirdi. İncəsənətin digər sahəsi olan kino da “YARAT” Müasir İncəsənət Mərkəzinin diqqətindədir. Belə ki, onun təşkilatçılığı ilə “Future Shorts” festivalının 2013-cü ilin Yay Mövsümü üçün tərtib olunan proqramı Azərbaycan kinosevərlərinə təqdim edildi.

Bakıda keçirilən III Beynəlxalq Kitab Sərgi-Yarmarkasında nümayiş olunan stendlər arasında son illər Azərbaycan müasir mədəniyyətində öz dəst xətti, original ideyaları və layihələri ilə seçilən “YARAT” təşkilatının stendi də vardı. Bu stend sərgiyə gələnlər, xüsusilə də gənclər tərəfindən maraqla qarşılandı. İnanırıq ki, bu yaradıcılıq təşkilatı hələ neçə-neçə uğurlara imza atacaq, tamaşaçıları öz yeni nailiyyətləri ilə sevindirəcək.

 

Elçin ORUCOV,

 

 rəssam, əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2013.- 27 sentyabr.- S. 7.