NAXÇIVAN: ulu öndərin arzularının çiçəkləndiyi diyar

 

İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin.

 

Heydər ƏLİYEV Ümummilli lider

 

 

Salam, ulu torpaq, müqəddəs yurd!

 

Qədim türk  torpağı Naxçıvan... Bu diyarın ululuğu tariximizdə, mənəviyyatımızda  tutduğu özünəməxsus  mövqedən, qoruyub saxladığı uca  dəyərlərdən  qaynaqlanır.  Onun müqəddəsliyi  isə  min  bir  çalarlı təbiəti və yurdsevər insanlarının bu torpaqda  zaman-zaman  dilbirlik yaratması,  neçə-neçə intibahlara  çatması  ilə  qazanılmışdır.

 

Nuh  peyğəmbərin dünya daşqınının pəncəsindən xilas etdiyi  canlı aləm Naxçıvana  pənah  gətirmiş, bu  ululuqda    müqəddəslikdə nicat  tapmışdır. Elə o zamandan  da bu  yerlərə  türkün  ölməz  ruhu, silinməz-pozulmaz  izləri  şahidlik  etməkdədir. Tarix ötdükcə  Naxçıvan  sorağı  Güneydən  Quzeyə, Doğudan Batıyadək  geniş bir  arealdan gələn  türklərin  mərkəzi  əyaləti kimi hər tərəfə qapı açmış, türk-islam dünyasına  böyük  bir körpü rolu oynamışdır.

 

Türkün ucalıqlara yön aldığı zamanlarda Naxçıvan bir az da yüksəlmiş, onun zəkalı,  əməlpərvər insanları  tariximizi şərəfləndirmişlər. Soyumuzun  başı qalda olanda yağılar,  ilk  növbədə,  Naxçıvanı  yağmalamaq,  yox  etmək  istəmişlər.  Tarixdə,  bəlkə də,  Naxçıvan  qədər başı  bəlalar  çəkmiş  ikinci  bir  türk torpağı olmamışdır. Lakin  İlahinin yurdumuza ərməğan elədiyi ən qədim ziyarətgah Əshabi-Kəhfdən  güc  alan,  Nuh babamızın  yaşayıb  əbədiyyətə  qovuşduğu  torpağı  əsl övladlıq  sədaqəti ilə  qorumağı  bacaran  insanlar həmişə düşmənlərin niyyətlərini gözlərində qoymuşlar.

 

Makedoniyalı  İskəndərdən  o yana və bu tərəfə  həmişə  belə olub.  Yava-yadellilər  Naxçıvanın növrağını  söndürsələr də torpağının  həyat  iksirini,  insanlarının yenilməzliyini  yox  edə bilməmişlər.  Bu  torpağın  altında  qalmış və üstündə  bu günə  gəlib çatmış  hər şey çoxqatlı  bir tarixin,  yüksək  intibahların nişanələridir.

 

İki  əsr  bundan əvvəl ikiyə parçalanmış Azərbaycanın can ağrılarını hər yerdən artıq Naxçıvan çəkmişdir. Elə buna görə də zorlu düşmən bu ağrıların, bütövləşmə döyüntülərinin axırına çıxmaq üçün  Naxçıvandan türk soyunu birdəfəlik yox etməyə qərar verib. Türk qanına bütün xalqlardan artıq susamış ermənilər kütləvi surətdə bu yerlərə  köçürülsə də, yerli  əhali min bir sitəmlə  didərgin salınsa da, Naxçıvan yenə  İlahi   bir  iradə və hökmlə  Azərbaycan torpağı  olaraq  qalmışdır.

 

 XX əsrin sonlarında sovet  imperiyasının çökməsi,  parçalanması  ilə dünya xəritəsində yeni  sərhədlər  cızılanda  bədxahlarımız min   bir hiylə    fitnə  ilə soydaşlarımızı  Naxçıvandan  çıxarıb ermənilərə  verməklə,  bu  torpaqdakı  əbədi  ayıq  ruha    davamlı  dirənişə  son  vermək  istədilər.  Bu zaman yenə İlahi  bir  iradə  türk  dünyasının  ən  zəkalı     qüdrətli  insanını, çağımızın  böyük  siyasətçi    dövlət adamını —   ümummilli  lider  Heydər Əliyevi  qəsd  və bəlalardan  qoruyub Naxçıvana  qovuşdurdu.

 

Ulu öndər  bu  torpağın  qeyrətli  insanlarını açılmaz  bir yumruğa,  bükülməz  bir  qola  çevirməklə,  Naxçıvanı tarixin  yeni sellərindən, tufanlarından qorudu,  işğaldan  xilas  etdi.  Taleyin  hökmü ilə   üçrəngli  milli  bayrağımız  ilk  dəfə  rəsmən  Naxçıvanda  ucaldıldı.  Ümummilli lider Heydər  Əliyevin iradəsi  ilə sovet  sistemindən  ilk  dəfə bu  diyarda imtina edildi.  Tarixi  parçalanmaya  etiraz   olaraq  SSRİ — İran sərhəddi  birinci olaraq burada söküldü.

 

Naxçıvana növbəti səfərimizə Bakıdan yola düşəndən  Culfa  sərhəd-buraxılış  məntəqəsini  keçənədək  bu  ulu yurd  barədəki duyğu-düşüncələrimizdən  qaynaqlanan  qeydlərimizi  sahmana  salıb deyirik: “Salam,  ulu torpaq,  müqəddəs  yurd!”

 

“Möcüzəli blokada”

 

Elə bu  yerdəcə, “möcüzəli blokada”nın  içərisinə  daxil oluruq. Möcüzəliliyinin açmasını bir az sonraya saxlayıb, Avropa  mənşəli “blokada”  sözünün  mənasına diqqət yetirək: “Hərbi    iqtisadi  məqsədlə  təcrid,  təkləmə  və ya  bir dövlətin  başqa  dövlət  tərəfindən onun  ətraf  dövlətlərlə  əlaqəsini kəsmək  üçün  mühasirəyə  salınması”. 22 ildən bəri  Naxçıvan   məhz  beləcə təcavüzkar  Ermənistanın  işğalçılıq  siyasətinin  nəticəsi  olaraq  blokadaya  alınmış,  Azərbaycanla  əlaqələr   dolanbac yollardan  keçməklə  yaradılmışdır.

 

Bizə  tarixdən  bəlli olan  məşhur  blokadalar  sırasında Naxçıvanın  yollarının  kəsilməsi  daha  amansız  bir  vəziyyət  yaratmışdı. Tarixən Osmanlı  və İran dövlətləri  ərazisində  yaşayan   soydaşlarımızdan ayrı  düşmüş  naxçıvanlılar  sovet  dövründə   İrəvan  quberniyası əsasında Ermənistan  dövləti yaradılması,  Zəngəzur  və Vedibasarın  Naxçıvandan  qoparılması  ilə  Azərbaycandan və  azərbaycanlılardan  aralı  düşmüşlər.  Dağlıq  Qarabağ  münaqişəsinin  müharibəyə çevrilməsi  isə Naxçıvanı  misilsiz  bir blokadaya saldı.

 

Ulu öndər Heydər Əliyev bu  təcridolmanın ilk  illərində  həyata  keçirdiyi müstəsna,  zəruri  tədbirlər blokadanı az da olsa yardı. O vaxt qardaş  Türkiyə  ilə   Naxçıvan  arasında  tarixə “ümid  körpüsü”  adı  ilə  düşmüş yol  açıldı.  İranla   yaradılan  əlaqələr  və bu ölkə   ərazisindən  gediş-gəlişin  sahmana  salınması  Naxçıvana  nəfəs  versə  də blokadanın  yaratdığı  çətinliklərin  heç    hamısını aradan  qaldıra  bilmədi. Ümummilli  liderin  xilaskarlıq  missiyası  ilə Bakıya   dönüşü,  müstəqil  Azərbaycan dövlətinə  Prezident  seçilməsindən  sonra  həyata keçirilən,  tarixdə  analoqu  olmayan  tədbirlər   Ermənistanın   blokada  siyasətinin   mahiyyətini heçə endirdi.  Əksinə,  ağılsız    fitnəkar  dövlət  özünü də məhkum etdiyi  blokadada boğulmaqdadır.

 

Naxçıvanın  düşdüyü  blokadaya baxmayaraq 17  ildən bəri yaradılan möcüzə düşmənləri  hədsiz məyus  edir.  Ulu öndərin  müdrik  tədbirləri  ilə  Naxçıvanda  sosial-iqtisadi  həyatın  daxili  imkanlar,  ehtiyatlar    qüvvələrlə  yenidən  təşkil  olunması  muxtar  respublikanın  kənardan asılılığını  minimuma  etdirmişdir.  Naxçıvanda  doğulub-böyümüş, bu yurdu  canından  artıq  sevən, o çətin günlərdə həmişə ulu öndərin   yanında  olmuş, onun  idarəetmə  məktəbini  keçmiş   Vasif Talıbovun  17 il əvvəl  Naxçıvan  Ali Məclisinə  sədr seçilməsi  tarixə “Naxçıvan  möcüzəsi”  adı  ilə   düşmüş  mərhələnin  başlanğıcı  olmuşdur.

 

“Möcüzəli  blokada”  anlayışı  da  bax,  buradan  yaranmışdır.   Yəni  Naxçıvan  bütün  hüceyrələrinə   qədər  yaranmış  şəraitin  tələbləri ilə yaşayır,  mümkün olan hər bir  ehtiyac  yerindəcə cavablandırılır. Bu,   heç də   asan  olmayan, hər  bir adamdan  gecəli-gündüzlü  ictimai  marağı  üstün  tutub  çalışmaq,  çatışmazlığı, nəyin  bahasına  olursa-olsun, aradan  qaldırmağı  tələb edən bir yaşamdır.  Bunun nəticəsidir ki, Naxçıvan  başdan-başa yenidən  qurulub. Bu  torpaqda  qısa müddətdə   tarixin heç  bir  dövründə  olmayan intibah  yaradılıb.

 

Görüşdüyümüz  insanlar  birmənalı  olaraq  belə bir  möcüzə  yardılmasının səbəblərini  ümummilli  lider  Heydər Əliyevin  Naxçıvana  yönəlik uzaqgörən siyasəti,  Prezident İlham Əliyevin  muxtar  respublikaya artan  diqqət və  qayğısı və Naxçıvan  Muxtar Respublikası  Ali  Məclisinin  sədri  Vasif  Talıbovun  nail olduğu səfərbərlik,  məsuliyyət    tələbkarlıqla  bağladılar.  Ali Məclis  sədri özü  isə “Naxçıvan  möcüzəsi”ni belə  açıqlamışdır: “Yol  düzgün  seçiləndə,  milli maraqlara    dövlətçiliyə  sədaqət  olanda,  adamların  qayğısı    ehtiyacları  nəzərə  alınanda  istənilən  möcüzəni  yaratmaq olar”.

 

Əsrə bərabər illər

 

Ötən 17  ilin  başlıca  uğuru blokadanın  mahiyyətcə  aradan qaldırılması,   Naxçıvanın  yeniləşmə  yoluna  çıxması,  bütün  zəruri  ehtiyacların ödənilməsi,  muxtar respublikanın  kənardan  aldığından 2 dəfə  çox xaricə məhsul  satması,  möhkəm  müdafiə və etibarlı rabitə yaradılmasıdır. Nəticədə,  bir vaxtlar  gedənlər də doğma  torpağa  qayıdır, ümumi  quruculuğa  qoşulur.

 

Naxçıvan  MR  Statistika  Komitəsinin  bu yüksəliş dövrü  barədə  hazırladığı  materialdan  mühüm  fakt  və rəqəmləri  bir daha  oxucuların   yadına salırıq.

 

Ötən 17 ildə muxtar respublikada ümumi daxili məhsul 42,5 dəfə artmışdır. Orta illik inflyasiya 1995-ci ildəki 511,8 faizdən 2012-ci il üzrə 0,2 faizlik deflyasiya ilə əvəzlənmişdir. Makroiqtisadi sabitlik və davamlı inkişaf fonunda son 17 il ərzində əsas iqtisadi göstəricilər üzrə sürətli inkişaf meyilləri xarakterik hal almışdır.

 

17 ildə muxtar respublikada 379 yeni sənaye müəssisəsi işə başlamışdır. Əgər 1996-cı ilin əvvəlinə 56 sənaye müəssisəsi mövcud idisə, ötən dövr ərzində bu müəssisələrin sayı 8 dəfə artaraq 435-ə çatmışdır. 1996-cı ilə kimi muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda onların sayı 5-ə çatdırılmışdır. 2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada 657 milyon kilovat - saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 1995-ci ildəki göstəricidən 5,9 dəfə çoxdur.

 

2012-ci ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 1995-ci ildəki göstəricini 294 dəfə üstələyərək 896 milyon 597 min manatdan çox olmuşdur. Ötən 17 ildə muxtar respublikada 212 inzibati bina, mənzil təsərrüfatı üzrə 39 obyekt, 52 nasos stansiyası, 280 subartezian quyusu, 74 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 347 obyekt və qurğu, 59 xidmət və ticarət mərkəzi işə salınmışdır. Bu dövrdə 164 elm və təhsil, 172 mədəniyyət müəssisəsi, 149 səhiyyə müəssisəsi, 22 idman obyekti, köməyə ehtiyacı  olan şəxslər üçün 463 fərdi ev, 558 istehsal və xidmət obyekti    istifadəyə verilmişdir.

 

 237 inzibati binada, mənzil təsərrüfatı üzrə 602 obyektdə, 111  nasos stansiyasında, 100 subartezian quyusunda, 61 körpüdə, 9 xidmət və ticarət mərkəzində, 111 elm və təhsil, 145 mədəniyyət, 47  səhiyyə müəssisəsində, 15 idman obyekində, köməksiz şəxslər üçün 21  fərdi evdə yenidən qurulma və  ya əsaslı təmir aparılmışdır.  Bu il muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, tikilmiş yaşayış sahəsi 1995-ci ildəki göstərici ilə  müqayisədə 20,7  dəfə çoxdur.

 

Muxtar respublikanın müdafiə qabiliyyətinin və ordunun maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, 17 il ərzində 174 obyekt,  o cümlədən 17 qərargah binası, səfərbərlik və hərbi xidmətə çağırış, hərbi prokurorluq orqanları və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 27 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 19 yaşayış binası, 4 tədris binası,   1 tam orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, 3 klub və 58 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq  istifadəyə verilmişdir.

 

2012-ci ildə muxtar respublikada 101 min 848 ton taxıl, 65 min 809 ton tərəvəz, 41 min 791 ton bostan məhsulları, 55 min 443 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki göstəriciləri müvafiq olaraq 4,3 dəfə, 50,6 dəfə, 104,5 dəfə, 3 dəfə üstələmişdir. Son 17 ildə texnika parkı xeyli genişləndirilmiş və əlavə olaraq 879 ədəd kənd təsərrüfatı maşın və mexanizmləri alınmışdır. Bu dövr ərzində tutumu 11 min 720 ton olan 15 soyuducu anbar istifadəyə verilmiş və 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik olan Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılmışdır.

 

2012-ci ildə 1995-ci illə müqayisədə kəsilmiş ət 1,6 dəfə artaraq 9214 tona, süd 2,1 dəfə artaraq 75027 tona çatmışdır. 45 yeni quşçuluq və 11 balıqçılıq təsərrüfatları istifadəyə verilmişdir. 2012-ci ildə muxtar respublikada 1175 ton bal istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki müvafiq göstəricini 12,2 dəfə üstələyir.

 

2012-ci bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı müəssisələrinə və  ayrı-ayrı fiziki şəxslərə, 1995-ci illə müqayisədə 128 dəfə çox kredit verilmişdir. Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq, yerli tələbatın ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaranmışdır. 2012-ci ildə istehsal olunmuş kənd təsərrüfatı məhsulları 1995-ci ildəki  müvafiq göstəricidən 7,2 dəfə çoxdur.

 

Son 17 ildə muxtar respublikada 3350 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuşdur. 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 74 körpü tikilmişdir. Dəmir yolu nəqliyyatının gələcək inkişaf perspektivləri nəzərə alınaraq infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş və muxtar respublika daxilində ahəngdar işi təmin edilmişdir. 1995-ci illə müqayisədə yük daşınması 19,5 dəfə, sərnişin daşınması isə 3,4 dəfə artmışdır.

 

 Bu dövr ərzində muxtar respublika ərazisində 4 mobil rabitə operatorunun fəaliyyətinin təşkil edilməsi, internet xidməti sahəsinin yaradılması, mövcud koordinattipli avtomat telefon stansiyalarının hamısının elektrontipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, İran və Türkiyə ərazilərindən keçməklə fiberoptik kabellərin çəkilişi, “Naxtel” simsiz telefon xidmətinin və Yeni Nəsil Telekommunikasiya Şəbəkəsinin istifadəyə verilməsi və digər tədbirlər muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının iqtisadi və sosial həyatımıza sürətli inteqrasiyasını təmin etmişdir.

 

Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 318 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 114 növü ərzaq, 204 növü qeyri-ərzaq məhsullarıdır. 105 növdə ərzaq, 199 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 304 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.

 

 2012-ci ildə muxtar respublikanın bank strukturları və kredit təşkilatlarının sahibkarlara verdiyi kreditlərin həcmi 1995-ci illə müqayisədə 220 dəfə artmışdır.  1996-cı ildən muxtar respublika üzrə, ümumilikdə, 77 minə yaxın yeni iş yeri yaradılmışdır ki, bunların  65,5 faizi daimi iş yeridir. 1995-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 20,3 dəfə,  o cümlədən ixracın həcmi 162,2 dəfə artmışdır. 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının icmal büdcəsinin həcmi  1995-ci ildəki göstəricini 60 dəfə üstələyir.

 

1995-ci ildən muxtar respublikada elm və ali təhsil üzrə 12 obyektin, 40088 şagird yerlik 125 ümumtəhsil məktəbinin, 9 məktəbəqədər müəssisənin, 13 uşaq musiqi məktəbinin və 4 digər təhsil müəssisəsinin tikintisi, elm və ali təhsil üzrə 8 obyektin, 37842 şagird yerlik 66 ümumtəhsil məktəbinin, 6 məktəbəqədər müəssisənin, 10 uşaq musiqi məktəbinin və 12 digər təhsil müəssisəsinin yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.

 

 Tarixi mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi son 17 il ərzində diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası, yenidən qurulması və bərpası davamlı xarakter almışdır. Ümumilikdə, 172 mədəniyyət obyektinin tikintisi, 145-nin yenidən qurulması və əsaslı təmiri başa çatdırılmışdır. Bu dövrdə 149 səhiyyə obyektinin tikintisi, 47 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri aparılmışdır. Ötən dövr ərzində 22 idman obyekti tikilmiş, 15 idman obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.

 

 Ötən 17 ildə qazanılmış bütün bu nailiyyətlər, çətin şəraitdə böyük əzmkarlıqla təmin olunmuş makroiqtisadi sabitlik və davamlı inkişaf  muxtar respublikanın inkişaf və yüksəliş yolunda olduğunun  göstəricisidir.

 

Rekordları təzələyən 2012-ci il

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında məruzəsinin səfər  təəssüratlarımızı tamamlayan, gördüklərimizi rəsmən təsdiq edən məqamlarını oxucularımızın da nəzərinə çatdırırıq:

 

— Yola saldığımız ildə ötən dövrlərdə qazanılan nailiyyətlər daha da möhkəmləndirilmişdir. Əksər sahələr üzrə qarşıya qoyulmuş vəzifələr uğurla icra edilmiş, inkişafın artan dinamikası qorunub saxlanılmış, iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunmuşdur.

 

2012-ci ilin ən yaddaqalan hadisəsi ölkə Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri oldu. Dövlət başçısının cəmi bir gün ərzində 10 yeni obyektin — Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının, Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin inzibati binasının, Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleksin, sement zavodunun, Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Mədəniyyət Evinin, hərbi hissədə qərargah binası, əsgər yataqxanası, yeməkxana və məişət kompleksinin, Naxçıvan — Culfa magistral avtomobil yolunun, Culfa Şəhər Uşaq Musiqi Məktəbinin, Sərhəd komendantlığının və Sərhəd zastavasının açılış mərasimlərində iştirak etməsi, bu qədim diyarda gedən genişmiqyaslı və sürətli inkişafa növbəti dəfə də şahid olması hamını sevindirdi. Bu  səfər  və görüşlərin yaratdığı yüksək əhval-ruhiyyə quruculuq işlərinə növbəti  təkan verdi.

 

Biz bu inkişafa, ilk növbədə, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi sayəsində nail olmuşuq. Heç şübhəsiz ki, samballı uğurların qazanılmasında ölkə Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələrin inkişafını nəzərdə tutan, konkret məqsəd və vəzifələri özündə əks etdirən dövlət proqramlarının qəbulu və ardıcıl həyata keçirilməsi, düzgün sosial- iqtisadi siyasət də mühüm rol oynamışdır. Bununla bərabər, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı birinci və ikinci dövlət proqramları, digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətlə icrası da diyarın hərtərəfli yüksəlişinə əsaslı təsir göstərmişdir. Nəticədə, çoxşaxəli iqtisadiyyat formalaşdırılmış, makroiqtisadi sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyəti genişləndirilmiş, yeni müəssisələr və iş yerləri yaradılmış, infrastruktur və kommunal xidmətlərin səviyyəsi daha da yüksəldilmişdir.

 

Bugünkü hərtərəfli inkişafı ərsəyə gətirən mühüm amillərdən biri də blokada şəraitində əhalinin qarşılaşdığı problemlərin həllinə ulu öndər Heydər Əliyevin göstərdiyi həssas, qayğıkeş dövlətçilik münasibətinin uğurla davam etdirilməsidir. Ölkəmizin bütün regionlarının tarazlı inkişafını diqqətdə saxlayan hörmətli Prezidentimiz İlham Əliyev 2012-ci il mayın 30-da imzaladığı sərəncamla Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün  Prezidentin ehtiyat fondundan muxtar respublikaya 10 milyon manat vəsait ayırmışdır. Ölkə başçısının növbəti yüksək diqqət və qayğısı muxtar respublika əhalisinin qurub-yaratmaq əzmini daha da artırmışdır.

 

Yola saldığımız ildə iqtisadiyyatın bütün sahələrində əldə olunmuş uğurlu nəticələr sosial-iqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstərici kimi ümumi daxili məhsulun artımına da təsir etmişdir. Bu il  ÜDM-in həcmi bir il öncəyə nisbətən 12 faiz artaraq 2 milyard 14 milyon manata, onun hər bir nəfərə düşən həcmi isə 11 faizlik artımla 4765 manata çatmışdır. Real sektorun, xüsusilə, sənaye və digər istehsal sahələrinin üstün inkişafına diqqət yetirilməsi iqtisadi inkişafda dayanıqlığı təmin etmişdir. Ümumi daxili məhsulun böyük bir hissəsi, başqa sözlə desək, 65 faizi və ya 1 milyard 309 milyon manatı məhsul istehsalının payına düşmüşdür.

 

Muxtar respublikanın iqtisadi inkişafı hazırda yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Bu mərhələnin əsas məzmunu, ilk növbədə, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaqla, dinamik sosial-iqtisadi inkişafın perspektivliyini təmin etməkdən ibarətdir. Məqsədimizin reallaşması üçün qarşıda bir sıra ciddi vəzifələr dayanır. Əvvəllər olduğu kimi, bu gün də, ilk növbədə, hər bir rayonun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması nəzərdə tutulur.

 

Son illər muxtar respublikada bir sıra irimiqyaslı layihələrin icrası nəticəsində 2012-ci ildə yerli xammaldan istifadəyə əsaslanan və daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edən müxtəlif təyinatlı 84 istehsal və xidmət müəssisəsi yaradılmışdır.

 

Yeni istehsal və xidmət sahələrinin işə düşməsinə təsir göstərən mühüm amillərdən biri də səmərəli kreditləşmə mexanizminin formalaşmasıdır. Ötən il muxtar respublikanın bank və kredit təşkilatları 56 milyon manatdan çox kredit vermişdir. Bunun da 17 milyon manatı fərdi sahibkarlığın inkişafına, 18 milyon manatdan çoxu isə özəl bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir.

 

Özəl sektorun dəstəklənməsi, güzəştli şərtlərlə dövlət maliyyə dəstəyinin göstərilməsi, antiinhisar tədbirlərinin gücləndirilməsi sahibkarlıq fəaliyyətinə münbit şərait yaratmışdır. 2012-ci ildə sahibkarlıq fəaliyyəti ilə bağlı 19 hüquqi və 1325 fiziki şəxs qeydiyyata alınmışdır. Sahibkarlıq subyektlərinin artması, onlar üçün kreditlərin verilməsi yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinə də müsbət təsir göstərmişdir. Ötən il 7641-i daimi olmaqla, 7996 yeni iş yeri yaradılmışdır.

 

Yüksələn kənd

 

Tarixən aqrar region kimi tanınan Naxçıvan Muxtar Respublikası hazırda sənayenin sürətlə inkişaf etdiyi bölgəyə çevrilmişdir. Son illər daxili tələbatın ödənilməsi məqsədilə bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması sənaye sektorunun 2012-ci ildə ümumi daxili məhsulun tərkibində 27 faizlik paya malik olması ilə nəticələnmişdir. Əvvəlki illə müqayisədə 15 faiz çox, yəni 796 milyon manata yaxın sənaye məhsulu istehsal edilmişdir. Bunun da 93 faizə qədəri özəl bölmənin payına düşür.

 

Əlverişli iqlim, münbit torpaqlar, hərtərəfli dövlət qayğısı kənd təsərrüfatının inkişafına, muxtar respublikanın aqrar potensialından daha səmərəli istifadəyə şərait yaratmışdır. 2012-ci ilin məhsulu üçün 60 min 118 hektar sahədə əkin aparılmışdır ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 98 hektar çoxdur.

 

Ötən il strateji əhəmiyyətli taxılçılıq diqqət mərkəzində saxlanılmışdır. 2012-ci ilin məhsulu üçün 34 min 965 hektar sahədə taxıl əkilmiş, zəmilərdən 101 min 848 ton məhsul götürülmüşdür. Kartof istehsalında da dinamika saxlanılmış, 2831 hektar əkin sahəsindən 39 min tondan çox məhsul yığılmışdır. Bu, bir il öncəki ilə müqayisədə 1131 ton artıqdır. Ötən il 65 min tondan çox tərəvəz, 42 min ton meyvə, 14 min tondan çox üzüm toplanmışdır.

 

2012-ci ildə tutumu 2000 ton olan daha bir soyuducu anbar fəaliyyətə başlamış, beləliklə, əhalini qış mövsümündə də keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin etməyə imkan yaradan anbarların sayı 15-ə, həcmi isə 11 min 720 tona çatdırılmışdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 194 kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 185 ədəd kənd təsərrüfatı texnikası lizinq yolu ilə istehsalçıların istifadəsinə verilmiş, onlar 3950 ton mineral gübrə ilə təmin olunmuşlar.

 

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə ötən il 321 baş, bütövlükdə isə son 4 ildə 1341 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir. Quşçuluğun inkişafı məqsədilə sahibkarlıq subyektlərinə 2 milyon manatdan çox kredit verilmişdir. Görülmüş tədbirlərin nəticəsi olaraq, 2012-ci ildə 9 yeni quşçuluq təsərrüfatı fəaliyyətə başlamışdır. Beləliklə, son illər istifadəyə verilən quşçuluq təsərrüfatlarının sayı 46-ya çatmışdır. İstehsal gücü saatda 10 ton olan yeni qüvvəli yem istehsalı sahəsi fəaliyyətə başlamışdır. Balın emalı və qablaşdırılması ilə məşğul olan istehsalçıların sayı 2012-ci ildə 3270-ə çatmışdır. Ötən  il 1175 ton bal istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 14 faiz çoxdur.

 

Bütövlükdə, 2012-ci ildə muxtar respublikada 316 milyon manatlıqdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu, əvvəlki illə müqayisədə 9 faiz artım deməkdir. 2012-ci ildə 5 nasos stansiyası, 11 subartezian quyusu və 32 kəhriz istifadəyə verilmişdir. İlin əvvəlindən 525 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 300 mindən çox ağac və gül kolları əkilmişdir.

 

Dinamik quruculuq   artan rifah

 

Muxtar respublikada əsas kapitala investisiya qoyuluşlarının həcmi bir il öncə ilə müqayisədə 20 faiz artaraq 979 milyon manat təşkil etmişdir. Bunun 89 faizi və yaxud 871 milyon manatı bilavasitə tikinti-quraşdırma işlərində istifadə olunmuşdur. İlin əvvəlindən 658 obyekt tikilərək, əsaslı bərpa və ya təmir olunaraq istifadəyə verilmişdir. Mənzil almaq istəyən gənc ailələrə dəstək məqsədilə İpoteka Fondunun vəsaiti hesabına ötən il 718 min manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur.

 

Muxtar respublikada kənd və xidmət mərkəzlərinin tikintisinə diqqət artırılmış, 2012-ci ildə 13 kənd mərkəzi istifadəyə verilmiş, 14 xidmət mərkəzi fəaliyyətə başlamışdır.

 

Ötən illərdə Böyük İpək Yolunun üzərində yerləşən 88 kilometrlik Naxçıvan – Sədərək magistralı, 8 kilometrdən artıq Naxçıvan dairəvi avtomobil yolu, 2012-ci ildə bu tədbirlərin davamı olaraq, 32 kilometr uzunluğunda Naxçıvan – Culfa magistral yolu istifadəyə verilmişdir. Ölkə başçısının 2011-ci il 2 sentyabr tarixli sərəncamı ilə tikintisinə başlanan 39 kilometrlik Təzəkənd – Çalxanqala — Qıvraq dairəvi avtomobil yolun və 57 kilometrlik Çeşməbasar — Boyəhməd avtomobil yolu istismara verilmişdir. Uzunluğu 59 kilometr olan Naxçıvan — Şahbuz — Batabat magistral avtomobil yolunun müasir standartlar səviyyəsində yenidən qurulmasına başlanılmışdır. Ümumilikdə, 2012-ci ildə muxtar respublikada 135 kilometr uzunluğunda yeni yollar salınmış, 8 körpü tikilmiş, 2 körpü isə yenidən qurulmuşdur.

 

Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. Artıq Naxçıvan şəhəri, Babək rayon mərkəzi, Nehrəm və Yarımca kəndlərində, Şərur və Sədərək rayonlarında yeni nəsil telefon stansiyaları qurulmuş, üçüncü nəsil avtomat telefon stansiyalarından istifadə edənlərin sayı 37 mindən çox olmuşdur. Bu da ümumi nömrə tutumunun 58 faizini təşkil edir.

 

Son vaxtlar muxtar respublikada yaradılmış 4 elektrik stansiyası elektrik enerjisinə olan tələbatı tam ödəməklə yanaşı, onun ixracına da imkan yaratmışdır. 20,5 meqavatlıq Arpaçay Su Elektrik Stansiyasında və 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyasında işlər davam etdirilir. Keçən il 1,4 meqavatlıq “Arpaçay-2” su elektrik stansiyasının tikintisinə başlanılmışdır. Ən ucqar dağ kəndləri də əhatə olunmaqla muxtar respublikanın bütün ərazisi tamamilə qazlaşdırılmışdır. Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərindəki çoxmərtəbəli yaşayış binaları da qış aylarında fasiləsiz istiliklə təmin olunur. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin böyük bir qisminin, idman müəssisələrinin isə hamısının istiliklə təminatı onların qış mövsümündə normal fəaliyyətinə şərait yaratmışdır.

 

2012-ci ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği əvvəlki illə müqayisədə 7 faiz artaraq 364 manata çatmışdır. Ötən il əhali gəlirlərinin həcmi 10 faiz artaraq 1 milyard manatdan çox olmuşdur. 2012-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard manatdan çox həcmdə istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2011-ci illə müqayisədə 18 faiz çoxdur. Şəhər və rayonlarda 21 ticarət və xidmət mərkəzləri istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına, bu il ümumilikdə, 349 min kvadratmetrdən artıq yaşayış sahəsi tikilmişdir.

 

Muxtar respublikada yeni emal müəssisələrinin işə düşməsi ixracın idxalı üstələməsi ilə nəticələnmiş, ötən il müsbət saldo 299 milyon 806 min ABŞ dolları təşkil etmişdir. 2012-ci ildə xarici ticarət dövriyyəsinin həcmi bir il öncə ilə müqayisədə 11 faiz artaraq 446 milyon 158 min ABŞ dolları olmuşdur.

 

Humanitar sahədə  yeniləşmə

 

Ötən il 4 nəfər elmlər doktoru, 19 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Ali təhsil və elm mərkəzlərində 8 beynəlxalq əhəmiyyətli konfrans və simpozium keçirilmiş, alim və tədqiqatçılar tərəfindən 70 kitab və monoqrafiya, 97 metodik vəsait, 1000-dən çox elmi məqalə və tezis hazırlanaraq çap olunmuşdur.

 

Cari ildə Naxçıvan şəhərində 608 şagird yerlik Naxçıvan Qızlar Liseyi, 936 şagird yerlik 17 nömrəli tam orta məktəb, Şərur rayonunun Yuxarı Aralıq kəndində 414, Qarxun kəndində 504, Dərəkənddə 216, Danyeri kəndində 414, Babək rayonunun Kərimbəyli kəndində 396, Nehrəm kəndində 900, Ordubad rayonunun Behrud və Parağa kəndlərinin hər birində 110, Yuxarı Əylis kəndində 252, Culfa rayonunun Yaycı kəndində 774, Ləkətağ kəndində 144, Şahbuz rayonunun Biçənək kəndində 252, Kəngərli rayonunun Çalxanqala kəndində 378 şagird yerlik, ümumilikdə isə 6408 şagird yerlik 15 tam orta məktəb binası istifadəyə verilmişdir. Şərur rayonunun Qorçulu kəndində 198, Şahbuz rayonunun Ağbulaq kəndində 216 şagird yerlik tam orta məktəblərin tikintisi başa çatdırılmışdır. Məktəblərdə 3183 dəst kompüter quraşdırılmışdır. Hər 15 şagird 1 dəst kompüterlə təmin olunmuş, 83 faizi internetə qoşulmuşdur. Təhsil müəssisələrində 500 elektron lövhə quraşdırılmışdır.

 

2012-ci ildə ali məktəblərə sənəd verən məzunlardan 1834-ü və ya 52 faizə qədəri tələbə adını qazanmış, 455 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. 267  məzun 500-dən yuxarı bal toplamış, onlardan 7-si Prezident təqaüdünə layiq görülmüşdür. Təhsildə qazandığı yüksək nailiyyətlərə görə 3 məktəb ilin “Ən yaxşı ümumtəhsil müəssisəsi”, 5 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanmış və mükafatlandırılmışdır.

 

Ötən il Naxçıvan Texniki Peşə və Sürücülük Məktəb Kompleksi, Şərur rayonunun Yuxarı Daşarx, Culfa şəhəri və Kəngərli rayonunun Çalxanqala kəndlərində uşaq musiqi məktəblərinin binası istifadəyə verilmişdir. Bundan başqa, Naxçıvan şəhərində 1 və 3 nömrəli, həmçinin hərbi şəhərcikdə, Sədərəkdə uşaq bağçaları üçün yeni binalar tikilmişdir.

 

Ötən il akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, kəndlərdə 5 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi və 1 feldşer məntəqəsi üçün binalar tikilib istifadəyə verilmişdir.  12 ailə fərdi yaşayış evləri ilə təmin olunmuş, 30 nəfərə avtomobil verilmişdir.

 

2012-ci ildə mövcud idman obyektlərinin siyahısına Naxçıvan şəhərindəki Stend və Sportinq Atıcılığı Mərkəzi, Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin binası da əlavə olunmuşdur.

 

Milli dəyərlər ili

 

“Milli dəyərlər ili” elan olunan 2012-ci il muxtar respublikanın mədəni həyatında da bir sıra əlamətdar hadisələrlə yadda qalmış, tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi, mədəniyyət obyektlərinin inşası, yenidən qurulması və bərpası diqqət mərkəzində saxlanılmışdır.

 

“Milli dəyərlərimiz - milli sərvətimiz” folklor və muğam festivalı, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirilmiş, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olunmuşdur. Bu dövrdə “Naxçıvan mətbəxi” və “Naxçıvan tikmələri” kitabları çap edilmiş, xalq yaradıcılığının ən qədim qaynağını özündə yaşadan “Şərur yallıları”ndan ibarət disk buraxılmışdır. Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestri yaradılmışdır.

 

2012-ci ildə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin 140, filosof-şair Hüseyn Cavidin 130 illik yubileyləri geniş  qeyd olunmuşdur. Milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirmiş Bəhruz Kəngərlinin 120 illik yubiley tədbirləri çərçivəsində rəssamın əsərlərindən ibarət ilk albom-kataloq nəşr olunmuş, Naxçıvanda ilk dəfə Bəhruz Kəngərli yaradıcılığının tam külliyyatını əks etdirən sərgi təşkil edilmiş, “Sənətin Bəhruz zirvəsi” adlı sənədli film hazırlanmışdır.

 

“Milli dəyərlər ili”ndə muxtar respublikada “Naxçıvan - bəşəriyyətin beşiyi” mövzusunda Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi qeyd olunmuş, bu mədəniyyət ocağında elektron kitabxana yaradılmışdır.

 

Naxçıvan Turizm İnformasiya Mərkəzi  yeni bina ilə təmin olunmuşdur. Turizm sahəsində fəaliyyətin səmərəliliyinin artırılması təsirsiz qalmamış, 2012-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 350 mindən çox turist gəlmişdir.

 

2012-ci ildə muxtar respublika əhalisinin sayı əvvəlki illə müqayisədə 8 min 708 nəfər artaraq 427 min nəfəri  keçmişdir.

 

 Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Naxçıvan Muxtar Respublikasından 63 nəfər Azərbaycan Respublikasının medal və fəxri adları ilə təltif edilmiş, 7 nəfər Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 19 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur.

 

Naxçıvan Muxtar Respublikasının 2012-ci ildə qazandığı uğurlar barədə muxtar dövlət rəhbərinin əhatəli və məzmunlu məlumatı bu sözlərlə bitir: “Bütün bu uğurların əsasında Heydər Əliyev yoluna, quruculuq xəttinə sadiqlik, bu yolda göstərilən böyük əzmkarlıq, möhkəm qətiyyət, misilsiz dövlət və Vətən sevgisi dayanır. Ulu öndərimiz deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

 

Son söz əvəzi

 

Ayazlı-şaxtalı bir qış günündə başlayan 3 günlük səfərimiz günəşli bir günün təntənəsi ilə başa çatmaqda idi. Bir az əvvəl istifadəyə verilmiş Naxçıvan — Culfa yolunda maşınımızın ön pəncərəsinə ara-sıra düşən yağış damcıları da, sanki, yaddan çıxanları bir daha xatırladır və adamda qəribə duyğular yaradırdı. Bir az uzaqda başı buludlara söykənən İlanlı dağın  maraqlı mənzərəsi adamda o qədər qəribə bir təəsürat yaradırdı ki, bir anlıq da olsa min illərin tarixi ilə baş-başa durmalı olurdun. Doğrudan da, qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Uzağı demirik, təkcə 15-20 km uzunluğu olan Naxçıvan  Culfa yolunun ətrafında görduklərimiz bəs edir ki, xalqımızın bu diyarda qədim və zəngin mədəniyyət yaratdığının şahidi olasan.Naxçıvan, eyni zamanda, dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir.

 

Bir də Naxçıvanın bu günlərini görəndən, sonra istər-istəməz, keçən əsrin əsrin 90-cı illərinin əvvəlindəki çox ağır və əzablı günləri yada düşür. Onda elə bil ki, kimlərəsə qəzəblənən göylər də bütün hirsini bu yerlərə tökmüşdü. Blokada şəraiti, ərzaq çatışmazlığı kimi ciddi problemlər az imiş kimi, bir yandan da qılınc kimi kəsən soyuqlar adamları əsl imtahana çəkmışdi. Naxçıvan çətin sınaqlar qarşısında idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsindən 8 saat əvvəl sovet-erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikası ərazisinə hücuma keçmiş və erməni quldur dəstələri Naxçıvanın Sədərək rayonunun Kərki kəndini işğal etmişdilər.

 

O dövrdə Azərbaycan rəhbərliyinin Naxçıvan Muxtar Respublikasının taleyüklü problemlərinə laqeyd münasibəti, biganə yanaşması vəziyyəti daha da çətinləşdirdi. 1992-ci ilin mayında Azərbaycanda hakimiyyət dəyişikliyi, Azərbaycan Xalq Cəbhəsinin iqtidara gəlməsi də vəziyyəti dəyişmədi. Rusiya və Ermənistanın hərbi-iqtisadi blokadaya aldığı Naxçıvanı Azərbaycan Xalq Cəbhəsi iqtidarı da siyasi blokadaya almışdı.

 

Naxçıvan Muxtar Respublikasının Ermənistan təcavüzündən mətanətlə müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə idarə olunmasında ulu öndər Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti, onun bütün Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən bir sıra təşəbbüslər irəli sürərək qərarlar qəbul etməsi Azərbaycanın tarixinin ən parlaq səhifələrindəndir. O zaman muxtar respublika rəhbərliyinin milli istiqlaliyyət yollarında atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən sonrakı siyasi proseslərə örnək kimi öz müsbət təsirini göstərdi.

 

Bu gün gördüklərimiz və bizi fərəhləndirib qol-qanad verən bu həqiqətlərin real şahidləri kimi, bir faktı yaxşı bilirik ki, hazırda muxtar respublikada davam etdirilən irimiqyaslı quruculuq işlərinin, iqtisadiyyata böyük həcmdə investisiya qoyuluşlarının təməlində uzun dövr üçün əsası qoyulmuş makroiqtisadi sabitlik və davamlı inkişaf dayanmaqdadır.  Bu da ilk növbədə, səmərəli idarəetmənin nəticəsidir. Bəli Naxçıvan bu gün dinamik inkişaf edən qədim Azərbaycan torpağı, çağdaş dəyərlərə qovuşmuş türk yurdudur. Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır   yaşamaqda davam edir.

 

Naxçıvan Muxtar Respublikasında son dövrdə həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri bütün istiqamətlərdə əsaslı nailiyyətlərin əldə olunmasını təmin etmişdir. Məhz bu baxımdan son 17 il muxtar respublikanın müasir tarixinin  intibah mərhələsi kimi yaddaşlara həkk olunmaqdadır.  Həyata keçirilən nəhəng quruculuq tədbirlərini  yeniləşmə prosesini ölkə Prezidenti İlham Əliyev yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni-yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər”.

 

Biz də Naxçıvandan bu  qiymətdən doğan xoş  əhvalla, bitib-tükənməyən zəngin təəssüratla  ayrıldıq. Yenidən görüşənədək, müqəddəs  torpaq!

 

 

Bakı – Naxçıvan – Bakı

 

Xalq qəzeti.- 2013.- 1 yanvar.- S. 4.