Azərbaycan dünyada layiqincə təmsil olunur

 

Ali təhsil ocağı xalqın gələcək nəslini irəli aparır və gənclərin mükəmməl ixtisaslara yiyələnmələrini təmin edir.

 

Gənc nəsil biz müəllimlərin onlara verdiyi bilik, göstərdiyimiz diqqət nəticəsində formalaşır. Bu gün Azərbaycan gəncləri dünyanın müxtəlif  ölkələrində  uğurla  təhsil alır, Azərbaycanı dünyada   layiqincə  təmsil edirlər. Gənc nəslin yetişdirilməsində və yüksək biliyə malik olan mütəxəsis kimi dünya arenasına çıxarılmasında Azərbaycan Təhsil Nazirliyinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Gənclər və İdman Nazirliyinin böyük rolu vardır.

Ötən  il   mədəniyyət və incəsənətimizin inkişafında  mühüm  nailiyyətlər qazanılmışdır. Milli mədəniyyətimiz  dünyaya inteqrasiya  yolunda böyük uğurlar əldə etmişdir.  İncəsənət xadimlərimiz  həm ölkəmizdə, həm də  beynəlxalq miqyasda    sənətsevərlərin rəğbətini qazanmışlar.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın köməkliyi nəticəsində keçirilən yüksək səviyyəli tədbirlər  ölkəmizin dünyada tanınmasında çox əhəmiyyətli rol oynamışdır. Bakı Musiqi Akademiyasında və Qəbələdə keçirilən festivallar, “Avroviziya” müsabiqəsinin Bakıda keçirilməsi, Londonda keçirilən Olimpiya oyunlarında qazanılan uğurlar bunu bir daha təsdiq edir.

Arzu edirəm ki, 2013-cü ildə  Qarabağ düşmən işğalından azad olunsun , yeni ildə Şuşada, Ağdamda, Füzulidə, Laçında  beynəlxalq simpoziumlar, musiqi festivalları keçirək.

Bir daha xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü və Yeni il  bayramı münasibətilə təbrik edir, sülh, səadət arzulayıram...

 

 

Fərhad BƏDƏLBƏYLİ,

Bakı Musiqi Akademiyasının rektoru,

Xalq artisti, professor

 

Xalq qəzeti.- 2013.- 1 yanvar.- S. 3.