20 Yanvar Azərbaycanın azadlığı və
ərazi bütövlüyü uğrunda mübarizə tarixinin
qəhrəmanlıq səhifəsidir
1990-cı ilin qanlı 20 Yanvar hadisələrindən
23 il keçir. İyirmi üç
il əvvəl sovet imperiyasının Azərbaycan
xalqına, eyni zamanda bəşəriyyətə qarşı
törətdiyi misli görünməmiş vəhşilik bu
gün də unudulmayıb.Vətənin azadlığı və müstəqilliyi naminə öz
haqq səsini qaldırmış dinc, əliyalın
insanların gülləbaran olunması və hərbi zirehli maşınların
altında xıncım-xıncım edilməsi 1949-cu ilin
Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi
Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan
Haqları Bəyannaməsinin, insan haqlarına dair digər
çoxsaylı beynəlxalq aktların müddəalarının
kobud şəkildə pozulması demək idi.
1990-cı
il yanvarın 20-də sovet rejimi Azərbaycan xalqına
qarşı əvvəlcədən
düşünülmüş və
planlaşdırılmış dəhşətli
qırğın aktı həyata keçirdi. Dinc əhaliyə
qarşı tarixdə misli görünməmiş cinayət
törədildi. Dövlət öz vətəndaşlarına
- əliyalın mülki əhaliyə, o cümlədən
uşaqlara, qadınlara, qocalara silah qaldırdı. Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Dağlıq
Qarabağın zorla qoparılıb alınmasına dinc yolla
etiraz edən əhaliyə imperiya ordusu tərəfindən qəddarcasına
divan tutuldu. Bakıda və respublikanın digər
rayonlarında qan su yerinə axdı.
1988-ci
ildən başlayan hadisələr sovet rejiminin
süqutundan xəbər verirdi.
Hadisələrin getdikcə daha da gərginləşməsindən
qorxuya düşmüş SSRİ-nin o vaxtkı rəhbəri
Mixail Qorbaçov çürüməkdə olan sovet
imperiyasını qoruyub saxlamaq üçün ən
çirkin vasitələrə əl atırdı. Hətta bu yolda sovet ordusunun
gücündən də yararlanmaqdan çəkinmirdi. Dinc əhaliyə qanlı divan
tutulması ilk dəfə 1989-cu ildə Tbilisidə baş
verdi. Ölkədə baş verən hadisələrə
etiraz edən əhali gülləbaran edildi. Əslində
M.Qorbaçov bu qəddarlığı ilə digər xalqlara
“ibrət dərsi” vermək istəyirdi. Bir il sonra isə–1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə M.
Qorbaçovun rəhbərliyi ilə
sovet ordusu erməni quldur dəstələri
ilə birgə Azərbaycan xalqına qarşı dəhşətli
terror aktı həyata
keçirdi. Azərbaycana göndərilən peşəkar cəza
dəstələrinin tərkib hissəsinə Stavropol,
Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə
alınan erməni əsgər
və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində
xidmət edən ermənilər,
hətta erməni kursantlar da daxil edilmişdi. Rus
imperiyasının və
çarizmin milli münaqişələr və
qırğınlar törətmək sahəsindəki
“zəngin” tarixi təcrübəsi
də 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı
bütünlüklə nəzərə
alınmışdı.
Keçmiş SSRİ rəhbəri Azərbaycandakı azadlıq
aşiqlərini bu yolla susdurmağa
cəhd etdi.
Azərbaycanın
azadlığı və ərazi bütövlüyü
uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi
kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə
qarşı ərazi iddiaları irəli sürən Ermənistanın
təcavüzkar hərəkətlərindən və
keçmiş SSRİ rəhbərliyinin onlara
havadarlığından hiddətlənən, Bakının
küçələrinə və meydanlarına
çıxaraq buna öz qəti etirazını bildirən
geniş xalq kütlələrinə qarşı sovet ordusunun
döyüş hissələri tərəfindən qanlı
divan tutulması tarixdə analoqu olmayan hadisədir. Həmin
faciəli günlərdə öz ölkəsinin,
xalqının azadlığını, şərəf və
ləyaqətini hər şeydən uca tutan mərd Vətən
övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucaldılar.
Böyük
itkilərlə, günahsız insanların qətli ilə nəticələnən
20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar
imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar
siyasətinə dözməyən, öz
azadlığına, müstəqilliyinə can atan Azərbaycan
xalqının həm də mübarizliyini, əyilməzliyini,
məğrurluğunu nümayiş etdirdi.
1990-cı
ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb
maşınının Azərbaycan xalqına qarşı həyata
keçirdiyi qətllər insanlığa qarşı törədilmiş
ən ağır cinayətlərdən biri kimi bəşər
tarixində qara səhifə olaraq qalacaqdır. Milli
azadlığı, ölkəsinin ərazi
bütövlüyü uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə divan tutulması, kütləvi
terror nəticəsində yüzlərlə günahsız
insanın qətlə yetirilməsi və yaralanması
totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar
mahiyyətini bütün dünyaya bir daha nümayiş
etdirdi.
Sovet
hərbi hissələrinin Azərbaycana təcavüzü,
dinc, əliyalın insanların kütləvi surətdə,
faciəli şəkildə qətlə yetirilmələri
artıq təkcə məhvə doğru gedən sovet
rejiminin dağılmasının əlaməti deyildi. Bu, həm
də azərbaycanlıları öz əzəli və tarixi
dədə-baba torpaqlarından sıxışdırıb
çıxarmaq barədə qabaqcadan hazırlanmış məqsədyönlü
siyasətin tərkib hissəsi idi. Bu qanlı faciə SSRİ
rəhbərliyinin beynəlmiləlçilik adı ilə
bütün vasitələrlə ört-basdır etməyə
cəhd göstərdiyi siyasətin həyata keçirilməsini
bir daha təsdiqlədi. Xalq soydaşlarımızın öz
isti ocaqlarından, əzəli və tarixi torpaqlarından,
yurd-yuvalarından kütləvi surətdə, qəddarlıqla
çıxarılmasına, Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə
ciddi etirazını bildirir, buna yol verməməyi tələb
edirdi.
Həmin
dövrdə Azərbaycan Ermənistanın təcavüzünə
məruz qalmışdı. Təbii ki, SSRİ-nin o vaxtkı
rəhbəri Mixail Qorbaçovun millətlər arasında
ayrı-seçkilik salması və Ermənistana
açıq-aşkar himayədarlıq etməsi
respublikamızda dözülməz
vəziyyət yaratmışdı. Belə bir şəraitdə
sovet ittifaqının rəhbərliyi ədalətli, qanuni qərar
qəbul etmək əvəzinə, ordunun gücündən
istifadə etdi. Qəddarlıq və xüsusi
amansızlıqla insanlara divan tutan sovet ordusunun Bakıya və
regionlara girməsi və fövqəladə vəziyyətin
elan edilməsi Azərbaycanın o vaxtkı rəhbərliyinin
razılığı, istəyi və SSRİ Ali Sovetinin 19
yanvar 1990-cı il tarixli qərarı, eləcə də
M.Qorbaçovun razılığı ilə olmuşdur.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ
Konstitusiyasının 119-cu, Azərbaycan SSR
Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə
pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzaladı. Xalqın
istiqlaliyyət və azadlıq arzusunu gözündə qoymaq
üçün Bakıya təxminən 35 minlik ordu
yeridilmişdi. Bu qanlı əməliyyatın
yerinə yetirilməsində SSRİ Müdafiə Nazirliyi,
DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi
əməliyyatda xüsusi təyinatlı “ALFA” və SSRİ
DTK-nın “A” təxribat qrupları əsas rol
oynamışlar. Sonradan isə öz qanlı əməllərini
ört - basdır etmək üçün demişdilər ki, guya Bakıya
yeridilən sovet ordusu şəhərdəki hərbi
qulluqçuların ailələrini qoruyacaq, “millətçi
ekstremistlər” tərəfindən hakimiyyətin
zorakılıqla ələ keçirilməsinin
qarşısını alacaqmış. Təbii ki, bu, ittifaq rəhbərliyinin
öz qanlı əməllərini həyata keçirmək,
azadlıq, müstəqillik istəyi ilə etiraz səsini
qaldırmış bir xalqın səsini boğmaq
üçün uydurulduğu bəhanə idi.
“Millətçi
ekstremistlər”in hakimiyyətin zorakılıqla ələ
keçirilməsindən söhbət düşmüşkən
burada bir məqamı qeyd etmək mütləq vacibdir.
Adlarını xalq hərəkatının liderləri qoyan bəzi
vəzifə hərisləri həmin dövrdə respublikada
yaranmış qarışıqlıqdan istifadə edərək
hakimiyyəti ələ keçirməyə
çalışırdılar. Əslində isə “meydan qəhrəmanları”
kimi tanınan belələri 20
Yanvar faciəsinə görə bilavasitə siyasi və mənəvi
məsuliyyət daşıyırlar. Silahsız insanları təpədən-dırnağadək
silahlanmış sovet ordusunun üstünə göndərən
üzdəniraq xalq hərəkatının liderləri faciəli
nəticələr üçün məsuliyyət hiss etməli
idilər.
Bakının imperiyanın nəzarəti
altına alınması planı DİN-in, DTK-nın və
sovet ordusunun hissələri ilə, müdafiə naziri Yazovun
komandanlığı altında həyata keçirildi. Azərbaycanın
o vaxtkı rəhbəri Əbdürrəhman Vəzirovun cəsarətsiz,
qətiyyətsiz addımları, siyasi təslimçilik
nümayiş etdirməsi qanlı faciənin
üstünün ört-basdır edilməsinə, cinayətin
baş verməsində əsas günahkarın Azərbaycan
xalqında olmasını sübut etməyə istiqamətlənmişdi.
O vaxt informasiya blokadasında boğulan Azərbaycan bu qanlı
hadisə barəsində dünya ictimaiyyətinə ətraflı
məlumat verməkdə aciz idi. SSRİ DTK-nın “ALFA”
qrupunun yanvarın 19-da saat 19.27-də Azərbaycan
Televiziyasının enerji blokunu partlatması nəticəsində
bu dəhşətli hadisə barəsində hətta yerli əhali,
regionlarda yaşayanlar da ətraflı məlumat ala bilməmişdilər.
20 Yanvar faciəsi barəsində
beynəlxalq aləmə ilk məlumat ulu öndər
Heydər Əliyev tərəfindən verildi. 1987-ci ildə Kremldə
tutduğu vəzifədən uzaqlaşdırılan, lakin
bundan sonra da təqib və təzyiqlərə məruz qalan
ümummilli lider Heydər Əliyev Bakıda törədilən
faciənin ertəsi günü - yanvarın 21-də həyatını
riskə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək mətbuat konfransı keçirdi və
dünyanın aparıcı kütləvi informasiya vasitələri
təmsilçiləri qarşısında sovet rəhbərliyinin
Azərbaycan xalqına qarşı təcavüzünü
açıq şəkildə pisləyən bəyanat verdi və
bu dəhşətli faciəyə siyasi qiymət verilməsini
tələb etdi. Ümummilli lider dünyanın
tanınmış kütləvi informasiya vasitələri
qarşısındakı çıxışında
demişdir: “Azərbaycana kənardan böyük ordu kontingenti
yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin
olduğu mənə yaxşı bəllidir. Azərbaycanda
kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz
Donanması, Desant qoşunlarının diviziyası, Hava
Hücumundan Müdafiə Qoşunları, Daxili İşlər
Nazirliyinin daxili qoşun birləşmələri vardır.
Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər
belə zərurət var idisə, orada yerləşən hərbi
hissələrdən də istifadə etmək olardı. Belə
qərar qəbul edən Azərbaycan rəhbərliyi,
hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı
qoyub qaçmış Vəzirov öz xalqı
qarşısında məsuliyyət daşımalıdır.
Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat
verənlər də məsuliyyət
daşımalıdırlar, zənnimcə, ölkənin ali
siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında
kifayət qədər düzgün, dəqiq, obyektiv
informasiyalar çatdırılmamışdır. Rəhbərlik
çaşqınlığa salındığından belə
qərar qəbul etmişdir. Qırğın törədənlərin
hamısı layiqincə cəzalandırılmalıdır”.
Ulu
öndərin etiraz səsi bütün dünyaya
yayıldı və böyük rezonans doğurdu. Təəssüflər
olsun ki, Azərbaycanın o vaxtkı rəhbərləri əks
mövqe tutdular və ümidlərini yenə də Moskvaya
bağladılar. Həm SSRİ, həm də Azərbaycan rəhbərliyi
bu qanlı cinayətin bilavasitə təşkilatçıları
və iştirakçıları nəinki onun
açılması və cinayətkarların məsuliyyətə
cəlb olunmasından ötrü tədbirlər
görmüş, əksinə törədilmiş cinayətləri
ört-basdır etmək üçün əllərindən
gələni etmişdilər. 20 Yanvar faciəsinə ilk dəfə
ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də
öz siyasi-hüquqi qiymətini vermişdir. Bu tarixi sənəddə
qeyd olunmuşdur ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin
sədri M.S.Qorbaçov, Sov.İKP MK katibi A.Girenko, SSRİ
müdafiə naziri D.Yazov, SSRİ daxili işlər naziri
V.Bakatin, Sov.İKP MK -nın məsul işçisi A.Mixaylov,
Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər
Sovetinin sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın
büro üzvləri V.Polyaniçko, M.Məmmədov,
DTK-nın sədri V.Hüseynov xalqımıza qarşı törədilən
bu siyasi və hərbi qəsd üçün cavabdehdirlər
və birbaşa məsuliyyət daşıyırlar.
Ulu
öndər Heydər Əliyev 1991-ci ildə Azərbaycan SSR
Ali Sovetinin sessiyalarında dəfələrlə 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymət verilməsi ilə bağlı məsələ
qaldırmışdır. Həmin il avqust ayının 29-da
böyük öndər parlamentdəki
çıxışında bir daha bu məsələyə
münasibət bildirmiş və qətiyyətlə
demişdir: “20 Yanvar faciəsindən il yarımdan çox
vaxt keçir. Bu gün burada da, bu salonda da cürbəcür
söhbətlər gedir...Mən sual verirəm Ali Sovetin sədri
Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova. Nə
üçün indiyə qədər bu məsələyə
siyasi qiymət verilməyib ? Bu məsələnin həm
siyasi, həm də hüquqi tərəfləri var. Bu məsələyə
dərhal siyasi qiymət vermək olardı. 20 Yanvar hadisəsini
törədənlər xalqımıza xəyanət ediblər.
Ancaq ondan sonrakı işlərdə də bu hadisənin
üstünü ört-basdır edənlər ikiqat xəyanət
ediblər”.
Sonradan
hakimiyyəti ələ keçirmiş AXC-Müsavat
birliyi dövründə də
Qanlı Yanvar faciəsi öz həqiqi qiymətini ala bilmədi.
Yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi
hakimiyyətə gəldikdən sonra bu dəhşətli
cinayət əməlinə obyektiv qiymət verildi. Ulu öndərin
təşəbbüsü və təklifi ilə 1994-cü
ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək
yolunda ciddi addımlar atıldı. Azərbaycan Respublikası
Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilir:
“Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi
daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan
öz azadlığı və müstəqilliyi uğrunda ilk
şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla
yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi
ayırır. Təəssüf ki, bu 4 il ərzində 20
Yanvar hadisələrinə dövlət səviyyəsində
lazımi siyasi-hüquqi qiymət verilməmişdir.
Azərbaycan
Respublikası Ali Soveti Milli Şurasının bu barədə
müvafiq qərarı olmuşdur. Lakin 1992-ci il 19 yanvar tarixli
bu qərarda yanvar hadisələrinin əsil səbəbləri
açıqlanmamış, həqiqi günahkarları
aşkar edilməmişdir. Bununla belə həmin qərarın
özü də qəbul edildiyi 2 il ərzində yerinə
yetirilməmişdir”.
Məhz
bu fərmanla Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə olunmuşdur ki, 20 Yanvar hadisələrinə tam
siyasi-hüquqi qiymət verilsin.
Bundan sonra Milli Məclis 20 Yanvar faciəsinə həsr
olunmuş xüsusi sessiya keçirmiş və 1994-cü il
martın 29-da qərar qəbul etmişdir. Həmin qərarın
ayrı-ayrı bəndlərinə diqqət yetirdikdə bu dəhşətli
faciənin təşkilatçılarının kimlər
olduğu tam dəqiqliklə müəyyənləşir.
Qərarın
2-ci bəndində deyiyir: “İşğalçılıq
siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd
etmiş, xalq hərəkatını boğmaq
üçün bədnam kommunist ideologiyası libasında
köhnə imperiya iddialarını həyata keçirmək
məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş
Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və
hökuməti rəhbərliyinin, şəxsən Mixail
Qorbaçovun Azərbaycan xalqına qarşı ağır
cinayət törətdiyi qeyd olunsun”.
3-cü
bənd: “Xalqa qarşı törədilən hərbi təcavüzə
görə məsuliyyət eyni zamanda Azərbaycan Kommunist
Partiyası rəhbərliyinin üzərinə
düşür. Xalqın azadlıq hərəkatını
boğmaq məqsədilə sovet qoşunlarının Azərbaycana
çağırılmasına və xalqa qarşı yönəldilməsinə
razılıq verən, vətəndaşların əmin-amanlığını
təmin etməyən, hakim mövqelərini qorumaq naminə
öz xalqının qanının axıdılmasına yol
verən Əbdürrəhman Vəzirovun təcavüzün
birbaşa təşkilatçısı və iştirakçısı
olduğu, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif
Hüseynovun bu cinayətdə bilavasitə iştirak etdikləri,
bununla da Azərbaycan xalqına xəyanət etdikləri qeyd
olunsun”.
Qərarda
həmçinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası
Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm
Məmmədovun sovet imperiyasının qoşun hissələrinin
Bakı şəhərinə yeridilməsi ilə əlaqədar
heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların
təhlükəsizliyini təmin etmədiklərinə
görə yüksək vəzifəli şəxslər kimi
məsuliyyət daşıdıqları qeyd edilir.
Ulu
öndərin daxili və xarici siyasətini ləyaqətlə
davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyev bütün sahələrdə
olduğu kimim 20Yanvar faciəsinin qurbanlarının əziz
xatirəsinin yad edilməsini daim diqqət mərkəzində
saxlayır. Bakının ən yüksək yerində hər bir azərbaycanlı
üçün müqəddəs and yerinə
çevrilmiş 20 Yanvar qurbanlarının və Ermənistanın
hərbi təcavüzünə qarşı döyüşlərdə
həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanı
hər bir soydaşımız üçün ən ülvi
ziyarətgahdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin
diqqət və qayğısı sayəsində Şəhidlər
Xiyabanı
abadlaşdırılmış, faciə
qurbanlarının ailələrinin sosial problemlərinin aradan
qaldırılması istiqamətində daha təsirli tədbirlər
görülmüşdür. Dövlətimizin
başçısı bu faciəni xalqımıza
qarşı qəsd adlandıraraq demişdir: “Bu qanlı faciə,
deyə bilərəm ki, Sovet İttifaqı zamanında dinc əhaliyə
qarşı törədilən ən amansız qanlı cinayət
idi. O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı
heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə
cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu,
itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər
Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın
o vaxtkı yerli rəhbərliyi idi... Həyat göstərir
ki, bu faciəni heç kim unutmur, Azərbaycan xalqı unutmur.
Baxmayaraq ki, bu illər ərzində yeni nəsil yetişir,
uşaqlar, yeniyetmələr, hansılar ki, o günləri
görməyiblər, yəni o vaxt yaşamayıblar. Amma onlar
da bu ağır günlərdə bizim kimi, sizin kimi, öz
doğmalarını itirən adamlar kimi eyni hissləri
keçirirlər. Onlar da daim tariximizin bu həm faciəvi, həm
qəhrəmanlıq səhifəsini qəlblərində
yaşatmalıdırlar”.
20
Yanvar faciəsi bir daha təsdiqlədi ki, Azərbaycanın mərd
oğul və qızları torpağımızın hər
bir qarışının azadlığı uğrunda
canlarını qurban verməyə hazırdırlar. Bu faciə
Azərbaycanın dövlət müstəqilliyinin
qazanılması yolunda dönüş məqamı oldu. Mərd
oğul və qızlarımızın qəhrəmanlığı
və qanı bahasına qazanılmış müstəqillik
dönməz və əbədidir.
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2013.- 15 yanvar.- S. 7.