20 Yanvar: qanlı Bakı faciəsinin pərdəarxası,
yaxud Naxçıvanın
işğalı ssenarisi
20 Yanvar faciəsinin salnaməsi XX əsr
Azərbaycan tarixinin qara, eyni zamanda, şərəfli səhifələrindən
biri kimi zaman keçdikcə yeni, əlavə təfərrüat
və mülahizələrlə zənginləşir. Qanlı
qırğının ilk günlərində, aylarında, illərində
misilsiz bir cinayət aksiyası göz önündə idisə,
sonrakı dövrdə arxa planda görünməyən,
iç qatlarda gizli qalan məsələlər də
aşkarlandı, tarixi məntiq də öz qənaətlərini
ortaya qoydu.
Faciənin üzdə görünən
tərəfi mərkəzdən Dağlıq Qarabağ
münaqişəsinə ədalətsiz münasibətə
etiraz edən Azərbaycan xalqının iradəsini qırmaq,
onu qorxutmaq idisə, içdən gələn səbəb
sovet sisteminin laxlaması, onun zorakı təbiətinin
korşalması idi. Bakıda törədilmiş qanlı
qırğının kəsərsizliyi şəhərə
yeridilmiş başkəsən hərbi kontingentin xalq qəzəbinin
dalğalarında oyuncağa dönməsi, yalnız gecələr
boşalmış küçələrdəki tək-tük
adamın qabağını kəsməsi ilə bir daha
aşkar oldu.
Sistemin
ədalətsiz qayda-qanunları ilə 70 ildə adamları tək-tək,
qrup halında əzən sovet güc orqanları seçmə
qoşunları ilə Bakıda xalqla üz-üzə dayana
bilmədi. Qanlı aksiyanın özü isə yanvarın
19-dan 20-nə keçən gecə adamların əksəriyyətinin
evlərdə olduğu, yatdığı saatlarda törədilmişdi.
Faciənin
arxa planında qalan, gizli niyyət isə ermənipərəst
Qorbaçov siyasi güruhunun Ermənistanın Dağlıq
Qarabağ və Naxçıvan Muxtar Respublikası ilə
bağlı iddialarında və oyunlarında qəti irəliləyiş
yaratmaq olmuşdu. Ermənilərin mərkəzdən hərtərəfli
havadarlığı 2 il ərzində Azərbaycan
xalqının güzəştsiz dirənişinə
ilişib qalanda qəfil “başa zərbə” taktikasına əl
atılmışdı.
Bu qəddar
və xain qəsdin açımı belədir: Dağlıq
Qarabağı Ermənistana vermirsinizsə başınıza
vurub sizi huşsuz və iflic vəziyyətə
salırıq, üstəlik, Naxçıvan da əldən
gedər. Ən yaxşı halda Naxçıvanı geri
qaytarmaq üçün Dağlıq Qarabağdan
könüllü əl çəkərsiniz. Həmin
axşam heç bir ciddi səbəb olmadan sərhəd və
münaqişə zonasının tamamilə əks
qütbündə olan, milyon yarımadək əhali
yaşayan Bakını “başdan zərbə” ilə iflic hala
salmağı, Dağlıq Qarabağ münaqişəsi ilə
birbaşa əlaqəsi olmayan Naxçıvana Ermənistanın
genişmiqyaslı hücumuna start verməyi başqa necə
anlamaq olar? Bu, Azərbaycanı “Naxçıvan kartı” ilə
vurmaq planı idi.
Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı xəyanət
və gizlinlərin çevrəsini, mahiyyətini hamıdan
yaxşı bilən ümummilli lider Heydər Əliyev faciədən
6 il sonra Naxçıvan şəhərində Hüseyn Cavid
məqbərəsinin açılış mərasimində
o müdhiş gecədə naxçıvanlıların
müstəsna bir ayıqlıq və iradə ilə
atdıqları addımı yada salaraq demişdi:
“Mən
Moskvada olarkən, Azərbaycana qarşı edilən bu cinayətə
etiraz səsimi qaldırdım, xalqıma, millətimə həmrəy
olduğumu bildirdim və orada olan imkanlarla Azərbaycan
xalqının müdafiəsinə çalışdım.
Orada eşitdim ki, naxçıvanlılar bu dəhşətli
faciə ilə əlaqədar qalxıblar, hətta o vaxt cəsarətli
bir qərar qəbul ediblər. Azərbaycana qarşı edilən
cinayətə, təcavüzə görə Naxçıvan
Muxtar Respublikasının Sovet İttifaqının tərkibindən
çıxması haqqında qərar qəbul ediblər.
İndi
Sovet İttifaqı dağıdılıb. O vaxtdan çox
illər keçib, çox şeylər unudulub. Sovet
İttifaqına mənsub olmuş ölkələr öz
müstəqilliklərini əldə ediblər. Ancaq
naxçıvanlıların bu cəsarətli addımı o
vaxt Sovet İttifaqında yeganə bir addım idi. Bu xəbər
bütün dünyaya yayıldı ki, Naxçıvan Muxtar
Respublikası Sovet İttifaqından çıxmaq barədə
qərar qəbul edib. Bu, naxçıvanlıların nə qədər
cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər
və müstəqilliyinə nə qədər bağlı
olduqlarını dünyaya sübut etdi, nümayiş etdirdi”.
Həmin
axşam Bakıda və Naxçıvanda baş verən hadisələrin
məntiqi tutuşdurulması sübut edir ki, o vaxtkı
Naxçıvan MSSR Ali Sovetinin, Azərbaycan SSR
paytaxtının amansız bir hərbi təcavüzlə
xarici aləmdən təcrid edildiyi saatlarda, qəbul etdiyi qərar
olmasaydı, köməksiz qalmış muxtar respublika erməni-sovet
hərbi qüvvələrinin nəzarətinə keçəcəkdi.
Ermənistan SSR-dən sonra soydaşlarımız
Naxçıvandan da qaçqın düşəcəkdilər.
Bu taktiki qərar o gecə və sonrakı günlərdə
dünyanın nəzərlərini Kremlin xalqımıza
qarşı törətdiyi hərbi-siyasi cinayətə, qan dəryasına
çevrilən Bakıya, Ermənistandan
Naxçıvanın üstünə yeriyən
genişmiqyaslı təcavüzkar hücuma yönəltmişdi.
Naxçıvan
MSSR Ali Sovetinin gözlənilməz qərarı
ildırım sürəti ilə dünyaya yayılıb,
Kremldə əks-səda verməklə, Ermənistan SSR-dən
Naxçıvana hərbi basqın
dayandırılmışdı. Sovet İttifaqının
mövcudluğunun 68 ilində ikinci belə dəhşətli
siyasi hadisə baş verməmişdi. SSRİ-nin
dağılmasının əsasını qoymuş
Dağlıq Qarabağ münaqişəsi ittifaqın
bağlı qazanının qapağının azacıq
qalxması olmuşdusa, SSRİ-nin, İranın və Azərbaycanın
qovşağındakı muxtar qurumun “ümumi evi” tərk etmək
qərarı Qorbaçov rejimini dayanmağa və
düşünməyə məcbur etmişdi: bu nədir Azərbaycanın
başına vurulan zərbənin əks-təsiri xəncərə
dəyib SSRİ-nin ürəyinə sancılır!
Bu,
artıq itaətin, hər zərbəyə mütiliklə
dözməyin son gecəsi olmuşdu. Artıq xalqlar və
ittifaq subyektləri gördülər ki, SSRİ dövləti
onların maraq və təhlükəsizliklərinə deyil,
“dostluq və qardaşlığa” xəyanət edənlərin
mənafeyinə xidmət edir, günahsız insanların
üstünə basqınlar edir. Dağlıq
Qarabağdakı separatçı hərəkatın Yerevandan
və Moskvadan dövlət siyasəti səviyyəsində dəstəklənməsi,
əslində, SSRİ-nin təməl prinsiplərini
sarsıdır, imperiyanı qoruyan qüvvələrin
iqtidarsızlığını sürətlə şiddətləndirirdi.
Bəli, Naxçıvanda tarixi sükut pozulmuş, “cin
şüşədən ” çıxmış, “milçək
filin qulağına girmişdi”.
Necə
olmuşdu ki, kiçik və ucqar əyalət
muxtariyyatında “SSRİ-nin tərkibindən çıxmaq”
barədə ilk qərar qəbul olunmuşdu? Həmin qərarı
imzalamış Naxçıvan MSSR Ali Sovetinin o vaxtkı sədri
Səkinə Əliyevanın bu hadisədən 8 il sonra verdiyi
cavabı (“Xalq qəzeti”, 20 yanvar 1998-ci il) yada salırıq:
“O
günlər biz Naxçıvanı itirmək təhlükəsi
ilə üz-üzə qalmışdıq. Ermənilər
Ermənistandan sonuncu azərbaycanlını da qovandan sonra
bütün təhdid və təxribatları
Naxçıvana yönəltmişdilər. Azərbaycanla
yerüstü yollar kəsilmiş, bütün sərhədlərdə
erməni silahlıları və texnika cəmlənmişdi. Həmin
gecə Bakıda nə baş verdiyindən xəbərimiz yox
idi. Naxçıvan öz hayında idi. Ermənilərin Sədərəyə
güclü hücumu nəticəsində 8 nəfər
ölmüş, 30 nəfər yaralanmış, əhali
çöllərə tökülmüş, xeyli ev
dağıdılmışdı.
Sədərəkdə
həlak olmuş 2 uşağın meyiti
Naxçıvanın mərkəzi meydanına gətirilmiş,
on minlərlə adam hiddətlə tədbir görülməsini,
ermənilərin əliyalın naxçıvanlıları
qovub İran və Türkiyəyə keçirməsi təhlükəsinin
sovuşdurulmasını tələb edirdi. Bakı susurdu, rəhbərlərdən
heç birini tapmaq mümkün olmadı”.
Bu
yerdə bir daha düşünməli olursan ki, Ermənistandan
Naxçıvana hücumun qarşısını almalı
olan sovet qoşunları nə üçün dinc
Bakının üstünə yeridilirdi? Naxçıvandan
Bakıya və Moskvaya edilən müraciətlərsə
cavabsız qoyulurdu.
Səkinə
xanım daha sonra bildirirdi:
“Axşam
sərhəd məntəqələrindən həyəcanlı
xəbərlər gələndə, vəziyyət gərginləşib
son həddə çatanda vilayət partiya komitəsində
işıqlar söndürüldü. Öz taleyinə
sahiblik etməli olan xalq Ali Sovetin binasına doluşdu...”
Naxçıvan
MSSR Ali Sovetinin sədri Bakıdan heç kəslə əlaqə
yarada bilmir. Moskvadan isə onu Qorbaçovun köməkçisi
dinləsə də, əlavə heç bir cavab verilmir. Xalq
nümayəndələri ilə məsləhətləşmədən
sonra qərara alınır:
“Hamı
bildirdi ki, məhv olma təhlükəsi qarşısında
səsimizə hay verməyən, ermənilərin
Naxçıvanı tutmasına, əslində, göz yuman
bir ölkənin tərkibində qalmaq ölümə bərabərdir.
Səsimizi dünyaya çatdırmaq, dolayı yolla SSRİ rəhbərliyini
də silkələmək üçün, Qars müqaviləsinin
şərtlərinə istinadən, bütün
naxçıvanlıların iradəsini ifadə edən bir qərar
hazırladıq. İki saata muxtar respublika Ali Sovetinin əlimiz
yetən deputatlarını topladıq. SSRİ Ali Sovetinin və
Azərbaycan SSR Ali Sovetinin Naxçıvandan olan deputatları
da iştirak etməklə, gecəyarısı fövqəladə
sessiya keçirdik. Yekdilliklə Naxçıvan MSSR-in
SSRİ-nin tərkibindən çıxması barədə qərar
qəbul etdik.
Sessiya
qurtaran kimi, gecə saat 4-də yerli teleradio ilə
çıxış edib bu qərarı bəyan etdim. Həyəcanlanmış
əhali nisbətən sakitləşib evlərinə getdi.
Kişilər, rayon rəhbərləri, qeyrətli adamlar isə
sərhədlərin möhkəmləndirilməsinə
yollandılar... Bu o dəqiqələr imiş ki, Bakı od
tutub yanırmış... Biz bunlardan səhərisi gün
Türkiyə radiosu ilə xəbər tutmuşduq.
Həmin
gecə teleradio ilə çıxışım qonşu
dövlətlərdə tutulmuş, səsimiz dünyaya
çatmışdı”.
Səkinə
Əliyeva xatırlayırdı ki, yanvarın 19-da onun Moskvaya
Baş katib M.Qorbaçovun telefonuna vurduğu zəngin xəbəri
aprelin 20-də çıxdı. Oradan kimsə zəng vurub
soruşdu ki, “hə, indi Naxçıvanda vəziyyət necədir?”
Bu
arada isə Naxçıvan əhalisi də daxil olmaqla Azərbaycan
xalqı 40 gün şəhidlərə yas saxlamış,
qanlı imperiyaya olan “son inam”ın dəfninin də
qırxı çıxmışdı. Azərbaycan rəhbərliyinə
oturdulmuş xalqdan uzaq “liderlər” isə az sonra Moskvanın tələbi
ilə “Naxçıvan MSSR-in SSRİ-dən çıxmaq”
barədə qərarını “Azərbaycan SSR və SSRİ
Konstitusiyalarına zidd sənəd” elan edərək qüvvədən
salmışdılar.
Bu qərarın
ürəklərə yazılmış mahiyyətini və
hökmünü isə sonrakı 2 ildə heç kəs ləğv
edə bilmədi. Əksinə, 20 Yanvar qətliamını
Moskvada kəskin bəyanatla pisləyən ümummilli lider
Heydər Əliyev bu addımı atıb Qorbaçov
güruhu ilə qəti toqquşmadan sonra Azərbaycana
dönüb, yerli “dönüklər”dən üz çevirib
doğma Naxçıvana gedəndən sonra onun rəhbərliyi
ilə Naxçıvanın SSRİ-dən
çıxması barədə qərar mahiyyətcə
gerçəkləşdirildi. Tezliklə “Naxçıvan
MSSR” ifadəsindən “sovet sosialist” sözləri
çıxarıldı. Azərbaycan sovet
bayrağının yerini üçrəngli milli
bayrağımız tutdu. Naxçıvan MR SSRİ-nin
saxlanması barədə saxta referendumda iştirak etmədi.
Ulu öndərin iradəsi ilə Naxçıvan bu qədim
torpağın zəruri mənafeyinə uyğun olaraq qəyyumsuz
idarə olundu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə Naxçıvanın sovuşdurulmuş
işğalı sonrakı dövrdə də mümkün
olmadı. Çünki Naxçıvanda SSRİ rəhbərliyinin
riyakar siyasətinin yerini həmin gecə həyata vəsiqə
almış müstəqillik məramının gerçəkləşdirilməsi
prosesi tutmuşdu.
20
Yanvar faciəsinin arxa planında baş vermiş bu hadisələri
ulu öndər Heydər Əliyev bir də 1998-ci il
yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya
Komissiyasının iclasında çıxışı
zamanı Naxçıvan Muxtar Respublikasının konstitusiya
statusuna münasibət bildirərkən xatırlamalı
olmuşdu:
“1990-cı
il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali
Sovetinin Naxçıvanın Sovetlər İttifaqının
tərkibindən çıxması haqqında qərarı,
mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb
edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da
bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir
hadisədir. Naxçıvan Muxtar Respublikasının
insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini
ifadə ediblər. Nəyə görə? — Azərbaycana
qarşı edilən ədalətsizliyə görə.
O vaxt
sovet qoşunları Bakıya hələ daxil
olmamışdı, amma Naxçıvana hücumlar
edilmişdi. Naxçıvana Ermənistan tərəfindən
hücumlar edilmişdi. O vaxt Gərki kəndi əldən
getmişdi, başqa kəndlərə hücumlar edilmişdi.
Hələ Ermənistanda, həm də Naxçıvanda olan
sovet qoşunları da naxçıvanlıları müdafiə
etməmişdilər–baxmayaraq ki, orada həddindən çox
sovet qoşunları var idi. Ona görə də
naxçıvanlıların başqa əlacı
olmamışdı, qərar qəbul etmişdilər”.
20
Yanvarın qara və qanlı tərəfləri xain və
riyakar sistemin, eyni zamanda, M.Qorbaçov başda olmaqla cinayətkar
sovet rəhbərliyinin adına yazılmışdır. Faciənin
şanlı və şərəfli tarixçəsi isə qəhrəmanlıq
ruhunu dirçəltmiş xalqımızın o gecə
göstərdiyi zəka və hünərlə
yazılmışdır. O gecə birləşmiş
düşmənlərimiz Bakıda odlu yağış yağdırsa
da, milli iradəni qıra bilmədilər. Bakı
tamaşasının arxa hissəsində hazırlanmış
Naxçıvanın işğalı ssenarisi də o gecə
oynanılmamış qaldı.
20
Yanvardan sonra ərazilərimizin bütövlüyü
uğrunda ümumxalq mübarizəsi milli azadlıq hərəkatına
çevrildi. 20 Yanvar nəticə etibarilə sovet
imperiyasını süngü ilə yaşatmaq
epoxasının sona yetdiyindən də soraq gətirdi.
20
Yanvar milli tariximizə Həqiqətin Xəyanət üzərində
qələbəsi kimi yazıldı.
Tahir Aydınoğlu
Xalq qəzeti.- 2013.- 19 yanvar.- S. 3.