Beynəlxalq təşkilatlar Azərbaycanın iqtisadi uğurlarını yüksək qiymətləndirirlər

 

Ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılan uğurlar artıq beynəlxalq miqyasda da təsdiq edilir. Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdə də bir daha qeyd edilmişdir ki, ölkəmiz  bu gün regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınır. Azərbaycan vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməkdədir. Son illər dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olmuş, ölkəmizin regional və qlobal əhəmiyyəti, etimad səviyyəsi xeyli artırılmış, regional və qlobal enerji təhlükəsizliyi sahəsində mövqelərimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri gücləndirilmişdir.

 

Davosda Prezident İlham Əliyevlə görüşündə ABŞ-ın “Booz&CO” şirkətinin baş icraçı direktoru Çezare Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirmiş, ölkəmizdə həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının təşkili ilə bağlı layihələrin əhəmiyyətini bildirmiş, mövcud  sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə etmişdir

“Holcim Group” şirkətinin rəhbəri Bernard Fontana respublikamızda biznes fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğunu xüsusi vurğulamış, bu şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin yaratdığını diqqətə çatdırmışdır. Dövlət başçımızla görüşlərində digər şirkət və maliyyə qurumlarının rəhbərləri də Azərbaycanda əlverişli biznes mühitinin mövcudluğundan razılıqla söhbət açmış, layihələrin reallaşdırılmasında xarici investorlara diqqət göstərildiyini xatırlatmışlar.

Ötən il ölkəmizin həyatında nəzərəçarpan sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də qeyd edilmişdir. Dünya İqtisadi Forumu tərəfindən dərc edilən dünya ölkələrinin rəqabət qabiliyyətliyi səviyyəsini xarakterizə edən “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatında Azərbaycan daha 9 pillə irəliləmişdir. Makroiqtisadi dayanıqlıq üzrə ölkə dünyada ilk 20 dövlət sırasındadır. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini “stabil” olaraq qiymətləndirirlər.

Azərbaycan adıçəkilən hesabatda bir sıra alt göstəricilər üzrə də yüksək nəticələr əldə etmişdir. Belə ki, “əmək bazarının səmərəliliyi” alt göstəricisi üzrə ölkəmiz dünyada 14-cü, “makroiqtisadi vəziyyət” alt göstəricisi üzrə isə 16-cı yerə layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, son bir il ərzində ölkəmiz “əmək bazarının səmərəliliyi” alt göstəricisi üzrə 11, “əmtəə və xidmətlər bazarının səmərəliliyi” alt göstəricisi üzrə isə 14 pillə irəliləmişdir.

“Standart & Poor’s” reytinq agentliyi inkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı düşdüyü halda, Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini bir pillə artıraraq “BBB-” səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozunu “sabit” saxlamışdır. Beləliklə, “Standart & Poor’s” reytinq agentliyi “Fitch Ratings” agentliyindən sonra ölkəmizə investisiya reytinqi vermiş ikinci agentlik olmuşdur.

“Moody’s” beynəlxalq reytinq agentliyi  Azərbaycanın uzunmüddətli kredit reytinqini “Ba 1” səviyyəsində qiymətləndirmiş, reytinq üzrə proqnozu isə “müsbət”ə dəyişmişdir.

Əldə edilmiş uğurlu nəticələr Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, Azərbaycan vətəndaşının həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə müsbət təsir göstərir. Prezident İlham Əliyevin ölkəmizin  daha da qüdrətlənməsinə yönələn, xalqımızı daha firavan gələcəyə aparan qətiyyətli və düşünülmüş siyasəti qazanılmış uğurların davamlılığı, ölkəmizin qarşıdakı illərdə də hərtərəfli inkişafı üçün möhkəm təməl yaratmışdır.

BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirilmişdir. İnsan inkişafı üzrə 2005-ci ildə 101-ci yerdə qərarlaşan Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq  hazırda 67-ci yerə yüksəlmişdir. Bundan başqa ölkəmiz MDB dövlətləri arasında insan inkişafı indeksinə görə ən yüksək göstəriciyə nail olmuş və “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna keçmişdir. Azərbaycanda insan inkişafı indeksinin yüksəlməsinə təhsil göstəriciləri əhəmiyyətli təsir göstərmişdir. Belə ki, həmin hesabata əsasən, Azərbaycanda savadlılıq səviyyəsi 99,5, ibtidai təhsillə əhatə səviyyəsi 100, orta təhsillə əhatə səviyyəsi 95,6 faiz təşkil edir.

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatında Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkə kimi qeyd edilir. “Doing Business” hesabatının nəticələrinə əsasən, Azərbaycan “top islahatçı” ölkə kimi qiymətləndirilmiş, 97-ci pillədən 33-cü pilləyə yüksəlməklə öz mövqeyini 64 pillə yaxşılaşdırmışdır. “Doing Business” hesabatlarının tarixi ərzində bu ən yüksək irəliləyiş olmuş və hələ ki, təkrarolunmaz nəticə kimi qalmaqdadır. Dünya Bankının hesabatında ölkəmiz 183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında 1-ci olmuşdur.

“Doing Business 2013” hesabatında “müəssisənin yaradılması” göstəricisi üzrə Azərbaycan 18-ci, “əmlakın qeydiyyatı” üzrə 9-cu yerdə qərarlaşmışdır. Hesabatda “əmlakın qeydiyyatı” göstərici üzrə Azərbaycan ilk onluğa daxil edilmiş və bu sahədə Böyük Britaniya, Malayziya və Yeni Zelandiya kimi qabaqcıl ölkələrlə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunmuşdur. “İnvestorların maraqlarının qorunması” göstəricisi üzrə 25-ci pillədə olan Azərbaycan hesabatın dərc edildiyi tarixdən, bu göstərici üzrə öz mövqeyini köklü surətdə yaxşılaşdırmış və bu sahədə islahatlar aparan ölkə kimi ilk onluğa daxil olmuşdur. “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 25-ci yerdə qərarlaşan Azərbaycan kommersiya mübahisələrinə baxılma müddətinə görə Sinqapur, Yeni Zelandiya və Koreya ilə yanaşı, dünyada 7-ci iqtisadiyyat kimi qeyd olunmuşdur. “Vergilərin ödənişi” göstəricisi üzrə Azərbaycan mövqeyini köklü surətdə yaxşılaşdıraraq, uğurlu islahatlar aparan ilk beş ölkə sırasına daxil edilmişdir.

“Doing Business–2013” hesabatında biznes mühitin yaxşılaşdırılması sahəsində 2005-ci ildən etibarən Azərbaycanın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmiş, ölkəmiz bu sahədə məqsədyönlü islahatlar həyata keçirən 15 ölkə sırasına daxil olaraq, bir çox ölkələri geridə qoymuşdur.

 Azərbaycan hökumətinin, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkəmizdə iqtisadi artımın davam edəcəyi gözlənilir. Dünya Bankının açıqladığı son iqtisadi xülasədə Azərbaycan üzrə iqtisadi artımın cari ildə də davam edəcəyi bildirilmişdir. Təşkilat ölkə üzrə iqtisadi artımı 2013-cü il üçün müvafiq olaraq 3,5 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 5,5-6 faiz artacağını proqnozlaşdırır.

Yeri gəlmişkən, bir məsələyə də toxunaq. Beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi sistemin düzgün qurulmasını, qeyri-neft sektorunun inkişafını qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə göstərirlər. Hələ bir müddət bundan əvvəl “Bloomberg” agentliyinin yaydığı  materialda qeyd olunurdu ki, Azərbaycanda iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılır, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlara və iş adamlarına dövlətin güzəştli kreditlər verməsi sənaye və kənd təsərrüfatının inkişafına səbəb olur. Həyata keçirilən bütün bu tədbirlər hökumətin böhrana qarşı səmərəli tədbirlərindən xəbər verir. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir.

Avropa ölkələrində isə Azərbaycandan fərqli olaraq dövlətin xarici borcunun ödənilməsinin ağırlığı vətəndaşların çiyninə düşür. Müəssisələr bağlanır, minlərlə işsizlər ordusu yaranır. Azərbaycanda əmək haqlarının ildən-ilə artdığı halda, Avropada vergilər artırılır, sosial ödənişlər isə azaldılır.

Materialda o da vurğulanırdı ki, həqiqətən də milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də işin hamısı deyildir, əsas məsələ bu maliyyədən necə istifadə etməkdədir. Neftlə zəngin ölkə olmaq da inkişafın zəruri olacağına dəlalət etmir. Azərbaycandan da çox neft ehtiyatına malik olan ölkələr var, lakin bu ölkələrdə nəinki inkişaf müşahidə edilmir, əksinə bir çox hallarda həmin ölkələrdə yüksək inflyasiya, qeyri-sabit ictimai-siyasi vəziyyət, vətəndaş müharibələri baş verir. Belə hallar isə inkişafa yox, geriləməyə aparır.

Xarici ölkələrin Azərbaycana marağının artması respublikamızın xarici iqtisadi mövqeyinin getdikcə güclənməsi fonunda daha aydın görünür. Faktlara diqqət yetirək. Ötən il ixracı təşkil edən məhsulların qiymətləri idxalı təşkil edən məhsulların qiymətləri ilə müqayisədə daha sürətlə artmışdır. 2012-ci  il ixracın həcmi idxalın həcmini 2,6 dəfə üstələmiş, qeyri-neft əmtəə ixracı 22 faiz artmışdır. Qeyri-neft ixracının artması xarici tələbin iqtisadi artıma müsbət təsirini təmin edir. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi 29 faiz artmışdır.

Azərbaycanın strateji valyuta ehtiyatları 11 ayda 14,7 faiz artmış və 46,5 milyard dolları ötmüşdür. Bu, 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir və xarici dövlət borcunu 9 dəfə üstələyir. Strateji ehtiyatlar ümumi daxili məhsulun 70 faizinə çatır və bu göstərici üzrə ölkəmiz dünyada ilk 15-likdədir.

2013-cü ildə xarici tələbin və əsas ixrac əmtəələrinin dünya qiymətlərinin ölkənin tədiyə balansına müsbət təsir edəcəyi proqnozlaşdırılır. Eyni zamanda qeyri-xammal əmtəə və xidmət ixracının artması gözləntiləri də yüksəkdir. Bu amillər 2013-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 15-18 faizi  səviyyəsində profisitin olacağını gözləməyə əsas verir. Ölkənin kredit reytinqinin yüksəlməsi isə qeyri-neft iqtisadiyyatına xarici investisiyaların artması üçün əlverişli şərait yaradır. Bütün bunlar son nəticədə növbəti ildə də ölkənin strateji valyuta ehtiyatlarının artmasını təmin edəcəkdir. Tədiyə balansının proqnozlaşıdırılan vəziyyəti manatın məzənnəsinə təsir edən fundamental makroiqtisadi amil olacaqdır.

Ölkə Prezidenti İlham Əliyev  ixracla bağlı demişdir:"Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir. Yəni, belə məhsulların sayı artacaqdır və biz, - yeni bazarların tapılması ilə deyə bilməzdim, çünki onları tapmaq çətin deyildir, - yeni bazarlara çıxmaq üçün baxmalıyıq ki, əlavə hansı tədbirləri görə bilərik".

Ölkənin ixrac imkanlarından söz düşmüşkən, qeyd edək ki, respublika Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə fəal iş aparır. Paralel olaraq dövlət sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də müvafiq işlər görür. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması, xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə təsis olunmuş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Hazırda ölkəmizin iqtisadi qüdrəti artmış, ixrac imkanları daha da genişlənmişdir. İndi Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrin sayı 150-ə çatmışdır. Xatırladaq ki, son illərdə respublikamızın xarici ticarət dövriyyəsi 5,4 dəfə, o cümlədən ixrac 8,2 dəfə artmışdır.

Onu da qeyd edək ki, 2012-ci ildə AZPROMO ölkəmizdə istehsal edilən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının tanıdılmasında və Azərbaycanın ixrac qabiliyyətinin artırılmasında mühüm rol oynamışdır.   Belə ki, AZPROMO ABŞ-da “West Coast Connection” idxal-ixrac şirkətinin yaradılmasına dəstək göstərmişdir ki, bu şirkət hazırda Los Anceles ştatında fəaliyyət göstərən bir sıra tanınmış mağazalarda “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının satışını reallaşdırır.

2012-ci ildə AZPROMO tərəfindən xarici investorların və yerli iş adamlarının müxtəlif mövzularda - ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, investisiya fəaliyyəti, idxal-ixrac əməliyyatları, yeni bazarların tapılması və s. sahələrdə sualları cavablandırılmış, müvafiq tövsiyə və məsləhətlər verilmişdir.

AZPROMO həmçinin  yerli sahibkarların istehsal etdiyi məhsulların ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində, iş adamlarının ixracla bağlı biliklərinin artırılmasında sahibkarlara yaxından dəstək göstərir.     Yeri gəlmişkən, ölkənin ixrac imkanlarının genişlənməsində  Sahibkarlığa Kömək Milli Fondu önəmli rol oynayır. Belə ki, adıçəkilən fondun  vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin istehsal gücü getdikcə artır, buraxılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır.  Ötən il həmin fond tərəfindən sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmışdır. Fondun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

 

Vaqif Bayramov

 

Xalq qəzeti.- 2013.- 31 yanvar.- S. 1.