Azərbaycan muğamı özünün yeni inkişaf mərhələsini yaşayır

 

Yetmiş ildən artıq bir müddətdə sovet mədəniyyətinin tərkibində siyasiləşdirilərək yanlış istiqamətlərə yönəldilən Azərbaycan mədəniyyəti, xüsusən, incəsənətimiz üzdə inkişaf edirmiş kimi göstərilsə də, əslində öz ağır günlərini yaşamışdır.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mədəniyyətimiz çox təəssüf ki, hələ xeyli müddət geriləmələrdən qurtula bilmirdi. Ən çox itgilərə məruz qalan isə aşıq yaradıcılığı və muğam sənətimiz idi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbləri ilə ölkədə siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət və incəsənətimizdə də növbəti çiçəklənmə dövrünə start verildi. Bu tendensiya daha çox muğam sənətimizdə özünü göstərdi desək, yanılmarıq.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və qətiyyəti ilə Azərbaycan aşıq yaradıcılığı beynəlxalq aləmdə qorunan qeyri-maddi mədəniyyət nümunələri siyahısına salınmış, muğam sənətimiz isə yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Məhz onun təşəbbüsüylə yüksək səviyyəli Qarabağ xanəndələri muğam albomunun hazırlanması, bir neçə beynəlxalq muğam festivalının və 50 milyonluq xalqımızın böyük həvəs və maraqla izlədiyi respublika muğam müsabiqələrinin keçirilməsi bu dəyərli milli sərvətimizi məhv olmağın bir addımlığından geri qaytarmışdır. Görkəmli musiqiçilərdən ibarət münsiflər heyətinin respublikanın bütün guşələrini gəzərək istedadlı gənc muğam ifaçılarını tapması və onların arasından ən yaxılarını seçərək müsabiqəyə gətirməsi öz müsbət nəticələrini verməkdədir.

Bəs muğam bizim üçün nədir, hansı mənanı verironu itirsəydik nə ilə üzləşə bilərdik? Əlbəttə, bir qısa yazıda bu suallara cavab vermək o qədər də asan deyil. Ancaq, hər halda, buna cəhd edəcəyik. Məlum olduğu kimi, hər bir xalqın özünəməxsus bir özünüdərk təcrübəsi vardır. Yəni ayrı-ayrı fərdlər kimi ayrı-ayrı xalqlar da bu prosesi tamamilə fərqli şəkildə yaşayıblar və yaşayırlar. Ümumi olan isə odur ki, bütün xalqlar milli özünüdərkdə daha çox incəsənətdən bəhrələniblər. Yəni, bu sahədə ən aparıcı rollardan birini məhz incəsənət oynayır. Xalq bilavasitə incənətin köməyi ilə həm özünü görür, həm də nəyi təqdir, nəyi inkar etməyin yollarını tapır. Azərbaycan xalqı isə öz tarixi boyu incəsənətin daha spesifikmilli koloritli janrı olan muğam adlı bitib-tükənməyən bir ümmandan bəhrələnib. Muğam janrı sülh, əmin-amanlıq, rahatlıq, düşüncə və könül xoşluğu elçisidir. Zaman-zaman, durula-durula yaşayan, yaşaya-yaşaya milyonlara sevinckönül xoşluğu bəxş edən muğam əsrlər keçdikcə daha da saflaşmışdır.

Doğrudur, ərəblərdə makam özbək və taciklərdə makom adlı şifahi xalq yaradıcılığı nümunələri də vardır və onlar xarakter etibarilə bizim muğamlara oxşayırlar. Ancaq heç bir eynilikdən söhbət gedə bilməz. Dilimizdə istifadə olunan muğam sözü hansısa bir dəstgaha ya onun şöbələrinə aid edilirsə, məqam sözü ayrıca bir lad sistemi mənasında işlədilir. Əgər muğam bədii estetik təəssürat doğuran canlı musiqi nümunələrindən ibarətdirsə, məqam muğamların bir növ skeletini təşkil edən müxtəlif səs sıralarından ibarətdir. Yəni Şurun şur, Rastın isə rast məqamı vardır. Alimlərin fikrincə, hələ orta əsrlərdə bu məqamları ilk dəfə sistemləşdirən məhz bizim soydaşımız - Səfiəddin Urməvi olmuşdur. Əbdülqadir Marağayi isə həmin sistemi təkmilləşdirmişdir.

El sənətkarları muğamları dəstgah, kiçik həcmli muğam və zərb muğamlara bölüblər. Muğam dəstgahları şifahi musiqimizin ən mükəmməl nümunəsidir. Dəstgaha daxil olan bütün şaxələr, şöbələr, rənglər və təsniflər ümumilikdə dəstgahın zirvəyə gedən yolunu - yəni ifa və improvizənin adidən aliyə doğru inkişafını təmin edir. Kiçik həcmli muğamların da, zərb muğamların da xarakteri adından məlumdur. Yəni onların biri dəstgahdan həcminə görə, digəri isə bilavasitə ritm üstündə oxunduğuna görə fərqlənir. Heyratı, Mənsuriyyə, Qarabağ şikəstəsi və sairə kimi. XIX əsrin sonlarında yaşamış Mir Möhsün Nəvvabın Vüzuhil - Ərqam əsərində bu məzmunda kifayət qədər fikirlər səsləndirilmişdir. Üzeyir bəy Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları adlı monumental əsərində isə muğamlarımızın məqam quruluşunun tədqiqinin əsası qoyulmuşdur.

Son illər Azərbaycanda muğam sənətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxsaylı layihə və tədbirlərin bəziləri barədə yuxarıda yığcam şəkildə olsa da söz açdıq. Həmin ənənə Lənkəranda da məsuliyyətlə yaşadılır. Ötən il 20 yaşını qeyd etdiyimiz Lənkəran Muğam Teatrı bu sənətin inkişaf etdirilməsi üçün regionda fəaliyyət göstərən bir qurumun görə biləcəyi bütün işləri yüksək səviyyədə görür. Cəfər Cabbarlı adına 1 nömrəli, Həqiqət Rzayeva adına 2 nömrəli musiqi məktəblərində və Lənkəran Dövlət Humanitar Kollecində musiqi mədəniyyətimizin digər sahələri kimi, muğamlarımız da həm incəliklərinə qədər öyrənilir, həm də öyrədilir. Peşəkar xalq musiqisi sənətkarlarından Adil Nüsrətoğlu (xanəndə), Tariyel İlqar Əliyevlər ( kaman ifaçıları) ,Tahir Əliyev, Fikrət Kərimli, Çingiz Eyvazov, Camal Həsənov ( tarzənlər), eləcə də, İbrahim Nəsirli, Əlirza Əsgərov, Əbülfəz Əhmədov, Elman Liftiyev, Ağadadaş Abdullayev, Etibar Kərimov və başqa sənət adamlarımız gənc nəslə muğam sənətinin öyrədilməsi üçün böyük səylə çalışırlar. Deməli, ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun böyük təəssübkeşliklə həyata keçirdiyi muğam layihələrinin əks-sədası Lənkəranda da ucadan eşidilir.

Bir sözlə, böyük sirlər və incilər xəzinəsi olan muğam sənətimiz bu gün respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da öz adına layiq tədqiq, təhlil və tədris olunur.

 

Yaqut ƏLİYEVA,

 

Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi

 

Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 4.