Ömrün qürub vədəsi uzaqda deyil

 

Yeni nəşrlər

 

“Səndən bu dünyada görqalacaq?” deyə yola çıxan, dost-tanış, tələbə yoldaşlarının təkidilə bu kitabı araya-ərsəyə gətirən Rafiq Həsənovun yaradıcılıq yolunun aynasından keçmək istədim. Və 31 çap vərəqi həcmində sponsorsuz, redaktorsuz, korrektorsuz nəşr edilən bu sanballı toplunu – yaradıcılıq nümunələrini mən də təkrar-təkrar vərəqlədim. Bir naşir qismində özünü sınamaq istəyən müəllifin işi nəşriyyat işinin incəliklərini yaxşı bilən biri kimi, deyərdim ki, uğurlu alınıb. “Mən də gördüm bu dünyanı” kitabına nələr toplanıb – bu başqa mövzudu.

Dostlarının xoş niyyətlə yönləndirdiyi yola səmtlənən müəllif duyanda ki, artıq ömrün qürub vədəsi əlçatmaz uzaqlıqda deyil, həyatın Günəşi də zirvədən nur ələmir, vaxt-möhlət azalır, gün gələcək ki, ömür yarpaq kimi budağından düşəcək, vaxt var ikən qanrılıb ötənlərə baxmaq, olub keçənləri, yaradıcılığını xatırlamaq istəmişdir. Özü belə deyir: “İndi elə məqamdır ki, günü-zamanı heç cür fövtə vermək olmaz! Ürəyimdə illərcə qalaqlanan duyğu və düşüncələri sətirləndirib kağıza köçürməyin əsil vaxtını əldən versəm də, hələ gec deyil. Heç olmasa yazılarımla müəyyən dövr xatırlanım, deyə işə girişdim. Həm də söyləmələrdən eşitdiyim İslam dünyasının müqəddəslərindən birinin dediyiBildiyinizi yazın ki, qeyb olmasın” və insanı övladından çox beynindən süzülən, qələmindən hasil olan əsəri daha yaxşı tanıdar və yaşadar, – fikirləri ruhuma hakim kəsildi, qüvvəmi xeyli səfərbərliyə aldı”.

Universitet partasından yeganə hal kimi birbaşa rayon qəzetinə – Naxçıvan MR-in İliç rayonunda  (indiki Şərur, Sədərək və Kəngərli rayonları) çıxan “İşıqlı yol” qəzetinə MK-nın birinci katibi Heydər Əliyevin razılığı ilə redaktor göndərilən ilk tələbə Rafiq Həsənov olmuşdur. Onun tələbə ikən universitetdə nəşr edilən “Jurnalist” qəzetindəki fəaliyyəti — fotomüxbir, müxbir, redaktor işləməsi və “Kommunist” qəzetində keçdiyi təcrübə zamanı özünü təsdiq etməsi bu təyinata əsas verir (1969-cu il). Bir il sonra Bakıya qayıdan R. Həsənov 30 ilKommunist” (indikiXalq qəzeti”) qəzetində çalışır. Naxçıvan, Qubadlı, Arazboyu rayonlardan ta Neftçalayadək, Qusardan Astarayadək olan şəhər və rayonlarda qəzetin bölgə müxbiri kimi çalışaraq müxtəlif mövzuları qəzet səhifələrinə çıxarmış və olduğu hər yerdə jurnalist adının nüfuzunu ləyaqətlə qorumuşdur... Qəzetdən sonra o 2 il Azər.Tac-da çalışmışdır.

Kitab 12 bölmədən ibarətdir. Bölmələrdə toplanan yazılar jurnalistikanın müxtəlif janrlarında oxucuya təqdim edilir. Burada publisistika da var, müsahibə də, tənqidi məqalə də var, xatirə, problemlər, mülahizələr, yol qeydləri, etiraf da... Müəllif hansı sahədən və hansı janrda yazırsa yazsın, oxucunu inandırır, hadisənin əyani təsvirini verə bilir... Hər bir yazı müəllifin özünəməxsus üslubunda, zəngin faktlar, hadisələrlə işlənib və o dövr üçün aktuallığı ilə seçilir. İstər “Xatirəmdə dərin kök atmış olaylar”, “Qan yaddaşımız”, “Maraqlı adamlar”, istərsə də “Bakı lövhələri”, “Azərbaycan-İran sərhəddində”, “İnsan və həyat haqqında”, “Doğma ocaq həsrətində”, “Yol qeydləri”, “Problemlər və mülahizələr” bölmələrində toplanmış yazıların əsas hədəfi birdir: insan amili, vətənpərvərlik, inkişaf, tərəqqi, mədəniyyət... Yazıların mövzusu bir yana, sərlövhəsi də oxucunu cəlb edir. “Üçüncü minilliyin dan yerində”, “Novruz bayramının xilaskarı”, “Bakı madar övladını itirmiş ana kimi saçını yolurdu”, “Çarpayıda yazılan kitab”, “Sərhəd: kiminə zillət, kiminə xidmət”, “Vremya” susmağı da bacarır, qara yaxmağı da”, “Qaşla göz arasında və ya birlikdə özünəqəsd”, “Qaradan da qara rəng varmı, 23 avqust?” və s. başlıqlar artıq yazıda nədən söhbət gedəcəyinə ipucu verir. Beynəlxalq aləm, Dağlıq Qarabağ problemləri, Lənkəran hadisələri, ölkənin xarisi siyasəti, iqtisadiyyat məsələləri, mədəniyyət, təhsil və digər sahələr onun qələm süzgəcindən uğurla keçmişdir.

Deyə bilərəm ki, R. Həsənov xeyirxah adamdır: etibarlıdır, qiymət verməyi bacarır, unutqan deyil, onda “mənəm-mənəmlik” hissi yoxdur. Bunu onun yazıları təsdiqləyir. R. Həsənov vaxtilə jurnalistika sahəsində ona xeyirxahlıq etmiş insanların – Ağababa Rzayev, Rəşid Mahmudov, Nəsir İmanquliyev, Şirməmməd Hüseynovun adlarını necə böyük məhəbbətlə çəkir, haqqında necə səmimi sözlər yazırsa, eyni diqqətlə və məsuliyyətlə, Aslan Nəsibov, Şıxəli Qurbanov, Həsən və Hüseyn Əliyevlər, və digər yazı qəhrəmanlarından da ürəkdolusu söz açır. Jurnalist araşdırması ilə Parisdə keçirilən “Gözəllik tacı” müsabiqəsində dünya gözəli tituluna ilk dəfə general-leytenant Səməd bəy Mehmandarovun qardaşı qızı Sonanın layiq görüldüyünü öyrənir və bu barədə “Xalq qəzeti”nin 1996-cı il 28 avqust sayında “Dünya gözəli Sona xanım” başlıqlı bir yazını oxuculara təqdim edir.

R. Həsənov haqlı olaraq özünə “mən kiməm?” deyə sual verir və cavabında – “...Barəmdə “safdır, su dolu stəkana sal, ” – deyənlər də olub, gizlin-gizlin iftiralar, böhtanlar uyduranlar da tapılıb... Şükür olsun, gəlib ömrümün bu ahıl çağına şərəflə, alnıaçıq, vicdanı təmiz çatdım,” – deyir. Mənimsə bu kitabda diqqətimi çəkən başqa məqam oldu... Bir neçə cızmaqara yazıb özlərini dağ başında hiss edənlərdən fərqli olaraq ölkədə gedən aktual hadisələrə və proseslərə həsr olunmuş yazılarla ömrünün xeyli hissəsini məsul bir qəzetdə keçirən müəllifin təvazökarcasına etdiyi etirafı ilə də onun kitabı haqqında fikirlərimi yekunlaşdırıram. “...1969-cu ildə tale köhlənim məni tələbə dostlarımdan ayırıb sıçrayışla irəli aparanda, arxayınlaşdım. Nə elm yoluna, nə də bədii yaradıcılığa səy göstərdim. İndi qanrılıb geri baxanda görürəm ki, neçə-neçə tələbəlik dostum akademik, elmlər doktoru və namizədidir... Mən isə sıravi mətbuat işçisindən o yana adlaya bilməmişəm... Uzun illər qəzetçiliklə məşğul olduğumdan yazılarımda təxəyyülə qol-qanad vermək qaydası yoxdur”.

Mən isə bu fikirlə razılaşmıram...

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 7.