Cənub bölgəsində əhalinin kütləvi tibbi müayinəsi uğurla davam etdirilir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, fevralın 17-dən başlanan əhalinin kütləvi tibbi müayinələrə cəlb edilməsi prosesi respublikamızın hər yerində olduğu kimi,  cənub bölgəsində də uğurla davam etdirilir.  Sakinlər onlar üçün yaradılmış bu imkandan faydalanmaq üçün böyük həvəslə tibb müəssisələrinə gedirlər.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına müayinə üçün müraciət edənlərin sayı hər gün artır. Aksiyaya start verilən gündən rayon üzrə 18 yaşdan yuxarı əhalinin yarıya qədəri müayinələrdən keçib. Müayinələr nəticəsində müxtəlif xəstəliklər aşkarlanan vətəndaşlardan  1500 nəfərə qədəri ambulator,  az bir qismi isə rayondakı səhiyyə müəssisələrində stasionar müalicəyə cəlb edilib. Daha 64 nəfər rayon sakini isə Bakıya   ixtisaslaşmış müalicəyə göndərilib.

Lerik əhalisinin tibbi müayinələrdən keçirilməsi ötən il cənab Prezidentin rayona tarixi səfəri zamanı açılışı keçirilmiş rayon mərkəzi xəstəxanasında təşkil edilmişdir. Aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün burada ciddi hazırlıq işləri görülmüş, xəstəxana bütün lazımi avadanlıqlar təchiz edilmişdir. Burada əhalinin kütləvi dispanserizasiyasının yüksək səviyyədə aparılmasından ötrü hər cür şərait var.

Sakinlər tibbi müayinələrdən yararlanmaq üçün rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsində müvafiq qaydada qeydiyyatdan keçir və yüksək ixtisaslı, təcrübəli həkim mütəxəssislərin qəbulunda olurlar. Burada onlar terapevt, cərrah, kardioloq, nevropataloq, stomatoloq, oftalmoloq, dermatoloq, digər tibb işçiləri tərəfindən hərtərəfli müayinə olunur, eləcə də ultrasəs, rentgen, laborator müayinələr nəticəsində   sağlamlıqları ilə bağlı dəqiq məlumat əldə edirlər.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov müvafiq şura iclasında əhalinin sağlamlığının və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən zəruri tədbirlərdən, aksiyanın önəmindən danışmışdır.

Astarada da icbari tibbi müayinənin gedişi müzakirə olunmuşdur. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev mühüm sosial məsələ ilə bağlı danışaraq qeyd etmişdir ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə ölkəmiz gündən-günə çiçəklənir. Bu inkişaf, eyni zamanda, əhalinin güzəranının, rifah halının yaxşılaşmasına istiqamətlənmişdir. Ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi barədə verilmiş tapşırıq isə vətəndaşların sağlamlığına xidmət edən ən humanist  addımdır.

Müayinələrin mütəşəkkil keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasında ayrı-ayrı sahələr üzrə dörd həkim briqadası təşkil edilmiş, tibbi heyət üçün lazımi şəraiti yaradılmışdır. İndiyə qədər 10 min nəfərdən artıq rayon sakini mərkəzi xəstəxanaya gələrək tibbi müayinədən keçmişdir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 8 aprel.- S. 5.